Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:08

Elxan Zal Qaraxanlı. Sonet, Cahana cahad


Sonet

Quşlar səhər-səhər nəğmə başlayar
Dünya nur eşqinə tənha yanmasın.
Öz sirli nəğməni sən də başla yar
Könlüm yuxusundan oyananmasın.

Ağaclar yaşayır öz uyqusunda,
Səhər havasında yarpaq iyi var.
Sevda dəryasında bitən yosunlar
Səhərin gözünü ülgüclə açar.

Çimizdir dünyanı nəğmələrinlə,
Günəş də əl-ələ qaçar səninlə
Sevda nəğməsini başlasan əgər.

Səhəri nəğməylə açan dan olsa,
Dünyanı oxşayıb-ovudan olsa,
Quşlar səssiz-küysüz keşik çəkərlər.

1985


Cahana cahad

Bu bürkünün boğanağı yaman ağır
Gecə-gündüz başımıza günah yağışı yağır,
elə bil ki, hər birimiz bir ölüyük bu meydanda
günahımız mürdəşir.
Suç kitabı yaraq-yaraq oxunduqca
tüklərimiz ürpəşir.
Sən də qurtar söhbətini, sözün yoxmu a falçı?
Kimə nə borcdur hansı qandan yoğrulub
ayağımız altındakı palçıq.
Kimə nə borcdu,
köləliyin hansı stansiyasına bilet satır
bu kassa
dünən bir ağ göyərçinin al qanında boğuldu
Pikasso.
Ay anam, ay bacım, ay qız ayıq ol, ayıq,
Bu gedişlə biz hamımız
xəcalət ipindən sallanasıyıq.
Ya bizə bir bəraətmi verəcək sözümüz-sovumuz,
Görən hansı kupedə qaldı axırıncı qurd ovumuz?
Məgər al qanlı ürəyimizdə ölübmü
bayrağımız-cahad,
Bir gün bizim cahadımızla qurtulacaq
cahan.

1989


Alatoran
XS
SM
MD
LG