Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:13

Respublika Prokurorluğu Bəxtiyar Hacıyevlə bağlı açıqlama yayıb


Respublika Prokurorluğu deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyevlə bağlı açıqlama yayıb. Prokurorluğun saytında yerləşdirilmiş məlumatda hərbi xidmətdən boyun qaçırmağın qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olduğu vurğulanıb.

Bəxtiyar Hacıyev yanvarın 24-də Gürcüstana getmək istəyərkən sərhəddə yenidən saxlanıb və barəsində Gəncə şəhərindən kənara çıxmamaq barədə qətimkan tədbiri seçilib.

Respublika Prokurorluğunun yaydığı açıqlamada deyilir ki, təhsil aldığı illərdə Bəxtiyar Hacıyevə hərbi xidmətdən möhlət hüququ verilib, amma artıq o, hərbi xidmətə cağrılır: "O, 30 iyun 2006-cı il tarixdə möhlət hüququnun bitməsinə baxmayaraq həmin tarixdən qeydiyyatda olduğu Gəncə şəhəri Nizami Rayon Hərbi Komissarlığına gəlməyib".

Prokurorluq bildirir ki, Bəxtiyar Hacıyev 10 iyul 2010-cu il tarixdə Nizami Rayon Hərbi Komissarlığında təkrar olaraq tibbi komissiyadan keçərək hərbi xidmətə yararlı hesab edilib və onun adı 2010-cu ilin oktyabr çağırışına çağırılmalı olan çağırışçıların siyahısına əlavə olunaraq həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissəyə təyin edilib. Lakin o, çağırışın aparıldığı vaxtda komissarlığa gəlməyib.

Prokurorluq bildirir ki, Bəxtiyar Hacıyev ötən ilin dekabrın 28 və 30-da, yanvarın 6-da prokurorluğa telefonla çağırılmasına baxmayaraq prokurorluğa gəlməkdən imtina edib.

Məlumatda deyilir ki, hərbi xidmət keçməkdən boyun qaçırdığına görə Bəxtiyar Hacıyevin barəsində Gəncə Şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Bəxtiyar Hacıyev AzadlıqRadiosuna bildirib ki, o, hərbi xidmətdən imtina etmir, həqiqi hərbi xidmətin alternativ hərbi xidmətlə əvəz edilməsini istəyir.
XS
SM
MD
LG