Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:17

Əfqan Nəsirli "Oğurluq" (Hekayə)


Bu hadisə XX əsrin 70-ci illərində Azərbaycanın ucqar dağ kənd­lərinin birində baş verib.

Tahir sovxozda fəhlə işləyirdi. Ailəsi o qədər böyük olmasa da gəliri ailəsinin gündəlik tələbatına güclə çatırdı.

Kasıb dolandığından oğlu Mürsəlin kiçik toyunu geniş et­mək fikrindən də daşınmışdı.

O, hər gün işə getdiyinə görə, özünün şəxsi təsərrufatı ilə məşğul ola bilmirdi. Məhz bu səbəbdən də həyətində heyvan saxlamırdı.

O, oğlunu müsəlman etmək üçün, nəhayət neçə vaxt idi ki, yığıb saxladığı pulları götürüb heyvan bazarından beş ədəd toğlu almaq qərarına gəlir.

Məqsədi, bir neçə tanışını çağıraraq bu heyvanları kəsib oğlunun kiçik toyunu xudmani qeyd etmək idi. Fikrində ciddi olan Tahir üçün münasib günü təyin etmək qalırdı.

Əlbəttə, elə bir gün seçilməli idi ki, özünün də boş vaxtı olsun. İlin payıza dönən vaxtı olduğundan kənddə işin qızğın çağı idi.

Necə deyərlər, baş qaşımağa vaxt olmadığına görə, briqadir, ona sonrakı həftənin şənbə, bazar günlərinə icazə verdi.

Rayonda isə heyvan bazarı yalnız həftənin şənbə və bazar günləri olurdu. Deyilən vaxta hazır olmaq üçün o, bir həftə əvvəldən heyvanları almalı oldu.

Tahir hər gün tezdən durar, heyvanlara bir qədər yem verib, sonra onları bağa ötürərdi ki, o, işdən dönənə qədər heyvanlar yerə tökülmüş yarpaqları yeyib ətini tökməsinlər.

Çünki kök heyvan ac qalan kimi çəkisini itirir. Bir gün yenə o, heyvanları bağa ötürüb işə yollandı. İşdən qayıdanda gördü ki, toğlulardan biri yoxdur.

Tahir bir neçə dəfə bağı təkrar-təkrar gəzdi, anjaq heyvanı tapmadı. Evə gəlib həyat yoldaşından toğlunu soruşdu.

Onun da xəbəri yox idi. Əsəbi halda küçəyə çıxdı.

Oğlu Mürsəl qonşunun oğlu ilə oynayırdı. Ondan da soruşdu. Uşaq çiyinlərini çəkdi. Bu zaman qonşunun oğlu Mürsəlin əvəzinə dilləndi:

- Tahir əmi, mən gördüm, bağınızın yuxarısında yaşayan Veysəl baba sizin bağın içi ilə keçəndə toğlunuzun birinin boğazına çatı salıb apardı.

- Doğru deyirsən?

- Əlbəttə, öz gözlərimlə gördüm, - deyə, uşaq başı ilə də dediyini təsdiq etdi.

Daha heç bir şübhə yeri qalmırdı. O, Veysəl kişinin əvvəllər də kiminsə heyvanını apardığını eşitmişdi, lakin bunu heç kim sübut edə bilməmişdi. Tahir qonşunun uşağına çox sağ ol deyib, Veysəl kişinin evinə tərəf üz tutdu.

Yol boyu fikrində özünü inandırmağa çalışdı ki, yəqin qoyunlar qoça gəldiyinə görə, Veysəl kişi toğlunu aparıb, bir-iki günə qaytarar.

Veysəl kişi evdə idi. Əlində yaba həyətdə nə isə iş görürdü. O, Böyük Vətən Müharibəsi veteranı idi. Əynini daim qalın geyinər, başına isə qədimdən qalma buxara papaq qoyardı.

Üzü isə həmişə tüklü-saqqallı olardı. Tahir sürətlə yeridiyindən bir qədər tənginəfəs:

- Axşamın xeyir, ağsaqqal - dedi.

