Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:15

“Mənə dayaq nöqtəsi verin...”


Tehran Əlişanoğlu
Tehran Əlişanoğlu
Tənqidçi Tehran Əlişanoğlu bu məqaləsi ilə gənc yazar Kəramət Böyükçölün "Çöl" romanının Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


“Mənə dayaq nöqtəsi verin...”

İş belə gətirdi ki, Oxu zalında Kəramət Böyükçölün “Çöl” romanının müzakirəsinə sonuncu qoşulanlardan oldum.

Odur ki, bəzən romanla yanaşı müzakirə iştirakçılarının yazılarına da üz tutub söz deməyimi Azadlığın bizə yaratdığı sərbəst polemika havasına yozmağı rica edərdim, başqa nəyəsə yox.

Hər hansı əsər iki halda rəngarəng münasibət doğurur: ya rəngarənglik mükəmməllikdən doğur, Mətnin strukturunda gizlənib, müxtəlif yanaşmalara rəvac verir (şedevrlərdə məhz belədir); ya da əksinə: bu və ya digər yozumlara meydan açan – mətnin

"Gənc romançının Koroğlunamə yaratmaq cəhdi, E.Tofiqqızı ilə razıyam ki, baş tutmayıb, səthi, yumoreska səviyyəsində alınıb".
naqisliyidir ki, çeşidli “bərpa” (kamillik) sevdaları doğurur; həm də naqislik nə qədər çoxsa, yozum ixtiyariliyinə də bir o qədər yer olur.

Təbii ki, gənc romançılarımızın Mətn yaratmaq cəhdlərinə rəngarəng münasibətlər ikinci halın təzahürüdür; odur ki, çox vaxt gözgörəti, empirik olaraq da həqiqəti bəlli əsərlər ətrafında uzun-uzadı danışmağımız, yeni-yeni yozumlar ortaya çıxarmağımız oxucunu karıxdırır-çaşdırır, haqlı olaraq etirazına səbəb olur...

Hər bir təhkiyə əsərində təhkiyə başlanğıcı (nöqtəsi) olur; bu həmən o “Mənə dayaq nöqtəsi verin, Yer kürəsini qaldırım” söyləyən Arximed nöqtəsidir ki, Mətni bütünlükdə qaldırır, üzərində (bütövlüyündə) saxlayır...

Yenə həmən o nöqtədir ki, Folknerin məşhur “Küy və qəzəb” romanını yazırkən, istədiyi həqiqətə nail olmaq üçün neçə dəfə yerini dəyişib, təzədən başlaması barədə etirafları sənət qanunlarına örnək göstərilir... “Çöl” romanı nə barədədir (məhz nəyi “qaldırır”); Tərəkəmə həyatının özəllikləri-dəyərləri-önəmi-bugünü barədəmi (başlıca olaraq E.Tofiqqızının diqqət yetirdiyi kimi); Şəhər-kənd, Şərq-Qərb qarşılaşması, böyük mənəvi aşınma, ya Tərəqqi qarşısında acizlikmi (başlıca olaraq N.Kamalın yozumları bu istiqamətdədir); bəlkə eləcə bütün bunların çağdaşımızda, müasir insan həyatında reaksiyası-refleksiyası-konstatasiyası barədə (başlıca olaraq C.Yusiflinin plan verdiyi kimi)?

Üstəlik, unutmasaq ki: hər bir yozum eyni zamanda digər rakurslardan da nəyisə özünə qatır, əsərdə başlıcadan başqa da nələrsə olduğuna münasibət bildirir, yenə həmən o karıxdırıcı məqama gəlib-çıxırıq...

Mətni verən iç həqiqətidir; Mətn – içinin həqiqətinə köklənə bildiyin qədər var; o ki “Çöl”ün əvvəlində iki gənc romançıdan: “Ədəbi-bədii romantik romanlar daha bizi bezdirib...” – deyə yeni roman vədi alır və üstəlik Dostoyevski, Kafka, Orxan Pamuk üzərinə ironik və bir qədər də xam-sütül bəyanatlarını eşidirik, bu obrazlara necə də bir həvəs, azart, maraqlar doğur bizdə.

Doğrudan da: “Bizə tərəkəmə deyirlər...” – deyin “Ustadnamə”dən birbaşa iç həqiqətlərinə açılan “Çöl” romanı hələ bir xeyli də (təxminən “Halaypozanın biznes planı” fəslinə qədər) bu xoş, həzz və ruh verici ovqat altında saxlaya bilir bizi...

