Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:43

Rasim Qaraca "Dünyanın ən qorxusuz yeri"


Qara Şəhərin ucqar gecəqondu məhəllələrində kirayədə qalan tələbələrdən biri, Tibb İnstitutunda oxuyan Oruc, günlərin bir günü evə gələrkən yanında gənc bir qız da var idi.

Dörd həmkəndli razılığa gəldilər, qız onlarla birlikdə yaşayacaqdı.

Oruc yaşca hamısından böyük idi. Bu evi də o kirələmişdi. Qohumları olan bu uşaqlara da yanında yer vermişdi.

Almaza sığınmaq üçün yer lazım idi. Şimal rayonlarının birindən evlənmək adıyla qaçırılmışdı.

Necə olmuşdusa küçəyə atılmış, kəndə qayıtmağa da üzü olmamışdı. Orucla birlikdə qalmağa razı idi. Eyni zamanda evin ümumi təmizlik işlərinə baxacaq və yeməklərini bişirəcəkdi.

Dəhşətli sarsıntılar keçirmiş bu qız tələbələrin yanında rahatlıq tapdı. Tezliklə özünü topladı, qeyri-adi bir gözələ çevrildi. Həvəslə tələbələrin yeməklərini bişirir, paltarlarını yuyurdu. Bu yeni həyat hamısı üçün maraqlıydı.

Almaz evdən qovulacağının qorxusunu çəkirdi. Gənclərin bütün istəklərini canla-başla yerinə yetirməyə hazır idi. Tələbələrdən biri – Novruz qadının bu zəifliyini tezliklə başa düşdü.

Evdə Almazla tək qalanda onunla yatmaq istədiyini söylədi. Bunun sirr olaraq qalacağına and içdi. Almaz müqavimət göstərmədi. Onlar birlikdə sekslə məşğul oldular.

Bu hal adət şəklini aldı. Novruz bir bəhanəylə dərsdən tez dönür, bəzən heç dərsə getmir, dostlarının gözündən oğurlanıb geri qayıdırdı.

18 yaşlı kənd uşağının həyatındakı ilk qadın idi, heç ara vermədən dəlicəsinə sevişmək istəyirdi. Onun bu çılğınlığı Almaza da xoş gəlmişdi.

Bu təcrübəsiz yeniyetməylə sevgi oyunu oynamaq əyləncəliydi. Ancaq hər dəfə, belə olmaz, bizi görərlər, biabır olarıq, Oruc məni evdən qovar, deyirdi.

Novruz, qorxma, əgər Oruc səni qovsa özüm ayrıca ev tutaram, səni küçədə qoymaram, birlikdə qalarıq, deyə cavab verirdi.

Nə qədər ehtiyatlı olsalar da bu sirrin üstü açıldı.

Günlərin bir günü, necə oldusa, Novruzun özündən iki yaş böyük olan əmisi oğlu İman, gözlənilmədən evə tez qayıtdı.

İçəri girəndə hər ikisi ehtirasın zirvəsindəydi, yalnız işlərini görüb qurtarandan sonra İmanın dayanıb onlara baxdığının fərqinə vardılar.

İki əmioğlu razılığa gəldilər, bu məsələ öz aralarında qalacaqdı. Ancaq Almaz tək günlər Novruzun, cüt günlər İmanın olacaqdı. Almazın razılaşmaqdan başqa yolu qalmamışdı.

Bu evdən getmək, küçələrə düşmək istəmirdi, çünki burada hər kəs onu sevirdi, yemək bol idi, otaqlar isti. Heç olmasa yaz imtahanlarına qədər burada başını girləmək haqqında düşünürdü.

Lakin, İman bütün kənd cavanları kimi sadəlövh idi. Eyni qrupda oxuduğu Tahirə Almazla yaxınlıq etdiyini açıb danışdı. Tahir, qağasının goruna and içib bu söhbətin aralarında qalacağına söz vermişdi.

Doğrudan da, sözünün üstündə durdu, kimsəyə danışmadı bu söhbəti. Ancaq İmanı dilə tutdu, günlərin birində universitetə getməyib evə qayıtdı.

Almaz onunla yaxınlıq etmək istəmədi. Belə olanda Tahir səsini qaldırdı, hamıyla yatırsan, mənimlə də yat dedi. Almaz təslim oldu.

Tahirin qadınla yatmaq təcrübəsi var idi. Dostlarıyla birlikdə 10 manat bahasına Qarabağ otelindəki fahişələrin yanına çox getmişdi.

Ancaq Almaz o yaşlı fahişələrdən deyildi, cəmi 22 yaşı vardı, gözəl idi.