- Axşamın xeyir, oğul. Nə olub sənə, belə?

- Veysəl dayı, uşağın sünnətində kəsmək üçün aldığım toğluların birini gətirmisiniz. Əgər heyvanın içində qalsa ətini tökəcək. Üç-dörd gündən sonra uşağı kəsdirmək istəyirəm. Gəldim heyvanı aparım.

- Oğul, nə heyvan, nə toğlu? Sən nədən danışırsan? Mən nə toğlu görmüşəm, nə də gətirmişəm. Bunu sən hardan çıxardın? - Veysəl dayı, nejə yəni görməmisiniz, gətirməmisiniz? Bəs, qonşunun oğlu görüb siz heyvanı gətirəndə - deyə, onsuz da getdikjə əsəbiləşən Tahir, səsini bir qədər qaldırdı.

- Oğul, neçə ildir ki, burada qonşuyuq. İndi bir parça uşağın sözü ilə mənə inanmırsansa, keç, tövləyə bax. Heyvanlar da oradadır. Olsa orda olar. Gizlətmədim ki? - bu sözləri Veysəl kişi elə arxayınlıqla söylədi ki, sanki bu işdən onun heç xəbəri də yoxdu. Tahir nə eşitdiklərinə, nə də olanlara inanmaq istəmirdi.

O, özün­dən biixtiyar içəri keçdi, tövləni ələk-vələk elədisə də, heyvanını tapmadı. Sanki onun toğlusu heç bura gətirilməyib. Ancaq uşaq da yalan danışmazdı.

Belə mürəkkəb vəziyyətdə Tahir nə edəjəyinin fər­qində deyildi. O, özünü saxlaya bilməyib qonşusu Veysəl kişi­nin yanına gələrək:

- Mən bilirəm ki, toğlunu siz gətirmisiniz. Əgər bu heyvanın yerini deməsəniz, mən milisə şikayət edəcəyəm - deyə özündən asılı ol­ma­dan qonşusunun üzərinə hücuma keçərək onu qorxutmaq istədi.

-Get, kimə istəyirsən de. Mən sənin toğlunu görməmişəm. Bir də axı, özümüzünkülərə nə gəlib. Gör nə qədərdi. Sənin toğluna qalmışam.

Tahirin başqa çarəsi qalmamışdı. Axşam olmasaydı elə indi rayon milis rəisinin yanına gedər, hər şeyi olduğu kimi danışardı.

Lakin gün axşama dönəndə rayona gediş-gəliş azalır, tək-tük maşını nəzərə alınmasa, demək olar ki, rayonla əlaqə tamam kəsilirdi.

Bütün bunları yaxşı bilən Tahir briqadirin evinə gedib səhər işə gec gələcəyini bildirmək qərarına gəldi.

Heç Veysəl kişi ilə xüdahafizləşmədən üz tutdu briqadirin evinə.

Tahir səhər o başdan qalxıb yenə heyvanlara yemləyib bağa ötürdü və rayon mərkəzinə yollandı.

Lap erkən olduğundan xeyli gözləməli oldu. İlk gələn rəisin köməkçisi oldu. O, başına gələnləri köməkçiyə danışdı.

Köməkçi onun haqqında geniş məlumat aldıqdan sonra ərizə yazdırdı və rəisi gözləməyi məsləhət bildi. Tahirin gözləməkdən başqa çarəsi qalmamışdı.

Bir azdan rəis gəldi. Köməkçinin məlumatından bir az sonra rayon milis şöbəsinin rəisi onu dərhal qəbul etdi. Tahir başına gələnləri yerli-yataqlı rəisə də söylədi. İnsafən, rəis onu sona qədər dinlədi və səmimilik göstərərək dedi:

- Siz heç narahat olmayın. Toğlunuzu mütləq taparıq. İndi bu saat gedib Veysəl kişini bura gətirərik. Dünya buraxmaçılıqdır bəyəm?

