Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:33

Mətanət Vahidova "Mənim atam olmayıb" (Hekayə)


Deyəsən, mən də adamam – yerə dikməyə başım, yol çəkməyə gözlərim, susmağa ağzım var çünki.

Ancaq hərdən adam olduğuma şübhə edirəm, axı bütün adamların atası olur. Mənimsə atam olmayıb heç vaxt...

Özümü ilk xatırladığım anamın bətnində altı aylıq olduğum vaxtdır. Anam bir kişi ilə meyvə-tərəvəz köşkünün qarşısındaydı, nahara qızartmağa kartof alırdılar.

Anamın gözü qalmışdı ətri ətrafa yayılan sapsarı əppək heyvalarda, nəfsi çəkirdi hər halda.

İstəyirdi necə həvəslə baxdığını yanındakı kişi də hiss eləsin, heyva alsın, ona görə gözlərini çəkmirdi sapsarı heyvalardan.

Kişininsə gözləri olsa da, heç nə görmürdü.

Cibindəki onluqların, beşliklərin arasından bir manatlıq çıxartdı, kartofun pulunu verib getmək istəyəndə anam məcbur olub üzlülük etdi, əl uzadıb heyvanın birini götürdü, ətrini burnuna çəkdi. Satıcı sevindi dərhal, heyvasına da müştəri çıxdı deyə.

-- Götürün, bacı, götürün, əla heyvadı, Ağdaşdan gətirilmədi.

-- Neçəyədi heyva? – bunu o kişi soruşdu.

-- Üçcə manata.

Anamın üzünə təbəssüm çökdü. Əlini uzadıb heyvalardan birini də götürdü, torbaya qoyanda: -- Üç manata heyva olaar, a kişi? -- yanındakı kişi ikisini də alıb yerinə qoydu.

--Nübardır deyə bir az bahadır, amma vallah, bizdə başqa yerlıərdən çox ucuzdu.

Anam baxışlarıyla yalvarırdı sanki: -- Heç olmasa, birini alaq.

-- Bahadır.

Mən yerimdə qurcalandım, nədənsə dar gəldi mənə yerim. Mən də heyva istəyirdim, bəlkə elə anam da heç özüyçün istəmirdi onu, mənimçün istəyirdi. Bilmirəm. Amma onu bilirəm ki, həyatım boyu ən zəhləm gedən meyvə heyva oldu.

Bayaqdan maraqla baxırdım, yəqin mənim atam bu kişidir deyə. Amma indi rahat nəfəs aldım; bu simic kişi mənim atam ola bilməzdi.

...Anam sevincindən yerə-göyə sığmırdı; üç oğuldan sonra qızı dünyaya gəlmişdi. Bu balaca, ağappaq, toppuş qızcığazın yolunu elə gözləmişdi ki anam.

-- Ay qızım, muştuluğum səndə, göyçək bir qızın oldu – deyən akuşer xalanın şad xəbərini eşitcək ağrısını unudub xoşbəxt təbəssümünü taxdı üzünə. Həmin xala körpənin atasından da muştuluq almaq üçün qaçıb birinci mərtəbəyə çatdırdı özünü:

-- Oğlum, muştuluğumu ver, ay parçası kimi bir qızın olub – çəkisi də dörd kilo üç yüz qram. Maşallah, maşallah, tfu, tfu, göz dəyməsin.

-- Nə qız, ay xala?! Mənim nəslimdə qızı olan olmayıb. Mənim nə bacım var, nə bibim. İki qardaşımın da hərəsinin iki oğlu var. Neynirəm qızı?

Çıxıb getdi...

Mənim atam getməzdi amma. Belə xəbərdən sevincək olub çıxarıb bir şax beşlik verərdi o xalaya, sonra da məni və anamı görmək üçün dil tökərdi tibb bacısına.

Onun da cibinə şirinlik basıb tez çıxacağına söz verərək girərdi palataya, amma tez çıxmazdı.

İçəri girib əvvəlcə anamın alnından öpərdi, “sağ ol, quzum, hər şey üçün sağ ol” deyə. Sonra məni qucağına alıb təəccüb, sevinc və təlaşla baxardı üzümə.

Anama bənzədiyimə çox sevinər və incəcik öpüşünü toxundurardı yanağıma. Tibb bacısı “nə qədər həkim gəlib çıxmayıb, tez çıxın palatadan” deməyincə yanımızda qalardı.

Evə gedən kimi qardaşlarıma məni ağız dolusu tərif edər və gələcəyimlə bağlı şirin xəyallar quraraq yuxuya gedərdi.

Yox, yox, qızı dünyaya gəldiyini eşidincə xəstəxananı tərk edən bu sevgisi kəm adam mənim atam ola bilməzdi, sən demə, mən yanılmışam.

...Beş yaşım vardı. Dayımgil bizə qonaq gəlmişdilər. Atamla nərd oynayırdılar. Məndən üç yaş böyük qızı “ata” dedikcə dayım elə şirin-şirin “haycan” deyirdi ki. Nazını çəkir, əzizləyirdi qızını. Bizim evdəki kişi də danlayırdı dayımı:

-- İndidən təpövə çıxartma, soora düşürdə bilmiceysən.

