Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:58

Qapalı həbsxanadan işgəncə sədaları


Tünzalə Həziyeva
Tünzalə Həziyeva
«İctimai Komitənin üzvləri Qapalı Həbsxanada monitorinq apararkən təsadüfən Komitənin üzvü Əliməmməd Nuriyev qardaşımın saxlandığı kameranın qapısını açıb. Qardaşımdan soruşub bir şikayətin var? Qardaşım da şikayətlənib, deyib bizə verilən çörək xəmirdir, müalicə müəssisəsinə köçürülməyimi istəyirəm, köçürmürlər, «starşina» məni incidir, istəyirəm rəis məni qəbul eləsin, eləmir. Hüquqlarımın bərpası üçün harasa ərizə yollayanda getmir. İctimai Komitənin üzvləri gedəndən sonra qardaşıma işgəncə veriblər ki, sən niyə şikayət eləmisən?»

HÜQUQ MÜDAFİƏÇİLƏRİNƏ ŞİKAYƏTLƏNƏN MƏHBUSUN AQİBƏTİ

Ömürlük məhbus Zaur Həziyevin bacısı Tünzalə Həziyeva qardaşının Qobustan həbsxanasında işgəncələrə məruz qaldığını deyir. Onun sözlərinə görə, qardaşı saxlandığı şəraitdən və həbsxana işçilərinin məhkumlara münasibətindən şikayətləndiyinə görə ona həbsxana işçiləri tərəfindən işgəncələr verilir.

Tünzalə Həziyevanın sözlərinə görə, qardaşı həbsxananın bir neçə əməkdaşı tərəfindən döyülüb, aldığı zərbələr nəticəsində qulağından qan açılıb. Həbsxana rəhbərliyi onu karserə saldırıb, töhmət elan edib. Karserdən çıxandan sonra həbsxananın rəisi Kazım Abdullayev və onun müavini Namiq Əliyev tərəfindən təkrar döyülüb, burnu sındırılıb.

Tünzalə Həziyeva deyir ki, növbəti dəfə qardaşı bu il iyunun 20-də gəzintiyə çıxarılan zaman döyülüb, qarnına dəmirlə xəsarət yetirilib. İşgəncələrə etiraz əlaməti olaraq iyunun 21-dən iyulun 31-nə kimi aclıq aksiyası keçirib.

Tünzalə Həziyeva deyir ki, qardaşı həbsxananın bir neçə əməkdaşı tərəfindən döyülüb,
Həbsxanaya gələn və Zaur Həziyevin vəziyyətinin dözülməzliyindən xəbər tutan hüquq müdafiəçilərinin müraciətindən sonra məhbus müalicə müəssisəsinə köçürülüb, iki gündür ki, orada həkim nəzarətində saxlanılır. Tünzalə Həziyeva deyir ki, qardaşı müalicə müəssisəsinə köçürüldükdən sonra onunla görüşüb. O, qardaşının bədənində çoxsaylı işgəncə izlərinin olduğunu deyir.

Həm Zaur Həziyev, həm də Tünzalə Həziyeva işgəncə faktları ilə bağlı Baş Prokurorluğa şikayət ediblər. Şikayət ərazi üzrə Qaradağ rayon Prokurorluğuna göndərilib və şikayəti 2 aydan artıqdır ki, prokurorluğun müstəntiqi Vüsal Müslümov araşdırır. Tünzalə Həziyeva deyir ki, müstəntiq Zaur Həziyevi bir dəfə Qobustan Həbsxanasında dindirib.

MÜSTƏNTİQ: «MƏHBUSUN ŞİKAYƏTİNİ ARAŞDIRIRIQ»

İşgəncə şikayəti üzrə məhbusun ərizəsinin araşdırılması ilə bağlı əlavə məlumat üçün müstəntiqə müraciət etdik. Vüsal Müslümovun cavabı qısa oldu:

«Hazırda araşdırma davam edir və nəticəsi barədə ərizəçiyə məlumat veriləcək».

Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə deyir ki, Zaur Həziyevə bircə çırtma da vurulmayıb:

«O aclıq eləyib, aclıq elədiyinə görə həkim nəzarətində saxlamışıq, sonra təkid edib ki, müalicə müəssisəsinə köçürülsün, həkimlər müayinədən keçiriblər, məsləhət görüləndən sonra müalicə müəssisəsinə köçürülüb».

Çingiz Qənizadə
«Məhbus niyə aclıq aksiyasına əl atmalı idi?» Mehman Sadıqov bu sualımızı belə cavablandırdı ki, Zaur Həziyevin aclıq keçirməsi həbsxanada ona işgəncə verilməsinə görə olmayıb, o, ümumiyyətlə, barəsində çıxarılmış hökmlə razılaşmadığına görə hələ istintaq altında saxlanılarkən də belə aksiya keçirib.

Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət üzrə İctimai Komitənin üzvü Çingiz Qənizadə deyir ki, Tünzalə Həziyevanın qapalı həbsxanada saxlanılan qardaşı ilə bağlı mətbuatdakı çıxışlarından sonra komitə üzvləri həbsxanada olublar. Onlar Zaur Həziyevlə görüşüblər və məhbusun vəziyyətinin həqiqətən də kritik olduğunu görüblər:

«Biz gördük ki, Zaur Həziyev həbsxananın tibb müəssisəsində xərəkdə uzanıb, danışa bilmir, halsızdır, aydınlaşdırdıq ki, onun bu vəziyyəti aclıq etməsindən irəli gəlir, həkimin qeydiyyatı ilə rəsmən 6 gün idi ki, aclıq edirdi. Ancaq həbsxana işçilərinin və məhbusların qeyri rəsmi demələrinə görə 1 aydan artıq idi ki, aclıq edirdi. Danışa bilmirdi, biz ona qələm kağız verdik, yazdı ki, məni müalicə müəssisəsinə köçürsünlər».

Çingiz Qəniyev deyir ki, məhbus onlara həbsxana işçiləri tərəfindən döyülməsindən də şikayətlənib.

BMT-nin İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov deyir ki, cəzaçəkmə yerlərində məhkumlara verilən işgəncələrlə bağlı şikayətlər ötən illə müqayisədə artıb.
XS
SM
MD
LG