Tahir heç unamırdı ki, bu səmimiyyət, bu münasibət atasına görədir. Çünki onun da atası müharibədə iştirak etmişdi və üstəlik, bir neçə medal da qazanmışdı. Bütün bunları rəisə köməkçi əvvəlcədən bildirmişdi. Ona görə də qorxurdu ki, Tahirin atası “Moskva“ya yazar. Bunun olmaması üçün son dərəcə ehtiyatlı və səmimi olmaq lazım gəlirdi.

O, köməkçini çağırıb amiranə səslə göstəriş verdi:

- Uşaqlardan birini göndər, bu saat gedib Moruqlu kəndindən Veysəl kişini bura gətirsin, - sonra üzünü Tahirə tutub:

- Sən də get, aşağıda, bufetdə bir az çay iç. Ona qədər də serjant gələr - deyib onu tam arxayın etdi. Tahir kabinetdən çıxıb bufetə yollandı.

O, çay içə-içə fikrində milisə şikayət etdiyinə görə gah özünü ya­manlayır, gah da özünə haqq qazandırırdı.

Axı, bu Veysəl kişi nə böyük adam olub ki, hamı ondan çəkinir, onunla qarşı-qarşıya gəl­məkdən qorxurdu? İndi, o, həm də sübut etmək istəyirdi ki, hər işin bir sonu da olmalıdır.

Rəisin səmimi qəbulu və dediyi sözlər də ona belə fikirləşməyə haqq qazandırırdı. Doğrudan da, heç ya­rım saat çəkmədi ki, rəisin onu çağırdığını Tahirə bildirdilər. Kabinetə girəndə gözlərinə inanmadı.

Veysəl kişi yazıq görkəmdə, ayaqüstə rəisin hüzurunda dayanmışdı. Elə bil heç dünən axşam onunla yekə-yekə danışan bu olmayıb. Rəis, Tahiri görən kimi sifə­tində təbəssüm yaradaraq dilləndi:

- Keçin, keçin, çəkinməyin, buyurun əyləşin.

Tahir ötəri nəzərlə qonşusunu süzüb yaxınlıqdakı stulda əyləşdi. Rəis üzünü Veysəl kişiyə tutaraq:

- Deyin görüm, bu vətəndaşı tanıyırsınız? - amiranə səslə soruş­du.

-Əlbəttə, rəis, qonşumdu. Onu o qədər bu qollarıma almışam ki, - deyə, Veysəl kişi daha da yazıq görkəm aldı.

- Siz, mənə deyin görüm, bu vətəndaşın toğlusunu apardığınızı boynunuza alırsınızmı? - rəis soruşdu.

- Yoldaş rəis, onun toğlusu mənim nəyimə lazımdır - Veysəl kişi hər şeyi üzərindən atmaq və özünü təmizə çıxarmaq istədi.

- Bəs qonşunun uşağı sizi toğlunu aparanda görüb? - deyərək səsini bir qədər yüksəldən rəis, hər şeyin inandırıcı olmasına çalışdı.

Veysəl kişi daha da əzildi:

- Yoldaş rəis, mən, ağsaqqal adam durub sizə yalan danışmayacağam ki? Siz məni boyda ağsaqqala, müharibə veteranına inanmırsınız, bir parça uşağın yalançı sözlərinə inanırsınız.

Rəis bu söhbətin yaxşı qurtarmayacağını hiss etdiyindən üzünü Tahirə tutub:

- Deyəsən biz bununla çox danışmalı olacağıq, salarıq içəri, sabaha qədər burada qalar, onda düzünü danışar. Sən isə get, sabah gəl toğlunu apar, - dedi və sonra üzünü Veysəl kişinin yanında duran serjanta tutub sözünə davam etdi, - bu ağsaqqalı apar, sal içəri, nə vaxt boynuna alıb danışsa, onda gətirərsən.
Tahir sevincək ayağa durub rəisə minnətdarlıq edərək, qələbəsini kəndə çatdırmaq üçün tələsik otaqdan çıxdı.