“Bir qədər çaydan uzaq/ od qalamış dağda çoban,/ Oyadır öz sürüsün/ otlaya yaylaqda çoban...” – Abbas Səhhətin bu lirik peyzajından, Abdulla Şaiqin “Köç” hekayəsindən beləsinə ara-sıra sovet dövrü romanlarının da uzaq fonunda kənd-tərəkəmə həyatının eləcə kənardan, passiv- seyrçi, idillik-romantik təsvirləri ədəbiyyatımızda olmuşdur.

Və ilk dəfə Mövlud Süleymanlı “Köç” romanında rəsmi-ideoloji baxışlara qənşər, E.Tofiqqızı ilə razıyam ki, mövzunu modernistik bir modeldə təqdim elədi; amma “anti-“ məqamında gəldiyindən burda da bir ideolojilik qalırdı. İndi budur, sərbəstcəsinə, “Çöl”ün yeniyetmə qəhrəmanının iç həqiqətlərinə köklənib baba-nənə və nəvənin dünyasında (və s.-si də əhatə olunmaqla) milli varlığımızın bir parçası olan idillik-romantik-etnoqrafik-mənəvi məzmun və mənzərələri daha yaxından, birbaşa təmasda izləyə bilirəm.

Lirika, yumor, dil koloriti (bu Dili nə qədər bilməyimdən asılı olmayaraq), üstəlik gənc romançının qəhrəmanına azca, duyulmayacaq qədər, məhz günün nəfəsini hiss elətdirən ironiyası (təhkiyə planında buna özünəironiya da demək olar) məni yorulmağa qoymur, mənə təzə dünya açır...

Təzə bir şey demədim.

Təzə deyəcəyim odur ki: tezliklə mən bu qəhrəmanı- iç baxışını- təzəcə tanışdığım təzə-tər nöqteyi-nəzəri itirirəm və “Çöl”ün içinə doğru irəlilədikcə daha çox itirirəm; hərdən görünürsə də elə bil formal olaraq görünür, yəni iç həqiqətlərini yox, nəsə başqa, yıpranmış şeylər danışmağa başlayır mənə...

Başlayıram darıxmağa, başqa mətləblər içrə gözüm hey qəhrəmanı axtarır və bir də lap sonda “Çöllərin əlifbası öldü” fəslində az-maz da olsa, təzədən onu tanıya bilirəm.

O da ondan ki: “Qızmış nəri yıxan Hacı Cəfər və sarı donlu Selcan Xatun” adlı bir dastan yazdığından xəbər tuturam; barmağımı dişləyirəm ki, (əsərin əvvəlində) həzzlə-həvəslə oxuduğum vur-tut elə bu dastandan olan hissələrmiş; bundan o yanasına gənc romançının sadəcə gücü-əməli çatmamış...

Qınamalı da deyil: lirikanın öz hüdudu var; eposun, roman təhkiyəsinin öz genişliyi...

Lirik (idillik-romantik) içi roman məsafəsində, üstəlik də yeniyetmə bir qəhrəmanın təhkiyə planında qoruyub-saxlamaq asanmıdır?!

O Əkrəm Əylisli bir əjdahaydı ki, “Adamlar və ağaclar”da böyük bir epoxanı, zaman məsafəsini balaca (və böyüməkdə olan) Sadığın iç dünyasına sığışdıra bildi və elə onunla da nəsrimizdə lirik-psixoloji üslubun- deyim tərzinin- təhkiyə başlanğıcının (nöqtəsinin) klassikliyini qazandı.

O vaxt Əkrəm Əylisli 30 yaşın içindəydi və hələ tənqidçilər lupayla Sadığın iç həqiqətlərinin (yaşının və başının) roman boyu usluba (təhkiyə planına) nə dərəcədə uyarıldığını ölçüb-biçirdilər...

Məsələ onda deyil ki, təhkiyə rakursu (başlanğıcı, nöqtəsi) mütləq realist mündəricəyə otuzdurulmalıymış...

Təhkiyə planı hər hansı şərti poetika nöqtəsindən də qurulur və durulur da; amma mündəricəyə münasibətdə dürüst olmalıdır, yəni təhkiyəçi (romançı) onu hardan qurduğunu bilməli və heç vəch unutmamalıdır.

Kəramət Böyükçöl
Belə bir misal. E.Tofiqqızının diqqətini “Çöl”ün qəhrəmanları arasında yaş uyğunsuzlu məsələsi (bir yerdə elə, bir yerdə belə) cəlb edir; bu mənim də diqqətimi çəkmişdi.

