Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:29

Pərvizin “Yad Dildə” romanı


Tənqidçi Cavanşir Yusifli bu məqaləsi ilə yazıçı Pərviz Cəbrayılın "Yad dildə" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Hər şeydən öncə bir sual: ”Azadlıq” radiostansiyasının müzakirəsi olmasaydı, bir sıra əsərlər, o sıradan “Yad dildə” romanı haqqında yazılan və yazılacaq şeylərin müəyyən qismi üzə çıxardımı?

Yəni, istənilən təsadüfdə oxucunu, ədəbi prosesi əsər deyil, müzakirə, hadisə, niyyət hərəkətə gətirir.

Bu müzakirələr həm də əsərlərin oxusunu təşkil edir. Düzdür, portallarda verilən reaksiyaların hansı dərəcədə oxucu rəyini ifadə etməsi həmişə sual doğurur, ancaq... əsərlə bərabər tənqidçi və oxucu zövqü də imtahana çəkilir.

Təsvirdə, obrazın yaradılmasında metodikanın düzgün seçilməməsi şübhəsiz ki, sonradan qoşulan müxtəlif əhvalatları da sadəcə yamağa çevirir.

Kənardan, içəridən təsvirə müəllif o qədər aludə olur ki, personajların danışmasına, dil açıb danışmasına ehtiyac qalmır, bu romanda danışığı andıran səs az qala yox dərəcəsindədir. Müəllif az qala hər şeyi beləcə, yavan şəkildə izah etdiyindən romanda oxunası, çək-çevir ediləsi şeylər zəbt edilir.

Əsərdə müəllif konsepsiyasına uyğun olaraq polkovnikin “insan olmaması, allahın onu və soyunu lənətləməsi...” və sair bu kimi detallar oxucu təsəvvürünü zorlayır,
Yaxınlarda elə bu radiostansiyada tənqidlə bağlı keçirilən debatda gözlədiyim reaksiyalardan biri məni bir daha təəccübləndirdi.

İzmlər, o cümlədən, semiotika, xüsusən də strukturalizm... haqqında əcaib söhbətlər bir daha təsdiqlədi ki, mövzuətrafı söhbətlər bizdə əsərin, mətnin normal təhlilini həmişə üstələyir.

Bu məqalədə əsərin, mətnin verdiyi informasiya təhlilə cəlb ediləcəkdir.

Əvvəlcə deyək ki, müəllif çox ağır bir işin altına girib: keşməkeşli və mürəkkəb hadisələrlə dolu bir dövrü əks etdirmək, onun bədii baxımdan düzgün obrazını yaratmaq və bir-birininn dalınca yazılan, çap edilən nəsr əsərlərinin içində görünmək.

Romanda müəllif konsepsiyası, fikrimizcə, sadəcə iri planda düşünülsə də, əyaniləşməyib, obrazlar, müxtəlif konseptual məqamlar sadəcə yürüdülən fikirdir, özü də obrazlı şəkildə yürüdülən fikir...(...müəllifin müxtəlif şeir parçaları tökülüb-dağılan mətnə sancaq kimi vurulur...), roman mətnində bu kimi “xam material” nə qədər desən...

Polkovnik obrazı (yaxud personajı) milli nəsrdəki “sinonimlərindən” bir addım da qabağa getməyib, burada ən pisi odur ki, eyni qəlib, eyni format eninə-uzununa istismar edilir.

Vaxtilə Mir Cəfər Bağırovdan yazılan romanların birində onun obrazı real həyatda iştəkləri səviyyəsində “çəkilirdi”, cürbəcür karandaşlarla barmaqalrının arasını qaşıyır və sair.

Yəni, xasiyyətlə bağlı elementlər obrazın yerini tutur (can yerinə cisim) və onun sxematikləşməsini sürətləndirir.

Bu tipli personajların yaradılmasında xasiyyətin, onun hər hansı təzahürünün şişirdilməsi...sonra, şişirtmənin cızdığı dairədən qaçmaq üçün köməkçi əhvalatlardan, lətifəyə xas olan təhkiyə elementlərindən istifadə, qəhrəmanla bağlı məsələnin düzgün qoyulmaması problemini ortaya gətirir.

