Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:50

Türkiyədə Sabirin "Harda müsəlman görürəm qorxuram" şeirinə mahnı qoşublar


Azadlıq Radiosunun Türkiyə təmsilçisi

Türkiyədə populyar bir şeir


Bəli, düz təxmin etdiniz: bu, Sabirin “Harda müsəlman görürəm-qorxuram” - şeiridir.Böyük şairin 2007-ci ildə çıxan kitabına daxil edilib.

Tanınmış Ozan Yavuz Top “Qorxuram” şeirinə türkü bəstələyib.

Sabirin “Harda müsəlman görürəm, qorxuram”- misrasındakı “müsəlman” kəlməsi türküdə “yobaz” (dindən öz məqsədi üçün istifadə edən) sözü ilə dəyişdirilib.

“Qorxuram” şeirindəki “müsəlman” kəlməsini “yobaz” sözü ilə əvəz edən ozan Musa Əroğluna Əziz Nesin sərt rekasiya göstərib:

“Deyəsən, Musa idi, bu saz çalan arkadaşımız. Azərbaycanlı Sabirin “Qorxuram” şeirini oxudu. Əslində qorxur, yalandan deyir ki, qorxmuram.

Qorxması buradan məlumdur: Sabirin şeirini pozdu. Deyir ki, “Harda yobaz görürəm, qorxuram”. Elə deyil ki? “Harda müsəlman görürəm, qorxuram”. Müsəlman görməkdən qorxdu”.

Müğənni Hüseyn Turan da “Harda müsəlman görürəm, qorxuram”- misrasını “Harda yobaz, softa (“yobaz”ın sinonimlərindən biri), molla görürəm, qorxuram” şəklində dəyişdirib.

(Yavuz Top ilə müsahibəni bu günlərdə Oxu zalında görəcəksiniz)..

100 il əvvəl yazılan bu “Qorxuram”ı Türkiyədə çox adam bir-birinə deyərkən şeirin müəllifinin Sabir olduğu bilınmirmiş.

“Fransız şairlərindən Şatobrian fransız qövmünün səltənət xanədanından olan burbonlarla Napoleon Bonapart arasındakı müqayisəyə dair bir kitab yazmışdır ki, burbon xanədanından olan fransiz kralı XVİİİ Luinin özünün etirafınca, bu kitab ona bir ordudan ziyadə xidmət etmişdir. Mən də iddia edirəm ki, Sabir əfəndinin a”sarı da bu beş ilin müddətində İran məşrutəsinə haman bir növ ordudan ziyadə xidmət etmişdir”

Abbas Səhhət
Türk toplumunun tən ortadan ikiyə bölündüyü bir vaxtda “Qorxuram”ın yaratdığı rezonansın səbəblərinə müxtəlif nöqtələrdən baxmaq mümkündür-ancaq bu səbəbləri analiz etməkdən daha vacib olan iş - 2010-cu ilin noyabrında yenə və yenidən Sabirin islam dininə qarşı olmadığını və “hansı müsəlmanlardan qorxduğunu” din bəzirganlarına xatrlatmaqdır.

Sabirin insan haqları və demokratiya uğrunda apardığı mübarizə böyük şairin yaşadığı coğrafiya ilə məhdudlaşmırdı- o vaxt Azərbaycan müstəqil ölkə də olmamışdı.

“Hophopnamə”ni diqqətlə oxuyanlar Sabirin şeirlərinin əhatə etdiyi coğrafiyanın Azərbaycan, bu günkü İran və Osmanlıya qədər uzandığını yaxşı bilirlər.

Bu mənada, “İran məşrutəsinə bir ordudan artıq xidmət edən” Sabir, o illərdə İstanbulda Jon Türklərin apardığı mübarizənin də hərarətli dəstəkçisi və ilhamçısı idi.

Rəsulzadənin “İnsanlara hürriyyət, millətlərə istiqlal”-manifesitinin infrastrukturunu Sabirin

Kim ki, insanı sevər, aşiqi-hürriyyət odur,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur-

misraları təşkil etmirdimi?

Sabir islam dinindən öz məqsədləri üçün hiyləgərcəsinə və qeyri-məhdud şəkildə istifadə edənlərə qarşı aydın mövqeyi nümayiş etdirən şəxsiyyət idi.

“Qorxuram”ı bu gün Türkiyədə populyar edən sosioloji səbəblərin başında Sabirin bu aydın mövqeyi durur.

Əgər bu gün əsrimizin tipik Şeyx Nəsrullahı- “Vakit” qəzetinin 80 yaşlı yazarı 14 yaşlı qıza təcavüz etdiyi üçün uzun müddətli həbs cəzasına məhkum edilirsə, Türk toplumu “Qorxuram”ı necə dillər əzbəri etməsin?

“Hophopnamə”nin aynasına baxıb 2010-cu ilin Türkiyəsinin mənzərələrindən əyani fraqmentləri orada görmək mümkündür-bu toplumun Sabiri oxumağa nə qədər ehtiyacı olduğunu hər gün dəfələrlə hiss edə bilirsiniz.

Din tacirlərinin “islamın düşməni” kimi təqdim etməyə çalışdığı Sabir barədə bu sözü demək-çox böyük vicdansızlıqdır.

