Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:27

Oğlu Nazim Hikmətin adını daşıyan vəqflə əlaqə saxlamır


Kiymet Coşkun
Kiymet Coşkun
Türk şeirinin böyük ustasının adını daşıyan vəqfin başqanı Kıymet Coşkun ilə “Azadlıq” radiosunun Türkiyə təmsilçisi Mayis Əlizadə söhbətləşib.

M.Ə. Türkiyədə uzun müddət Nazim Hikmətin adını çəkmək belə böyük risk sayılıb. Siz də vəqfi bu risk altında yaratdınızmı?


K.C. Biz Nazim Hikmət vəqfini yaratmaq üçün işə 1990-cı ildə başladıq. 91-in mayında vəqfi təsis etdik.

Vəqfin yaradılmasında Nazim Hikmətin bacısı Samia Yaltırımın zəhməti çoxdur.

Onun müraciəti ilə yaradılan Təşəbbüs qrupuna Nazimin yaşayan dostları, qohumları, şairlər, sənətkarlar, ziyalılar qoşuldu. Vəqf yaradılandan sonra biz idarə heyətinə seçildik və bu günə qədər gəldik.

Vəqfin yaradılmasının əsas məqsədi Nazim Hikməti gələcək nəsillərə tanıda bilmək üçün onunla bağlı olan hər şeyi bir yerə toplamaqdır.

O vaxtlar kitabları çıxanda şeirlərindəki bəzi sözlər-məsələn, “kommunizm” sözü - nöqtələrlə əvəz edilirdi.

Bu, “iməciliklə” yaradılmış bir vəqfdir.

2000-ci ildə vəqfin fəaliyyətinə dəstək məqsədi ilə açdığımız ilk sərgiyə 120 rəssam əsər bağışladı.

Bunların çoxu Türkiyənin tanınmış səsnətkarları idi. Kitablarının qonorarını bağışlayan şair və yazarlar oldu. Aktyorlarımız tamaşalardan gələn gəliri vəqfə bağışladılar.
Eyni zamanda, Nazim Hikmətlə bağlı araşdırmalar aparan şəxslərə dəstək vermək bizim başlıca məqsədlərimizdən sayılır.

Türkiyədə vəqf yaratmaq üçün vəqfin üzərinə qeyd ediləcək daşınmaz əmlak və pul lazımdır.

Bu baxımdan vəqfin Nazim Hikmətin dostlarının və onu sevənlərin yardımı ilə qurulduğunu deyə bilərəm. Məsələn, rəssamlar tablo verərək vəqfin qurulmasına kömək etdilər.

M.Ə. Hansı rəssamlar? Nazimin şeirlər həsr etdiyi Abidin Dino, Avni Arbaş, İbrahim Balabanmı?

K.C. Əlbəttə. Abidin Dino vardı, Avni Arbaş, İbrahim Balaban vəqfin qurulması üçün dəstəklərini əsirgəmədilər.

2000-ci ildə vəqfin fəaliyyətinə dəstək məqsədi ilə açdığımız ilk sərgiyə 120 rəssam əsər bağışladı.

Bunların çoxu Türkiyənin tanınmış səsnətkarları idi. Kitablarının qonorarını bağışlayan şair və yazarlar oldu. Aktyorlarımız tamaşalardan gələn gəliri vəqfə bağışladılar.

Müğənni və bəstəkarlarımızın vəqfin qurulması və 20 ildən bəri fəaliyyət göstərməsindəki rolu böyükdür. Onlar bəzi konsertlərinin gəlirini vəqfə verdilər. Nazimin Türkiyədə heç bir mal-mülkü yoxdur.

Ailəsi Nazim Hikmətə aid olan bütün əşyaları bizə verdi. Bu, “iməciliklə” yaradılmış bir vəqfdir.

Bu günə qədər çox iş gördüyümüzə inanıram. 12 sentyabr 1980-ci ildəki dövlət çevrilşinin izləri 80-ci illərin axırlarında yavaş-yavaş silinməyə başlasa da, o vaxtlar Nazimin bir şeir kitabını evində saxladığına görə insanları həbs edə bilirdilər.