Dayımsa cavabında gülümsəyirdi, “o mənim gözümün işığıdır” deyirdi. Dayım qızına paxıllıq edirdim.

Onun atası vardı, mənim yox. Mən istəyirdim dayım mənim atam olsun, başımı sığallasın, “qızım” desin, “haycan” desin, əzizləsin, oxşasın məni. Mən evimizdəki o kişiyə “ata” deyirdim, amma o mənim atam deyildi.

...Bir dəfə işdən evə gəlib anamı al-qan içində gördüm, aldığı zərbələrdən üzü tanınmaz hala gəlmişdi.

O necə döyülmüşdüsə, qanı divarlara sıçramışdı. Səbəb?.. (İstənilən səbəb bir insan övladının vəhşicəsinə döyülməsinə nədən olurmu?) Səbəbin anamın qonşuya keçməsi, bu kişinin evə gəlincə onu evdə görməməsi olmuşdu.

Direktoru olduğu məktəbdə komissiyanın qarşısında sarısını udan adam bütün stresini anamı döyməklə atmışdı. Anamı çox döymüşdü bu illər ərzində, amma belə amansızlığı ilk dəfə görürdüm.

Uşaqlıqdan həmişə anama “boşan o adamdan” demişdim, anamsa hirslənirdi mənə, qadının ər evindən ancaq kəfənilə çıxmalı olduğunu deyirdi.

Qarşımdakı yataqda anam idi uzanan, amma onun daim nurlu çöhrəsi gömgöy idi indi, üzündə barmaq qoymağa yer yoxdu.

Mən yerimə mıxlanmış kimi baxırdım onun üzünə, nə edəcəyimi bilmədən. Anamın partlayıb şişmiş dodaqları aralandı, nə isə deməyə çalışırdı. Yaxınlaşıb diqqət kəsilincə pıçıltısını zorla duydum:

-- Qızım, qazın üstündə tavada kotlet var, get ye, özünü ac qoyma.

Heç bir şey deyə bilmədim, sözlər tıxandı boğazıma, gözlərimdə yaşlar dilləndi sadəcə. İçimdə bir qəzəb kükrədi. İllər boyu anama, qardaşlarıma, mənə etdiyi haqsızlıqlar, kobudluq və qəddarlıqlar bircə anda səpələndi göz önümə.

Mən bütün böyüklər kimi, yenidən uşaq olmaq istəmirəm. Uşaqlıqdan ən çox yaddaşımda qalan evdəki çığır-bağır, anamın göz yaşları və daimi bədbəxtlik aurasıdır.

“Acıların rəngi yoxdur” deyirlər, yalandır. Mənim çəkdiyim acılar qırmızı rəngdə idi, al-qırmızı qan rəngində.

Allah ömrümdən yazmasın bu həyatı, təzə ömür istəyirəm. Mən nifrət edirdim o adama, bütün varlığımla nifrət edirdim.

Bir an sonra mətbəxdəydim, ət doğrayan iri bıçağı qapıb onu axtardım, bu ömürlər qatilini.

Qonaq otağında televizora baxa-baxa yatıb qalmışdı, iyrənc xorultusu yayılırdı ətrafa. Bıçağı qaldırdım ürəyinə saplamaq üçün.

Bacarmadım. Bacarmadım, çünki damarlarımdan onun qanı axsa da, mən birinin həyatına qıya biləcək vəhşi deyiləm. Adamam mən axı, heç adam da adama qıyarmı?!.

...Hər yerdə atamı axtarırdım. Ailəsini maşınına mindirib çimərliyə aparan, hər günü gözəl əhval-ruhiyyə ilə bayrama çevirən, ailəsindən heç nəyi əsirgəməyən xeyirxah, mərhəmətli, mehriban olan hər kəs mənim atam idi.

Amma sənədimin ata adı yerində evimizdə yaşayan bu qəzəbli kişinin adı yazılmışdı nədənsə...

O, beş il öncə dünyasını dəyişdi, qəribə olsa da, heç ağlamadım mən.

Ağlamağa bir səbəb yoxdu çünki, insan sevdiyini itirəndə ağlayar. Mənsə bəlkə də sevinirdim onun yoxluğuna.

Hə, sevinirdim, əlbəttə sevinirdim. Artıq anamı hər gün döyüb-söyən, hər şeycün deyinən, mənə az qala hər gün “evdə qalmısan” deyə tənə vuran biri yoxdu və biz azad idik.

Nə olsun ki, həyatda istədiyim heç nəyə nail ola bilməmişəm, müsabiqəyə düşüb ali məktəbə qəbul olmadığımdan xəstəxanada sanitar işləyirəm, çirkin olduğum üçün qırx səkkiz yaşımda hələ də evdə qalmışam, nə olsun?!

Axı mənim də haqqım var rahat yaşamağa, axı mən də adamam – mərhəmətli olmaq üçün ürəyim, yardıma ehtiyacı olana uzatmaq üçün əllərim, dərd çəkməkdən düyünlənmək üçün qaşlarım var.

Amma... Bəlkə mən heç adam deyiləm, axı mənim hamı kimi atam olmayıb...
XS
SM
MD
LG