Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:52

Elxan Zal Qaraxanlı. Qorxulu bir səhər olsa, Nəm asfalt rəngi gülüşlər


Qorxulu bir səhər olsa


Qorxulu bir səhər olsa,
Baxışından bezmərəm.
İslanmış kəlmələr olsa,
Yağışından bezmərəm.

Bir yanda efirin səsi,
Ya əzik qəzet cümləsi,
Qapımı döysün döyməsin,
Alqışından bezmərəm.

Parkda heykəl mələklənsə,
Oğrun-oğrun küləklənsə,
Qısqanclığın şimşəklənsə,
Çaxışından bezmərəm.

1999


Nəm asfalt rəngi gülüşlər

Gözü bağlı, dili bağlı
Bir gecə,
Göydə ay işığı,
Yerdə şıltaq əyləncə.

Addım-addım, kəlmə-kəlmə,
Yolumuza döşənir park,
Yerlə göyün arasında ikimizik,
Bir də Janna Dark...

Gümüş gülüş cingiltisi,
Rəqs eləyir, rəqs eləyir,
Yaz yağışı gülüşləri
Nəm asfalta nəqş eyləyir,

Reklamların işığında
manat-manat yanır bu yaz,
Bu dünyada gecə yoxdur,
Bundan bəyaz.

Dənə-dənə inciləri
Üstümüzə səpələyir
Yolumuza döşənmiş park.
Nə yaxşı ki, bizimlədir,
Bu gecə, Janna Dark.

1987

Alatoran
XS
SM
MD
LG