Nazim Hikmətin pyesini səhnələşdirən hər hansı bir həvəskar teatr qrupu Anadolunun bir guşəsində polis nəzarətinə alınırdı.

Vəqfi yaradanda bizi tənqid edənlər deyirdilər ki, siz Nazim Hikmətə ziyan vurursunuz; çünki hər an basqına məruz qalma təhlükəsi ilə üz-üzə qalacaqsınız. Biz çıxdığımız bu yolda bir çox çətinliyi geridə qoyduq.

Bunun nəticəsində indi Nazim Hikmət Türkiyənin hər yerində sərbəst şəkildə oxuna bilir.

Vəqfin öz məqsədinə böyük ölçüdə çatdığını düşünsəm də, hələ görəcəyimiz çox işin olduğunu vurğulamaq istərdim. Onların da həyata keçəcəyinə inanıraam.

M.Ə. 1950-63-cü illər arasında Nazim Hikmət Moskvada yaşayıb. Türkiyəni tərk etməsinin və öz ölkəsində uzun müddət yasaqlı olmasının səbəbi nə idi?

Alman yazar Stephan Hermlin və Nazım Hikmet, Berlin, 1952.
K.C.
Təbii ki, siyasi baxışları. Bəzi vaxtlarda kitabları çap edildi, bəzi vaxtlarda isə kitabları yığışdırıldı.

O vaxtlar kitabları çıxanda şeirlərindəki bəzi sözlər-məsələn, “kommunizm” sözü - nöqtələrlə əvəz edilirdi. Bu, Nazimin kitablarının yığışdırılmaması üçün edilirdi.

Böyük xərclər çəkilərək çap edilən kitabların yığışdırılması nəşriyyatları çətin vəziyyətə saldığına görə, bəzən naşirlər özləri kitablardakı bəzi şeirlərə senzura tətbiq etmək məcburiyyətində qalırdılar.

O, siyasi baxışlarına görə təzyiqlərə məruz qalmışdı və Türkiyəni də siyasi baxışlarına görə tərk etmişdi. Kitablarının yığışdırılması uzun müddət davam etdi.

M.Ə. Moskvada birlikdə yaşadığı qadın Vera Tulyakova vəqfinizə gəldimi? Ölümündən əvvəl Vera ilə əlaqəniz vardımı?

K.C. 1992-ci ildə-anadan olmasının 90-cı ildönümündə biz bir həftə xeyli tədbir keçirdik. Moskvanın Böyük teatrın aktyorları onun “Bir aşk masalı” pyesindən fraqmentlər göstərdi. Vera da gəlmişdi.

O tədbirlərimizdə ilk dəfə bir hadisə yaşandı və mədəniyyət naziri Fikri Sağlar tədbirimizdə iştirak edərək dövlətin adından Nazim Hikmətdən üzr istədi.

Bu, tabuların yıxılması istiqamətində önəmli bir başlanğıc idi. Vəqfimiz yaradılandan sonra Nazimin Rusiyadan, Azərbaycandan və dünyanın bir çox ölkəsindən yaxın dostları buraya gəldi.

2002-ci ildə Nazim Hikmətin anadan olmasının 100 illiyi idi. Biz mədəniyyət nazirliyinə müraciət edərək onun ad gününün bütün dünyada qeyd edilməsi üçün kömək istədik.

UNESCO-nun bununla bağlı qərar qəbul etməsində bizim də rolumuz az deyildir. Azərbaycanın o vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu ilə də görüşdük və Polad bəy də Nazim Hikmətin anadan olmasının 100 illiyinin dünya miqyasında qeyd edilməsi üçün bizə kömək etdi.

Biz həm Türkiyədə, həm də dünyada Nazim Hikmətlə bağlı bir çox tədbirin təşkilatçılarındanıq. Bu istiqamətdəki işlərimiz davam edir. Yanvar ayında Kubada idik. Oraya Nazim Hikmətin bir heykəlini apardıq.

