Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:44

Gülxani Pənah. Keçidlər bağlanıb, Vətən...


KEÇİDLƏR BAĞLANIB


Keçidlər bağlanıb, yollar tutulub,
Duman yatıb yol üstündə div kimi.
Şəlalələr şırıldayır, görünmür,
Səs qarışıq bağlanıbdı yiv kimi.

Ətəyində o dağların gül-çiçək,
Zirvəsində qartal durub bir baxın.
Güyür-ceyran sürüsüdür bu gələn.
Dağlarımda zər-zibaya bir baxın.

Bulaqların gözü büllur, tərtəmiz,
Damcı-damcı şəlalələr tökülür.
Sübh çağıdır, yenə günəş doğur, hey!
Sübh çağıdır dan yeridir sökülür.

Günəş töküb şəfəqlərin dağ-düzə,
Sarı gəlin dağ boynuna sarılıb
Gəlməyəsən bədnəzərlə göz-gözə
Səni görüb bağrım başı yarılıb…

Duman kəsib bir yandan da yolunu…
Bu nə qamət, bu nə görkəm, bu nə sirr,
Ana yurdum, dağ vüqarım, şöhrətim,
Dərəmmirəm bircə gülün, əl əsir.


VƏTƏN


Vədəsiz soyuqdan, şaxta borandan,
Bağında çiçəklər solmasın, Vətən.
Ən çətin anında, çətin günündə,
Oğlundur, qızındır dadına yetən.

Qədrini bilmişik hər zaman sənin,
Ağır günlərinə ortaq olmuşuq.
Ağlayan gözünü silmişik sənin,
Biz də boşalmışıq, biz də dolmuşuq.

Başının üstündə qara buludlar,
Çəkilib getməyir xeyli zamandır.
Aldığın yaralar göynədir məni,
Əzabdır ağrısı, vallah, yamandır.

Təskinlik verməyi bacarmırıq biz,
Arxalı köpəklər qurd basan olub.
Çaqqallar, tülkülər özgə əliylə
Yurdumda şir olub, bir aslan olub.

Özgə atına minən tez düşər,
Gün gələr qovarıq buludlarını.
Alnımız açıqdır, bilirsən hər vaxt,
Namərd görməmisən övladlarını.

Səbrimiz tükənib, kasamız dolub,
Coşub içimizdə düşmənə nifrət.
Darıxma can yurdum, ey ana Vətən,
Şad günlər öndədir, eyləmə xiffət.



ÇƏMƏNLİ, ÇİÇƏKLİ …

Çəmənli, çiçəkli düzlər istərəm,
Ruhumu oxşasın, könlümü açsın.
Yorğunam, yamanca sıxılmışam mən.
Qayğılar əlindən qoy durum, qaçım.

Qoyum qayğıları dar otaqlarda,
Gedim o düzlərə, bir az dincəlim.
Ay Allah, yolumu o düzlərə aç,
Qayğılar əlində qoyma incəlim.

Bir dünya sevinci itirmişəm mən,
Qaçaqaç düşəndən vətəndən, eldən.
Bir ömür dastanı gətirmişəm mən
Hər sətri, kəlməsi bəhs edir dərddən…

Əlim qələm tutmur yazım varağa,
Ürəyin dərdləri varağa sığmaz.
Göndərin siz məni ana Torpağa
Bu dərdim min elə, min dağa sığmaz..

Götür-qoy eyləyim verdiyin ömrü,
Bir o düzlər olsun, bir də tək özüm.
Ömürdən vermişəm mən ətək-ətək
Min sevinc, min şadlıq, min səbr, dözüm.

gulxani.net
XS
SM
MD
LG