Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:32

ZAUR "Solmuş ümidlər" (Hekayə)


“MƏNİM BÖYÜK DÜNYAM” gündəliklərindən
(“ƏSGƏRLİK ANLARINDAN QEYDLƏR” silsiləsi)


SOLMUŞ ÜMİDLƏR...

Mən evdən çıxıb, hərbiyə gələn günü düşünürdüm ki, məni ailəmdən, sevgilimdən, yaşadığım mühitdən ayıran bir il altı ay heç bir şeyi dəyişməyəcək.

Mənə elə gəlirdi ki, bu vaxt elə gəlib keçəcək ki, sanki yuxu yatıb, qalxmışam.

Qayıtdıqda da hər şeyi qoyub getdiyim kimi də görəcəyəm. Yenə də qəsəbənin qurtaracağında təzə inşa olunan məktəbin yanındakı bir mərtəbəli, xudmani evimiz, evdəki insanlar...

Təkcə mənə elə gəlirdi ki, qayıdanda əlimlə evdəki iş otağımın pəncərəsinin qarşısına basdırdığım qızılgül çubuğunu dəyişik – böyümüş, qol – budaq atmış, şaxələnmiş, güllərinin ətri adamı bihuş edəcək görəcəyəm.

Bu yaxınlarda hərbi xidmətini başa vuran və yenidən aktiv yaradıcılığa başlayan gənc yazıçı Zaurun “Aldadılmış ər” adlı kitabı çapdan çıxıb.

Bu onun oxucularla üçüncü görüşüdür.

“Aldadılmış ər” povestində gənc, şou-biznes aləmində məşhur olan bir müğənninin qalmaqallı taleyi, həyatında buraxdığı ciddi səhvlər nəticəsində sevdiklərini itirməsindən bəhs edilir.

Povestdən başqa kitaba hekayələr də daxil edilib. Onlardan birini "Oxu zalı"nda dərc edirik.
Sevgilimə qaldıqda isə onu da necə qoyub, getmişdimsə də, elə bir az da gözlərində həsrət görəcəyəm. Məni görəndə gülümsəyəcək. Sonra...

Şad xəbəri mənə ən yaxın əsgər yoldaşım Əlimərdanov verdi: - Mehdizadə, əmrimiz çıxdı, - Həmin gündən sonra hərbidəki son günlərimi sayırdım. Nəhayət illərə bərabər olan günlər gəlib yetişdi. Təxris olub, hərbi biletimi alıb, hamı kimi dərhal evə tələsmədim.

Baxmayaraq ki, qəlbimdə bir il altı aylıq həsrət vardı. Artıq bura da mənə doğma, əziz yer idi.

Hərbidən ayrılmağın özü də asan ola bilməzdi. Neçə vaxtdan bəri evə getmək, sevdiyimi görmək həsrətilə alışan ürəyim elə bil ki, indi alışıb, yanıb, sönmüşdü. İçimdəki közərti tamam başqa hisslər oyatmışdı məndə.

Sanki hərbidə olduğum müddətdə daima mənimlə olan, hər zaman öz – özümlə tək qalanda mənə təsəlli verən, bu günə qədər ayaqda durmamın yeganə səbəbkarı naməlum insan səsi indi mənə bəd xəbərlər verir, hər zaman məni sakitləşdirən, indi içimdən məni didib, parçalayırdı.

Amma nədənsə, bu bəd xəbərin nə ilə bağlı olduğunu açıqlamırdı. Elə bil, buradan çıxmağıma mane olurdu.

Lakin daha burada qalmam mümkünsüzdü. Qarşıda məni nələrin gözləyəcəyindən asılı olmadan, getməliydim...

Xidmət etdiyim tabora daxil olduqda, tabor komandiri mayor İsmayılov Elşən günorta yerbəyerini keçirir, sıranın qarşısında dayanıb, nəyəsə əsəbi halda danışır, əllərini belinin üzərində çarpazlayaraq, sıranın önündə sağa – sola hərəkət edirdi.

Mən onun əsəbi olduğunu görüb, geri dönmək istəyirdim ki, mayor İsmayılov: - Bu qədər, hamınız şəxsiyyətin üstünə!

Güman edirəm ki, dediklərimdən bir nəticə çıxaracaqsınız.

Azadsınız! - Qərargah rəisi mayor Sadıqov Eldəniz tabor komandiri fikirlərini tamamlayan kimi şəxsi heyətə “Farağat!” komandası verdi.

