Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:49

Sayman Aruz. Məsnəvi


Məsnəvini iliyimdən yazmışam,
Beynimdəki biliyimdən yazmışam.

Hər kəlməsin bir küçədən, bir evdən,
Qəlbimdəki inamımdan, görəvdən.

Qafiyəsin, axtarmadım, özlədim,
Sual kimi araşdırıb, çözmədim.

Nəsihətdən, tövsiyədən uzaqda,
Yaratmışam bir darısqal otaqda.

Nə şeyx oldum, nə Şəms oldum, nə şahid,
Nə Nuh oldum, nə nar oldum, nə Nahid.

Şair oldum, şeir yazdım və öldüm,
Nə qazandım, nə itirdim, nə böldüm.

Mənim şeirim, şuarları əzibdi,
Orqanları damar-damar gəzibdi.

Işləyibdir hüceyrəyə birbaşa,
Oturubdur həm ürəyə, həm başa.

Mən susmuşam, şeirlərim danışıb,
Mən küsəndə şeirlərim barışıb.

Nə sevgini təbliğ edib millətə,
Nə milləti çeviribdir ummətə.

Gedənləri qaytarmağa çalışmaz,
Olmayanın yoxluğuyla barışmaz.

Mənim şeirim etirazın soyadı,
Inqilabdır, üsyan etməkdir adı.

Heç bir daşı yontatmayıb kimsəyə,
Qara daşdan, güzgü yonsunlar –deyə.

Oxucusu nə zahiddir, nə molla,
Nə arifdir, nə məcnundur no mövla.

Mövlana da yaza bilməz bu şeiri,
Heç Fərhad da qaza bilməz bu deyri.

Mən şeirdən bir minarə yaratdım,
Yatanları birər-birər oyatdım.

Səfsətənin dənizində üzmədim,
Mən Allahı təsbehlərə düzmədim.

Hər kələməm, salavatdır, suruddur,
Məhəbbətdir, sədaqətdir, duruddur.

Nəyim vardır, mən qoymuşam ortaya,
Xəyalatla, uçub getmədim Aya.

Qarşılıqlı, paylaşımdır sözlərim,
Anam, atam, qardaşımdır gözlərim.

Dinlə məni! Ney də sənin tək, acdı,
Mən çalmasam, ney quru bir ağacdı.

Ayrılığı, ölüm kimi bilmədim,
Heç kimsəni ürəyimdən silmədim.

Yeri gəlsə, ayrılıq özü nuşdu,
Ayrılıq var, vüsaldan daha xoşdu.

Xəyanət var, sədaqətdən yaxşıdı,
Sədaqət var, xəyanətin naxşıdı.

Ölüm var ki, min həyata bədəldi,
Həyat var ki, qayırmadı, bədəldi.

Şeir var ki, nəsihətdir, pənddir.
Şeir var ki, bal kimidir, qənddir.

Sözlərimi, dağlardaki daş duyur,
Kədərimi, ağladığım yaş yuyur.

Satanım da, alanım da vətəndaş,
Həqiqətim, yalanım da vətəndaş.

Deməsinlər mən millətə yazırdım,
Şair idim, ona görə yazırdım.

Ürək deyil sinəmdəki, güzgüdü,
Güzgü üzü toz olsa da, güzgüdü.

Məhəbbətin qulu deyil, dostuyam,
Mən millətin qulu deyil, dostuyam.

Nə Allaham, nə Allahın bəndəsi,
Nə şeytanam, nə şeytanın bəndəsi.

Həm Allaham, mən həmi də şeytanam,
Inanmayın mən kimsəyə qatdanam.

Lənət olsun, onun kimi şeytana,
Batanmadı bir qarışlıq insana.

Mən harasa çatmaq üçün varmıram,
Mən özümü, Allahda axtarmıram.

Bir siqaret qutusunda itmişəm,
Millət boyda bir yaradan bitmişəm.

Vəhdət nədir: fikirlərin birliyi,
Şərəf nədir, kimliyin bəlirliyi.

Vətən nədir: bədənlərin birliyi,
Vətəndaşın Vətən haqda bildiyi.

Adam nədir: bir dəri, bir sümükdür,
Insan amma, məhəbbətdir, bilikdir.

Farsı yazıb, Türkü düşünmədim mən.
Beyni qoyub, börkü düşünmədim mən.

Öz kökündən ayrı düşən, yekəlməz,
Yekəlsə də, Vətən bouyda dikəlməz.
XS
SM
MD
LG