Ona görə yox ki, məxsusi təfərrüatlara köklənmişdim, yox; ümumən qəhrəmanın yaşını-başını-nəmənəliyini axtarıb-bilmək istəyirdim, romançı isə elə hey çaşır, ya da məni çaşdırırdı...

Oxucu psixologiyası belədir ki, Mətnə girdiyi andan kiminlə kontaktda (dialojidə) olduğunu axtarır: birbaşa romançı olsun, ya birikdiyi təhkiyəçi-qəhrəman harda-hansı nöqtədə- hansı müstəvidə durub-söhbətləşdiklərini anlamaq istəyir.

Bu əgər ümumən tərəkəmə həyatının idilliyasına köklənmiş, bunu vermək istəyən lirik-romantik bir fiqurdursa, bir ayrı.

Yox, əgər “Avaraçılıqdan romana” adlamış günün gənc romançısı ilə üz-üzəyəmsə, istər-istəməz çağımızın kontekstini də, tərəkəmə həyatının bugününü və ona münasibəti (yəni çağdaşımızın özünü) də istəyəcəyəm ondan. ..

Məsələ burasındadır ki, Mətnin qapsadığı iç həqiqətləri təhkiyənin məhz birinci məqamdan (İdilliya) qurulduğunu xəbər verir: “Çöl”də qəhrəmanın yaşı yoxdur, əvəzində idillik dünyası var; bu, donuq bir plandır: hər şeyi sığışdırmaq olmasa da, amma qoy qarmaqarışıq sırada olsun baba-nənə-nəvə dünyası ilə bağlı nə varsa, bura əməllicə yerləşibdi.

Diqqət edin, uşaqlıq çağlarından ali məktəbə girənəcən qəhrəmanın iç dünyasında zamanın hərəkəti (nə-haçan- nədən sonra) yoxdur, duyulmazdır; amma eyni zamanda bu “donuq lövhə”də: babanın babasının tarixçəsindən ta babanın ölümünəcən Çöllərin əlifbasını görə, duya, oxuya bilirik...

Vəssalam. Əgər Kəramət Böyükçöl “babam və mən” nağılı ilə kifayətlənsəydi, biz də alqış və uğur diləyib yazını burdaca bitirə bilərdik...

Neyləməli ki, gənc romançı ikinci məqamı da əldən buraxmaq istəmir, Günü-gündəmi də yazmaq istəyir həmin lövhəyə; yaşla baş arasındakı ziddiyyət, uyğunsuzluq da bu zaman başlayır...

Gənc romançının Koroğlunamə yaratmaq cəhdi, E.Tofiqqızı ilə razıyam ki, baş tutmayıb, səthi, yumoreska səviyyəsində alınıb.

Çün diqqət edin, əsər boyu davam eləsə də, bu motiv heç də romançı yaxud qəhrəmanın iç həqiqəti- hekayəti- süjetində təmərküz tapmır, dayaq nöqtəsi - kənarda, qəzet materiallarındadır. (Yalnız əsərin əvvəlində “Koroğlu” dastanı
qəhrəmanın idillik dünyasının bir parçası kimi çıxış edir; elə ki ayrıca xəttə keçir, Zaman dayının, Züleyxa xalanın repertuarında tamamən felyetonlaşır, gündəm mövzularının təfsirinə çevrilir) ...

Mən Nərmin Kamalla da razıyam ki, Şərq-Qərb qarşılaşması əsərdə uğursuzdur, birbaşa və birtərəflidir; hətta (Şərqin xeyrinə) ideoloji rəng daşıyır.


Çün yenə də bilavasitə yaşanmış İç həqiqəti üzərində deyil, milli varlıqda mənəvi aşınmanı qeydə almağa çalışan hazır qənaətlər üzərində təmərküzləşir.

İl öncə “O” əsərini oxurkən, gənc yazarın nəsrdə ilk addımlarını görməklə yanaşı, məsələn, Mövlud Süleymanlının “Şeytan”ı yanında heç də orijinal olmadığına da diqqətini çəkmişdim. İndi bu əsərin “Çöl”ə qatılması, formal oynaqlıq (iki romançının yarışması) gətirsə də, əlavə kontekst yaratmaq gücündə olmadığından, dilogiyadan da danışmaq olmur.

Daha bir, ayrıcalığı ilə yadda qalan xətt var əsərdə, şərtən bunu: “Fərari döyüşçü Saday bəyin hekayəti” adlandırmaq olar.

