Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:55

Prezidentliyə namizədlər döyüldülər və həbs edildilər


Seçkidən sonra təhlükəsizlik qüvvələri müxalifətə divan tutdu
Seçkidən sonra təhlükəsizlik qüvvələri müxalifətə divan tutdu
Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina Lukaşenkonun bu dəfə 80 faizlə seçkiləri udduğunu elan etdi. Amma Lukaşenkonun 4-cü dəfə qalib elan edildiyi seçkidən sonra paytaxt Minskin küçələrində təhlükəsizlik qüvvələri müxalifətə divan tutdu.

7 NAMİZƏD DÖYÜLÜB

20 minə yaxın etirazçı polis kimliyi bilinməyən xüsusi təyinatlılar tərəfindən rezin güllələr və başqa xüsusi vasitələrdən istifadə edilməklə döyüldü. Namizəddən 7-si də döyülənlər və həbs edilənlər arasındaydı.

Namizədlərdən biri, 64 yaşlı Vladimir Neklyayev döyüləndən sonra yardım üçün gətirildiyi xəstəxana palatasından harasa aparılıb.

Bu gün keçirdiyi mətbuat konfransında Aleksandr Lukaşenko bu barədə ironiya ilə danışıb:

- Hazırkı prezident prezidentliyə keçmiş namizədin harda olduğunu bilməlidirmi? Bağışlayın, əgər onu görmək istəyirsinizsə, istintaq təcridxanasındadır.

Lukaşenko bir daha da müxalifəti hədələyib:

- Mən Sizə bütün məsuliyyətimlə bəyan edirəm: bizim ölkədə bütün müharibələr dünən başa çatdı. Ölkədə qarışıqlıq yaratmağa hər hansı cəhdin qarşısı dərhal alınacaq.

AzadliqRadiosunun Belorus xidmətinin əməkdaşları bildirirlər ki, bu gün gənclərdən ibarət 20-30 nəfərlik qruplar Minskin Müstəqillik meydanına toplaşmağa cəhd ediblər. Amma polis onları döyə-döyə maşınlara doldurub aparıb.

Bazar günü axşam seçkidən sonra baş verən zorakılıqda döyülənlər arasında AzadlıqRadiosunun müxbiri də olub.

Rusiyanın RİA Novosti agentliyi Minskdəki Rusiya səfirliyinin rəsmilərinə istinadla xəbər verir ki, seçkidən sonrakı zorakılıqlar zamanı Belorusda akkreditə olunmuş rusiyalı jurnalistlər də hücumlara məruz qalıblar. Səfirlik həmçinin Belorus hakimiyyət orqanlarına müraciət edərək saxlanan Rusiya vətəndaşlarının siyahısının onlara verilməsini istəyib.

Seçki günü nümayiş etdirilən bu zorakılıq dərhal beynəlxalq qurumlar tərəfindən etirazla qarşılanıb. Şəffaf keçiriləcək seçkiyə görə Belarusla münasibətlərini yaxşılaşdırmaq və 3 milyard avroluq iqtisadi yardım paketi vədi verən Avropa Birliyinin xarici siyasət rəsmisi Katerina Eshtonun sözçüsü Maja Koçijancic onun bəyanatını səsləndirib:

TUTULANLARA DƏRHAL AZADLIQ

«Katerina Eshton verdiyi bəyanatda Belarusdakı prezident seçkilərindən sonra zorakılığa yol verilməsini, xüsusən də, aralarında prezidentliyə namizədlərin də olduğu bir neçə müxalifət liderinin döyülməsi və həbsini pisləyir və Belarus hakimiyyətini onları dərhal azadlığa buraxmağa çağırır».

ABŞ-ın Minskdəki səfirliyi, Polşa və Litvanın xarici işlər nazirləri, Avropa Parlamentinin rəhbərliyi də baş verənləri kəskin tənqid edib.

Geert-Hinrich Ahrens
Seçkini müşahidə edən ATƏT-in uzunmüddətli missiyasının sədri səfir Geert-Hinrich Ahrens deyib ki, onlar bu dəfə fərqli rəy verməyə ümid edirdilər, amma səslərin sayılmasındakı kütləvi pozuntular və baş verən zorakılığın fonunda bu mümkün deyil.

