Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:27

Doktor Səmədov


Mövsüm Səmədov
Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaranda yaradılıb. 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 1995-ci ildə partiya sədri və müavini İrana casusluqda ittiham olunaraq həbs ediliblər. Partiyanın qeydiyyatı da Ali Məhkəmə tərəfindən ləğv edilib.

2007-ci ildə keçirilən qurultayda 1993-cü ildə Quba komitəsinin rəhbəri olan Mövsüm Səmədov İslam Partiyasının sədri seçilib və qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edilib.

Partiya sədri Mövsüm Səmədov 1965-ci ildə Qubada doğulub. Tibb Universitetini bitirib. Rusiyada, Dağıstanda həkimlik edib. 1996-cı ildən İrana gedib, Qum şəhərindəki Ali İslam Univesitetini bitirib.

QƏRB ƏLEYHİNƏ ÇIXIŞLAR VƏ İRANA XÜSUSİ MÜNASİBƏT


İslam Partiyasının sədri olandan sonra da tez-tez Qərb, ABŞ, İsrail əleyhinə çıxışları və İrana xüsusi münasibətiylə seçilib.

2007-ci ilin iyul və avqustunda «Trend»ə müsahibə verən Mövsüm Səmədov deyirdi ki, Azərbaycan İslam Partiyası bir sıra Qərbyönümlü müxalifət partiyaları ilə əməkdaşlıq qurmayacaq. İslam Partiyasının iqtidara qarşı müxalifətdə olduğunu deyən Səmədov həmçinin Qərbmeylli müxalifət partiyalarına qarşı da müxalifətdə olduqlarını bildirib.

Səmədov Patiyanın qeydiyyata alınmamasıyla bağlı Ədliyyə Nazirliyini süründürməçilikdə ittiham edir və lazım gələrsə Avropa Məhkəməsinə qədər müraciət edəcəklərini deyirdi. Partiya hələ də qeydiyyata alınmayıb. Partiya üzvlərinin sayı ilə bağlı heç təşkilatın rəsmiləri də dəqiq məlumat verə bilmirlər.

2007 və 2008-ci illərdə İslam Partiyasının adı mətbuatda az hallanıb, əsasən təşkilati məsələlər, müavinlərinin təyinatının gecikməsinə və İranmeyilli mövqeyinə görə medianın yadına düşüb.

«ADIMIZIN İRANLA BİRGƏ ÇƏKİLMƏSİ İLƏ FƏXR EDİRİK»

2008-ci ilin sonunda, dekabrın 5-də «Həftə içi» qəzetinə müsahibə verən Hacı Mövsüm Səmədov deyirdi: «Adımızın İranla birgə çəkilməsi ilə fəxr edirik».

2009-cu il ərzində Səmədovun səsi digər İslam Partiyası fəalları və Nardaran ağsaqqalları ilə birgə İranın Azərbaycan dilindəki dövlət radiosundan, İran kanalı Səhər TV-dən və Azərbaycanda açılan çoxlu İranmeyilli islamçı saytlardan gəlirdi. Mart ayında Mövsüm Səmədov Tehranda keçirilən konfransda idi.
Təhsil Nazirliyinin orta məktəblərə hicabla gəlməyə qadağa qoymasına etiraz edənlərin arasında İslam Partiyası da vardı
«Əhli Beyt» agentliyi yazır ki, Fələstinin müdafiəsinə həsr olunmuş dördüncü beynalxalq konfransda İslam Partiyasının keçmiş və indiki sədrləri, Hacı Hacıağa Nuri və Hacı Mövsüm Səmədov, bu partiyanın fəallarından olan Hacı Rövşən Əhmədli və Fəzilət Partiyasının sədri Gündüz Haciyev iştirak ediblər.

Maraqlısı odur ki, həmin konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, Tehrandakı səfir Abbasəli Həsənov da olub.

5 Dekabr 2009-cu ildə isə İran radiosuna verdiyi müsahibədə Mövsüm Səmədov ilk dəfə Azərbaycan rəhbərliyinə islama qarşı siyasətə görə xəbərdarlıq edirdi. Səmədov Azərbaycanı da islama qarşı hücumlara görə pisləyib, deyirdi ki , «Bu xalq öz milli-mənəvi dəyərlərini qoruyacaq. Və bu hücumlar - «Dini prinsiplər və qanunların həyata keçirilməsinə dair qanun layihələrinin təsdiq edilməsi, yaxud ölkədə məscidlərin sökülməsi kimi qərarlar sionistlərin Azərbaycan Respublikasının güc strukturlarına təsirinin artmasını göstərir».

