Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:18

Sökülən binalar memarlıq abidəsi deyilmiş?!


Layihənin adıyla binalar sökülür. Yerində nə olacaq--məlum deyil
«Qış Bulvarı» salınacaq ərazidə sökülən binalar memarlıq abidəsi deyildi»

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «Tarixi binaları qorumasaq Bakı nə itirəcək?» mövzusunda açdığı müzakirəyə qoşulan əməkdar memar, professor Nəriman Əliyev söylədi.

QUYUYA BİR DƏLİ DAŞ ATDI...


Nəriman Əliyev hamıya məlum olan bu atalar misalını xatırlatdı və bildirdi ki, bu binaları memarlıq abidəsi siyahısına bir memar salıb. «Vaxtilə gözüyumulu bir nəfərin məsləhəti, düşüncəsi ilə siyahıya salınıb. O ərazidə heç yerli əhəmiyyətli bina da yox idi».

O BİNALARDA YAŞAMAQ MÜMKÜN DEYİLDİ

Qonağımız o binalarda yaşamağın nəinki bugünkü, hətta dünənki tələblərə də cavab vermədiyini bildirdi. «Novruz müəllimin dediyi kimi, elə binaları yaşayış üçün deyil, başqa məqsədlərlə istifadə etmək olar».

20-Cİ İLLƏRDƏ ORADAN BULVAR ÇƏKİLMƏSİ PLANDA VARDI

Nəriman müəllim 1924-27-ci illərdə bu planın işləndiyini, Dəmiryol vağzalından Yasamal (Oktyabr) rayon İcra Hakimiyyətinin binasına qədər (EA-ya qədər) olan ərazidə bulvar yaradılmasının nəzərdə tutulduğunu söylədi.

«Orada bulvar salınması nəzərdə tutulmuşdu. Şəhərsalma mütəxəssisləri qəbul etmişdilər. Binalar sökülməliydi. Amma sonra kiminsə təşəbbüsü ilə ora abidələr siyahısına salındı. Memarlıq doktoru, professor Nəriman Əliyev olaraq deyirəm ki, orada abidəlik heç nə yox idi».

İÇƏRİŞƏHƏRDƏKİ BİNALARIN TARİXİ ƏHƏMİYYƏTİ VAR

İçərişəhərdə--Bakı Qalasında binaların mühafizəsi haqqında Qanunun yaradıcılarından biri olduğunu deyən Nəriman Əliyev orada da binaların ancaq tarixi əhəmiyyəti olduğunu vurğuladı:

«Bədii keyfiyyətləri yox, əsas tarixi qiymətləri var. Binaları şəhər sakinləri--aborigenlər özləri tikmişdilər--bəqədri-qüvvə, yəni imkan daxilində. Təkcə binaların yox, küçə xətlərinin də qiyməti var--o da abidədir, onu da dəyişmək olmaz».

Nəriman Əliyev İçərişəhərə birbaşa aid olduğuna inandığı bir deyimi xatırlatdı: «Böyük memarlardan biri deyib ki, belə yerlərin hətta tozunu belə ehtiyatla üfürmək lazımdır».

ŞƏHƏRSALMA İLƏ BAĞLI HANSI QANUNLAR VAR?


Həm Nəriman Əliyev, həm də digər qonağımız Fuad Ağayev bu sahədə Qanunvericilik aktlarının olduğunu qeyd etdilər. Fuad Ağayev «Bu aktlar tərtib olunanda, bəzi mütəxəssislərin rəyi soruşulub,
Nəriman Əliyev
amma nə dərəcədə nəzərə alınıb--bu məndə şübhə doğurur» - söylədi. Onun fikrincə, Şəhərsalmanın əsasları barədə qanun qəbul olunanda, şəhərsalma barədə məcəllə də qəbul olunmalıydı ki, bu sahənin bütün istiqamətlərini əhatə etsin. «Yarımçıq olmamalıydı ki, korrupsiya şəraiti yaradacaq hallar olmasın».

Tarix və Mədəniyyət abidələrinin qorunmasıyla bağlı hələ 1998-ci ildə Heydər Əliyevin imzasıyla Qanun qəbul olunduğunu deyən Fuad Ağayev «abidə sayılan tikililərə müvafiq razılaşdırmalar olmadan toxunmaq belə olmaz. Hətta Cinayət Məcəlləsində ayrıca maddə var. Tarixi abidələrin zədələnməsi ilə bağlı» - deyə vurğuladı.