O, bu xəbəri vaxt itirmədən camaata bildirmək üçün kəndə hətta taksi ilə gəldi. İndi toğlusunun itməsi heç vecinə də gəlmirdi.

Bu xəbər Moruqluda ildırım sürətilə yayıldı. Adamların çoxunun bu işə inanmağı gəlmirdi. İnana bilmirdilər ki, dağ boyda Veysəl kişini Tahir kimi kasıb fəhlə bir adam tutdurar, hələ üstəlik toğlusunu da geri ala bilərdi.

Tahirin getməsindən bir saat sonra rəis, köməkçiyə Veysəl kişini onun yanına gətirməyi tapşırdı.Çox keçmədi tapşırıq yerinə yetirildi. Veysəl kişi qapıdan girəndə onu tanımaq olmazdı, heç elə bil bayaqkı adam deyildi.

O, gülə-gülə rəisə tərəf gəldi və köhnə tanışlar kimi görüşdülər.

- Ayə, a pir olmuş, niyə qoymursan rahat nəfəs alaq. Sənə tapşırmışam ki, elə adama sataş ki, sonra başımız ağrımasın, - rəis çıxılmaz vəziyyətə düşdüyünü Veysəl kişiyə daha yaxşı anlatmaq üçün sözünə davam etdi:

- Sən bilmirsən onun atası veterandı? Sabah yuxarılara yazsa nə cavab verə bilərik?

- Ay sağ olmuş, birinci dəfə deyil ki. Yoxsa, sən də onun kimi məni qanmaz, əfəl hesab edirsən, - Veysəl kişi rəisin üzünə yersiz gülüb, sonra əlavə etdi: - bir də, rəis, Vallah, atamın qəbrinə and olsun ki, mən beşindən cəmi birini aparmışam, sənin payın hələ durur. Əgər istəsəniz gedib gətirərəm.

- Ağsaqqal, yoxsa bir planın var, - deyən rəis, onun nə isə planı olduğunu başa düşüb gülümsündü.

- Rəis, bilirsiniz ki, buradan Moruqluya cəmi yeddi kilometr ola, ya olmaya. Gecə üçdə məni kəndin girəcəyində düşürün, son­ra bircə saat vaxt verin ki, gedib sizin payınızı da gətirim.

Veysəl kişinin bu sözündən sonra rəis əlini - əlinə vurub bərkdən şaqqanaq çəkdi. Sonra öz-özünə söylənirmiş kimi:

- Vallah sənə halaldı, Veysəl kişi. Necə olub ki, bu mənim ağlıma gəlməyib, - dedi.

Gecə əməliyyat yerinə yetirildi. Hər bir iş Veysəl kişinin cızdığı plan üzrə həyata keçirildi.

Səhər Tahir yuxudan erkən oyandı. Sevinirdi ki, gedib toğlusunu gətirəcək və bununla da kənddə ad çıxaracaqdı.

Tələsidiyindən bir stəkan çay da içmədi. Adəti üzrə tövləyə gedib heyvanları yemləyib bağa ötürümək istədi.

İçəri girməklə özünü itirməsi bir oldu. Gözlərinə inanmadı. Toğlunun biri də yox idi. Bunu kim apara bilərdi? Bu nə iş idi onun başına gəlirdi?

Ağlına gələn ilk oğru yenə də Veysəl kişi oldu. İndi o, rayona əvvəlkindən daha çox tələsdi. İstəyirdi hər şeyi rəisə tez xəbər versin. Yol boyu nə qədər fikirləşdisə də, özündən asılı olmayaraq beynində, ancaq Veysəl kişidən şübhələndi.

Çünki kənddə ikinci elə bir adam tanımırdı ki, cürət edib oğruluq etsin. Yad adam onun evində nə olduğunu haradan bilərdi.

