Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:04

Xalid Kazımlı "X günü" (Yeni romandan bir parça)


Qasım müəllimin polisə aparılması

Həmin gün saat 12 radələrində Yozanlı kənd orta məktəbinin qarşısında iki maşın dayandı. Onların hər ikisi rayon mərkəzindən göndərilmişdi.

Biri “PAZ” markalı avtobus idi, o biri adi post-patrul maşınıydı. Maşınların hər kisi Yozanlı kənd orta məktəbinin müəllimlərini rayon mərkəzinə - Sabunluya aparacaqdı - avtobus bütün müəllimləri Sabunluda keçirilməsi nəzərdə tutulan mitinqə, polis maşını isə Qasım müəllimi polis şöbəsinə.

Məktəbin direktoru Bəndalı müəllim və dərs hissə müdiri Qulubəy müəllim məktəbi bağlı elan edərək şagirdləri evə buraxdıqdan sonra müəllimlər otağındakı bütün müəllimləri siyahılaşdırıb bir-bir avtobusa yola saldılar.

Qasım müəllim isə polis leytenantı “Suruş” ləqəbli Surəddinovun, çavuş Şadıyevin müşayiəti ilə polis maşınına əyləşdi.

Xəbər verdiyimiz kimi, bir imzası da Samir Sarı olan tanınmış köşə yazarı, “Musavat.com” saytının redaktoru Xalid Kazımlının “İks günü” roman-anekdotu “Qanun” Nəşrlər Evinin “Ən yeni ədəbiyyat” seriyasında çapdan çıxıb. Müəllif kitabını Samir Sarı imzası ilə dərc etdirib. “Media forum” saytı “Qanun” nəşriyyatının icazəsi ilə romandan parçanı oxucuların diqqətinə çatdırır.
Bu zaman Qasım müəllim avtobusun pəncərəsindən ona qalib ədasıyla baxan Qulubəy müəllimin baxışlarını görüb, maşının arxasında əkə-bükə rəislər kimi yerini rahatladı – yəni yan, tökül, mən “leqkovoy”da gedirəm, sən tozlu-torpaqlı “PAZ”-da.

Yolda Qasım müəllim leytenant “Suruş”u söhbətə cəlb edərək xüsusi maşında polis şöbəsinə nəyə görə aparılmasının səbəbləri ilə maraqlandı və belə bir cavab aldı ki, rəisin onunla vacib söhbəti var.

Qasım müəllim altıncı duyğusu ilə hiss etmişdi ki, bu, hər nədirsə, xeyirliyə olan söhbət deyil. Ona görə də o, rəislə görüşə psixoloji cəhətdən hazırlaşmağa, güclü arqument və demoqoji abzaslar üzərində fikirləşməyə başladı.

“Erkək samolyot” ləqəbli rəis - Təyyar Fətiquliyev öz kabinetində onu səbirsizliklə gözləyirdi. (Rəisə adına görə “erkək samolyot” deyirdilər, guya ki, “təyyarə” qadın cinsinə mənsub sözdür, “Təyyar” isə kişi). Onun kabineti də özü kimi səliqəli idi. Rəisin başının üstündə rəhbərin böyük bir portreti asılmışdı.

Daha bir analoji portret isə rəisin arxasındakı kitab rəfindəydi. Bundan başqa, hər ehtimala qarşı rəis masasının üstündə də rəhbərin bir portretini qoymuşdu. Əks təqdirdə elə çıxa bilərdi ki, o, başının üstündəki şəkli oradan formal olaraq asıb.

Masanın üstündə həmişə dik duran portret onun sübutuydu ki, Fətiquliyev bütün iş günü rəhbərin üzünə baxır, onu bir an belə unutmur.

Qasım müəllimdən başqa, o biri kəndlərdən də müxalifət fəalları şöbəyə gətirilmişdilər.

Rəis müavinləri tərəfindən onların üzərində profilaktik iş aparılırdı. Uzatmadan deyək ki, dünən Qədimbinə şəhər rayonunun Şeysatan qəsəbəsindəki polis bölməsinin rəisi Zərbəliyev istiqrarçı Darvini necə partiyasından istefa verməyə məcbur etmişdisə, bu gün də həmin proses Sabunludakı polis şöbəsində aparılırdı.

