Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:14

Markesin “Anlatmaq üçün yaşamaq” kitabından parçalar


Nobel mükafatlı Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin “Anlatmaq üçün yaşamaq” kitabı onun uşaqlıq və gənclik illəri, ailəsi, necə yazıçı olmasi haqda xatirələrindən ibarətdir. (Mais Əlizadənin tərcüməsi)


Qabriel Qarsia Markes

“Anlatmaq üçün yaşamaq” kitabından parçalar

Baxdığım hər şey ölümə qarşı dura bilmək üçün ürəyimdə müqavimət göstərilə bilinməyəcək bir narahatlıq oyandırırdı.

Bu cür hissi heç keçirmədiyimi deyə bilmərəm, ancaq o səhər bir ilham krizisi keçirdiyimi deyə bilərəm; bəli, o lənətə gəlmiş söz- “ilham”.

O qədər gerçəkdir ki, vaxtında küllərinə qovuşa bilmək üçün qabağına nə çıxsa, yıxıb keçər.

Vağzalda və ya qayıtdığımız qatarda anamla söhbət etdikmi- xatırlamıram.

Bazar ertəsi paroxodda dan yeri söküləndə uyuyan bataqlıqdan əsən rüzgarın sərinliyində anam mənim də yatmadığımı hiss edərək soruşdu:

“Nə fikirləşirsən?”

“Yazıram”- dedim. Daha sonra ona şirin görünmək üçün özümü zorlayaraq “ Ofisə çatana qədər nə yazacağımı planlaşdırıram- desəm, daha doğru olar”-deyə əlavə etdim.

“Atanın üzüntüdən öləcəyi səni narahat etmirmi?”

“Ölməyə o qədər səbəb var ki, bunun çox da ölümcül olduğunu zənn etmirəm”.

İkinci bir romana başlamaq üçün bəlkə də münasib vaxt deyildi.

Birincisində tıxanmış bəxtim kömək etsə də, etməsə də, müxtəlif struktur formalarını sınaqdan keçirirdim; ancaq yenə də o gecə öz-özümə bir savaş andı içdim.

Ya yazacaqdım, ya da öləcəkdim. Bəlkə də Rilkenin dediyi kimi, “Yazmadan yaşaya bilməyi bacaracağını zənn edirsənsə, yazma”.

Bizi paroxodların olduğu limana aparan taksidən o məlum Barranquilla sehirli fevralın ilk işıqlarında gözümə çox hüznlü, çox tühəf göründü.

Eline Mercedes adlı paroxodun sahibi məni ailəmin son 10 ildə yaşadığı Sucre qəsəbəsinə anama yol yoldaşlığı etməyə dəvət etsə də, təklifi rədd etmək üçün bir saniyə də düşünmədim.

Üzündən öpərək anamla vidalaşdım, o da gözlərimin içinə baxaraq dünən günortadan sonra ilk dəfə gülümsədi və həmişəki şirin-şıltaq ədası ilə:

“İndi atana nə deyəcəm?”- deyə soruşdu.

Ürəyim ağzıma gələrək cavab verdim:

“Onu çox sevdiyimi de. Onun sayəsində yazıçı olacağam”. Heç bir mərhəmət göstərmədən bütün yolları bağladım, sonra da “Başqa heç nə olmayacağam, sadəcə yazıçı olacağam”- dedim.

Bəzən zarafatyana, bəzən ciddi- bunu demək xoşuma gəlirdi, ancaq heç vaxt o günkü kimi inamla deməmişdim.

Göyərtədən mənə asta-asta əl edən anama əl edərək paroxod o biri metallolom paroxodların arasında gözdən itənə qədər limanda qaldım.

Ürəyimi sıxan bir narahatlıqla, tələm-tələsik El-Heraldonun ofisinə getdim.

Heç nəfəsimi də dərmədən anamın dediyi cümləylə təzə romana başladım: “ Səndən mənə bir yaxşılıq etməyini istəyəmə gəldim, evi satmağıma kömək et”.

O vaxtkı tərzim peşəkar yazıçı olandan sonra istifadə etdiyim metoddan fərqli idi. İndi olduğu kimi, sadəcə beş barmağımla makinada yazardım və yenə indiki kimi, təpədən dırnağa qane olana qədər heç bir paraqrafı bölməz və içimdəki hər şeyi qaba və xam şəkildə boşaldırdım.

Zənn edirəm, bunu səbəbi- kağızların ölçüsü idi.

Üzərinə qəzetin basılacağı kağızlardan kəsilmiş, ən azı beş metrlik şaquli lentlər halında idilər.

Yazarkən bu uzun və dar lentlər makinadan şəlalələr kimi tökülən papirusları xatırladır, yerə dəyərdilər.

Baş redaktor bizdən məqalələri paraqraf, səhifə, kəlmə, ya da hərf sayı ilə yox, kağızların boyu ilə istəyərdi.

“Metrəyarımlıq bir müsahibə lazımdır” - deyərdi. Peşəkarlıq dönəmimdə- bilgisayar ekranının praktikada eyni şey olduğunu dərk edənə qədər bu format üçün çox darıxdım.

Romana başlamaq üçün elə bir coşqu hiss edirdim ki, zaman məfhumunu itirdim.

Səhər saat 10-da bir metrdən çox yazmışdım ki, Alfonso Feunmayor təpiklə qapını açdı və sanki açarı hamamın açarıyla səhv-dəyişik salıbmış kimi, qıfılın üstündə qoyaraq durduğu yerə mıxlandı. Məni tanıyan kimi çaşbaşlıqla:

“Allah eşqinə, siz bu saatda burda nə p... yeyirsiniz” –deyə soruşdu.

“Həyatımın romanını yazıram”- cavabını verdim.

“Birinidəmi?”- həmişə etidiyi kimi rəhmsizcə lağa qoyaraq soruşdu, “Siz də bir pişik kimi doqquz canlısınız ha!”

Ona lüzumsuz açıqlama verməmək üçün “Əslində eynisiyəm, ancaq fərqli şəkildə” –dedim.
Bir-birimizə “sən” deyə müraciət etmirdik; bu, tühəf bir Kolumbiya ənənəsidir.

İlk dəfə salamlaşanda bir-birimizə “sən” deyər, sonra evli cütlərin arasında olduğu kimi, arada böyük güvən və dostluq yaranınca, “siz”ə keçərik.

Cır-cındır çantasından kitablar və kağızlar çıxararaq yazı masasının üstünə qoydu. Bu arada da bitməz-tükənməz maraqla çılğın səyahətimin və ona söyləməyə çalışdığım kövrəlmələrimin nağılını dinləyirdi.

Nəticədə sanki danışdıqlarımın bir sintezini yapmaq istəyirmiş kimi, açıqlamağa qadir olmadığım bir şeyi tək cümlə ilə demə şəklindəki adətimə əngəl ola bilməyərək:

“Bu, həyatımda başıma gələn ən önəmli şey idi”-dedim.

“Aman, bari, sonuncusu olmasın”- dedi Alfonso.
XS
SM
MD
LG