Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:32

Müxalifət liderini qoruya bilməyən polis rəisi vəzifəsindən uzaqlaşdırılıb


Dəniz Baykal
Dəniz Baykal
Aprelin 2-də Van şəhərinə gedən Cümhuriyyət Xalq Partiyasının keçmiş lideri Dəniz Baykalın mühafizəsini lazımi səviyyədə təmin etməyən vilayət polis idarəsinin rəisi Şükrü Rafet Mert vəzifəsindən uzaqlaşdırılıb.

Məlumatı «Anadolu» agentliyi yayıb.

Polis rəisi «rəsmi sənədi saxtalaşdırmaqda» ittiham olunur.

İttihamnaməyə görə, müxalifət liderinin mühafizəsinə az sayda adam ayıran polis rəisi sonradan saxta sənəd hazırlayaraq Dəniz Baykalın mühafizəsinə əlavə 163 polisin cəlb edildiyini yazıb. Daxili İşlər Nazirliyinin müfəttişləri sənədin sonradan tərtib edildiyini müəyyənləşdiriblər.

Partiyasının toplantısında iştirak etmək üçün aprelin 2-də Vana gedən Dəniz Baykal toplantı salonuna yaxınlaşarkən bir qrup adam tərəfindən daş və yumurtaya tutulmuşdu.

Dəniz Baykal təxribatın iqtidardakı Ədalət və İnkişaf Partiyasının sədr müavini Hüseyn Çəlik tərəfindən təşkil edildiyini bildirmişdi. Hüseyn Çəlik bu iddianı təkzib edirdi.

Kürd təmayüllü Barış və Demokratiya Partiyası da təxribatdan xəbərdar olmadığını açıqlamışdı.

Daxili İşlər Nazirliyi hadisəni araşdırmaq üçün bölgəyə iki müfəttiş göndərmişdi.

Müxalifət partiyaları və media Dəniz Baykala qarşı təxribatı ləng araşdırdığına görə Daxili İşlər nazirini tənqid edirdilər.
XS
SM
MD
LG