ORADA SINIQ-SALXAQ BİNA YOX İDİ


Fuad Ağayev Nəriman müəllimin «əgər həmin binalar Qanunvericiliklə dövlət tərəfindən xüsusi mühafizəyə alınıbsa, abidə sayılıbsa, onlar qorunmalıydı» - fikrilə razılaşsa da, binaların yararsızlığı ilə razılaşmadı:

«Ola bilər ki, o binalar memarlıq abidəsi deyildi. Amma o siyahıda olanların içində sınıq-salxaq bina yox idi. Bu mənada mən Novruz Eldarlı ilə həmfikirəm. 11 bina layihə olmadan söküldü. Doğrudan da, əsassız olaraq, qanunu pozmaqla vətəndaşların mülkiyyət hüququ, mənzil hüququ, müdafiə hüquqları pozuldu. Vətəndaşlar evlərindən didərgin salındılar».

PROBLEMLƏRDƏN ÇIXIŞ NÖQTƏSİ TAPMALIYIQ


Fuad Ağayev problemlərdən çıxış nöqtəsi tapmağın vacibliyini diqqətə çatdırdı:

«Həmin binalar Nəriman müəllimin də dediyi kimi, XIX əsrin sonu XX əsrin əvvəllərində tikilmişdi. O binaların məhvi XIX-XX əsr Bakısının məhvi deməkdir. İndi həmin problem mənim də doğulub boya-başa çatdığım Sovet məhəlləsinə gəlir...».

NOVRUZ MÜƏLLİM NİYƏ EHTİYATLI DANIŞIR?


Fuad Ağayev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin «Böyük Bakının Regional İnkişaf Planı» Layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarlının verilişin əvvəlindəki müsahibəsində nədənsə ehtiyatlı danışdığını düşünür:

Fuad Ağayev
«Axı, qanunvericilik var. Pis-yaxşı var. Bəs siz niyə buna nəzarət etmirsiniz. Niyə bu qanunu, o cümlədən Nəriman müəllimin iştirakı ilə hazırlanan qanunu rəhbər tutmursunuz?»

11 BİNA SÖKÜLƏNDƏ, NOVRUZ MÜƏLLİM NİYƏ SƏSİNİ UCALTMADI?


Fuad Ağayev «Niyə 11 bina söküləndə, Novruz Eldarlı haqq səsini ucaltmadı»--deyə soruşdu.—«Niyə etirazını bildirmirdi ki, binaları nə haqla sökürsünüz?». Novruz Eldarlının planın olmamasıyla bağlı fikrini xatırladan Fuad Ağayev əlavə etdi ki, «doğrudan da 2005-ci ildə Bakının sonuncu Baş Planının vaxtı bitmişdi. «Qış bulvarı»nın layihəsi isə 60-cı illərin axırında işlənmişdi, 1985-ci ilin Baş planına salınmışdı. Dəmiryol vağzalından EA-nın binasına qədər uzanmalıydı. Ancaq Milli Bank inşa ediləndən sonra həmin layihə əhəmiyyətini itirdi. Məhkəmə baxışı zamanı Bakı şəhər İH-nin hüquqşünasları da bildirirdilər ki, layihə yoxdur. Amma layihənin adıyla binalar sökülür. Yerində nə olacaq--məlum deyil».

--Layihə olmadan söküntü aparmaq olarmı?
--Novruz Eldarlı müxbirimizə nələr danışdı?
--Fuad Ağayev Novruz Eldarlının tarixi binalarda yaşayanların imkansız olması fikriylə niyə razılaşmadı?
--Vəkil nədən «hazırda Azərbaycan hüquqlar uğrunda mübarizə meydanına çevrilib»- dedi?
--Binaların hərraca çıxarılmasına qonaqlarımız necə münasibət göstərdi?
--Aparıcının «Bu binaları almağa Azərbaycanda rəsmi milyonçu tapılacaqmı» --sualı necə cavablandı?
--Hərracdan qeyri-rəsmi milyonçu bina ala bilərmi?
--Nəriman Əliyev dünyada memarlıq irsinə münasibətdən nələr danışdı, Tac Mahaldan, Parfenondan nə dedi?
--Niyə indiki rəhbərliyə bu söküntünü apardığı üçün minnətdarlıq etdi?
--Binaları sürüşdürüb saxlamaq mümkün idisə, niyə buna cəhd edilmədi?
--Ötən əsrin 20-ci illərində hazırlanmış bulvar salmaq planını Nəriman müəllim tapa biləcəkmi?
--Fuad Ağayev hətta tapılsa belə, niyə o planın artıq əhəmiyyətini itirdiyini iddia etdi?
--Dəmiryol vağzalının yanında ucalan böyük ticarət mərkəzi və Milli Bankın binası qala-qala planı həyata keçirmək olarmı?
--Nəriman müəllim Heydər Əliyevin bu məsələyə münasibəti ilə bağlı hansı əhvalatı danışdı?
-- «Orada niyə Milli Bank tikilir» - deyə soran keçmiş prezidentə şəhərin baş memarı nə cavab verdi?

Ən yaxşısı, «Can Bakı»nı dinləməkdir.

XS
SM
MD
LG