Hophopnamə”ni oxuyanlar islam qövmləri arasındakı parçalanmadan duyduğu narahatlığı Sabirin necə ağrılı-acılı şəkildə ifadə etidiyni görürlər:

Dai-bə üxüvvət olur ikən bizə Qur”an
Əmr eylər ikən birliyə Peyğəmbəri-zişan
Tapmazsan iki müttəfiqürrəy müsəlman
Qafqazda olan bir neçə milyan arasında-


misralarının müəllifini “islam dininə qarşı” bir şəxsiyyət kimi təqdim etmək haqsızlıq deyil də, nədir?

Və ya

Aya, oxumazlar nə üçün dini bölənlər,
(Kanu-şiyəən) rəmzini Qur”an arasında


misralarının müəllifini “dinə qarşı olan bir adam” kimi göstərmək hansı insafa və vicdana sığar?

Bu coğrafiyadakı məzhəb bölünmüşlüyündən kənar qüvvələrin öz məqsədləri üçün istifadə etmə planlarını “Qoymayın eyvay, bu urusbaşdılar”-şeirində

Şiə ikən sünniləri yad edir,
Sünni ikən şiəyə imdad edir” -


misralarında ortaya qoyan Sabir deyil də, kimdir, ey din tacirləri?

Onun Səttarxan hərəkatına verdiyi dəstək-insan haqları uğrunda mübarizə tariximizin ən şərəfli səhifələrindən birini təşkil edir:

Həqq mədədkar oldu Azərbaycan ətrakına
Ali-Qacarın protest etdilər Zöhhakına
Ol şəhidanın səlam olsun rəvani-pakına
Kim tökülmüş qanları Təbrizü Tehran xakına
Onların cənnət deyildir mənzili, aya nədir?
Afərinim himməti-valayi-Səttarxanədir


“Dinin əleyhinə olan” bir şəxsiyyət Qacar sülaləsinin zalımlığına qarşı mübarizənin nəticəsini niyə “şəhid” və “cənnət” kəlmələri ilə ifadə etmə ehtiyacı hiss etmişdi?
“Dinə qarşı olan” bir adam Səttarxanın mübarizəsinin mahiyyətini nə üçün

Çün bu xidmətlər bütün islamədir,
insanədir,
Afərinim himməti-valayı-Səttarxanədir


sözləri ilə ümumiləşdirmişdi?

İslam və insan-Sabirin böyüklüyü insan haqları konsepsiyasında islamın yerini sərrast şəkildə müəyyənləşdirməsində idi ; o, şeirlərində bunun ideal tarazlığını qura bilmişdi. Bu tarazlığın pozulduğu yerdə “Hophopnamə”nin tədavülə girməsi qaçınılmaz olur.

Və bu durumlarda “Qorxuram” şeiri,100 il əvvəl olduğu kimi, yenə öz tarixi missiyasını yerinə yetirməyə başlayır-Türkiyədə “Qorxuram”ı sevdirən əsas səbəb də budur.

25 milyard dollara hökm edən mürşidin qəzet və TV-ləri başqa olmaqla, islamı demokratiya və insan haqlarının əsas referansı kimi göstərən media orqanlarında bircə dənə də əks fikrə rast gəlmirsinizsə-orada “Qorxuram” şeirinin mənası daha yaxşı başa düşülür.

Sabir müsəlmanlardan yox, insan haqlarının qəsbçilərindən qorxurdu. Bu baxımdan “Qorxuram”ı bir şeir yox, bir manifest adlandırmaq daha doğru olardı.

Din və insan haqları arasındakı tarazlığın örnəklərini Sabirin müəllimi Hacı Seyid Əzim Şirvaninin əsərlərində də tez-tez görürük.Lütfən, bu misraları diqqətlə oxuyun:

Doldu ənvari-məhəbbətlə yenə sinə bu gün
Göstərən vadeyi-Sinada təcəlla kim idi?

Allah və Peyğəmbər sevgisinin bu qədər sərrast metafora ilə ifadəsi insanı heyran qoyur, elə deyilmi?

Bəs eyni qəzəldəki bu beytə nə deyirsiniz?

Dustlər, dün gecə kim məsti-meyi-vəhdət idik
O bizə saqi olan yari-dilara kim idi?


Eşitmirəm, bərkdən bağırın, ey din bəzirganları, ticarətlərini “toxunulmaz” qılmaq üçün Məkkədən titul alıb qayıdanlar....

Bağırıb qurtarandan sonra sizə Həzrəti-Hüseynin ayaqları altında yatan Füzulinin qurduğu insan-islam tarazlığından da örnəklər verəcəyəm.

Sabir Türkiyədə yaxşı tanınır-hər həftə Ləvənt Kırcanın Fox Tv-dəki “Olacak o kadar” proqramına baxsanız, “Hophopnamə”nin üfürməklə-tüpürməklə müalicə edən “doktorları”nı, 10-12 yaşında qızları siğə etmək istəyən qırmızı saqqallıları, hərbə-zorbaları, qoçuları, oğruları....xülasə, “Molla Nəsrəddin” məktəbində gördüyünüz bir çox şeyi bu böyük komediya ustasının “Olacak o kadar”ında görəcəksiniz.

Və “Qorxuram”ın Türkiyədə niyə bu qədər populyar olduğunu daha yaxşı anlayıb Sabiri yenə və yenidən oxuma ehtiyacı hiss edəcəksiniz...
XS
SM
MD
LG