Çox keçmədi, Novruzla İmanın növbəlilik anlaşmasına Tahir də qoşuldu. Artıq ehtiyat edəcəkləri tək bir adam qalmışdı, o da Oruc idi.

Bəzən sevgi oyunu axşam saatlarına qədər sürürdü, dostlardan biri qapıda dayanıb keşik çəkir, Oruc küçə qapısında görünəndə hər kəs heç nə olmamış kimi öz yerini tuturdu.

Axşamlar Orucla Almaz öz otaqlarına çəkilirdi.

Bu zaman Orucun da kəndçilərinə bir sözü olurdu: birdən atam gəlsə mənə xəbər verin. Belə olarsa, Almaz pəncərədən qaçıb həyətə düşməli, evin arxasındakı anbarda gizlənməli idi.

Orucun atası Səmədin belə qəfil gəlmələri olurdu. Uşaqlar acından ölər deyib kənddən sovqat gətirərdi. Artıq, çiyələk çıxmışdı, hər an bazara mal gətirə bilərdi.
Orucu instituna pulla saldırmışdı. Var-yoxdan çıxmışdı. Oğulun oxumağa həvəsi yox idi. Güc ataya düşmüşdü. İmtahanlara pul lazım idi. Gecə-gündüz işləyirdi. Pambıq briqadiri idi.

Camaatın yömyəsindən kəsib Orucun yolunda qoyurdu. Payızda Rusiyaya nar, qışda limon aparardı. Özündən kiçik iki qardaşı və bir bacısı Orucun təhsilinə səfərbər olmuşdu.

Atanın Almaz hadisəsindən xəbər tutması Oruc üçün əsl fəlakət olacaqdı. Dəfələrlə olmuşdu, hansısa bir səhv hərəkətinə görə Orucun başını yumruğa dolamışdı.

Bir dəfə Oruca yumruq atanda Səmədin qolu burxulub çıxmışdı. Bir ay sarıqlı gəzdi. Bu yaşlı adam heç nədən əsəbiləşib coşardı, təzyiqdən boğazının damarları şişərdi. Orucun qorxusu əbəs deyildi.

Almaz uşağa qalmışdı. Gilas sezonu başlayanda qarnının şişi əməlli-başlı bilinirdi. Bu xəbər ortaya çıxan gündən evdə qanqaraçılıq yarandı. Novruz imtahanlarını verib dərhal kəndə əkildi.

Tahir başqa bir qohumunun evinə daşındı. İman əski evdə qalmağa davam edirdi, ancaq Almazla aranı soyutmuşdu. Hələ Oruc! Böyük bir təlaş içərisində idi.

Bu işin üstü açılarsa nə edəcəkdi? Sonuncu kursdaydı, bu gün sabah təyinatını verəcəkdilər. Artıq adam tapıb danışmışdılar, öz rayonlarına göndəriləcəkdi.

Atası bu iş üçün bir torba pul vermişdi. İndi bu qızı rayona necə aparacaqdı. Bu uşağı hara soxacaqdı.
Sinirlər gərildi. Bir gün mərəkə qopdu.

Oruc Almazı döyməyə başladı. Otaqda təkcə İman vardı. Oruc ana söyüşü qoyub onu yaxına buraxmadı. Təpiklə qızın qarnına-qarnına vururdu.

Ana bətnindəki uşağın qəsdinə durmuşdu açıq aşkar. Nəhayət İman qeyrətə gəldi, Almazı Orucun əlindən aldı. Qadın əşyalarını almadan canını götürüb qaçdı.

Qara Şəhərdəki Nizami parkında skamyada oturub qaldı. Buradaca onu yuxu tutdu. Ağzından şorlayan qanı yerə tüpürmüşdü. Əmcəkləri dolu bir it gəlib bu qanı yaladı.

Təkrar evə qayıtdı. Polisə şikayət edəcəm deyib Oruca hədə-qorxu gəldi. Oruc atası dəstiri, bağırmağa başıadı, sikdir, hara gedirsən get dedi. Almaz sakitcə dönüb uzaqlaşanda sanki Orucun ağlı başına gəldi, xəlvətcə İmanı qızın dalınca göndərdi.

Bir neçə gün küsülü dolandılar.

İman imtahanları tamamlayıb rayona yollandı.

Almaz barışacaqlarına ümidli idi. Yemək bişirir, ev işlərinə baxırdı. Oruc evə gec qayıdanda küçə qapısında dayanıb yolunu gözləyirdi. Həyatı qara dumana bürünmüşdü. Başına nələr gələcəyini vahiməylə düşünürdü. Uşağı olmadığı üçün bəlalar çəkmişdi, ailəsi dağılmışdı.