Aprel ayında Mövsüm Səmədov president İlham Əliyevə müraciət edib. Müraciətdə deyilirdi:

PREZİDENTƏ İTTİHAM


«Azərbaycanın hər bir vətəndaşı kimi Siz də müsəlmansınız və həm də özünüzü müsəlman hesab edirsiniz. Və ölkə prezidentliyi vəzifəsinə başlamamışdan öncə Azərbaycan Konstitusiyası və «Qurani-Kərim»ə əl basaraq həqiqətdə ona sadiq qalacağınızı bildirmisiniz. Amma Sizin bəzi əməlləriniz iddialarınızla müvafiq gəlmir».

«Xalqımız istəmir Sizinlə ziddiyyətli mövqedə qərar tutsun. Amma bununla bərabər həm də istəmir ki, bəşəriyyətin bu gün acınacaqlı günə düşməsinə səbəb olan sionizm Azərbaycanda himayə olunsun...Çünki xalqımız dinimizə, mənəviyyatımıza dəyən zərbələrin əsas kökünü dünya sionistlərindən bilir».

Sentyabr ayında İslam Partiyası parlament seçkilərinə qatılmaq niyyətini bəyan edir. Eyni zamanda Beynəlxalq Qüds Günü münasibətiylə İsrail səfirliyi qarşısında və Nardaranda akisyalar təşkil olunur. Tutulanların və sonradan Ramazan bayramı ilə buraxılanların arasında Səmədov da var idi.

MƏTBUAT ŞURASINA MÜRACİƏT


Nardarandakı Aşura mitinqlərində İslam Partiyası ön sıralarda idi
Noyabr ayının əvvəlində Azərbaycan İslam Partiyası Qafqaz Müsəlmanları İdarəsi ilə birgə «Alma» qəzetində Məhəmməd peyğəmbərlə bağlı yazırla görə, Mətbuat Şurasına müraciət edir.

Ayın sonunda isə, İran radiosuna müsahibəsində Həcc günüylə bağlı Ayətulla Xomeyninin müraciətiylə bağlı münasibət bildirəndə, islam aləminin oyanışından danışırdı.

2010-cu ilin dekabrında Azərbaycanda Təhsil Nazirliyinin orta məktəblərə hicabla gəlməyə qadağa qoymasına etiraz edənlərin arasında İslam Partiyası da vardı. Nardarandakı Aşura mitinqlərində İslam Partiyası ön sıralarda idi. 2010-cu ilin sonunda «Dəyərlər» saytına verdiyi müsahibədə Mövsüm Səmədov Azərbaycanda dindarların həbsi, hicaba qadağalar qoyulmasını Qərbin təsiriylə bağlayırdı. Deyirdi ki, ümidvarıq ki, Azərbaycan xalqı bu maneələri keçəcək, heç bir xarici təsirlər bu xalqı haqq yolundan uzaqlaşdıra bilməyəcək.

YEZİD İBN MÜAVİYYƏ İLƏ MÜQAYİSƏ


Ancaq Mövsüm Səmədov, 2011-ci il yanvarın 2-də partiyanın Baş Məclisində çıxışı zamanı hicab qadğasına münasibətini daha sərt şəkildə ifadə edib. Və Azərbaycan hakimiyyətini Yezid İbn Müaviyyə ilə müqayisə edib.

Səmədov hicaba dəstək aksiyalarının İrandan dəstəklənməsi fikirlərini təkzib edib, deyirdi ki, bu hakimiyyətin siyasətinin nəticəsidir. İran televiziyasının internetdə yaydığı məlumatlara görə, M.Səmədov çıxşında Azərbaycan hökumətini ədalətsizlik və rüşvətxorluqda, islama qarşı hücumlarda və sionistlərin təsiri altında olmaqda ittiham edib, xalqı ayağa qalxmağa və zalım rejimin hakimiyyətinə son qoymağa çağırmışdı.
XS
SM
MD
LG