Gənc, vətənpərvər döyüşçünün (Sadayın) içindən fokuslanan, bir qədər də sadəlövhlüyə istehzanı içinə alan təhkiyə ağrılı-yanğılı həqiqətlərə (“müharibə-müharibə oyunu”) açılmaqla bugün belə anlaşılmaz Qarabağ müharibəsi mövzusuna əməllicə təravət gətirə bilərdi.

Amma müstəqim işləməkdən vaz keçib, gənc romançı müəyyən assosiativ (babanın nağıllarındakı Saday bəy və döyüşçü Saday bəy) və faktik (Saday və Xanım) bağlarla bu süjeti də əsas xəttə (qəhrəmanın idillik dünyasına) pərçim eləməyə çalışır. Qəhrəmanın (dəyişməz) dünyasına nəsə əlavə eləməyən həmin süjetin ümumi kontekstdə boğulmasına yalnız heyfslənirik...

İdilliya və Həyat, Kitab düşüncəsi və tərəkəmə mədəniyyəti, İdeologiya və Sivilizasiya, Tarix və Bugün, Müharibə və İroniya... – əslində, balaca bir romanda bu qədər müxtəlif və ciddi məsələlərin qaldırılması və qarşılaşdırılması, doğrudan da, gənc romançının uğuruna (qoy olsun: cəsarətinə) yozulmalıydı.

Amma hansı platformadan- fikir (ideya) mövqeyindən?; “Çöl”də bütün bunları qaldıra biləsi təhkiyə başlanğıcı-rakursu-nöqtəsi varmı?

Təbii ki, yoxdur; gənc romançı bütün bu “baş istəyən” məsələləri də rəhm etmədən “yaşı olmayan” qəhrəmanının boynuna qoyur; o isə bunu həzm etməyə acizdir; odur ki, səthilik, illüstrativlik, stilizə, nağılbazlıq, felyeton tərzi, köşə qeybəti, məzələnmə... – öz-özünə irəli gəlir.

İctimai-siyasi Gündəm informasiyalarının lağlağı üzərində “təkrar istehsalı” (Halaypozanın biznes dünyası, Koroğlunun Amerika-İraq-Rusiya sərgüzəştləri, Qoyunsuz Çobanlar partiyası və s.), “Koroğlu” deyiminin stilizəsi üzərində mündəricəsiz Zaman – Züleyxa dastanı, motivin hədsiz ucuzlaşdırılması (“Kitabxanada seks”) qəhrəmanın dünyasına nəsə gətirmədiyi kimi, Oxucunun zövqünü də heç də itiləmir.

Üstəlik, həmin məqamlarda təhkiyəçi-qəhrəman özünə aid olmayan (guya başından böyük) məsələlərdən söhbət getdiyini qabartmaq üçün sanki sadəlövh görünməyə (özünü uşaq yerinə qoymağa) səy edir ki, bu da təhkiyə nöqtəsinin süni dəyişdirilməsi hesabına olur, Dil pəltəkliyi yaradır...

Kəramət Böyükçölün bədii istedadına söz yox; “O”-dan sonra daha özümlü “Çöl”ün ərsəyə gəlməsi də bunu deyir. Amma mən də o fikirdəyəm ki: hələ ki səriştəsizlik öz işini görür.

Ümumən gənc romançılarımızın mövzunu yaxşıca (bədii ölçülərdə) həzm etmədən qələmə sarılması, düşündükləri nə varsa kağıza tökməsi nə ədəbiyyatın xeyrinə olur, nə də özlərinin. Janr duyğusu önəmlidir, romançının janr biliyi olmalıdır. “Çöl” – tərəkəmə həyatının özəlliyi və gözəlliyi barəsində gözəl bir hekayət ola bilərdi. “Çöl”də müharibə həqiqətləri barəsində amansız bir süjet yatır.

Bütün tənqidi münasibətimə rəğmən, həmçinin əsərin əvvəlində və sonda tanıdığım gənc romançı (müəllif) obrazının ironik potensialını da duymamış deyiləm.

Roman isə alınmamışdır; zərif çiyinlər, görünür, onu hələ qaldırmaq iqtidarında deyildir...

13.03.2011

Həmçinin oxu
C.Yusifli. "Son dövrdə ard-arda yazılan nəsr əsərləri arasında ən uğurlusu"
Elnarə Tofiqqızı. Əsər - YARADILMAYIB!
Nərmin Kamal. Tərəkəmə çölünün kitabı
Kəramət Böyükçöl "Çöl" (Romandan parça)
XS
SM
MD
LG