Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:23

NARINGÜL. Nəhəng adam (Esse)


- Kimin növbəsidir?

Səs uzaq məchulluqdan, sonu görünməyən boşluqdan gəlir.

Key- key irəliyə baxıram.Gözləri qayır-qayır qaynayan, güclü və özünə inamlı görünən biridir.

Üzümə gülümsünür. Təbəssümü o qədər dərin və anlaşılmazdır ki, məni vahimə bürüyür.

O, böyük adam kütləsi içərisindən yalnız məni seçir, güclü maqnit dalğası onun bütün diqqətini uzun növbənin sonunu gözləməkdən şil –küt olmuş adamların çiyinləri üzərindən keçirərək mənə tərəf yönəldir.

Qeyri –ixtiyar başımı qaldırıb üzünə baxıram, dibi görünməyən məchul gözlərində ani olaraq özümü görürəm: yorğun və solğun bənizli, uzun. qara saçları pərişan şəkildə çiyninə tökülmüş, iri açılmış gözlərindən çaşqınlıq yağan zərif görkəmli qadın silueti.

Nə isə mızıldanıram və adi qadın instinkti ilə anlayıram ki, o, məndən əl çəkməyəcək. Bu məni üşəndirir, təsirdən qurtulmağa çalışıram.

Gözlərimi divardan asılmış, bəlkə də yaddan çıxıb qalmış və heç kimə gərək olmayan,insanları texniki təhlükəsizlik qaydalarınıa riayət etməyə dəvət edən köhnə plakata zilləyirəm.

Düşüncələrim geriyə qayıdır, yenidən öz aləmimdə çözələnirəm.

Bu anda mən göydən asılmışam.Keçib gəldiyim yollar yenidən qayıtmaq üçün yaramır.

Orada o qədər xoşagəlməz şeylər var ki...

Elə şeylər var ki, onları yoluna qoymaq üçün böyük bir zaman, uzun bir təkamül yolu gərəkdir.

Gözlərimi yumub ruhumun harda qərar tutduğunu, ağlımın, hisslərimin hansı istiqamətə hərəkət etdiyini dərk etməyə çalışıram.

Ən əsası isə, mən ümidimi itirmişəm.Həyat ümid və istəklərdən başqa bir şey deyilmiş.
- Gözləməyə dəyməz, çətin ki, sənə növbə çata.

Səs bu dəfə lap yaxından gəlir.Onun varlığını bu dəfə bir addımlıqda hiss edirəm,bir qədər vahimələnirəm.

Mənə elə gəlir ki,gözlərinin dərinliyində hiyləgərlik gizlənib bu adamın, qürurunu, hökm sahibi olduğunu məharətlə ört – basdır etməyə çalışır.

Deməli, səhvlərini dərk etmədən özünə bəraət verən adamlardandır, belə adamlar, adətən, kənardakı adamları özlərinə tabe etməyi xoşlayırlar..Axı, nə istəyir bu adam məndən?

Özümü qətiyyətlə inandırmağa çalışıram, onun mənə heç bir dəxli yoxdur.

Uzun saçlarımı laqeydcəsinə əl barmaqlarımın ucuyla darayıram, üzümə etinasız ifadə verirəm.Yorulmadan beynimi qurdalayıram, reallıq axtarıram.

Keçmişə boylandıqca həyatımın səhvlər üzərində qurulması mənim son qənaətim olur.

Mən indimi keçmişimin üzərində qurmağa, keçmişimlə ayarlamağa çalışıram, indimə gecikirəm..

Daha doğrusu, mənim zaman problemim var, indimə sahib çıxa bilmirəm. İşığa can atıram.

Qarşıda keçə bilməyəcəyim divar mövcuddur.

Divarın o üzündəki işıqda insanlar var.İnsanlar yaxşı şeylərin dəyərini bilirlər, qiymətli olanlarıı seçirlər.

Görünür, əsil çürümək vaxtıdır, çürümək!

Yalnız hava çox gözəldir.Dünyanın sakit və xətərsiz, günəşli, mərhəmətli bir günüdür.Havadan yasəmən ətri gəlir.

Üzümdə güclü qasırğa küləyinin hənirtisini hiss edirəm.

- Mən sənə kömək edərəm..Mənsiz heç nə edə biməyəcəksən, gücün çatmayacaq.

O, məni özümdən çıxardır, eyni zamanda hiss etdirmədən sırf qadın xislətimlə onu izləməyə başlayıram.