Əsərdə müəllif konsepsiyasına uyğun olaraq polkovnikin “insan olmaması, allahın onu və soyunu lənətləməsi...” və sair bu kimi detallar oxucu təsəvvürünü zorlayır, yəni: əgər belədirsə, bunu mən də bilirəm.

Polkovnikin kimliyi adi bir detalla şərtlənir: təsvir edilən hər bir hadisə, ifadə ediləcək hər bir ideya insan xarakterinin açılmasından keçir.

Təsvirdə, obrazın yaradılmasında metodikanın düzgün seçilməməsi şübhəsiz ki, sonradan qoşulan müxtəlif əhvalatları da sadəcə yamağa çevirir.

Bu əhvalat və hadisələr (yaxud detallar) nə qədər güclü, əhatəli olsa da obrazın canlanmasına, açılıb pardaqlanmasına yardımçı olmur.

Romanda su ilə bağlı polkovnikin özünün nağılladığı hadisə yerli-yataqlıdır, müəyyən dərəcədə görk ola biləcək səviyyədədir.

Ancaq gəlin, həmin kontekstdə romanı bir də oxuyun, bu əhvalatı çıxarın, yerinə buna bənzər bildiyiniz başqa hadisələri, təhkiyə modellərini daxil edin, heç nə dəyişmir.

Bu əhvalatın təsvirində müəllif var qüvvəsini sərf edir, yad adamın dalınca suyun axışını, o dayanan kimi suyun gətridiyi meyitin burulub arxa düşməsi... dinamik detallarla təsvir edilir.

Yaxud əmisi oğlu ilə keçirdiyi uşaqlıq illərini xatırlayarkən ... marala bənzətdikləri böcəklə bağlı anım da əsərin mətn kimi “danışmasına” şans yaradır, ancaq bütün bunların heç biri gerçəkləşmir.

Diqqət yetirin: polkovnikin obrazı sxematikdir (söhbət sünilikdən, qurama detallardan deyil, məhz qəlib məntiqindən gedir, müəllif kadr arxasında dayanıb diqtə edir-!), onu diriltməyə, canlandırmağa hesablanan əhvalatlar dinamikdir və belə olduğu üçündür ki, bu “qollar” polkovnikdən ayrılıb mətnin digər parçalarına qoşulur, daha çox onların içində mənalanır, mətnin içində ayrıca hekayə təsiri bağışlayır.

Polkovnikin ölümü sadəcə elan edilir, ancaq əsərdə onun olumu ilə ölümü arasında fərq görsənmir, buna mane olan isə hər şeydən öncə sxem məntiqidir.

Bu isə kütləvi düşüncəyə xas olan ideyasızlıqdan irəli gəlir.

Polkovnikə xas olan detallar, sümükləşmiş “təzahürlər” mətndə ehtiyac duyulduğu anda deyil, müəllifin diqtəsi ilə peyda olur.

Bu məqamda bir çıxarış edək. Obrazın tarixçəsində hərəkət mühüm komponentdir. Burada “hərəkətə sıçrayış məqamı” dəqiq tutulmalıdır.

Ən mütəhərrik detal təsvirə macal tapmamış hərəkətə çevirilir.

Folknerin “Yanğın” hekayəsində olduğu kimi. Folkner insan xarakterini yaradarkən, elə cizgilərdən və detallardan istifadə edir ki, burada adi bir detalın və əşyanın təsviri xarakterin açılmasında həm vasitə rolunu oynayır, həm də detalın özünün görünməyən tərəflərinin kəşfi və canlandırılması kimi səciyyələnir.

«Yanğın» hekayəsində qəhrəman da, epizod da, detal və hadisə də ayrı-ayrılıqda yox, birlikdə götürülərək təsvir edilir və nəticə etibarilə müəllifin izlədiyi mətləbin qaranlıq konturları işıq haləsinə bürünür.

