Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:12

Mübarək hökuməti istefaya göndərdi. Etirazlar davam edir


Misirdə toqquşmalar
Gözlə
Embed

No media source currently available

0:00 0:01:03 0:00

Yanvarın 28-də Misirdə keçirilən etirazksiyasında polislə ciddi qarşıdurmalar yaranıb. Artıq dördüncü gündür bu ölkədə prezident Hüsnü Mübarəkin 30 illik hakimiyyətinə son qoyulması tələbilə etirazlar gedir. Bu gün ölkənin müxtəlif şəhərlərində keçirilən

Gecə saatlarında Misirin dövlət televiziyası ilə canlı yayımda çıxış edən prezident Hüsnü Mübarək hökuməti tam tərkibdə istefaya göndərdiyini bildirərək yeni kabinet formalaşdıracağına söz verdi, sonra xalqı sakitliyə çağıraraq yeni islahatlar aparacağına və vətəndaşlara azadlıqlar verəcəyini deyib.

Etirazçılar isə Mübarəkin istefasını tələb etməkdə israrlıdırlar.

***

“Amerikanın səsi”
radiosunun Qahirədəki müxbiri Henry Ridgwell sakinlər ordunun şəhərə yerləşdirilməsini alqışlayırlar: “Burada polisə kəskin nifrət var. Amma ordu başqadır, adamlar bu quruma hörmətlə yanaşırlar.

Ordunun bəzi maşınlarının üstündə hətta aksiya iştirakçılarını da görmək olar. Amma vətəndaşlar polisin maşınlarını yandırıb Nilə atırlar.

Əvvəlcə bir neçə şəhərdə elan edilmiş komendant saatı sonra bütün ölkəyə şamil edilib. Amma buna əməl edən yoxdur.”

***

Nobel Sülh Mükafatı Laureatı Muhammad El-Baradei bu gün ev dustağı edilməzdən əvvəl jurnalistlərlə söhbətində dünya ictimaiyyətini Misir xalqının azadlıq, sosial ədalət hüquqlarının qorunmasına çağırıb:

- Misir xalqı özü özünün problemlərini həll edəcək. Dəyişikliyi yalnız xalq özü edəcək. Dünya ictimaiyyətindən gözlədiyim yalnız təsəlli və Misir xalqının universal dəyərlərinin – azadlıqlarının, heysiyyatının, sosial ədalət hüquqlarının müdafiə edilməsidir.

***

ABŞ Dövlət Katibi Hillari Klinton axşam saatlarında Misir hökumətinə müraciət edib ki, “biz Misir polisi və təhlükəsizlik qüvvələrinin yol verdiyi zorakılıqlardan çox ciddi narahtlıq keçirirk.Biz Misir hakimiyyətini mitinqçilərlə qarşıdurmada olan təhlükəsizlik qüvvələrini cilovlamaq üçün bütün imkanlardan istifadə etməyə çağırırıq.

Eyni zamanda aksiya iştirakçıları da zorakılığa yol verməməli, öz fikirlərini dinc şəkildə ifadə etməlidirlər.”

Klinton həmçinin hökuməti ölkədə dinc mitinqlərin keçirilməsinə icazə verməyə və kommunikasiya vasitələrinin görünməmiş miqyasda məhdudlaşdırılmasına son qoymağa çağırıb.

Dövlət Katibi hesab edir ki, Misir vətəndaşlarının məmnun olmaları üçün bu ölkədə islahatlar son dərəcə zərudiridir.

***

Qahirədə komendant saatı elan olunandan az sonra hakim partiyanın qərargahının binası alovlanıb.
Gün ərzində ölkənin müxtəlif şəhərlərində hakim Milli Demokratik Partiyanın yerli qərargahlarına od vurulub.

***
Misirin paytaxtı Qahirədə, İsgəndəriyyədə və Süveyş şəhərində axşam saat 6-dan komendant saatı elan olundu.
Qahirənin mərkəzinə zirehli texnika yeridilir.
CNN televiziyasının məlumatına görə, Misir prezidenti Mübarəkin xalqa müraciəti olacaq.

***
AFP
: "Dövlət mediasının məlumatına görə, son 3 gündə 1000 nəfər həbs olunub, yüzlərlə yaralanan var, 7 adam ölüb."

***
AFP: "Prezidentin yanvarın 25-dən görünməməsi şübhələr yaradıb ki, Mübarək Qahirədədirmi?

***
Reuters: "Bəzi yerlərdə nümayişçilərlə polis artıq bir-birlərinin əllərini sıxırlar. Səhər isə aralarında dava gedirdi".

***

Qahirədə iki fransız jurnalisti həbs olunub.
"Le Figaro" qəzetinin müxbiri Jaulmes saxlanandan sonra onunla əlaqə yoxdur.
Sipa Press agentliyinin fotoqrafı Facelly isə Qahirədə nümayişin şəklini çəkəndə həbs olunub. Ondan da heç bir xəbər yoxdur.
Jurnalistlərin nəyə görə tutulduqlarının rəsmi izahı verilmir.
***
Prezidentin istefası tələbli nümayişlər bütün Qahirəni bürüyüb. Nümayişlərdə on minlərlə adam iştirak edir.
Polis El Baradeinin yanındakı adamları rezin dəyənəklə döyəndən sonra El Baradei cümə namazına gəldiyi məsciddən çıxa bilmir.