Mühafizəkarlığım və qorxaqlığım bir qədər də maraqla əvəz olunur.Uzaqdan səs eşidirəm.

Bəlkə də, beynimin, yaxud ürəyimin hansısa qatından gələn intuitiv səsdir: “Bu nəhəng adamdır, ondan qorxma.

O, sənə kömək edəcək.Onun əlləri böyükdür, vahiməlidir, amma sığınacaqdır, müdafiə yeridir.

Sən onun əllərindən tutmalısan, göylərdən asılmış ruhunu xilas etmək üçün, fırtınalı dənizlərin dibində boğulmamaq üçün.”

O, gözlərini mənim üzümə zilləyib, elə bil mənim üzümdə çoxdan axtardığı hansısa qiymətli bir itkisini tapmağa çalışır.

Hiss edirəm ki, məni rahatlıqla oxuyur.

Nəhəng adam mənim qorxaq və çəkingən nəzərlərimin əhatəsində mərhəmətlə gülümsünür, onun mərhəmətində rinqdə qalib gəlmiş adamın lovğalığı var. Eqoist və tədbirli adama oxşayır.

Bəlkə də, məqsədinə çatmasa ölə bilər. Amma hər kimdirsə, bu adam reallıqdan gəlib, mənim baş vura bilmədiyim yerlərdən xəbər verir.

O, işıqda baş verənləri yaxşı dərk efir.

O, mənimlə divarın o üzündəki adamlar arasında əlaqə yaradacaq, məni işığa aparacaq.

Mən da onlar kimi olacağam, özümə güvənəcəyəm, həyatda real olanları axtaracağam. Onun mənə ehtiyacı var.

Bəzən nəhəng adamların da kiçik adamlara ehtiyacı olur, nəhənglər də kiçik ola bilməməyin əzabını çəkirlər.

Bu anda mənim çarəsizliyim onun xoşbəxtliyidir., mənim məğlubiyyətim onun qələbəsidir.

Bu həyat dialektikasıdır, metafizikanın inkişaf qanunudur.

O, bir söz demədən və gözlərini üzümdən çəkmədən, qalib addımlarla mənə yaxınlaşır, əlini mənə uzadır. Əlləri böyük və sehrlidir.

Mən bu an aciz və xoşbəxtəm. Onu hisslərimlə ölçürəm. O, mənim hisslərimlə bir ölçüdədir və bundan artığını düşünmək istəmirəm.

Qarşıdakı çəpgöz pəncərəli binaya gözlərimi zilləmişəm. .Zaman irəliyə doğru dartınır. Mən daha zamandan yapışmalıyam.

Yorulub usanmadan irəliyə doğru getməliyəm. Ruhumun hərəkətini izləyirəm.

Boğulmaqda olan ruhum sonuncu dəfə öz inadkarlığını edir,ağlıma təslim olur..

Ruhum incikdir, amma itaətkardır. Bu anda güclü iradəm mənə mane olmağa çalışır..

Mənim iradəm, həm də inadkarlığımdır, ağlıma itayətsizliyimdir.

Ancaq sonucda o da dəfedilməz deyil, məğlub olandır.
Əllərimi ona uzadıram.

Əllərim onun əllərinin içində görünməz olur, nəhəng adamın üzü işıqlanır, əlləri sıxılr.

O, məni uzun və sonu görünməyən insan növbəsindən kənara çıxardır.Biz haylı-küylü, uzun və sonu görünməyən yola çıxırıq.

Ürəyimin döyüntüsünü eşidirəm.

Ürəyimin döyüntüsü addım səslərimə dolaşaraq gedir. Mən gələcəyə gedirəm, məchulluğu dəf edəcəyəm.

Bu mənim beynimin çoxsaylı qatlarının, düşüncəmin və idrakımın ənginliklərinin mənə təlqin etdiyi yoldur. Mənim başqa yolum yoxdur.

Bu yolda qorxu, həyacan, səhv etmə ehtimalı var..Bu, həyat yoludur, dirilik yoludur.

Yolboyu qulağıma tanış səs gəlir: ”Qorxma bu, o adamdır. İndindən qorxma, yoxsa, keçmişin olmayacaq.”

Başımı qaldırıb göyün üzünə baxıram. Göyün ortasında günəş mərhəmətlə gülümsünür.

Yanağım aşağı yuvarlanan bir damla yaşı barmaqlarımın ucuyla silərək gülümsünürəm...

Havadan xəfif yasəmən ətri gəlir.
XS
SM
MD
LG