Mayor İsmayılov yenidən geriyə dönərək əsəbi halda, dodağının altında “Azad...” komandası verib, dönüb Qərargaha doğru getmək istəyirdi ki, ayaq saxlayıb, sağ əlini sıranın arxasına uzadaraq: - Mehdizadəyə deyin, yanıma gəlsin, – deyib, ağır, yeyin addımlarla taborun sıra meydanından Qərargaha doğru çıxan beş pilləli daşdan olan pilləkənləri qalxıb, Qərargaha çatana qədər yolda bölüklərin qarşısında dayanan bölük növbətçilərinə tapşırıqlarını verirdi.

Mayor İsmayılov Elşən bizim tabor komandirliyinə yeni təyin olunmuşdu.

Yadımdadır, ondan öncəki tabor komandirimiz mayor Mövlanov Nizami gedəndə, hamımızın ürəyinə vəl – vələ düşmüşdü ki, görən, yeni komandirimiz necə insan olacaq?!

Zabitləri tabor komandirinin tələbkar olub – olmaması, biz əsgərləri isə bizimlə münasibətinin necə olacağı çox narahat edirdi. Mayor Mövlanov tələbkar və bir az da kobud olmasına baxmayaraq, artıq üz – gözümüz ona öyrənmişdi.

Nəhayət, yeni tabor komandirimiz orta boylu, idmançı qamətli, üz – gözündən zəhrimar yağan mayor İsmayılov gəlib çıxdı.

Vaxt ötdükcə, bizimlə doğma qardaş münasibətində olmasını gördükdə, bütün qorxu – hürkümüz yox olub getdi. Sən demə, düz deyiblərmiş ki, “zahirinə yox, daxilinə baxıb, qiymətini ver”.

Dəfələrlə, əsgərləri düzüb, tabor komandiri kimi yox, bir böyük qardaş kimi nəsihətlər verməsi, problemlərimizlə maraqlanması, bizdə ona qarşı böyük inam və güvən yaratmışdı.

Düşünürdük ki, bir şey olsa, mayor İsmayılov var, o bizim arxamızda dayanacaq.

Hərbinin belə bir qanunu da var ki, əgər bir – birilə yüngülcə, savaşsa və ya dalaşsa, gərək komandir dərhal bu barədə Yuxarı komandanlığa raportla müraciət etsin. Amma mən bir dəfə görmədim ki, mayor İsmayılov hansısa əsgər haqqında raport yazıb, həmin əsgərin valideynlərinin gözünü yaşlı qoysun.

O, taborda elə şərait yaratmışdı ki, bizim taborda hamı bir – birinə (istər zabit - gizir, istərsə də əsgər heyəti) doğma qardaşı kimi yanaşırdı.

Mən xidmətim müddətində bir neçə taborlarda olsam da, bu cür münasibəti məhz mayor İsmayılovun rəhbərlik etdiyi taborda gördüm.

O, hərbidə gün sayan əsgərlərdə (əsgərlərin hamısında bu bir ənənə halını alıb) elə böyük milli – vətənpərvərlik ruhu oyadırdı ki, ömürnün sonuna qədər burada qalıb, vətənə xidmət etmək istəyirdin.

Bəlkə, bu gün mənim də təxris olub, buradan ayrıla bilməməyim, bura – vətənə xidmətdən doymamağımın elə məhz ən böyük səbəbkarı mayor İsmayılovdur.

Keçmişi xatırlarkən, rabitə tağım komandiri baş leytenant Əliyev Rövşənin səsi məni xəyallardan ayırdı:

- Mehdizadə, kambat bayaqdan səni gözləyir e...

- Hə,bilirəm komandir, bu dəqiqə gedirəm.

Baş leytenant Əliyev Rövşən də gözəl insandı. Zavallının adamı yoxdur deyənə, beş ildir ki, tağım komandiri vəzifəsindən yuxarı qalxa bilmir.

Mən Qəraraha tərəf yön alıb, ovunmuş, üzərində Qarabağ müharibəsindən yadigar qalan güllə izləri pilləkənlərlə yuxarı çıxıb, Qərargaha daxil oldum. Bu balaca dəhlizdə, üç qapı vardı.

Brinci qapı tabor komandirinin, ikinci Minaatan batareya komandiri baş leytenant Eminov Ramizin, üçüncü isə qərargah rəisi mayor Sadıqov Eldənizin otağının qapısı idi.

