Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:44

Milli Məclis, ya Hakimiyyət Məclisi?


Milli Məclis
Milli Məclis
YENİ KÖHNƏ PARLAMENT

Yeni parlamentin tərkibi demək olar ki, dəyişmədi. Mövcud deputatların üçdə ikisi yenə də Milli Məclis üzvü olacaq. MSK-nın ilkin nəticələri belə deyir.

Dəyişən bir şey var. Ənənəvi müxalifətin, AXCP-Müsavatın yaratdığı seçki blokundan bircə nəfər də parlamentə düşməyib. Eləcə də bu dairəyə yaxınlığı ilə tanınan, ötən parlament seçkilərində deputat mandatı alan Pənah Hüseyn də Milli Məclisdən uzaq qaldı. Əvəzində parlamentdə hakim Yeni Azərbaycan Partiyası üzvlərinin sayı bir qədər də artdı – səkkiz nəfər.

Qısası, təzə parlamentdə YAP-ın 74, hökumətyönlü Ana Vətən və Demokratik Azərbaycan Partiyasının 10, özlərinin dediyi kimi konstruktiv və ya müxalif mətbuatın yazdığı kimi «hakimiyyətə loyal» partiyaların 13, bitərəflərin də 38 təmsilçisi olacaq.

«PARLAMENTİN ADI DƏYİŞDİRİLMƏLİDİR»


Eldar Namazov
Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov belə deyir:

«Mən güman edirəm ki, bizim parlamentin adını dəyişmək lazımdır. Bu, Milli Məclis deyil, Hakimiyyət Məclisidir. Ona görə ki, bu tərkibdə parlament yalnız hakimiyyətin maraqlarını təmsil edəcək, hakimiyyətin maraqlarını müdafiə edəcək. Həmin parlamentdə artıq cəmiyyətimizi, millətimizin maraqların müdafiə etmək ənənəsi tamamilə götürüləcək».

Deputat Rəbiyyət Aslanova Eldar Namazovla razılaşmır. Onu uğursuz proqnoz verməkdə günahlandırır və deyir ki, Milli Məclisə YAP-dan başqa, müxalifətçilər də seçilib:

«Parlamentdə təmsil olunan bütün partiyaların üzvləri bərabərhüquqlu millət vəkilləridir. Öz mövqelərini də orda ortaya qoyacaqlar. Əlbəttə YAP üzvləri üstünlük təşkil edəcək. Onlar da təbii olaraq iqtidarı, onun siyasətini də müdafiə edəcək. Bu, bizim mövqeyimizdir».

PREZİDENTİN QOHUMLARI

Yeni parlamentin tərkibi isə təkcə YAP-çıların çoxluğu ilə diqqət çəkmir. Həm də qohum-əqrəbanın çoxluğu ilə fərqlənir.

Prezidentin xanımı Mehriban Əliyeva, əmisi Cəlal Əliyev, eləcə də atasının qohumlarından sayılan Vasif Talıbov yenə deputatdırlar. Cəlal Əliyevlə Vasif Talıbov dördüncü dəfə seçilirsə, Mehriban Əliyeva son iki parlamentin üzvüdür.

Kəmaləddin Heydərovun atası Fəttah Heydərov
Elə nazir və başqa yüksək vəzifəlilərin də qohumları parlamentdədirlər.

Məsələn, köhnə deputatlardan biri fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərov növbəti beş ili də parlamentdə olacaq. Və ya nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov. Üstəlik, Prezident Administrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənovun qudası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Səttar Möhbalıyev də bu sıraya aiddir.

YENİ MƏMUR QOHUMLARI

Ancaq məmur qohumları arasında yeniləri də var. Prezident Administrasiyası icra aparatının rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, «Azinko» tikinti şirkətinə başçılıq edən Malik Həsənov, Abşeron rayonunun icra başçısı Zakir Fərəcovun qardaşı, Sumqayıt Sosial Müdafiə Fondunun rəisi Nazim Fərəcov da Milli Məclisin yeni üzvləridir.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin həm özü, həm də qohumu Sədaqət Vəliyeva, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun xalası qızı olduğu bildirilən Sevinc Hüseynova da deputatdırlar.

PREZİDENTDƏN ÖYRƏNMƏK?


«Turan» İA-nın direktoru Mehman Əliyevə görə, Azərbaycanda qohumluq, yaxınlıq əlaqələrinə həmişə üstünlük verilib:

Rəbiyyət Aslanova
«Əlbəttə, bizdə qohumluq, yaxınlıq kimi tendensiyalar var. Sədaqətlilik prinsipi həmişə nəzərə alınır. Bütün bunlar hamısı hesablanır».