İndi qarnındakı bu yavrudan ayrılmaq istəmirdi. Orucun abort təkliflərini rədd edirdi. Sən məni atsan da mən uşağımı atmayacam deyirdi. Allahdan qorxurdu.

Axırda razılığa gəldilər. Oruc rayonda Almaza ayrıca ev tutacaqdı, özü də arada-bir gəlib gedəcəkdi, dolanışıqlarına kömək edəcəkdi.

Oruc istəsəydi özünə ayrıca həyat qurub yaşaya bilərdi. Almaz buna razı idi, təki küçədə qalmasın.

Elə də oldu.

Oruc institutu bitirmiş, təyinatını öz doğma kəndinə alamışdı. Ancaq buna sevinə bilmirdi. Bir ay sonra dünyaya gələcək uşaq həyatını qara rəngə boyamışdı.
Rayon mərkəzində ev tutub Almazı yerləşdirdi.

Pul verdi. Hər həftə gəlib gedəcəm dedi. Kəndə yarım saatlıq yol vardı. Bir həftə sonra Tahirlə birlikdə gəldilər.

Torbada kartof-soğan gətirmişdi. 10 manat pul verdi. Sonrakı günlərdə Oruc bir dəfə də olsun gəlib Almaza baş çəkmədi. Almaz gərgin günlər yaşayırdı.

Pulu qurtarmışdı. Qonşulardan çörək dilənirdi. Bir ayın tamamında ev sahibi kirayə puluna gəldi. Qadının bu gün sabah yatacağını görüb möhlət verdi.

Doğuş saatı gələndə qonşular mama çağırdılar. Xəsətxanaya verməyə pul yox idi. Qızı oldu. Adını Solmaz qoydular. Ancaq Almaz özü günlər keçdikcə solurdu. Qonşular olmasa acından öləcəkdi.

Günlər keçdi. Güc toplayıb ayağa qalxdı. Kəndə yollandı. Kənd avtobusunda hamı biri-birini tanıyır.

Kimə gedirsən soruşdular. Mən Orucun arvadıyam dedi, bu uşaq da onundur. Orucun bacısı avtobusdaymış.

Vay-şivən qopartdı, köpək qızı, mənim qardaşıma şər atırsan dedi. Yanındakı rəfiqəsiylə süpürləyib Almazı yerə saldılar. Avtobus yola düşdü. Almaz qucağında çağa asfaltın ortasında qaldı.

Səhəri gün Oruc peyda oldu. Söhbət kəndə çatmışdı artıq. Al bu pulu, çıx get bu şəhərdən dedi. Almaz gözünün yaşını tökdü.

Uşağımı yetim qoyma, başına dönüm, ayağının altında ölüm dedi.

Orucun sifətində sərt bir ifadə vardı, heç yumşalana oxşamırdı. Atam bilsə hər ikimizi öldürər, məni bədbəxt eləmə, itil bu şəhərdən, hara gedirsən get deyib qapını çırpdı. Elə eləmə ki, səni yoxa çıxardım, dedi.

Almaz taleyi ilə barışmışdı. Bunun bir alın yazısı olduğunu düşünürdü. Allah yox yerdən qapı açandır deyirdi.

Şəhər kənarında xarabalıqlar vardı. Orada özünə sığınacaq tapa bilərdi demişdilər. Evdən çıxıb hər kəsin Göy Zavod dediyi istiqamətə yönəldi.

Sovet vaxtlarından qalma böyük bir zavod idi, ancaq indi işlək deyildi. Zavodun təkcə beton karkasları qalmışdı. Şəhərdən xeyli aralıydı.

Torpaq yolla valay vuraraq addımlayırdı. İrəlidə sırayla düzülmüş vaqonları gözünə tutub gedirdi. İtlər cummasın deyə əlinə ağac almışdı.

Kimsəsiz bir yer idi buralar. Almazın ürəyincəydi. İnsan üzü görmək istəmirdi. Sığınmağa bir yer olsaydı.

Sırayla düzülmüş köhnə vaqonların birində həyat vardı.

İt hürdü. Qırx yaşlarda bir kişi göründü, ayağını çəkirdi, üzünü tük basmışdı.

Sifəti günəşdən qap-qara yanmışdı. Kimi axtarırsan, soruşdu. Heç kəsi axtarmıram, yer axtarıram, dedi, yoluna davam etdi.

Kişi arxasınca baxa-baxa qaldı. Süzülmüş paltarından, dağınıq saçlarından bu qadının həyatın dibində olduğu bəlli idi.

Almaz ətrafı dolaşdı, uyğun bir yer tapa bilmədi, geri qayıdarkən yolu yenə vaqonların yanından keçirdi.