Dövlət televiziyasının çəkiliş qrupu rayona varid olmuşdu, zəhmətkeşlərin mitinqini tam çəkəndən sonra müxalifətin mənəviyyatsızlığına etiraz edərək öz partiyasından çıxanların səmimi bəyanatlarını da lentə alacaqdılar.

Artıq bir müxalifətçi könüllü şəkildə - ayağının altına yeddi dəyənək zərbəsi alandan sonra böyük siyasətdən getməsi barədə qərarını açıqlamış, bundan sonra fəaliyyətini hakim partiyada davam etdirəcəyinə kişi sözü vermiş və televiziya əməkdaşlarına intervü (məhz “intervü”) verməyə hazır olduğunu bildirmişdi.

Bundan başqa, ilkin istintaq zamanı məlum olmuşdu ki, evlərində oturduqları yerdə “polisə müqavimət göstərmiş” müxalifətçilərin içində heç bir partiyanın üzvü olmayan şəxslər də var.

Onlardan biri keçən ilki seçkilərdə səsvermə məntəqəsində saxtakarlığa göz yumduğuna, iqtidarçı komissiya üzvlərinə qoşulub “böö” eləyincə araq gillətdiyinə görə öz partiyasından it kimi qovulmuş Mahiyyət idi. Polislərin ilk sərt “burdan otur görüm, əə” sözünü eşidən kimi Mahiyyət hər şeyə hazır olduğunu tam səmimiyyətlə demiş, öz xidmətini təklif etmişdi – təki şapalaq, təpik dəyməsin.

“Erkək samolyot” əvvəlcə onu buraxmaq istəsə də, sonradan fikrini dəyişmişdi: bilmək olmaz, birdən bu başıxarablar (o, müxalifətçiləri belə səciyyələndirirdi) yola gəlməzlər, hazır yolayaxın müxalifətçidir, durub.

Nə fərqi var ki, onu partiyadan keçən ay çıxarıblar, ya indi özü çıxır.

Bunu araşdırıb ortaya qoyan kimdir? Əsas televiziyada səsləndiriləcək bəyanat və göstəriləcək süjetdir.

Qasım müəllim leytenant “Suruş” tərəfindən rəisin kabinetinə ötürüləndə polkovnik-leytenant bu gün çıxmış və təcili olaraq rayona gətirilmiş qəzetləri oxuyurdu.

O da hiddətliydi, düşünürdü: “Gör, nələr yazırlar. Hələ şəklə bax. Düşələr adamın əlinə, salasan təpiyin altına”.

- Rəis, vətəndaş Höcətquliyev tərəfimizdən şöbəyə gətirilmişdir – deyə “Suruş” təşər-təşər raport verdi.

Fətiquliyev başını qaldırıb Qasım müəllimə baxdı. Öz boyu bəstə (1 metr 67 santimetr) olduğundan o, bütün hündürboy adamlara nifrət edirdi. Ona görə də “erkək samolyot” siyasi rəqibinə çəp-çəp baxdı, əliylə yer göstərib dilləndi:

- Oturdun görüm onu burda.

Leytenantın müdaxiləsinə ehtiyac olmadan Qasım müəllim göstərilən yerdə oturdu və dik-dik rəisə baxaraq, bir qədər meydanoxuyucu tərzdə soruşdu:

- Xeyir ola, rəis, məni niyə gətirtmisiniz bura?

Bu dikbaşlıq, təbii ki, rəisin xoşuna gəlmədi və o, əlini qəzetlərin üstünə çırparaq yuxarıda bir neçə dəfə iqtibaslar etdiyimiz standart cümlələrdən (“dövlətçilik platformasında duraraq onu dəstəkləmək”, “demokratikləşmə prosesini uğurla başa çatdırmaq”, “mənəviyyatsızlığa etiraz etmək” və sair) döşəməyə başladı. Qasım müəllim səbirlə qulaq asaraq, rəisin nə vaxt mətləb üzərinə gələcəyini gözlədi.