Yolda qarşısına çıxanlara da salam vermədən tələsik rayona yollanan Tahir, rəisin gəlişini çox gözləsə də, qəbulunda çox vaxt itirmədi. Rəis Tahirin hövlnak olduğunu görüb:

- Sizə nə olub, niyə belə qaranəfəs olmusunuz? Yoxsa bir hadisə baş verib? Nə olubsa, tələsməyin, hamısını danışın, - rəis Tahirin səbrli olması üçün özünü daha da mülayim apardı. Çünki kiçik bir səhv hərəkət bütün planları korlaya bilərdi. Tahir bir qədər özünü ələ alıb başına gələnləri rəisə danışdı. Rəis soruşdu:

- Bəs kimdən şübhələnirsən? Sənin fikrincə, bu işi kim törədə bilər?

- Rəis, başına dönüm, Vallah, atamın canına and olsun, Veysəl kişidən başqa heç kimə gümanım gəlmir. Mən yalnız ondan şübhələnirəm. Bizim kənddə bunu Veysəl kişidən başqa heç kim törədə bilməz.

Bu sözü deyər-deməz rəis əsəbi görkəm aldı. Veysəl kişinin planı baş tutmuşdu. Lakin işin belə cərəyan etdiyi bir anda yol veriləcək tələskənlik onların simasını aça bilər, bütün işi korlayardı.

Ona görə rəis köhnə aktyorluq qabiliyyətini də işə salmalı oldu. Milis rəisini hərdən gülmək tutanda o, üzünü yana tutur, ya da pəncərə önünə gəlib bayıra baxırdı.

Özünü elə aparırdı ki, guya kimi isə gözləyir. Bütün bunlardan xəbərsiz olan Tahir isə rəisə dil-ağız etməkdən yorulmurdu:

- Rəis, başına dönüm, mənim sizdən başqa kimim var. Dünən də kənddə deyəndə ki, siz Veysəl kişini saxlamısız, heç kim inanmadı. Mən də kasıb adamam, istədim ki, uşağı müsəlman eyləyim. Allah mərdimazarın evini yıxsın. Görürsüz də başıma nə oyun açdı. Sizə də əziyyət verib yanınızda da lap xəcalətli oldum. Gərək bağışlayasınız. Vallah, o kənddə də mən imanımı yandırıb ikiknci bir adamdan şübhələnə bilmirəm. Əgər varsa da, Allah baisin evini yıxsın. Lakin ha fikirləşirəm bir yana çıxara bilmirəm. Mən, ancaq Veysəl kişidən şübhələnirəm. Bu yalnız onun işidir.

Bu sözdən son­ra milis rəisi daha da əsəbi bir görkəm alıb:

- Dayan bir dəqiqə, deməli belə çıxır ki, sən bizdən də şübhələnirsən, - dedi.

- A..A..Allah eləməsin rəis, heç sizdən şübhələnmək olarmı? Mən sizə arxalanıb gəlmişəm.

Rəis bu sözdən daha da əsəbi görkəm aldı. Artıq əlində kifayət qədər dəlil olduğunu düşünən rəis, əsl məqamın gəlib çatdığı üçün bir qədər də ciddiləşib:
- Dünən sənin yanında Veysəl kişini içəri salmadım? Bəs nə təhər olur ki, Veysəl kişi daş - divarı deşib sənin toğlunu aparır? Hələ mən də sənin sözünə inanıb kişini bir az da incitmişəm ki, sənin dediklərini boynuna qoyum. Özü də veterandır. İndi mən ona nə cavab verəcəyəm? Sən nə danışdığını başa düşürsənmi? - rəis sonda elə qışqırdı ki, Tahir lap çaş-baş qaldı.

