Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:13

Evimiz nə vaxt isinəcək?


«Otopleniya»da su gəlir, amma soyuqdu
«Otopleniya»da su gəlir, amma soyuqdu
«OTOPLENİYA» DA HƏLƏLİK SU GƏLİR

Bakının Yasamal rayonunda doqquzmərtəbəli binalardan birində yaşayan Lətafət Məmmədova AzadlıqRadiosuna şikayətlənir ki, qış qapını kəsdirib, ancaq hələ də onların mənzilində istilik sistemi işləmir:

- «Otopleniya»da su gəlir, amma soyuqdu. Deyirdilər ki, bu ayın 15-dən istilik işə düşməlidi. Amma bizdə düşməyib.

Paytaxtın Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin sakinləri isə sovet hökuməti dağılandan sonra payız-qış aylarında mənzillərini müxtəlif üsullarla qızdırmağa məcbur olurlar, çünki qazanxanalar dağılıb, istilik sistemindən əlini üzənlərin də bəziləri evlərini təmir edəndə istilik sistemi borularını kəsib atıb. Qəsəbə sakini Şakir Əliyev deyir, bu yaxınlarda eşidiblər ki, həyətlərdə yeni qazanxana tikilir, amma hələ ki, mənzillərdə istilik sistemi bərpa olunmayıb.

60-70 MANAT İŞIQPULU

Şəhərin mərkəzində, mtronun «Nizami» stansiyası yaxınlığında yaşayan Nurlan Cəlilova isə həyətdəki qazanxananın nə vaxtsa işə düşəcəyinə ümidini itirib:

- 67-cu ildə tikilmiş, kooperativ binadır. Tikiləndə istilik sistemi də vardı. Sonra dağıldı. Evi «plitka» ilə isidirik. Qış aylarında 60-70 manat işıqpulu veririk. İndi bu dəqiqə söndürmüşəm ki, pul çox yazmasın. Amma hava soyuq olanda məcbursan ki, işlədəsən.

Elə ki, payız-qış mövsümü gəldi, Bakının ayrı-ayrı rayonlarından, məhəllələrindən bu cür şikayətlər tez-tez eşidilir.

Proqram tutmuşuq Bakının istilik sisteminin bərpası ilə bağlı
İŞLƏR QRAFİK ÜZRƏ GEDİR

«Azəristiliktəchizat» Açıq Səhmdar Cəmiyyətindən isə deyirlər ki, onlar öz işlərini görməyə çalışırlar və bu il Bakıda yeni qazanxanaların sayı artıb. Bütün məktəblər istilik sistemi ilə təchiz olunub. Cəmiyyətin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevin sözlərinə görə, paytaxtın istilik sistemi ilə təchizatı üzrə aparılan işlər qrafik üzrə gedir, ona görə də hansısa məhəllədə istilik sisteminin tikilməməsi və ya bərpa edilməməsi ilə bağlı şikayətlər gözləniləndi:

- Proqram tutmuşuq Bakının istilik sisteminin bərpası ilə bağlı.

- Bütün ölkədə istilik sistemi təchizatı nə zaman yekunlaşacaq?

- Dəqiq bir söz deyə bilmərəm. Amma dövlət büdcəsindən hər il vəsait ayrılır ki, bu işləri görək.

İKİ İLƏ 39 MİLYON MANAT

Bu il istilik sisteminin yenidən qurulması üçün dövlət büdcəsindən 19 milyon manat vəsait ayrılıb. Gələn il isə 20 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. 2005-2010-cu illərdə isə bu sistemə üst-üstə təxminən 77 milyon manat ayrılıb. Rafiq Əliyev bir qazanxana sisteminin qurulmasına nə qədər vəsait xərcləndiyini demədi, bildirdi ki, bu, hər bir qazanxanın layihəsindən asılıdır:

Eyyub Hüseynov
- Baxır hansı avadanlıq qurulur. Qazanxanaya Türkiyə avadanlığı da qoyula bilər, İtaliya avadanlığı da. Hər bir avadanlığın da müxtəlif qiymətləri olur.

Qış mövsümü başlasa da, bəzi binalarda istilik sisteminin hələ də işləməməsini Rafiq Əliyev yeni rejimə tədricən keçilməsi ilə izah edir. O, yeni qazanxana tikintisinin dayanmadığını, məsələn, Müşfiqabad qəsəbəsində bu layihənin davam etdiyini söyləyir. Amma qəsəbədə yerləşən 21 binanın sakinləri bu il də mənzillərini özləri qızdırmalı olacaq, çünki «Azəristiliktəchizat»ın qəsəbədəki layihəsi gələn il başa çatacaq.

YAŞAYARIQ GÖRƏRİK

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, verilən vədlərə baxmayaraq, Bakının bir çox yerində sakinlər normal isti mənzilə sahib ola bilməyəcəklər. Onun sözlərinə görə, bu qənaətə ötən illərin təcrübəsi nəticəsində gəliblər. Ötən qış onların ofisinə paytaxtın yarı-ayrı rayonlarında yaşayan sakinlərdən «otopleniya»ların işləməməsi ilə bağlı zənglər edilib.
XS
SM
MD
LG