Təyyar müəllim mətləbin üstünə yavaş-yavaş gəlmədi, təyyarə kimi şığıdı gəldi və məsələni qəti qoydu:

- Ona görə də sən bu gün, Qasım müəllim, dediyim faktorları nəzərə alaraq öz partiyandan istefa verməlisən və ölkə ictimaiyyəti sənin necə bir ziyalı olduğunu görməlidir.

Qasım müəllim əvvəlcə istədi ki, yalan desin, söyləsin ki, o, heç bir partiyanın üzvü deyil. Sonra o, fikrini dəyişdi, başa düşdü ki, bu, ağ olar, bir halda ki, polis gəlib onu sinifdən götürüb, deməli, artıq hansı partiyanın üzvü və hətta özək təşkilatının sədri olduğunu bilir. Müəllim ürəyində fikirləşdi: “Qulubəy çoxdan çuğullyab hər şeyi. Suka”.

Bununla belə, o, müqavimətsiz təslim olmaq istəmədi və birbaşa bəyan etdi:

- Yox, rəis, bu, baş tutan sövdə deyil. Mənim öz planlarım var.

Fətiquliyevin alnı turşaldı, sifəti qırışdı, gözləri qıyıldı – bu, əsəbiləşməyin əlamətiydi. “Suruş” bir addım qabağa gəldi, guya ki, artıq Qasım müəllimi polisə müqavimət göstərdiyinə görə şil-küt eləməyin vaxtıydı. Qasım müəllim tövrünü pozmadı, amma ürəyində fikirləşdi ki, necə eləsin, din adamlarının sözü olmasın, bu sınaqdan ləyaqətlə çıxsın.

“Erkək samolyot” çəp-çəp baxa-baxa, hədələyici tərzdə soruşdu:

- Demək, polisə müqavimət göstərirsən, hə, müəllim?

Qasım müəllim bu sözün nə demək olduğunu bilirdi, ona görə də rəisin təxribatına uymayaraq məsələyə qlobal yanaşmağı qərara aldı və dedi:

- Rəis, mən Yozanlıdanam və Yozanlıda hər kəsin qələminə hörmət etdiyi iki ziyalıdan biriyəm, çöl-bayır gədəsi, tin cayılı, vağzal uşağı deyiləm ki, polisə, yaxud başqa güc strukturuna müqavimət göstərim.

Müəllim Yozanlıdan olmasını və “qələminə hər kəsin hörmət etdiyi ziyalı” olduğunu əbəs yerə vurğulamırdı. Bu rayonda Yozanlının digər adı “Yazanlı” idi.

Bu kənd ərizəbazlığı, müxtəlif ünvanlara hər cür məzmunlu şikayət, donos və sair məzmunlu məktublar yazması və öz dotələbliyini sona qədər sürdürməsi ilə məşhur idi.

Sovet dövründən başlayaraq indiyə qədər bu kəndin ərizəbazları çox rəhbər işçinin evini yıxmış, partiyadan qovdurmuş, dolaşdırıb tutdurmuşdular. İndi Qasım müəllim ona işarə edirdi ki, o da özgəsi deyil, Yazanlının yazanlarındandır və yaxşı olar ki, rəis onu bəri başdan tanısın.

Fətiquliyev, əlbəttə ki, yozanlıların sevimli məşğuliyyəti barədə bu rayona gəldiyi gündən eşitmişdi və bilirdi.

Ona bu barədə müxtəlif rəvayətlər danışmışdılar: guya bir nəfər yozanlılı sürücü Moskvaya, Leninin Mavzoleydəki qəbrinə yazaraq ondan təzə maşın istəyib, guya bir başqası Baykonur kosmodromuna yazıb ki, Yerdə mənə iş tapılmır, görün kosmonavtların yanında mənlik bir iş olarmı, çıxım kosmosa.

Başqa əhvalatlar da söyləyirdilər. Bu sırada özünü yaxşı aparmayan prokurorun işdən qovdurulması-filan kimi söhbətlər də vardı.