Elə bil dünən onu səmimi qarşılayan adamı daha əzazil, daha qorxunc rəis əvəz etmişdi. Rəis dayanmır, sualı sual dalınca Tahirin üzərinə yağdırır, hər dəfə də səsini bir az da yüksəldirdi:

- De görüm, əgər o kişi olanları yuxarı yazsa mən neyləyəcəyəm? Nə cavab verəcəyəm? Axı sən əlində heç bir əsas olmadan o boyda veteranı necə şübhə altında qoyursan? Heç bilirsən, buna görə məni də, səni də nə gözləyir? Türmə, başa düşürsən, türmə - o, iki barmaqlarını üst-üstə qoyub türmə işarəsini göstərdi.

- Rəis, başına dönüm, Vallah mən demədim ha, toğlunu Veysəl kişi aparıb, mən yalnız ondan şübhələnirdim, - qorxa-qorxa dillənən Tahir, özünü günahsız hesab etmək istədi. Lakin rəis onun sözünü yarımçıq kəsdi:

- Necə yəni şübhələnirdim? Dünəndən sənin sözünlə kişini KPZ-yə salıb itin abrını veririk ki, hər şeyi boynuna alsın, sən də deyirsən ki, şübhələnirdim. İndi mən ona nə cavab verəcəyəm? Nə deyəcəyəm?

Bu sözdən sonra araya sükut çökdü. Tahir nə edəcəyini bilmir, rəis isə özünü elə göstərirdi ki, sanki bir çıxış yolu axtarır. Birdən rəis mülayim sifət alaraq dilləndi:

- Yaxşı, daha neynəmək olar, indi kişini gətirəcəklər. Sən səhv etdiyini söyləyərsən, mən də yenə xahiş edərəm. Əsas onu razılığa gətirməkdir. Dediklərimlə razısanmı? Başa düşürsən?

Bu sualla rəis Tahirin fikrini dərindən öyrənmək istədi. Özünü itirən Tahir isə, həm türməyə düşəcəyindən, həm də kənddə biabır olacağından çaş-baş qalaraq, toğlusunun itməsinin heç fərqinə də varmadan:

- Ə..ə..ə..əlbətdə, əlbətdə razıyam. Siz necə desəniz elə də olsun, yo..yo..yoldaş rəis, - deyə kəkələdi.

Bu söhbətdən sonra rəis stolun kənarındakı kiçik, qırmızı düyməni basdı. Az keçmədi serjant qolu qandallı Veysəl kişini gətirdi. Tahir gözlərinə inanmadı.

Bir gecədə Veysəl kişi sanki xeyli qocal­mış, üzünün tükü daha da codlaşmışdı. Hətta onun köhnəlmiş kürkü bir neçə yerdən cırılmışdı. Sanki bu gecədə Veysəl kişini yaxşıca döymüş və ac saxlamışdılar. Onun içəri daxil olması ilə rəis tez ayağa durdu, qapıya qədər gəlib sercanta təpindi:

- Bu nədi ə? Tez ol aç kişinin qolunu. Heç veterana da belə münasibət olar? Serjant tez Veysəl kişinin qolundan qandalları açdı. Rəis daha da yaxın gələrək onun qandal açılmış əlindən tutdu və son­ra qoluna girib onu oturmağa dəvət etdi:

- Buyurun, buyurun, ağsaqqal, keçin əyləşin. Ayə, get bir stəkan çay gətir, - rəis serjanta tərəf dilləndi. Sonra bir əlini stolun üstünə, bir əlini isə Veysəl kişinin çiyninə qoyub sözünə davam etdi: - bilirsənmi, ağsaqqal, sənə qarşı bir balaca yanlışlıq olub. Mən də, sə­nin bu qonşun da - o, əlini stolun üstündən qaldırıb Tahiri göstərdi - balaca bir uşağın sözü ilə az qala səni oğru etmişdik. İndi gə­rək günahımızdan keçəsən. Sən böyüksən axı, həm də qonşusunuz. Yaxşı ki, bu iş dərinə getmədi. Kim bilir sonu necə qurtarardı?

Elə bu vaxt qapı döyüldü və serjant əlində çay içəri girdi.

Onun daxil olması ilə otağa bir lal sükut çökdü. Hər üçü serjantın getməsini gözlədi.