Politoloq Zərdüşt Əliazədə isə deyir ki, prezident qohumlarını hər yerdə vəzifələrə yerləşdirir, məmurlar da ona baxıb öyrənirlər:
Deputat Rəbiyyət Aslanova:

«Nazirdirsə, Komitə sədridirsə, yaxını semiçka satmalıdır, yoxsa bazarda alverçi olmalıdır? Şəxsən mənim özümə bəzən irad tuturlar ki, Rəbiyyət Aslanovanın övladları niyə hansısa qurumda çalışır. Mən fəxr edirəm ki, ləyaqətli övladlar böyütmüşəm. Məmur da Azərbaycan vətəndaşıdır. Məmurun böyütdüyü övlada, onun yaxınına qiymət vermək lazımdır».

HƏM DEPUTAT, HƏM DƏ ŞİRKƏT RƏHBƏRİ


Yenidən qayıdaq parlamentin tərkibinə.
Parlamentdə məmur qohumları ilə yanaşı özləri də təmsil olunub. Qanun bunu qadağan eləsə də. Məsələn, AzTV sədri Arif Alışanov (Yeri gəlmişkən, bundan əvvəlki sədr Nizami Xudiyev isə seçilməyib). Eləcə də ARDNŞ rəhbəri Rövnəq Abdullayev, onun müşaviri Hüseynbala Mirələmov, «Azəryolservis» Dövlət Şirkətinin prezidenti Cavid Qurbanov və «Azərkimya» İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev.

KEÇMİŞ MƏMUR BALALARI

Deputatlar arasında keçmiş məmur övladları və ya qardaşı da var. Məsələn, Azərbaycanın Tacikistandakı səfiri, Bakı şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyevin qardaşı Adil Əliyev, sabiq baş nazirin müavini Abbas Abbasovun oğlu Aydın Abbasov, Bakının keçmiş prokuroru Şükür Rzayevin oğlu Rövşən Rzayev isə ikinci dəfə Milli Məclisə seçiliblər.

PAŞAZADƏNİN «FRAKSİYASI»

Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə də ikinci dəfə seçilir.
«Turan» İA yazır ki, Allahşükür Paşazadənin parlamentdə öz «fraksiyası» olacaq. Agentlik bu sıradan bəzi adlar da çəkir.

İŞ ADAMLARI

İş adamlarından da növbəti beş ildə qanunverici orqanda təmsil olanlar az deyil: «Karat» dəyirman holdinqin rəhbəri Asabil Həsənov, «Azkommunalservis» ASC-nin rəhbəri Hacı Salayev, «Diplomat» firmasının direktoru Aslan Cəfəov, «Kaspian yıldız» şirkətinin baş direktoru İqbal Məmmədov.

UNİVERSİTET REKTORLARI

Yeni parlament həm də rektor bolluğuna düşəcək: Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Dillər Universitetinin rektoru Səməd Seyidov, Naxçıvan Universitetinin rektoru İsa Həbibbəyli, «Odlar Yurdu» Universitetinin rektoru Əhməd Əliyev.

YENİ SİMALAR

Milli Məclisdə yeni simalar arasında cəmiyyətdə tanınan iki nəfər də var: politoloq Rasim Musabəyov və hüquq müdafiəçisi Çingiz Qənizadə.

Rasim Musabəyov 2005-ci il parlament seçkilərindən sonra Müsavat Partiyasından getmişdi.

Çingiz Qənizadəni isə bəzi siyasi məhkumlar, o cümlədən satirik yazar Mirzə Sakit hakimiyyətin maraqlarını müdafiə etməkdə ittiham etmişdi.
Hüquq müdafiəçisi isə belə ittihamları qərəzli sayır.

Çingiz Qənizadə
Bu parlamentin tərkibində birbaşa seçki məsələləri ilə məşğul olan insanlara da rast gəlmək olar. Onlardan biri də AVCİYA-nın prezidenti Elxan Süleymanovdur.

AVCİYA Azərbaycanda keçirilən son seçkiləri müşahidə edib, həm də müxtəlif EXİT-POLL keçirilməsində yaxından iştirak edib. Bu qurumun seçkilərdən sonrakı rəyləri isə MSK-nın mövqeyindən prinsipcə fərqlənməyib.

ADINA DEPUTATLIQ YAZILANLAR

Azərbaycan müstəqillik qazandığı dövrdə bütün parlamentlərin üzvü olanlar isə elə də az deyil: Arif Rəhimzadə, Zeynəb Xanlarova, Madər Musayev, Eldar İbrahimov, Siyavuş Novruzov, Mixail Zabelin, İmamverdi İsmayılov, Hadı Rəcəbli, Fəttah Heydərov, Cəlal Əliyev, Vasif Talıbov, Fəzail Ağamalı... Onlar yeni parlamentin də üzvüdürlər.

Bunlar bizim yeni parlamentin tərkibi haqda bildiklərimiz. Bəs siz nə bilirsiniz?

MÖVZUNU BURADA MÜZAKİRƏ EDİN
XS
SM
MD
LG