Ancaq Təyyar müəllim bu deyilənləri ciddiyə almırdı, düşünürdü ki, söhbətlər şişirdilib, heç ola bilməz ki, adi kənd adamları sadə diyircəkli qələmlə bu qədər səmərəli işləyə bilərlər. Bu üzdən rəis Qasım müəllimin üstüörtülü təhdidinə açıq təhdidlə cavab verdi:

- İndi səni basdıraram ağzıbirə, xayanı qapı arasına qoyduraram, leşini saldıraram, orada necə ziyalı olduğunu görərik.

Qasım müəllim yenə təmkinini pozmadı:

- Rəis, mən döyülməkdən qorxan oğul deyiləm. Axırıncı dəfə 32 il bundan qabaq əsgərlikdə döyülmüşəm – o da cəmi bircə dəfə. Ondan sonra həmişə döymüşəm. Əsgərlikdə mənə əbəs yerə “Çeçen Qasım” demirdilər. Ətimi kəsələr, yenə dediyimdən dönmərəm. Mən Höcətqululuar nəslindənəm. Bu. məsələnin bir tərəfi.

Qasım müəllim məsələnin ikinci tərəfinə keçməmiş qeyd edək ki, Qasım müəllim doğrudan da axırıncı dəfə əsgərlikdə döyülmüşdü, amma cəmi birə dəfə yox, altı ay boyunca həftədə bir neçə dəfə.

Onun əsgərlikdə “Çeçen Qasım” adlandırılması barədə dediyi isə sırf fantaziya məshulu idi, bununla o, rəisə başa salmaq istəyirdi ki, onu döydürməyin xeyri yoxdur, təslim olmayacaq.

Amma Qasım müəllimin Höcətqulular nəslindən olması həqiqət idi. Bu, elə bir tayfaydı ki, evləri yananda kimsə onlara desəydi ki, evə girməyin ha, yanarsınız, minimum üçünün höcət damarı tutardı və qaçıb evdə özlərini yandırardılar.

Qısa pauzadan sonra Höcətqululuar nəslinin fəxri “Çeçen Qasım” sözünə davam etdi:

- Məsələnin ikinci tərəfi isə bundan ibarətdir ki, rəis, insan hüquqlarına və əsas azadlıqlara dair Avropa Kovensiyasının 3-cü maddəsinə görə, insanın fiziki toxunulmazlıq hüququ var və sənəddə yazıldığı kimi deyirəm: heç kəs işgəncələrə və ya insanlıqdan kənar və ya onun ləyaqətini alçaldan davranışa və ya cəzaya məruz qalmamalıdır.

Fətiquliyevin və leytenent “Suruş”un ona bir balaca bərəlmiş gözlə baxmalarından qürur duyan Qasım müəllim sözünün canını dilə gətirdi:

- Tak-şto, rəis, mənim xayamla və ya başqa bədən üzvümlə istədiyiniz kimi davrana və ya davranmaq istəyə bilməzsiniz.

“Erkək samolyot” bəxtinə çətin qoz çıxdığını düşünsə də, belindəki tapançanın, çiynindəki poqonların, əmrindəki qulbeçələrin ona verdiyi güc-qüvvə ilə bağırdı:

- Nə konvensiya, əə? Mən konvensiya-zad hərrəmirəm! Sən bu gün partiyadan çıxassan!

Qasım müəllim düşdüyü şəraitdə yeganə xilas düsturu hesab etdiyi tövrə - öz ampluasına sadiq qaldı və sakitcə dilləndi:

- Cənab Fətiquliyev, siz konvensiyanı hərləməyə bilərsiniz, amma nəzərə alın ki, dövlət başçısının təqdimatı ilə Milli Məclis həmin konvensiyanı ratifikasiya edib. Yəni biz o sənədə qoşulmuşuq və ona riayət etməyə borcluyuq. Mənim partiyadan çıxmağa məcbur edilməyimə gəlincə, bu, sözügedən konvensiyanın fikir azadlığı hüququnu nəzərdə tutan doqquzuncu maddəsinin 1-ci bəndinə ziddir. Heç bir insanı əqidəsindən dönməyə məcbur etmək olmaz.