Kubada Nazim Hikmətin çox sevildiyini yəqin ki, siz də bilirsiniz. Səfərimiz çox uğurlu keçdi. Kubalı şair Nikolas Gilyen Nazim Hikmətin yaxın dostu olub.

O da sürgün illərini Moskvada keçirib. İnqilabdan sonra öz ölkəsinə qayıda bilib. Bu mənada Nazim Hikmətə görə bəxti gətirən bir şairdir. Pablo Neruda kimi.

Gilyenin başqanı olduğu bir vəqflə əməkdaşlıq edirik. Nazim Hikmətin beynəlxalq aləmdəki dostları ilə əməkdaşlıq şəraitində fəaliyyətimizi davam etdiririk.

Məqsədimiz Nazim Hikmətə aid olan əşyaların nümayiş etdirildiyi bir muzey yaratmaqdır. Bunun üçün çox gecikmək istəmirik. İqtisadi cəhətdən çətinliklərimiz çoxdur.

M.Ə. Dövlət dəstək vermirmi?

K.C. Türkiyədə mədəniyyət işləri ilə məşğul olan vəqflərin vəziyyəti heç də ürək açan deyil. Biz Nazim Hikmətin adına görə, dövlətə müəyyən məsafədə durmaq məcburiyyətindəyik.

Nazim Hikmətin makinədə yazdığı "Ölü qızcığaz" şeiri və yapon uşaqların ona yazdığı təşəkkür məktubu.
Onun adına ziyan vuracaq hər hansı addımı ata bilmərik.

Ona görə də işlərimiz bir az çətin gedir. Ancaq bütün sıxıntılara baxmayaraq, hər işin öhdəsindən gələcəyimizə inanıram. Yaxın gələcəkdə Nazim Hikmət muzeyini onu sevənlərin ixtiyarına verə biləcəyimizi umuram.

M.Ə. 90-cı illərin ortalarında Alparslan Türkeş Nazim Hikmətin şeirini oxudu.

Bir neçə ay əvvəl Məclis sədri Məhmət Əli Şahin Moskvada Nazim Hikmətin məzarına gedəndə dedi ki, Nazim bir neçə dəfə məscidə getdiyinə görə, mən də onun qəbrinin üstünə gəldim. Sizcə, bu işlər hansı məqsədi daşıyır?


K.C. Bu, Nazim Hikmətin öz gücün qəbul etdirməsidir. Hər şeydən əvvəl, ona “xain” deyənlərə öz gücünü qəbul etdirməsidir.

M.Ə. Moskvada yazdığı əsərlərində komunistləri çox tənqid etdiyini görürük.

Sadə həyatndan heç vaxt vaz keçməyib. Andrey Voznesenski “1969-un buzu” adlı poemasında yazır ki, ömrünün axırına yaxın qarlı bir dekabr gecəsində Nazim Hikmətlə bir ziyafətdən çıxdıq.

Paltosu yox idi, ona görə də pencəyinin altından sinəsinə 2 qəzet qoyub yaxasını düymələdi ki, üşüməsin. Bu baxımdan da Nazim Hikmət bir yazarın əyilməzliyinin abidəsi deyilmi?


K.C. Əslində Nazim Hikmət tipik bir sənətkar örnəyidir.

O, həmişə müxalif ola bilib. Məncə, bütün sənətkarlar onu örnək kimi qəbul etməlidirlər. O, heç vaxt başını əyməyib və kim səhv edibsə, səsini ucalda bilib. Bu baxımdan da böyük bir insandır.

M.Ə. Arxiv sənədləri KQB-nin onu bir addım da diqqətdən kənarda qoymadığını göstərir. Avropaya Türkiyədən gələn kommunistlərlə görüşməyə gedəndə KQB-nin adamları ondan bir addım da ayrılmayıblar.