Bunu xəbər verən Associated Press Qahirədəki vəziyyəti xaos kimi qiymətləndirir.

Nümayişlər başlanandan 82 yaşlı prezident bir dəfə də olsun kütlə qabağına və ya televiziyaya çıxmayıb.

Nümayişçilər öz tələblərini Facebookda yazıblar: Mübarək və onun oğlu növbəti prezident seçkilərində iştirak etməyəcəklərinə söz versinlər. Prezident parlamenti buraxsın. Fövqəladə vəziyyət qanunu ləğv olunsun. Bu qanun polisə istədiyi qədər güc tətbiq etməyə imkan verir. Daxili İşlər Naziri dərhal işdən çıxarılsın.

***

18 milyon əhalisi olan Qahirənin ən azı 6 rayonunda hər birində ən azı minlərlə nümayişçi olan kütlə toplanıb.
Onlar Mübarəkin istefasını tələb edirlər və polislə aralarında toqquşmalar olur.

Polis adam çox olan yerlərdə və məscidlərin ətrafında iri qaz kanistrləri yerləşdirib. Bunlarda gözyaşardıcı qaz saxlanılır.
Polis kütləni gözyşardıcı qaz, su və rezin güllələrlə
dağıtmağa çalışır.

Polisin əsas qüvvələri şəhərin mərkəzində, prezident iqamətgahı qabağında toplanıb. Nümayişçilərin ən böyük qrupu iqamətgaha doğru gələndə polis onları gözyaşardıcı qazla, rezin güllələrlə qarşıladı, bundan sonra yürüş iştirakçıları eyni rayondakı Təhrir meydanına yönəldilər (Associated Press).

***
Qahirədə polis prezident sarayının ətrafına toplaşan nümayişçilərə rezin güllələrlə atəş açıb.

Vodafone telefon şirkətinin bildirdiyinə görə, Misirdəki bütün mobil operatorlara əmr verilib ki, seçilmiş ərazilərdə xidmətlərini dayandırsınlar.

***

Misirdə yanvarın 28-i “Qəzəb Cüməsi” elan olunub.

Yanvarın 28-də polis gözyaşardıcı qazı əsirgəmir


On minlərlə nümayişçi Hüsni Mübarəkin 30 illik hakimiyyətinə son qoymaq əzmindədir.
Etirazçılar əsasən gənclərdir. Misirin 80 milyonluq əhalisinin üçdə ikisi yaşı 30-dan aşağı olanlardır. Onların əksəriyyəti işsizdir.

Misirlilərin 40 faizinin gündəlik gəliri 2 dollardan azdır. Bu da dünya üzrə kasıblıq həddidir.

İNTERNETİ BAĞLADILAR

Mübarək hakimiyyəti Qahirədə təhlükəsizlik “qalası” qurub – gecə yarıdan İnternet saytlar bağlanıb. Mobil telefonlar və SMS xidməti də gecə yarıdan ya bağlıdır, ya da ara-sıra işləyir.

İndiyədək nümayişçilər arasında ölənlər 5 nəfərdir. Sonuncu adam Sinayda öldürülüb. Dünən bütün günü internetdə geniş izlənən videodan görünür ki, təhlükəsizlik qüvvələrindən xeyli aralıda dayanan nümayişçi birdən yıxılır. Bu video geniş qəzəb doğurub.

Küçələrə yüz minlərlə adam çıxartmağa qadir olan, ancaq etirazlara qatılmaqda hələ ki fəal olmayan əsas qüvvələrdən birinin - Müsəlman Qardaşlığı adlı çox nüfuzlu müxalifət təşkilatının ən azı 8 məsulu bu günə keçən gecə tutulub.

Təhlükəsizlik xidmətlərindəki mənbə Reutersə deyib ki, hakimiyyət bu qrupu dağıtmaq haqda əmr verib.
Hökumət “Müsəlman Qardaşlığı”nı öz “gizli məqsədləri” üçün gəncləri küçələrə çıxartmaqda ittiham edir.

Küçələrə kütləni çıxarda bilən ikinci qüvvənin başında Məhəmməd Əl Baradei durur. Cümə günü onun namaz qıldığı məscidin ətrafında yüzlərlə nümayişçini polis mühasirəyə alıb. “Rədd ol, Mübarək” şüarı ilə
nümayişçilər polisi daşa basanda polis onları su ilə dağıtmağa çalışıb.

“TUNİSDƏN SONRA HƏR ŞEY MÜMKÜNDÜR”

“Bahalanma bizi cana yığıb. Ərzaq, yanacaq, elektrik , hamısı bahalanır. Varlılar varlanır, kasıblar kaslıblayır”- insanların küçələrə niyə çıxdığını Qahirədə adını demək istəməyən taksi sürücüsü Reutersə belə izah edib.

Tunisdə bahalanmadan, korrupsiyadan eyni narazılığın və üsyanın prezident Ben Əlinin 23 illik hakimiyyətinə son qoymağı misirliləri ruhlandırıb.
Qahirəli taksi sürücüsü deyir: “Tunisdən sonra hər şey mümkündür”.

Tunis hadisələrindən sonra Misirdən başqa Əlcəzairdə, Yəməndə, İordaniyada da eyni narazılıq dalğası qalxıb.

XS
SM
MD
LG