Qasım müəllim sözünü etdiyi beynəlxalq konvensiyanı və bir neçə bu kimi sənədlərin çap olunduğu broşüraları keçən il paytaxtdan, partiyanın mərkəzi qərargahından gətirmiş və əzbərləmişdi. Onun hətta Vyana və Helsinki konvensiyalarından da xəbəri vardı.

Təyyar müəllimin (əslində o, ixtisasca zootexnik idi, sonradan milis məktəbini də qurtarmışdı) qonşu rayonlarda fəaliyyət göstərən rəis həmkarları kimi təbii heyvanlığı olsa da, qanundan-filandan qorxması vardı.

Görünür, Qasım müəllim iti gözləriylə onun damarını yaxşı tutmuşdu. Hər halda, əqidəli partiyaçı onu sakit buraxmayacağı təqdirdə rəisin başının ağrıyacağını çəkinmədən elan etdi və qoltuq cibindən orta həcmli bloknotu çıxarıb, lazımi səhifəsini açaraq ona göstərdi.

- Bu, nədi, əə - rəis çaşqın halda maraqlandı.

- Adreslərdir, - deyə Qasım müəllim izahat verdi.

Fətiquliyev bloknotu alıb baxdı. Doğrudan da bloknotun bir vərəqində səliqə ilə, özü də ingiliscə yazılmışdı: “UNMOVIC, Public Information Officer Room S-3120 United Nations Headquarters New York, NY 10017 USA. Tel: 212-963-3017, fax: 212-963-3922; OSCE Sekretariat Kaerntner Rinq 5-7 4th floor 1010 Vienne Austria, tel: + 43-1 514 36 180, fax + 43-1 514 36 105, e-mail adresi: info@osce.org.”

Həmin vərəqlə üzbəüz vərəqdə daha bir ünvan vardı, səliqə ilə yazılmışdı: “ABŞ Dövlət Departamentinin ünvanı: PA/PL rm. 2206 U.S. Department of State 2201 C Street NW Washington, DC 20520, tel: 202-647 6575”.

“Erkək samolyot” başını qaldırıb Qasım müəllimə iynə görmüş cin kimi baxdı, nəsə (çox güman ki, “bu, nədi, ə”) demək istədi, amma demədi, çünki bunların nə olduğunu o, artıq başa düşmüşdü.

Qasım müəllim ona kömək etmək xatirinə əlavə etdi ki, bunlar BMT-nin və ATƏT-in baş ofislərinin ünvanıdır, teleqram-zad vurmaq üçündür.

Sonra o, sözgəlişi əlavə etdi ki, paytaxtda oxuyan oğlu da, namxuda, ingiliscə qəşəng bilir, harayla lazımdır, internetlə əlaqə saxlayır.

Qasım müəllim burasını düz deyirdi, amma xəbəri yox idi ki, oğlu əsasən internetdən qızlarla yazışmaq və oyun oynamaq üçün istifadə edir.

Daha sonra bloknotda “Hyuman Rayts Votç” və “Fridom Haus” təşkilatının ünvanlarını və telefon nömrələrini görən rəis başa düşdü ki, qarşısındakı bu adamdan ona xeyir gəlməyəcək. Bəs necə eləsin, qatı müxalifətçini durduğu yerdə buraxsınmı? Olmazdı.

Ona görə də o, səsini qaldırdı, təxminən beş dəqiqə çığırıb-bağırdı, bütün müxalifətçilərin asılmalı, divara söykədilib güllələnməli olduğunu dedi, ürəyi soyumadı, arada BMT-nin mövcud baş katibi Kofi Annanın (“o qara neqir”in - ifadə rəisə məxsusdur), ATƏT-in məsul işçilərinin ünvanına pis-pis söyüşlər söydü.