Bu mənada demək olar ki, Folkner personajın xarakterini, necə deyərlər işləyərək, qətrə-qətrə yaradır.

Hekayədə təsvir edilən ötkəm və hirsli atanın «qara və hirsli pencəyi», «axsaq ayağı» adicə detallar deyildir.

Bunlar hekayənin bədii mətnində qəfildən, həm də buna ifrat dərəcədə kəskin ehtiyac duyulduğu zaman meydana çıxır və onlar, bu obrazlar kosmik təbiətləri etibarilə sözügedən hadisənin üzərinə gözqamaşdırıcı və parlaq işıq salır.

Folkner hərəkəti və hadisəni təsvir etmir. Onu təsvir etməyə macal tapmamış göstərə bilir; «qara və hirsli pencək» təsvir məqamına çatdırılmamış göstərilən hərəkətdir.

Burada iki əks istiqamətdə cərəyan edən hadisənin, necə deyərlər ani olaraq bir nöqtədə birləşməsi məqamı əks etdirilir: əşya içindəki dinamikanın gücünə hərəkət keyfiyyəti qazanır, hərəkət isə ifrat intensivliyin və ekspressivliyin gücünə «əşyalaşır».

“Yad Dildə”nin planının dağınıqlığı, təsvirlərin mətn boyunca ixtiyari şəkildə səpələnməsi, detalların təyinatına uyğun işlənməməsi, yaxud hərəkətin təsvirlə, təsvirin isə fonla çaş-baş salınması... sonda romana ağırlıq gətirir, onun özünü “yad dilə” çevirir.

Kommunikasiya itir, itmiş, qıfıl vurulmuş dil haqqında mif yaranır. Bu qədər müxtəlif, müxtəlif tonlu və rəngli əhvalatlarla dolu olan roman nəyə görə bəsitdir, ideyaca sönük və primitivdir?

Çünki əsərin planındakı qütbləşmə, zahiri “ikiplanlılıqla” daxili yeknəsəklik əslində onu göstərir ki, bu hadisələrin içində bişən, onlar haqıqnda başqalarının bilmədiyi məqamları da görən müəllifin münasibəti bəsitdir, onun düşüncəsində on illik bir dövrü əhatə edən hadisələrin inkişaf dinamikasının eybəcər bir formula dirənməsinin cavabı, izahı yoxdur, yaxud müəllifin təklif etdiyi şərh faciənin dərinliyini göstərə bilmir.

Bunun üçün çıxış yolu mətndə mövcud idi.

Xəyanət, satqınçılıq, hərəkatın içinə “düşürülən virus” – kompüter diliylə mətndə təzahür edən digər olaylar, onların “şeirləşmə” şəklində deyil, başqa orijinal mövqedən təsvirinə, yaxud hərəkat üzvlərinin –ASİLƏRİN həm də adicə insan kimi verilməsinə ehtiyac vardı.

Kənardan, içəridən təsvirə müəllif o qədər aludə olur ki, personajların danışmasına, dil açıb danışmasına ehtiyac qalmır, bu romanda danışığı andıran səs az qala yox dərəcəsindədir.

Müəllif az qala hər şeyi beləcə, yavan şəkildə izah etdiyindən romanda oxunası, çək-çevir ediləsi şeylər zəbt edilir, diqqət yetirsəniz mətndəki mifoloji paradiqma da süni və quramadır, bütün hallarda bu, mətnin sehrindən, təsvir məkanının içindəıki sirdən irəli gəlmir.

Belə olduğu üçündür ki, Dədə Qorqud dastanının adlarından istifadə də gözlənilən effekti vermir, bəlkə daha çox əks təsir oyadır.

Bir-iki personajın, o cümlədən Ce-nin adı istisnadır. Çe təhrikçidir, onun son dərəcə təsirli yazıları bomba kimi partlayır.

Daha sonra onun Selcan Xatunla şeirləşməsi verilir.