Mən indi hörmət nümunəsi olaraq, məni tabor komandirinin çağırtdırmasına baxmayaraq, hamısı ilə ayrı ayrılıqda görüşməliydim.

İlk döydüyüm qapı tabor komandirinin qapısı oldu:

- Yoldaş mayor, əsgər Mehdizadə əmrinizlə gəlmişdir!

Mayor İsmayılov dodaq altı gülümsəyərək, sağ əlini məhz çəkirmiş kimi daz başına çəkərək: - Sən artıq təxris olmusan və mənim tabeçiliyimdən çıxmısan, məruzə etməyin lazım deyil, - deyib, oturmaq üçün mənə yer göstərdi: - Tural, – o, ilk dəfə idi ki, mənim adımı çəkirdi, - mən bu az müddət ərzində səni qanacaqlı, qabiliyyətli bir əsgər kimi tanıdım.

Qabiliyyətinlə yanaşı həm də gözəl təşkilatçı olduğunun şahidi oldum.

Mən bu gün təəssüf hissi keçirirəm ki, sənin kimi əsgərimizin birini də itirdik.

Amma təəssüflə yanaşı, həm də sevinirəm ki, Azərbaycanımızın sənin kimi oğulları var ki, harda olmağından asılı olmayaraq, millətimizin, dövlətimizin maraqlarına qulluq edəcəksən...

Elə bu yerdə onun stolunun üstündəki xidməti telefonunun ətürpədici səsi otağı bürüdü.

Onun dəstəyi götürərək, ayağa qalxıb: - Yoldaş polkovnik, gün ərzində taborda heç bir hadisə baş verməmişdir tabor komandiri mayor İsmayılov! Hər vaxtınız xeyir, yoldaş polkovnik! – deyib, əlavə etdi: - Oldu, baş üstə,bu dəqiqə gəlirəm.

Mən bildim ki, bu zəng edən polkovnik – leytenant Zaur Məmmədovdur. Mayor İsmayılov dəstəyi yerinə qoyub, sağ əlini mənə uzadaraq: - Tural, sənə bundan sonrakı həyatında uğurlar arzu edirəm, – deyib,mənimlə birgə çölə çıxdı və tələsik də hərbi hissənin qərargahına tərəf yön aldı. Mən isə yenidən qərargaha döndüm.

Çünki üzərimdə böyük haqqı olan qərargah rəisi mayor Sadıqovla görüşməmişdim. Mən o, insanı unuda bilmərəm. O, bütün əsgərlərə doğma balası kimi baxırdı.

Elə anlarımız olub ki, bayramlarda qurbanlıq qoyun alıb, kəsdirib, evində iri bir qazanla bişirtdirib, gətirib ki, mənim əsgərlərimin gözü yolda qalmasın. Hər dəfə də bölüklərdə əsgərlərlə maraqlanmağa gedərkən də heç nə gətirməsə də bir bağlama konfet gətirib, hamımıza paylayırdı.

Biz heç zənn etmirdik ki, o, bizim bir başa rəisimizdir.

Elə mühit yaradırdı ki, elə bilirdik ki, burada bizim atamız mayor Sadıqovdur.

Otağına daxil oldum, həmişəki kimi fikrə gedib barmaqları ilə qara, dən düşmüş (otuz, otuz iki yaşı olar və ya olmaz bu komandiri hərbi vaxtından əvvəl qocaltmışdı) bığlarını oxşayırdı.

Məni görcək, yenə də soyadımın qısaldılmış forması ilə müraciət edərək: - Ooo... Maliko,sən hələ burdasan, niyə getməmisən, camaat hamısı çıxdı getdi...

- Yoldaş mayor,sizinlə görüşməmiş getsəydim, özümü günahkar bilərdim. Üstümüzdə çox haqqınız var.

- Yaxşı, keçmə yenə şairliyinə, - deyərək bir az zarafat etdi.

Biz onunla olub – keçənlərdən söhbət edib, sonda əl uzadıb, mənimlə səmimiyyətlə görüşüb, əlini cibinə salıb, bir qədər, pul çıxarıb: - Yol gedirsən, birdən yol pulun – filan olmaz: - deyib, pulu mənə sarı uzatdı.

Mən qəti surətdə onun əlini geri qaytararaq, səmimiyyətlə görüşüb, hərbi salam verib, otaqdan çıxdım.

O, da mənimlə birgə dəhlizə çıxıb, məni yola saldı. Mənim isə hələ burada görüşəcəyim çox adamlar var idi.

