Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:57

Bakıda 12 mart aksiyasının xronologiyası


Müsavatın aksiyasından ilkin görüntü
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00
Direct-ə keçid
AKSİYAÇILARA 5-8 SUTKA HƏBS VERİLİB

Səbail rayon Məhkəməsi aksiyada iştirak edən bəzi müsavatçılara 5-8 sutka həbs cəzası kəsib.

8 sutka azadlıqdan məhrum edilənlər arasında Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı, partiyanın Xəzər rayon təşkilatının sədri Niyazı Nəsirov, partiya üzvü İlkin Alısoy da var.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Məhkəmə hələ davam edir.

JURNALİSTLƏRİ MAŞINDA HƏRLƏYİBLƏR


Jurnalistlər Mirməhəmməd Xanlarov («Demokrat» qəzeti) və Əfqan Muxtarlı («Bizim Yol» qəzeti) də martın
12-də mitinqdə saxlanılıblar.

Əfqan Muxtarlı AzadlıqRadiosuna bildirib ki, onları əvvəl Xətai rayonundakı 37, sonra 34 saylı polis bölmələrinə aparıblar. Sonra isə yenidən şəhərin mərkəzinə, Azadlıq meydanındakı Hökumət evinin qarşısına gətiriblər.

Bir müddətdən sonra onları iki saatdan artıq maşında hərlədikdən sonra Bakı-Qobustan şosesində düşürüblər. Artıq gec olduğu üçün, eləcə də ətrafda dayanacaq olmadığından jurnalistlər Bakıya piyada qayıtmalı olub.

2010-cu ilin yayında da bir neçə mitinqdə həbs olunanları Qobustan qoruğuna aparmışdılar.

Əfqan Muxtarlı deyir ki, polis saxlananların jurnalist olduğunu bilib və bu barədə ən yuxarı instansiyalara məlumat çatdırılıb.

POLİS BÖLMƏLƏRİNDƏ HƏLƏ DƏ ONLARLA AKSİYAÇI SAXLANILIR


14 aksiyaçı hələ də Səbail rayon Polis İdarəsinin 8-ci bölməsinin qarşısında avtobusda saxlanılır.

Bu barədə AzadlıqRadiosuna avtobusdakı aksiyaçılardan Nüşabə Mustafayeva məlumat verib.

O deyir ki, saat 12.30 radələrində aksiyada polislər tərəfindən tutularaq zorla avtobusa mindirilib. Bir neçə saatdır ki, avtobusda saxlanılırlar.

Yasamal rayon Polis İdarəsinin 28-ci bölməsində də saxlanılanlar var.
Bu barədə AzadlıqRadiosuna həmin bölmədə saxlanılanlardan biri Asif Əliyev məlumat verib. Onları dənizkənarı parkda avtobusa mindiriblər:

«Gətiriləndə 12 nəfər idik. 4-ünü bir az əvvəl Səbailin 9-cu bölməsinə apardılar. Burda bir ortayaşlı kişi var. Bölmədə polis işçiləri onun başına yumruq zərbələri vurdular ki, sən niyə şüarlar səsləndirirdin. Hamımıza qarşı İnzibati Xətalar Məcəlləsinin 298-ci (mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin təşkili və keçirilməsi qaydasını pozma) maddəsi ilə iş qaldırıblar. Gözləyirik ki, bizi məhkəməyə aparsınlar».

18 nəfər aksiyaçı isə Səbail rayon Polis İdarəsinin 9-cu bölməsində saxlanılır. Onlardan biri - Müsavat Gənclər Təşkilatının üzvü Cavid Hacıbəyli AzadlıqRadiosuna bildirib ki, onları inzibati cəza kəsilməsi üçün Səbail rayon Məhkəməsinə aparacaqlar.

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və daha 3 nəfər aksiyaçı isə artıq Səbail rayon Məhkəməsindədirlər. Onlar barələrində qərar çıxarılmasını gözləyirlər.

Bu barədə məhkəmədən vəkil Anar Qasımov məlumat verilib. O bildirib ki, aksiyaçılar İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisin qanuni tələblərinə tabe olmama) maddəsi ilə təqsirləndirilirlər.

20 NƏFƏRİN İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB


Daxili İşlər Nazirliyi 50 nəfərin saxlandığını bildirir.

Nazirliyin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, «polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan 20 nəfərin» işi məhkəməyə göndərilib.

Qalan 30 nəfər xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

AKSİYA ZAMANI 63 NƏFƏR SAXLANIB

Bu barədə Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu məlumat verib.

