Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:15

Gülün səfərindən nə gözləyək?


Sinan Oğan
«Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfərindən ciddi nəticələr gözləmək lazım deyil».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan deyib. Onun sözlərinə görə, bu görüşdə həll olunmalı məsələ yalnız viza məsələsidir.

Sinan Oğan deyib ki, hazırda Türkiyə ilə Azərbaycan arasında yeni bir məsələ gündəmdə yoxdur:

«Yeni bir başlıq indi onsuz da gündəmdə yoxdur. Bu vaxta qədər gündəmdə olan məsələlərin həll olunması uğrunda görüşmələr lazımdır. Dağlıq Qarabağ məsələsi, Türkiyə və Ermənistan məsələsi gündəmdə var».

Sinan Oğan deyib ki, Türkiyə və Azərbaycan arasında olan münasibətlər Türkiyə ilə Ermənistan arasında olan münasibətlərə doğrudan da təsir edir. Onun sözlərinə görə, gündəmdə olan məsələlərin hamısı demək olar ki, müzakirə olunacaq:

«Təbii qaz bunlardan biridir. Hazırda Xəzərin statusu məsələsi həll olunmadan türkmən və özbək qazının Türkiyəyə və Avropaya ötürülməsinin mümkünlüyünə dair yeni hüquqi sənəd hazırlanmaqdadır.
Vəfa Quluzadə
Bu da Türkiyə ilə Azərbaycan arasındakı enerji münasibətlərini yeni bir vəziyyətə gətirib çıxaracaq».

Azərbaycanlı politoloq Vəfa Quluzadə isə Türkiyə prezidentinin Azərbaycana səfərini olduqca önəmli hesab edir. O deyir ki, bu iki ölkə bütün dünyaya bir millət olduğunu sübut etdiyi üçün bütün addımlarını da birgə atmalıdır:

«Türkiyə artıq regional dövlətə çevrilib. Azərbaycan isə geosiyasi mövqedə yerləşir. Bu iki ölkə səylərini birləşdirməli və gücləndirməlidir. Azərbaycanla Türkiyə bir olmalıdır və addımlarını birgə atmalıdır. Türkiyə Qarabağ məsələsində böyük rol oynayır və oynamaqdadır. Ona görə ki, Türkiyə bu problemi özünün problemi kimi qələmə verib və dünyaya bəyan edib».

XS
SM
MD
LG