Kişi bayaqkı yerindəcə dayanıb, elə bil onun yolunu gözləyirdi.
- İstəyirsən gəl mənim yanımda qal.

Oğraş adama oxşamırdı. Ancaq Almaz bu gözlənilməz çağırışa cavab vermədi. Yoluna davam edib getdi. Acından qarnı quruldayırdı.

Başı hərlənir, ayaqları sızıldayırdı. Bir qarın yemək arzusuyla geri qayıtdı. Vaqonun kölgəsində qoyulmuş köhnə avtobus oturacağına çöküb bayıldı.

Kişi təlaşla su gətirdi. Az qalırdı qızı qucaqlasın, başına sığal çəkib təsəlli versin. Ancaq bunu edə bilmirdi. Özünü itirmişdi.

Aclıq uşağa da əsər eləmişdi. Birdən-birə ağlamağa başladı. Qadın döşünü çıxarıb uşağın ağzına saldı. Ancaq döşündə süd yox idi.

Təklif gözləmədən əlini uzadıb yanındakı vedrədən bir xiyar götürdü. Acgözlüklə dişinə çəkib yeməyə başladı.

Yalnız bundan sonra kişi məsələnin nə yerdə olduğunu başa düşdü. Dərhal yemək dalıycan vaqona girdi, ora-bura vurnuxub bir şeylər gətirdi...

Darısqal vaqon. Bura Almazın yeni mənzili idi. İçəridə hər cür zir-zibil vardı. Kəskin benzin qoxusu gəlirdi.

Divarda gənc ailənin əks olunduğu foto vardı. Kirlənmiş, üstünü zıl basmışdı. Fotadakı gənc oğlanın saqqallı bir qocaya çevrildiyinə inanmaq olmurdu. Adı Nəsib idi.

Ailəsini müharibədə itirmişdi. Döyüşdə yaralanıb şikəst olmuşdu. İnsanlara qarışmırdı. Burada tərkidünya həyat yaşayırdı.

Almazın başqa çarəsi yox idi. Ortası çökmüş bu yataqda Nəsiblə birlikdə yatmalıydı. Sanki elə belə də olmalıydı. Çox söz danışmadan birlikdə yaşamağa başladılar. Bir gün vaqonun içində səliqə-sahman yarandı. Bir həftə sonra Nəsib saqqalını qırxdı. Evə ütü alındı.

Vaqondan bir az aralıda Nəsibin tərəvəz bostanı vardı. Badımcan bol idi.

Səhərlər evdən çıxıb beş yüz metr aralıda, əvvəllər zavodun istifadəsində olan, indisə sahibsiz qalmış mazut çənlərinə gedərdi.

Kub şəklində yarıya qədər yerə gömülmüş bu çənlərin üzərindəki dəlikdən içəriyə girər, illər keçdikcə qatılaşıb sərt kütlə halını almış, saqqıza dönmüş mazutu bel-kürəklə, baltayla qoparardı. Günortaya qədər iki torba qır Nəsibin dolanışığı idi.

Bundan artığına gücü çatmırdı. Ağır, zəhmətli bir iş idi. Hər dəfə bu işi gördükdən sonra əl-üzünü, bədəninin qıra bulaşmış yerlərini benzinlə yumalı olurdu.

Hər həftənin cümə günləri müştərilər maşınla gəlib toplanan qırı daşıyırdılar. Bir torbanın qiyməti 10 manat idi.

Axşamlar sevişmə zamanı Almaz Nəsibin bədənindəki qır ləkələrinin yaxşı təmişlənmədiyini öz bədəniylə hiss edirdi. Ancaq bunu eyninə almırdı. Bu şikəst kişinin yanında özünü qorxulardan uzaqda hiss edirdi.

Vaxtaşırı Nəsibin yaraları oyanırdı. İflic olub yerindən qalxa bilmirdi. Belə olanda Almaz özü bel-külüngü götürüb çənlərə gedirdi.

Hər dəfə çənləri sayırdı... 9, 10, 11. Neçə illik iş var idi burada.

Acından ölməyəcəkdilər.

Bu torpağın sərvətindən Almaza da pay düşmüşdü.

Həvəslə qazırdı.

Qızmar günəş altında çənin içərisi təndir kimi olurdu.

İşini tamamlayıb qopardığı qəlpələri çölə atır, toplayıb bir torbanın içinə yığırdı.

Qan-tər içərisində dikəlib mazutlu əlinin arxasıyla alnının tərini silirdi.

Gözəl bir qadın idi. Sifətinə yaxılmış qara mazut, nə sirr idisə, onu daha da gözəl göstərirdi.
XS
SM
MD
LG