Onun dediyinə görə, saxlananların əksəriyyəti müsavatçılardır, bir nəfər İctimai Palatadandır.

Saxlananlar arasında 4 jurnalist də var. Bunlar: «Azadlıq» qəzetinin zona müxbiri, «Demokrat» qəzetinin və «Azxəbər» saytının müxbirləri, bir də «Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakitdir.

Saxlananlar hazırda Səbail və Xətainin rayonunun 8, 9, 37 və 38-ci polis bölmələrindədirlər.

«KİŞİ QIRMIZI MAYKA GEYMƏZ, MAYKASI AĞ OLAR»

Səbail Rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov jurnalistləri günahlandırıb ki, jurnalistlər aksiya iştirakçılarının arxasınca getdiyindən onlar da dağılışmaq istəmir.

Aksiya zamanı «Dalğa» Gənclər təşkilatının iki üzvü - Elmin Həsənov, İlkin Əlisoy da saxlanılıb.

K. Vəlişov saxlanan gənclərdən birinin geyiminin rənginə iradını bildirib:

«Kişi qırmızı mayka geyməz, maykası ağ olar».

11 Mart aksiyası zamanı gənclər qırmızı rəngi etiraz əlaməti olaraq seçmişdi.

JURNALİSTLƏR DƏ SAXLANILIB


ADP, Vətəndaş Həmrəyliyi Partiyasının gəncləri də aksiyada iştirak edir.

Hazırda aksiya gənclərin yürüşü ilə davam edir. Hələlik polis müdaxilə etməsə də, müxbirlərimiz yürüş iştirakçılarının polis müşayiəti altında irəlilədiyini deyir.

«Jurnalistlər Ekstremal Şəraitdə» İctimai Birliyinin sədr müavini Nahid Canbaxışlı aksiya zamanı bir neçə jurnalistin saxlandığını bildirib.

«Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakit, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun nümayəndəsi Rəsul Cəfərov da saxlananlar arasındadır.

AzadlıqRadiosunun müxbiri bildirir ki, Nizami Ədəbiyyat Muzeyinin qarşısında bu dəqiqələrdə 2 nəfər saxlanıb. Həmin şəxslər aksiyada iştirak etmədiklərini deyir. Gəncləri «20-ci sahə»dən Ələtə işləyən 195 saylı avtobusa oturdublar.

İSA QƏMBƏR: «AKSİYA BAŞ TUTDU»


«İlkin məlumatlar onu göstərir ki, bu, son illərin ən güclü etiraz aksiyasıdır. Çox saylı müsavatçılar, eyni zamanda digər partiyaların üzvləri, bitərəflər, gənclər böyük fədakarlıq göstərir».

Bunu Müsavat başqanı İsa Qəmbər AzadlıqRadiosuna deyib. Onun bildirdiyinə görə, polis aksiyaçılara qarşı zor tətbiq edib:

«Müşahidəçilərin fikrincə, dünənki aksiyaya nisbətən polis artıq dərəcədə qəddarlıq nümayiş etdirir. Polis mitinqçilərə, dinc aksiya qarşı zor tətbiq edir, dəyənəklərdən istifadə edir. Gənclərə, qadınlara qarşı qəddarlıq nümayiş olunur. Hesab edirəm ki, bu aksiya Azərbaycanda köklü dəyişikliklər üçün prosesə çox ciddi təkan verəcək».

İsa Qəmbər onlarla adamın saxlandığını deyir. Bununla belə aksiyanı baş tutmuş hesab edir.

Müsavat başqanı aksiyaların gələcəkdə də davam edəcəyini bildirib.

GƏNCLƏR «İSTEFA!», «YUMURTA!» ŞÜARLARI SƏSLƏNDİRİB


Gənclər ara məhəllələrdə «İstefa!», «Yumurta!» şüarları səsləndirib. Gənclər şüarları qaça-qaça səsləndirdiyindən polis onları saxlaya bilməyib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə Səbail rayonunun 39-cu polis bölməsindədir. O, bölməyə ondan başqa heç kimin gətirilmədiyini deyir.

AKSİYAÇILAR BULVARA DOĞRU İRƏLİLƏYİR


Aksiya iştirakçıları Nizami küçəsindən sonra Bulvara doğru irəliləyir.

Polislər aksiyanın qarşısını almağa çalışır.

Aksiya Nizami küçəsində də davam edib. Aksiya iştirakçıları istefa şüarları səsləndirib. Bir neçə nəfərin saxlandığı bildirilir.