Elə çıxırdı ki, Fətiquliyev bu beynəlxalq orqanlarda çalışanların anaları ilə cinsi əlaqədə olmaq istəyir. Sonra o, bir qədər sakitləşdi, Qərb filmlərindəki psixopat rolundan çıxdı, güzgüyə baxaraq bir balaca o yan-bu yan olmuş saçını qəşəng daradı və fikirləşməyə başladı.

Rəisin haçalanmış fikri növbətçinin müdaxiləsi ilə daha da çaşdı. Ondan xəbər gəldi ki, bəs, nazirliyin mətbuat xidmətindən onu axtarırlar. Təcili rabitə yaradıldı.

Polis nazirliyinin mətbuatla əlaqələrə məsul olan əməkdaşı Xeyrat Namazov yarıməzəmmət tonunda dedi ki, rəis, bəs sən orada nə qayırmısan, bu saat ATƏT-in Bakı ofisinin rəhbəri nazirin qəbulunda səndən danışır, deyir ki, guya sən müxalifət fəallarını, xüsusilə də Qasım Höcətquliyev adlı müxalifətçini repressiyaya məruz qoyursan, işgəncə verirsən, belə bir şey varmı, nazir cavab gözləyir.

Fətiuliyev bu məlumatı dərhal təkzib etdi, dedi ki, elə şey yoxdur, bir neçə şəxs, o cümlədən adı çəkilən şəxs yüngül inzibati xəta törətdiyi üçün tərəfimizdən şöbəyə dəvət olunmuşdu, hazırda hamısı sərbəst buraxılıb və narahatlığa əsas yoxdur.

Qasım müəllim başa düşdü ki, xüsusi olaraq qurmuş olduğu şəxsi təhlükəsizlik mexanizmi işə düşüb.

Heç şübhə yox idi ki, onun polis tərəfindən aparıldığını görən yuxarı sinif şagirdləri bu barədə onun ailəsinə xəbər verib, arvadı Bakıdakı oğluna, o, “Yeni qəzet”in əməkdaşı Dağbəyiyə, Dağbəyi hüquq müdafiəçisi Əsli Munisə, o da öz növbəsində ATƏT-in Bakı ofisinə məlumat verib.

Budur, çoxkombinasiyalı xəbərləşmə öz bəhrəsini verməkdədir: rəis artıq onun buraxılmış olduğu barədə yuxarılara raport verir.

“Erkək samolyot” xeyli pərişan halda dəstəyi yerinə qoyandan sonra heç nə olmamış kimi “Suruş”a əmr etdi ki, profilaktik söhbət bitdiyi üçün müəllimi yola salsın.

Qasım müəllim ayağa qalxanda rəis ona bir qədər pərt, bir qədər də üzgün halda dedi ki, Qasım bəy, amma yaxşı olar, o “iks günü” söhbətini yığışdırasınız, mentalitetə zidd söhbətdir, həssas məqamdır, yaxşı deyil.

Qasım müəllim Qulubəyin “suka”lağına növbəti dəfə əmin olandan və ürəyində onun yeddi arxa dönəninə söyəndən sonra sağollaşıb çıxdı.

Bayırın azad və təmiz havasından udub “oxqay” deyən Qasım müəllim yaxınlıqdakı köşkdən “Yeni qəzet”in səhər saat 7-nin avtobusu ilə rayon mərkəzinə çatdırılmış yeni sayını aldı, gözucu nəzərdən keçirib cibinə qoydu.

O, küçədə qəzet oxumağı sevmirdi. Müəllimin qəzet oxumağı xüsusi bir ritual idi və bu ritual onun qəzetin loqotipini, tarixini, qiymətini oxumaqdan başlayıb tirajını, növbətçi redaktorunun adını oxumaqla sona yetirdi.

Bu isə uzun çəkən proses olduğundan Qasım müəllim qəzeti həmişə evdə, mütəkkəyə dirsəklənərək, pürrəngi çay içə-içə oxuyardı.

O, dərhal kəndə qayıtmaq istəmədi, yönünü 3-4 yüz metr aralıdakı mərkəzi meydana saldı ki, görsün burada toplaşmış insanlar nə danışırlar, nə edirlər.
XS
SM
MD
LG