Mən hərbiyə ilk gəldiyim günlərdə buranı belə təssəvür edə bilməzdim. Mənə elə gəlirdi ki, zabitlər qəddar, daş ürəkli bir insanlardı. Sonradan mayor İsmayılov, mayor Sadıqov, kapitan Eyvazov, kapitan Xəlilov kimi zabitlərin timsalında onların da həlim ürəkli bir insan olduqlarının şahidi oldum. Hətta sonradan mənə elə gəlirdi ki, zabitlər həyatlarını vətən uğrunda fəda edən fədailərdi.

Çünki hər insanda vətənə qarşı bu qədər məhəbbət ola bilər, lakin ömrünü, gəcliyini, həyatını vətən uğrunda xidmətə sərf edən yalnız və yalnız zabitlərdi. Amma nə yazıq ki, onların da bəzilərinə vaxtında qiymət verilmir.

Bütün bunlara baxmayaraq bu kimi hallar onların vətənə xidmətinə mənfi təsir etmir. Bəzən qəlblərinin dərinliyində üzlərində əks olunan ümidləri sınsa da, vətənə olan səvgiləri ölmür, gün – gündən daha da artırdı.

Necə ki, bir neçə dəfə mayor Sadıqov zabitlərlə danışarkən eşidirdim: - Məni nə rütbəmin, nə vəzifəmin artmağı yox, düzgün, vicdanla qulluq etməyim maraqlandırır, sabah təqaüdə çıxarkən övladlarımın üzünə dik baxa bilim.

Beləcə taborumuzun yaxınlığında köhnə, güllələrlə dərmə - deşik edilimiş, lakin bu gün əsgər mağazası olan vaqona getdim.

Dərs saatından sonra bura əsgərlərlə dolu olurdu. Valideyn görüşləri də burda olduğundan boş saatı olmurdu.

Uşaqlar hərbi biletimi əlimdə görcək, sevinc hissi ilə mənimlə qucaqlaşıb öpüşürdülər.

Mən də buranın adətlərinə əməl edərək sağ əlimlə hərbi biletimi hələ məndən sonra xidmət edəcək yoldaşlarımın başına çəkirdim ki, onlar da mənim kimi sağ salamat çıxıb, evlərinə getmək nəsib olsun.

Sonda xidmətim müddətimdən az sonra mənimlə birgə olan, gerçəkdən də dostum Əbdürrəhmanov Elçinin məni qucaqlayıb, ağlaması elə bil bayaqdan içimdəki səsi yenuidən dilləndirdi. Onun səsini eşitməsəm də hiss edirdim ki, mənə nəsə yaxşı söz demir, yenə də içimi didib – parçalayırdı.

- Tural, mən bundan sonra dərdimi burada kiminlə bölüşəcəyəm – Elçinin göz yaşları ilə dediyi bu sözlər məni də kövrəltdi.

- Darıxma qardaşım, az qalıb,inşallah tezliklə sənində vaxtın bitər, qayıdarsan valideynlərinin üstünə, - deyib, tez də oradan uzaqlaşdım ki, zavallı uşağı bir az da kövrəltməyim.

Onsuzda ürəyi yaralı uşaqdır. Hərbiyə geldiyindən üç ay sonra atası maşın qəzasına düşüb, həlak olmuş, anası ilə balaca bacısı tək qalmışdılar.

Son dəfə geriyə dönüb taborumuza, çılpaq dağlara və həmin dağların arxasında dayanan, hazırda isə erməni işğalında olan başı qarlı dağlara həsrətlə baxıb: - Tanrım, o dağların azadlığı uğrunda olan döyüşlərdə mənim də iştirakımın olmasını nəsib etsin, - deyib, qarşıda dayanan taksiyə yaxınlaşıb, qapını açıb əyləşdim.

***

Yol boyu içimdəki naməlum səs mənim evə gəlib, çıxmağıma mane olsa da, qəsəbəmizə çatıb, dayanacaqda maşından düşəndən sonra əhvalım tamam dəyişdi. Heç elə bil, bayaqdan ürəyi sıxılan, özünə yer tapa bilməyən Tural mən deyildim.

Evimizə gedən yolda daima məktəblilərin olmasına baxmayaraq bu gün yol da boş idi. Yəqin ki, dərs vaxtı qurtarmışdı. Amma bir az irəlidə sevgililərin dalaşmasını gördüm.