Aksiyanı ATƏT nümayəndələri də izləyir.

Səbail rayon Polis İdarəsinin rəsmisi bildirib ki, 40-dan çox adam saxlanıb, ancaq onlar bölməyə aparılmayıb, ərazidən uzaqlaşdırılıblar.

Şəhərin mərkəzinin müxtəlif yerlərində aksiya davam edir. Hazırda etirazçılar Kukla teatrına tərəf irəliləyir.

YAP-ÇILAR MÜXALİFƏTİN AKSİYASINI İZLƏYİB

YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı, YAP-çı deputatlar Siyavuş NovruzovKərim Kərimli aksiya baş verən yerin yaxınlığında olublar.

Onlar «Pizza-Inn» kafesində nahar edirmiş. Müxbirlərimiz bildirir ki, deputatların aksiyaya münasibət bildirməməsi aksiya iştirakçılarının narazılığına səbəb olub.

DAHA 10 ADAM SAXLANILIB


Polis Fəvvarələr Meydanını adamlardan təmizləməyə çalışır.

Bu arada daha 10 adamın saxlandığı bildirilir.

Polislər aksiya iştirakçılarını polis maşınları ilə yanaşı, taksilərə də mindirir.

AzadlıqRadiosunun müxbirləri sürücünün taksiyə oturdulan aksiya iştirakçılarını yarı yolda buraxdığının şahidi olub.

AKSİYA BAŞLADI


Fəvvarələr Meydanında Müsavat Partiyasının 20-dən çox üzvü həbs olunub.

«McDonald's» restoranı tərəfdən əllərində «Azadlıq!», «Azad ol!» şüarları tutan iştirakçılar polislər və mülki geyimli şəxslər tərəfindən saxlanaraq maşınlara mindirilib.

Daha sonra etirazçıların yeni dalğası gəlib. Hökumətin istefasını tələb edən bir nəfəri polis saxlasa da, o, özünü pis hiss etdiyini deyib. Polislər onu buraxıblar.

Saxlananlar arasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, satirik yazar Mirzə Sakit də var.

AzadlıqRadiosunun müxbirləri bildirir ki, aksiya iştirakçılarını nəinki polis maşınlarına, eləcə də mülki maşınlara mindirirlər.

BİR NƏFƏR SAXLANDI

«McDonald's» restoranının yaxınlığında İctimai Palatanın üzvü Nüşabə Mustafayeva saxlanıb. Onun əlində aksiyanın qətnaməsi var imiş.

POLİS ƏRAZİYƏ NƏZARƏT EDİR

AzadlıqRadiosunun müxbirləri xəbər verir ki, hazırda Fəvvarələr Meydanının ətrafında xeyli sayda polis toplaşıb, əraziyə nəzarət edirlər.

MÜSAVATÇILARA XƏBƏRDARLIQ EDİBLƏR

Müsavat Partiyasının icazəsiz aksiyasından əvvəl Sumqayıtda Müsavat şəhər təşkilatının sədri Fəxrəddin Abbas polis tərəfindən saxlanıb.

Onu evindən çıxarkən saxlayıb, Sumqayıt şəhər Polis İdarəsinə aparıblar. Bir neçə saat saxlandıqdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu məlumat verib.

Sumqayıtda Müsavat Partiyasının qadınlar təşkilatının sədri Vəfa Cümşüdlü də saxlanaraq daha sonra buraxılıb.

«MÜSAVATIN AKSİYASININ QARŞISI QƏTİYYƏTLƏ ALINACAQ»

Fəvvarələr Meydanı
«Müsavat Partiyası meriya ilə razılaşdırılmamış yerdə aksiya keçirsə, polis qətiyyətlə onun qarşısını alacaq».

Bunu AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib:

«Fəvvarələr meydanı, «Torqovı» mitinq yeri deyil axı».

Müsavat Partiyası martın 12-də Fəvvarələr meydanında icazəsiz akasiya keçirəcəyini bildirib.

Partiya aksiyanı əvvəlcə «Təbriz» kinoteatrının qarşısında keçirmək istəyirdi.

Bakı şəhər İcra Hakimiyyətisə aksiyanı «Bibiheybət» stadionunda keçirməyi təklif edib. İcra Hakimiyyəti hesab edir ki, kinoteatr nəqliyyatın intensiv olduğu ərazidə yerləşir deyə, aksiya keçirməyə münasib deyil.
XS
SM
MD
LG