Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:02

Eynulla Fətullayev öz istəyi ilə karserə salınıb?


Vəkili deyir ki, həbsdə olan jurnalist Eynulla Fətullayev köçürüldüyü cəzaçəkmə müəssisəsində həyatına təhlükə hiss etdiyi üçün öz istəyi ilə karserə salınıb.

«Eynulla Fətullayev köçürüldüyü 1 saylı cəzaçəkmə müəssisəsində həyatına təhlükə hiss etdiyinə görə könüllü şəkildə karserə salınıb». Bunu AzadlıqRadiosuna həbsdə olan jurnalist Eynulla Fətullayevin vəkili Anar Qasımov söyləyib. Vəkil deyir ki, martın 7-də Eynulla Fətullayevlə görüşüb. Vəkilin sözlərinə görə, məhbus-jurnalist ona danışıb ki, martın 2-də saxlandığı Bakı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülərkən fiziki təzyiqlərə məruz qalıb: «Eynulla Fətullayev həmin günün ikinci yarısı Penitensiar Xidmətin məhbus maşınına mindirilib. Ona bildirilib ki, öz istəyinə uyğun olaraq 9 saylı cəzaçəkmə müəssisəsinə aparılır. Ancaq məhbus maşını Eynulla Fətullayevi 3 saata yaxın daşıdıqdan sonra maşına iki nəfər hərbi geyimli, qara maskalı şəxs daxil olub. Eynulla Fətullayevə rus dilində susmaq əmri veriblər. Sonra isə onu maşının döşəməsinə yıxıblar. Maskalılardan biri ayağındakı çəkməsi ilə Eynullanın boynundan basaraq, onu döşəməyə sıxıb və onu bu vəziyyətdə 1 saylı cəzaçəkmə müəssisəsinə gətiriblər».

Vəkil Anar Qasımov
«Eynulla Fətullayev müəssisə rəhbərliyindən xahiş edib ki, onu karserdə saxlasınlar. İstəyinə uyğun olaraq o, indiyə qədər də karserdə saxlanılır». Vəkil deyir ki, Eynulla Fətullayev karserdə qalmaq istəyini həmin cəzaçəkmə müəssisəsində həyatına gözlədiyi təhlükə ilə izah edib.

Anar Qasımovun sözlərinə görə, bundan sonra o və digər vəkil Elçin Sadıqov Eynulla Fətullayevlə hər gün görüşəcəklər.

KARANTİN, YOXSA KARSER?

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə deyilənləri təkzib edir:

«Tamamilə boş söhbətdir. Necə ki digər məhkumlar müşaiyət altında cəzaçəkmə müəssisələrinə göndərilirlər, həmin şəkildə də Eynulla Fətullayev göndərilib. Qanunvericiliyə əsasən, hər bir məhkum cəzaçəkmə müəssisəsinə yeni daxil olandan sonra karantində saxlanılır. Karantin müddətində tibbi müayinədən keçir, gətirildiyi cəzaçəkmə müəssisəsində hansısa düşməninin olub-olmadığı araşdırılır və sair»

- Karantin müddətində məhbuslar karserdə saxlanılır?

- O karserdə saxlanılmır, sadəcə olaraq təcrid vəziyyətdə saxlanılır, yəni öz istəyi ilə.

Ancaq Mehman Sadıqov Eynulla Fətullayevin öz istəyi ilə müəssisədəki məhz hansı otaqda, təcrid vəziyyətində saxlandığını demədi.

- O, nazirə müraciət etmişdi ki, başqa cəzaçəkmə müəssisələrində həyatına təhlükə hiss etdiyinə görə 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülsün...

- Cəzaçəkmə müəssisəsinə göndərilməsi məhkumun arzusu ilə həyata keçirilmir.

- Eynulla Fətullayevin həyatına hər hansı təhlükə ola bilərmi?

- Onun həyatına heç bir təhlükə yoxdur, cəzaçəkmə müəssisəsinin əməkdaşları da, rəhbərliyi də onun təhlükəsizliyinə tam zəmanət verir.
XS
SM
MD
LG