Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:14

Adil Şirin. Cökə qoxulu axşam, Bircə damla göz yaşı...


Cökə qoxulu axşam


Bir azdan dağlara axşam düşəcək
Əsəcək əllərin bax, şam düşəcək,
Al qara şalını, dur başına çək
Ağla, ağla ana, rahatlan bir az.
Yollar bağlı qaldı yenə də bu yaz
Boşalmış evlərə dur bir kağız yaz
Bir kağız yaz, orda daşlar oxusun,
Axşamın havası cökə qoxusun.
Ölümü düşünmə, düşünmə ana,
Ana yurdu anıb üşünmə, ana,
Bu dünyanı vurdun dişinə, ana,
Ağla, ağla ana, rahatlan bir az.


Bircə damla göz yaşı

Arxamca atdığın su
Havadan asılı qalıb.
İndi hansı fəsildi
Gözlərimiz qaralıb?
Umuda bel bağlama,
Umudlar kor doğulur.
Burda doğulan kəsin
İçində gor doğulur.
Geriyə yollar bağlı,
«Yol» desəm gözün dolar.
O bir damla göz yaşın
İtkin məzarım olar.


Qanlı gözlərdə açılan səhər


Qanadlı quş olum allah, bəlkə mən,
Uçub gedim burdan çox uzaqlara.
Dəli könlüm çərxi-fələyə düşmən,
Yenəmi qar yağır bizim dağlara.

Qarlı gündə tüstülənsin bacalar,
Kənd olundan bir at keçsin dördnala.
Cavanlığı yada salsın qocalar,
Seylon çayı soyusun bala-bala.

Oğuları geri dönsün bu yurdun,
Bu ana duası, bu at, bu yəhər…
Dağ başında aya baxan boz qurdun
Qanlı gözlərində açılsın səhər…

Alatoran
XS
SM
MD
LG