Onlar məni görcək, səslərini kəssələr də, oğlanın qıza göz yaşı ilə: -Sənin bu xəyanətini səndə qoymayacağam, – deyib, qaçaraq uzaqlaşmasını gördüm. Qız çox sakit, keyfi saz halda göz – qaşını süzdürərək, mənim yanımdan ötüb keçdi.

Ürəyimdən yaxınlaşıb, məsələni soruşmaq keçsə də, düşündüm ki, nəsə ağır bir söz deyər, pərt olaram.

Odur ki, evimizin talvarına tərəf sevincək boylanaraq, irəliləyirdim. Sanki ayaqlarıma da qüvvət gəlmişdi ki, evə tez yetişim. Atam həmişə bu vaxtlar talvarın altında oturub, çay içər,siqaret çəkərdi, amma indi görünmürdü.

Darvazamızın qapısını açıb içəri girdikdə, hər zaman səs – küylü, şən görünən həyətimizdə sanki ölü bir sükut vardı. Bu sükut məni çox qorxutdu. Anamın gəlişimdən xəbəri olmadığından içəridən səsi eşidildi:

- Kimdi, gələn?!

Mən cavab vermədim. Elə iş otağımın pəncərəsinin yanından keçib, qapıya yaxınlaşmaq istəyirdim ki, gözüm əsgər getməmişdən öncə basdırdığım qızılgül çubuğunu gəzdi.

Ətrafdakı kollar gül açmış, iyi uzaqdan adamı valeh edirdi. Amma nədənsə mənim basdırdığım çubuq elə bil bir az böyüyüb şaxələnmiş, lakin qurumuşdu. Üzərində sapsarı saralıb, büzüşmüş bir qızılgül vardı.

Elə zənn edirdim ki, mən qayıdanda bu gül şaxələnib, böyüyəcək, üzərində saysız gözəl qızılgüllər bitəcəkdi.

Mən də ilk gəldiyim gün həmin ağacın güllərindən qırıb, əsgərlikdən sonraki ilk görüşümüzdə Nalana verəcəm. Demək, arzum ürəyimdə qaldı...

Talvara daxil olub qapıya yaxınlaşaraq, gözüm atamın burda özü üçün taxtadan düzəltdiyi oturacağı və masanı gəzdi. Heç biri yerində yoxdu.

- Ay Allah, balam gəldi, - deyərək anam ağlayaraq, üzərimə gəlib, məni qucaqlayıb, elə qapının ağzındaca, hönkürməyə başladı.

Anamın ağlamağına dayana bilməyib, mənim də gözlərim doldu. Onun boynunu qucaqlayıb, təskinlik verdim:

- Nəyə ağlayırsan, ay arvad, budur gəldim də...

- Eh... ay bala, sən evdən çıxanda atan Quranın altından səni keçirib, niyyət etdi ki, gələndə də balamı özüm elə bu Quranın altından keçirim. Yetim Tofiqə qismət olmadı, balasının üzünü görmək. Öləndə də gözləri açıq getdi.

Anamın sözlərindən ayaqlarım yerə yapışdı. Anam nə danışırdı, məgər atam rəhmətə getmişdi?!

Anam mənim halımın pisləşdiyini görüb, sakitləşib, üzümdən – gözümdən öpüb, məni içəri çəkdi.

Qonaq otağıda xalçanın üzərindən atamın böyüdülmüş çərçivəsində qara lent olan şəklini gördükdə, hər şey aydın oldu.

Anamsa danışırdı... Sən demə atam artıq altı aymış ki, ağ ciyərin xərçənginə tutulub, yataqda yatırmış. Mənə də xəbər etməyə qoymurmuş ki, narahat olaram.

Öləndə də vəsiyyət edib ki, balama xəbər verib, onu orda narahat etməyin, xidmətinə mane olmayın. Anama da qohumlar məsləhət biliblər ki, onsuz da Turalın gəlməyinə bir ay yarımı qalır.

Deyib, uşağın ürəyin qırma. Gələr, yavaş – yavaş başa salarıq. Amma bu xəbəri gələn kimi eşitməyim, bütün həyatımı söndürüb, qaranlıqlaşdırdı.

- Bala, - deyə, anam yenə də hıçqırdı: - Qara torpaqlığ anan bu gün səni bəd xəbərlərlə qarşıladı.

Bağışla bala, anan ölsün. Qoruya bilmədim, nişanlın da atandan sonra üzüyü gətirib qaytardı. Birdə xəbər tutdum ki, imkanlı bir oğlana ərə gedib...

31 İyul 2010.
Bakı şəhəri.
XS
SM
MD
LG