O qədər xarizmatik bir insan idi ki, danışığı ilə onu dinləyənləri öz təsiri altına sala bilirdi. Ona görə də Nazim Hikməti nəzarət altında saxlamaq çətin idi.

Onun Türkiyədə təqib edilməsi ilə bağlı vəqfinizdə arxiv sənədləri varmı?

K.C. Bəzi sənədləri çap etmişik. Mənim axırıncı kitabımda da əvvəllər görmədiyiniz sənədlər var. Ancaq məhkəmə qovluğuna daxil edilən sənədlərdən başqa, kəşfiyyatın materiallarını hələ də görə bilməmişik.

Onların da bir gün açıqlanacağına inanırıq. Ancaq o raportlarda nələrin ola biləcəyini təxmin edə bilirik. Məhkəmələrə təqdim edilən raportlardan başqa bir şey olacağını da zənn etmirəm.

M.Ə. Həbsdə 13 il qalmışdımı - 1937-50?

K.C. 1938-də həbsə girdi, 1950-də çıxdı. Ancaq ondan qabaq da qısa müddətli həbslərdə olmuşdu.

M.Ə.1950-də əfvlə çıxdımı?

Kiymet Çoşkun və Mais Əlizadə
K.C
. Bəli, əfvlə çıxdı. Ümumilikdə 17-18 il həbsdə qalıb.

M.Ə. Nazim Hikmət onunla Bursa həbsxanasında yatan rəssam İbrahim Balabana deyirmiş ki, burdan çıxandan sonra elə şeirlər yazacağam ki, tavada qızardılan balıq kimi bunları yandıracağam.

O vaxtın hökumət başçısı Adnan Menderesi ən sərt sözlərlə Nazim Hikmət tənqid edib. Onun bəzi şeirlərini oxuyanda bu gün cərəyan edən prosesləri 60 il əvvəl sezdiyini görürük.

Nazim Hikmətin Türkiyəni aydınlığa qovuşdurmaq üçün apardığı mübarizəni vəqf necə davam etdirir?


K.C. Bu gün Nazim Hikməti keçmişdəki kobud ifadələrlə damğalamırlar. İndiki gəncliyin Nazim Hikmətə böyük rəğbəti olduğunu görürəm. Mən bunu da Nazim Hikmətin gücünün cəmiyyətdəki əks-sədası kimi xarakterizə edirəm.

O, sadəcə yaşadığı əsrin şairi deyil. İnsanlar Nazim Hikmətin şeirlərində axtardıqları ümidi tapırlar.

M.Ə. Tarixə baxanda Nazim Hikmətin Türkiyədə çox az sərbəst yaradıcılıq imkanı tapdığını görürük.

Sağlığında onunla dostluq etmiş insanlardan indi həyatda kim qalıb? 89 yaşlı rəssam İbrahim Balaban “buz baltası” kimidir. Ailəsindən kimlər var?


K.C. Bacısının dünyasını dəyişməsindən xeyli keçdi. Bacısının uşaqları var. Oğlu yaşayır.

M.Ə. Oğlu Türkiyədə yaşayır, yoxsa Bolqarıstanda?

K.C. Fransada. Türkiyəyə də gəlib-gedir.

M.Ə. Sizinlə əlaqəsi varmı? İşlərinizi dəstəkləyirmi?

K.C. Yox, bizimlə əlaqəsi yoxdur.

M.Ə. Kitablarının nəşr haqqı sizdədirmir?

K.C. Yox, oğlundadır. Ona görə biz maddi cəhətdən çətinlik çəkirik.

Oğlu da Nazim Hikmətin kitablarının nəşr haqqını Yapı və kredit bankına verib. SSRİ-də yazdığı vəsiyyətnaməsi Türkiyədə qüvvədə olmadığına görə, kitablarının nəşr haqqı oğlunda, Rusiyada isə Vera Tulyakovadadır.

M.Ə. Nəşr haqlarının sizdə olması daha məntiqli deyilmi?

K.C. Biz nə deyə bilərik? Hüquq var və oğlu da hüquqlarından istifadə edir.