Obraz inkişaf etmir, xarakter açılmır, “uzununa təsvir” oxucunu təngə gətirir, əhvatlar nə qədər fərqlənsə də, sadəcə boy sırasına, bir-birinin dalınca düzülür, onların bu düzülüşü daxili dəfetmə yaratmır.

Burda mənə təhlildə ənəvi anlayışlardan istifadə üstündə irad tutula bilər.

Pərviz Cəbrayıl
Bu baxımdan, başqa perspektivləri göz önünə almaq üçün romanda bu təsəvvürləri kardinal şəkildə dəyişən Alən-Rob-Qriyyedən sitat vermək istərdim:

“... doğrudan da, Prust və Folknerin kitabları bilavasitə ən müxtəlif hadisələrlə, əhvalatlarla doldurulmuşdur; ancaq Prustun romanında onlar sanki pərən-pərən düşüb, sonra təhkiyəçinin şüurunda mövcud olan zaman arxitektonikasına tabe olaraq, yenidən birləşirlər; Folknerdə isə müxtəlif mövzuların inkişafı və onların arasındakı çoxsaylı assosiativ keçidlər, ümumiyyətlə, hər cür xronologiyanı dağıdıb, məhv edir; hərdən adama elə gəlir ki, təhkiyə prosesində peyda olan hadisələr sanki elə oradaca qeybə çəkilir, silinib gedir.

Hətta Bekketin özündə də hadisə baxımından qüsur yoxdur.

Ancaq bu hadisələr arasıkəsilmədən bir-birlərini dəf edir, bir-birlərini şübhə altına alır, bir-birlərini o dərəcədə dağıdıb məhv edirlər ki, eyni bir cümlə özündə həm təsdiq, həm də inkarı ehtiva edə bilir.

Mahiyyət etibarı ilə bu romanlarda təkcə süjet deyil, onun həqiqətə uyğunluğu və sadəlövhlüyü mövcud deyildir.

Əgər bir belə adlı-sanlı sələflərimdən sonra mənə özümün təcrübəmə istinad etmək icazəsi verilərsə, deyərdim ki, həm «Lastik», həm də «Xəfiyyələr» romanında tamamilə seçilib fərqləndirilmiş intriqa mövcuddur; bu əsərlərdəki «hərəkət» də adətən dramatik hesab edilən çoxlu elementlərlə aşıb-daşır.

Və əgər ilk səhifələrdə oxucu, bu romanların hər cür daxili gərginlikdən xali olması fikrinə düşürsə, buna səbəb o deyilmi ki, sadəcə yazının özünün hərəkəti burada ehtirasların inkişafından və cinayət kollajından daha mühümdür?

Bununla belə, mən tam aydın təsəvvür edirəm ki, bir neçə on il ötüşəndən sonra, bəlkə bir az da tez bu cür yazı tərzi adi şəkil alacaq və akademizm səciyyəsi daşımağa başlayacaq.

Görünür, elə o zaman bütün diqqətlər ona yönələcəkdir; cavan romançılar isə öz növbələrində nəsə yeni bir şey icad etmək arzusunda bulunacaqlar, tənqid isə yenə elan edəcək ki, bu yazıçıların əsərlərində heç nə baş vermir, hamı durub-oturub əlahəzrət hadisənin xiffətini çəkəcək, tənqidçilər onları təxəyyül çatışmazlığında günahlandırıb nümunə kimi bizim romanlarımızı göstərəcəklər. «Bax, görürsünüz, əllinci illərdə nə gözəl əhvalatlar quraşdırıblar!»

Həmçinin oxu
Nərmin Kamal. Qaranlıq üfüqlər və “Yad dildə”
Tehran Əlişanoğlu. “Yad dildə”ni doğma dilə çevirərkən
Kənan Hacı. "Yad dildə" gəzişmələr
Əsəd Cahangir. “Yad dildə” stolüstü yox, stulüstü roman ola bilər”
Elnarə Tofiqqızı. Yad dildə Ədəbi Hadisə
PƏRVİZ "Yad dildə" (Romandan parça)
XS
SM
MD
LG