Rəis yenə sözünə davam etdi və danışıb nəzərlərini hər dəfə Tahirin üzərinə gətirəndə o, utanır, başını aşağı salır, bununla sanki üzünü qonşusundan gizlədirdi.

Heç bilmirdi nədən başlayıb qonşusunu dilləndirsin, araya mehribanlıq salıb səhvini etiraf etsin.

Rəis həm Tahirin, həm də Veysəl kişinin dillənmədiyini görüb özü aranı daha da şirinləşdirmək istədi:

- Ağsaqqal, gəl mənim sözümü eşit, bu məsələnin sonunu xoşluqla qurtaraq. Elə fikirləş ki, aranızda heç bir söz-söhbət olmayıb. Mən də qonşunun bu ərizəsini cırıb atım, sən də böyüklük elə, mənim xətrimə keç onun günahından. Özü də səhərdən məndən xahiş edir ki, onun adından səndən üzr istəyim. Onsuz da o səhvinin əziyyətini çəkəcək. Dünəndən bura bizə də, sənə də yalandan əziyyət verib, indi ailəli adamdı, cavandı, o, da istəməzdi belə olsun. İndi bir işdi olub, sən günahından keçsən bir on-on beş gün içəridə yatar, ağlı başına gələr ki, ağsaqqala, veterana şər yaxmaq nə deməkdir, - deyə rəis, vəziyyəti öyrənmək üçün sözünə ara verdi.

Bu sözlərdən sonra Tahirin rəngi daha da avazıdı. “İçəridə yatar“ - sözünü eşitcək sanki başına bir qazan qaynar su tökdülər. İstədi ağzını açıb nə isə desin, səsi çıxmadı. Qorxudan dili-ağzı qurudu, nitqi tutuldu. Bayaqdan sakit duran Veysəl kişi, rəisin könlünü xoş etməyin məqamı çatdığını görüb tez dilləndi:

- Rəis, hamı bilir ki, siz bizim bu rayonda həm böyüyümüzsünüz, həm də arxamız. Çətinə düşəndə hamı sizin üstünüzə qaçır. Siz də çox sağ olun ki, hamını qəbul edir, hər işini yoluna qoyursunuz - o, çayından bir qurtum içib sözünə davam etdi, - qaldı ki, bu qonşumun işinə, siz məsləhət görəndən sonra mən nə deyə bilərəm. Onsuz da müharibədə o qədər çətin günlər görmüşəm ki, dünənki gün onun yanında toya getməlidir. Mən həmişə istəmişəm ki, mehribançılıq olsun. Ona görə də sizdən bir xahişim olacaq, bil­mirəm nə deyəcəksiniz?

Veysəl kişi bu sualı verməklə həm rəisi duyuq salmaq istəyir, həm də bununla söhbətin əvvəlcədən hazırlanmadığını sübut etmək istəyirdi. Rəis isə, Veysəl kişinin fikrini başa düşdüyündən tez:

- Buyurun, buyurun, ağsaqqal, bu nə sözdür. Sizin kimi insanların qulluğunda durmaq bizlərə şərəf gətirər, - deyən rəis, hər işin belə asanlıqla həll olunduğuna sevindiyini açıqca biruzə verdi.

- Bu Tahir mənim qucağımda böyüyüb. Atası ilə də lap yaxın olmuşuq. İndi bir səhvdi, edib. Neynəmək olar, keçin günahından buraxın evinə getsin. Mən razı olmaram ki, onun da, atasının da adına söz gəlsin. Bilirəm, dünəndən siz də, burdakı uşaqlar da çox əziyyət çəkmisiniz. İndi bu qonşum da evdə qalan toğluları gətirib verər, siz də əziyyətin dadını çıxararsınız. Hə qonşu, nə deyirsən? - o, verdiyi sualın cavabını gözləmədən sözünə davam etdi, - bu söhbət də bununla burada tamamlanar, bir daş altda, bir daş üstdə. Siz nə deyirsiz, rəis?

