Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:11

Gülxani Pənah. Talanib, Dünyanın dərd daşı...


TALANIB…


Talanıb, çapılıb hər qayan daşın.
Baxışı sərtləşib, soyuqqan oldun.
Daha görməyirəm gözdə göz yaşı,
Sinəndə ürək də heykələ döndü.

İndi nə yoncuyub, nə ağlayırsan,
İndi nə coşmusan, nə çağlayırsan.
Könüllər mülkünü sən dağlayırsan,
Üzün yaxşılardan bəs niyə döndü.

Dedim yaşamazsan, dərdə dözməzsən.
Ayağın yeriməz, bir də gəzməzsən.
Neçə yol danladım, özün üzmə sən.
Qəm-kədər yenə də qəlbinə gömdü.

Sərtləşib baxışın, qəddar baxışdı.
Ömrünə yağan qar, buzdu, yağışdı.
İncimə el oğlu, bu da naxışdı,
Bəlkə yaxşı günlər geriyə döndü.

Sərtləşmə, dünyadan üzün dönməsin,
Əhdin var, arzun var, qoyma ölməsin.
Getsin ağır günlər geri dönməsin.
Demə çırağımız əbədi söndü.

Qayıtdı sevincin, qayıtdı bəlkə,
Salma ürəyimə sən qara kölgə.
Qismətin olmasın bu qərib ölkə,
Bura da sənindi, sənin öyündü.


DÜNYANIN DƏRD DAŞI

Bu nədir? Biz belə ayrılmamışdıq,
Vurğun baxışların yaman sozalıb,
Üzündə illərin həsrət qırışı,
Gəncliyin odu da yaman azalıb.

Biz belə bir görüş arzulamazdıq,
Səni də, məni də həsrət qocaltdı.
Dünyanın qayğısı, dərdi, azarı
Bizim sevgimizi yaman alçaltdı.

Alçaltdı deyirəm, bu həqiqətdir,
Yoxsa biz belə görüşməzdik ki,
Ürəkdən keçəni, könül istəyin,
Biz axı beləcə bölüşməzdik ki.

Gör neçə arzumuz dönübdür daşa,
Ayrılıq ölümdən betərdi bizə,
Dünyanın dərd daşı başıma düşdü,
Ayrılıq çökübdür gözlərimizə.

İlləri ümüdlə vurmuşam başa,
Hazıram önündə sənin diz çöküm.
Bax belə ayrılıq ölümdən betər,
Başıma haranın külünü töküm?!

gulxani.net
XS
SM
MD
LG