Biz də Nazim Hikmətin kitablarını çap etmək istərdik, ancaq bütün haqlar Yapı və kredit bankındadır. Bizim bankla bəzi sahələrdə əməkdaşlığımız da olur.

M.Ə. Xaricdə çıxan kitablarından sizə qonorar gəlirmi?

K.C. Yox, biz ordan da qonorar almırıq. Sadəcə kitabları vəqfdə toplayırıq. Əgər bu yaxınlarda Azərbaycanda çıxmış kitabı varsa, onu da bizə göndərmələrini xahiş edirik.

Çünki Nazim Hikmətin dünyanın çox yerində kitabı çıxır və biz də dostlarımızın sayəsində onları vəqfimizin kitabxanasına gətizdiririk. İyun ayında Antalya bələdiyyəsi ilə birlikdə təşkil etdiyimiz konsertdə pianoçu Fazil Say 10 min nəfər tamaşaçıya “Nazim Hikmət oratoriyası”nı çaldı.

Biz o konserti gəlir əldə etmək məqsədi ilə təşkil etməmişdik.

Nazim Hikmətin Moskvadakı məzarı
Ancaq Türkiyənin müxtəlif yerlərində təşkil etdiyimiz bu cür tədbirlərdən vəqfimiz müəyyən qədər pul da qazanır. İndi Türkiyənin bir çox teatrında Nazim Hikmətin pyesləri tamaşaya qoyulur.

M.Ə. Mədəniyyət nazirliyi ilə əlaqələriniz hansı səviyyədədir? Nazir sadəcə açılış və konsertlərinizə gəlir, yoxsa vəqfin layihələrinə dəstək verilirmi?

K.C. Nazirliyin vəqfə köməyindən söhbət gedə bilməz. Layihələrimiz olanda biz də başqaları kimi nazirliyə təqdim edirik. Bəzilərinə dəstək veriblər, bəzilərini isə rədd ediblər.

Türkiyədəki vəqflər ticarətlə məşğul ola bilmədiklərinə görə, gəliri vəqfə bağlı olan şirkətlərdən əldə etməyə çalışırlar. Bizim də sənət və mədəniyyət işlərindən pul qazanmağa çalışan bir şirkətimiz var.

Bu yaxınlarda heykəltəraş Məhmət Aksoyla bağlı sənədli film çəkdik.

Məhmət Aksoy Nazim Hikməti çox sevir. Sənədli filmə mədəniyyət nazirliyi dəstək verdi. Ancaq o biri layihələrimizə və muzey üçün bina tələbimizə mənfi cavab verdilər.

M.Ə. Azərbaycanla əlaqələriniz yaxşıdırmı?

K.C. Azərbaycan Yazıçılar birliyi ilə əlaqələrimiz yaxşıdır. Anar bəy Türkiyəyə gələndə mütləq bizi də ziyarət edir. Bakıda Nazim Hikmətin tədqiqatçısı Aqşin Babayevlə görüşmüşdük. Arif Məlikov yaxın dostlarımızdan biridir.

M.Ə. Ancaq onu ən yaxşı tədqiq edən Əkbər Babayevdir. Moskvada bir yerdə olublar. Əkbər Babayevə həsr etdiyi şeir də var.

K.C. Vera Tulyakova Nazim Hikmətin xatirəsini çox əziz tuturdu. Onun Moskvadakı evi olduğu kimi saxlaması bizim üçün son dərəcə qiymətlidir. Orada Nazimin xatirələri yaşayır.

Veranın ölümündən sonra onun qızı Nazim Hikmətin xatirəsini o evdə yaşadır.

Təəssüf ki, Əkbər Babayev həyatda olanda vəqf yaradılmamışdı. Yoxsa onunla da məmnuniyyətlə görüşərdik.

Azərbaycana Nazim Hikmət adının yaşadıldığı bu məkandan salam və sevgilərimi göndərirəm.
XS
SM
MD
LG