- Sözün düzü mən də isətərəm ki, belə olsun - rəis Tahirin dillənmədiyini görüb əlavə etdi, - indi sən get ağsaqqal, mən də uşaqlarla danışım görüm, məsələni necə həll edə bilərik. Bir daha üzürlü hesab edin. Yanlış da bir naxışdı, - deyib rəis bir daha üzr­xah­lıq etdi.

Veysəl kişi ayağa durdu, rəislə əl verib xudahafizləşdi. Həmin anda üz-üzə yaxın olduqlarından rəisə bir göz də vurub:

- Çox sağ olun rəis, vaxt olanda bir biz tərəflərə də zəhmət çəkin, qulluğunuzda duraq. Bizim sizdən savayı kimimiz var ki? - dedi və rəisə bir daha dil-ağız edib otaqdan çıxdı.

Veysəl kişi otaqdan çıxandan sonra araya dərin bir sükut çökdü. Tahir nə edəcəyini, nə deyəcəyini bilmirdi. Rəis isə, söhbətə hansı tərəfdən başlamağı fikirləşirdi. Nəhayət, bir müddətdən sonra rəis astadan söhbətə başladı:

- Vallah, elə bir iş görmüsən ki, heç cür baş açmaq olmur. Axı sən niyə uşağın sözünə inanıb, bir bu faktı yoxlamadın?

Tahir elə bilirdi ki, suallara düz cavab versə işi yüngülləşəcək. Ona görə də tez dilləndi:

- Rəis, başına dönüm, Vallah evinə getdim, dedim toğlunu ver, o, da dedi ki, xəbərim yoxdur, mən görməmişəm.

- Ayə, sən hələ də o kişidən şübhələnirsən? Yoxsa, bütün olanla­rı görmədin? Mən istəyirəm sənin işini düzəldim, sən isə məsələni daha da mürəkkəbləşdirirsən. Əgər o, səndən şikayət etsəydi, sən azı iki il o söz. Bilirsən də, - deyə rəis barmaqları ilə yenidən tür­mə işarəsi göstərdi.

Sonra bir az ara verib sözünə davam etdi, - indi bu işi bütün bölmə bilir.

Bilirsən də, onun biri yuxarı yazsa, gəlib yenidən səni aparacaqlar. Onda mən sənə heç bir kömək edə bilməyəcəyəm. Mən də fikirləşirəm ki, onları necə yola verim. Tahir gördü ki, başqa çıxış yolu qalmayıb.

Əgər rəisə hörmət etməsə azı on-on beş gün damlanacaq. Sonra o, kənddə camaatın üzünə necə çıxa bilərdi? Rəisin sonuncu sözləri ona canını qurtarmaq üçün imkan yaratmışdı. Ona görə də Tahir, fikirləşmədən dilləndi:

- Rəis, evdə toğluların bir-ikisi qalıb. Onu da götürüb uşaqlarla yuxarı bulaq üstə çıxarsınız. Eybi yox, mən uşağın işini sonra da edərəm. Təki sağlıq olsun. Görünür qismət deyilmiş. Allah sizə də ömür versin. Bu sözdən sonra kefi durulan rəis, qımışaraq:

- Mən elə əvvəldən hiss etmişdim ki, sən hər şeyi tez başa düşənsən. İndi serjant səni aparar evinizə. Bir də sən özün əziyyət çəkmə, - dedi və yenə qırmızı düyməni basıb köməkçini çağırdı.

Az keçmədi köməkçi içəri daxil oldu. Rəis dilləndi:

- Bu yoldaşı uşaqların biri ilə göndər, aparıb evılərinə qədər ötürsün. Tahir kefsiz ayağa durdu, rəislə sağollaşıb köməkçi ilə birlikdə otaqdan çıxdı. Rəis əllərini - əllərinə vuraraq arxayınlıqla: - hə..ə..ə.., bu işi də belə həll etdik, - deyib ayağa durdu.
XS
SM
MD
LG