Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:56

Elmar Vüqarlı "Məndəsən bu səhər"















AZƏRBAYCAN ƏSGƏRİ


Sən xalqımın pənahı,
Döyünən ürəyisən,
Azərbacan əsgəri!
Azad, nurlu Vətənin
Keşiyi, gərəyisən,
Azərbaycan əsgəri!

Ruhumuzun qüvvəti,
Millətimin təpəri.
Zülmətləri dağıdan
Azadlığın səhəri,
Ulu Türkün varlığı,
Ulu Türkün zəfəri -
Azərbaycan əsgəri!

Əyilməsin vicdanın,
Qırılmasın inamın.
Yıxılmasın vüqarın,
Qoy sapmasın gümanın.
Səninlədir ədalət,
Tələbisən zamanın,
Azərbaycan əsgəri!

Qarabağa yolumuz
Tanrımız olsun kömək!
Qüdrətini, gücünü
Son döyüş göstərəcək.
Öz qanıyla sadiqdir,
Andından dönməyəcək!
Şəhidliyin mübarək,
Hərbi andın mübarək!
Azərbaycan əsgəri!


MƏNDƏSƏN BU SƏHƏR

Məndəsən bu səhər
tənimdə can kimi,
məndəsən bu səhər
yaşanmış zaman kimi…

Yerdə, göydə - hər yanda
Səni görürəm gözsüz,
mənimlə danışırsan
həm kəlməsiz, həm sözsüz.
İçimdə yollar gedər
yoluna qovuşmağa,
ürək atar qəmini
sonuna qovuşmağa,
ey mənim varlığım,
yoxluğum Qidası,
sevincimin,
kədərimin, əzabımın,
fərəhimin Mayası!

Dünyanı əldən salan
qanlı müharibələrdən,
“izm”lərə dolaşmış
yarıtmaz nitsşelərdən,
qafamı alt-üst edən
bayağı nəğmələrdən,
özünə tərif deyən
kişicik gədələrdən,
zəhlətökən, içiboş,
çürük düşüncələrdən,
açılması zor olan,
düyünsüz düyünlərdən
rahatlıq tapmaq üçün
üz tutmağa yerim var:
ora nə çayxana,
nə bar,
nə sauna-masajdır;
nə məsciddir,
nə kilsə,
nə də başqa kitabdır!

Ovunduğum o məkan –
Sənlə dolu ürəyim!
Həm varlığın özüdür,
həm Özüdür ürəyim!
Quşların cəh-cəhinə,
burax, qarışsın səsim,
oxusun əsim-əsim:
Məndəsən bu səhər
tənimdə can kimi,
məndəsən bu səhər
yaşanmış zaman kimi…
XS
SM
MD
LG