SEÇKİLƏR BEYNƏLXALQ STANDARTLARDAN ÇOX UZAQ OLUB

ATƏT-in Müşahidə Missiyasının rəhbəri Tony Lloyd deyib ki, seçkiyə qiymət verəndə mitinqin dağıdılması, müxalifətçilərin döyülməsi və həbsini də nəzərə alacaqlar. Lloyd deyib ki, təcili şəkildə hökumətdən həbs edilənlərin taleyi, harada saxlanması, döyülənlərin harada və necə tibbi yardım alması barədə məlumat istəyir.

Prezident seçkiləri beynəlxalq standartlardan çox uzaq olub. Səsvermə prosesində irəliləyiş olsa, səslərin sayılması ciddi pozuntularla müşayiət olunub:

«Bu seçki Belarus üçün yeni başlanğıc ola bilmədi».

BU, BELARUSUN DAXİLİ İŞİDİR

Qərbli müşahidəçilərdən fərqli olaraq MDB Müşahidə Missiyası seçkilərin yüksək səviyyədə keçdiyini bildirib. Rusiya prezidenti Dmitri Medvedev isə ümumiyyətlə qonşu ölkədə baş verənlərin başqalarına dəxli olmadığını deyib:

«Belarusdakı seçkilər Belarusun daxil işidir. Və orda nə baş verirsə, hamısı qonşu ölkənin daxili işidir».

Bu gün mətbuat konfransında Lukaşenko da cavabsız qalmayıb, bildirib ki, Belorus son vaxtlar Rusiya münasibətlərdə meydana gəlmiş gərginlikdən yan keçib və Moskva ilə fikir ayrılıqları olmaması üçün bütün addımları atacağına söz verir.
Lukaşenko növbəti dəfə Qərbi aldada bildi
Qərb, xüsusən də Avropa Birliyi ümid edirdi ki, budəfəki seçkilər əvvəlkilərdən fərqlənəcək. Hətta bunun müqabilində Belarusa 3 milyard avroluq yardım paketi də söz vermişdilər. Amma son anda Lukaşenko Moskvayla 4 milyard avroluq idxal vergisi paketini razılaşdırmaqla, növbəti dəfə Qərbi aldada bildi.

LUKAŞENKO 30 FAİZ SƏS YIĞIB

Lukaşenkonun hələ də Belarusda yetərincə nüfuzlu olmasına baxmayaraq, həm ölkə müxalifəti, həm də Qərbli ekspertlər onun 80 faiz dəstək qazanmasına şübhə edirlər. Polşanın dəstəklədiyi Bel-sat Televiziyasının keçirdiyi sorğuya görə, Lukaşenko seçkidən ancaq 30 faiz səs yığıb. Bütün müxalifət namizədləri isə birgə 40 faizə yaxın. Yəni, seçkilər ikinci tura qalsaydı, o zaman Lukaşenkonun uduzmaq ehtimalı da vardı.

Ancaq Lukaşenko özü televiziya ilə müraciətində ölkədə fəxr olunası səviyyədə şəffaf seçkinin keçirildiyini deyib, polisin müxalifətçiləri zorakılıqla dağıtmasını müdafiə edib. Bildirib ki, bu cür vəhşi və dağıdıcı qüvvələrə qarşı eyni münasibət davam etdiriləcək.

MSK SƏDRİ DƏ MÜXALİFƏTİ İTTİHAM EDİR

Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina da seçki sonrası etirazçıları cızıqlarından çıxmaqda ittiham edib:

Lidiya Yermoşina
«Dünənki aksiyalarda iştirak edənlər cızığından çıxıblar. Əvvəllər heç vaxt dövlət idarəsinə, parlament binasına, ya da MSK binasına hücum olmamışdı. Dünən o adamlar göstərdilər ki, hər şey mümkündür, onların davranış standartları çox aşağı düşüb, siyasi rəqiblər indi radikal hücumlara da əl ata bilər».

Ancaq şahidlər və müxalifət namizədləri özləri heç bir zorakı aksiya keçirmədiklərini deyirlər. Şahidlərin sözlərinə görə, dinc aksiyanın davam etdiyi vaxt bir qrup sərxoş təxribatçı hökumət evinə hücuma təşəbbüs edib, binanın şüşələrini qırıb və bundan sonra təhlükəsizlik qüvvələrinin kütləyə hücumu başlayıb.

Aksiyada döyülənlərin və tutulanların bir çoxunun harada saxlandığı isə hələ də məlum deyil.
XS
SM
MD
LG