Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:58

Xuraman Hüseynzadə. Yeni şeirlər















Yalanın rəngi

Gözlərim gecədən qara,
Gecə
gözlərimdə özünü arar...
Qara fikirlər başımda,
qara pişik keçir qarşımdan.
Qaradan artıq rəng olmaz,
taleyim
başqa rənglə yazılmaz.
Ağ - yalanın rəngidir...


“Azad qadın” heykəlinə

Ah, azad qadın...
Bu məhbəs məmləkətdə
elə heykəl olaraq
qalacaqsan...


Vaxt qatili

Görüşə bilmədik biz
vaxt çatışmazlığından.
Yəqin xeyir bunda imiş,
yəqin vaxta əyan olubmuş
hər şey vaxtından əvvəl.
İndi isə
vaxtım çoxdu.
Lap çox...

O qədər ki
səninlə bağlı bütün xatirələrimi
yada salmağa yetər...
Bircə sən yoxsan...
Vaxt isə o qədərdi ki
nə qədər öldürsəm də
xeyri olmur...


Səndən başqa

Yenə hamımız bir aradayıq -
Fausto Papettinin “Emmanuel”i,
Yağış, mən və...
Yenə bir cüt gözdən
sevgi oxunur,
yenə saçlarıma birc əl toxunur.
Yenə üşüdüyüm zaman
sevən bir ürəyin
hərarəti
bəs edir mənə...

Həzin bir musiqi nəyisə xatırlatmır,
əksinə...
Yenə mən,
yenə oktyabr ayı,
yenə “Emmanuel”,
yenə yağış və...
İllər
səndən başqa heç nəyi dəyişdirmədi...


Fatmanisə

Aran kəndində doğulub Fatmanisə...
Yer kürəsi onun üçün yalnız
Aran kəndindən ibarətdir.

Uşaqlığı
qaz, hinduşka otarmaqla,
gəncliyi
pambıq, üzüm yığmaqla,
gəlinliyi
inək sağmaqla, toyuq balalatmaqla keçib...

İndi isə yas mərasimlərinin bəzəyidir.
Yaxşı ağlaşma aparır.
Özü də nə vaxtsa Aran qəbirstanlığında
dəfn olunacaq.
Aran kəndində həyat davam edir...
Yer kürəsi yalnız Aran kəndindən
ibarət olmaqla...

***

Ruhların harayı

“Sərin” restoranının bir addımlığında
qəbirstanlıq var...
Hər axşam “Sərin”də
aygün “Kişilər”i oxuyur,
bilal “Şuşanın dağları”nı.

Mən isə yalnız
qəbirstanlıqdan ərşə qalxan
ruhların harayını eşidirəm...
Kişilər ağlamasa da
Şuşanın dağları ağlayır...

***

Qələm, kağız tapmayan vaxt
parkdakı skamyanın üstünə
şüşə parçası ilə
cızdığım şeir!
Üstündə
Duyğusuz, ruhsuz insanlar
əyləşən zaman
məni bağışla...

Qələm tapıb, kağız tapmayan vaxt
qoluma yazıb
heç kəs görməsin deyə
köynəyimin qolu ilə gizlətdiyim şeir
səni insanlardan gizli saxladığım üçün
məni bağışla...

Qələm, kağız tapan vaxt
heç yana yazmadığım şeir
cəsarətsiz olduğum üçün
məni bağışla...

***

Xəritədə
qartala bənzəyən vətənimin
canına
qarğa-quzğun daraşıb...

***

Səni görmək istəmirdim
qayğılı,
fikirli,
dağların dərdini daşıyan...

Özü üçün deyil,
özgələri üçün yaşayan...
Səni görmək istəmirdim
yaşlaşmış,
saç-saqqalı ağarmış,
əlləri qabar,
ürəyi qübar bağlamış...

Yaxşı ki ayrıldıq.
Mən səni gördüyüm kimi görəcəm,
çünki səni heç vaxt görməyəcəm ...


Xarı bülbül

Yanına gəlmək istəyirəm
xarı bülbül...
Qorxuram gələndə
tələsəm,
qaça-qaça gələm,
ayaq səslərimdən
papaq altda yatan oğullar oyansın...
XS
SM
MD
LG