Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:31

İslam futbola və başqa oyunlara necə baxır?


2014-cü ilin Braziliyadakı futbol üzrə Dünya Çempionatından iranlı azarkeşlər
2014-cü ilin Braziliyadakı futbol üzrə Dünya Çempionatından iranlı azarkeşlər
İslam yarananda futbol yox idi, elədə haradan bilək ki, futbol halaldır, ya haram? Bəs futbolda kimin udması ilə bağlı mərc gəlib, pul qoymaq necə? Azərbaycan idmançıları arasında islamın yayılması idmana mane olmur ki? Bütün bu suallara 2010-cu ilin Futbolz üzrə Dünya Çempionatı öncəsi də cavab aramışdıq. Futbol üzrə Avropa çempionatı öncəsi həmin müzakirəni yenidən təqdim edirik.


"İSLAMDA İDMAN HARAM OLA BİLMƏZ"

Verilişin qonağı, ilahiyyatçı Kəbleyi Sübhi deyir ki, İslam dini yaranmışların hamısını hərəkətə dəvət edir. Və bu din idman oyunlarının hamısını bəyənir. Onlar sırasında haram olanı yoxdur.

«Düzdür, o vaxt futbol olmayıb. Amma o demək deyil ki, o zaman olmayan şeylər indi yaranıb deyə, haram olmalıdır. İslamda yalnız qumar qəti qadağan edilib. Hz. Peyğəmbərdən qabaqkı zamanlarda istifadə olunan, qumar üçün istifadə olunan kartlar var idi ki, onları pulnan da oynasan haramdır, pulsuz oynasan da. Amma nərd, domino, boks və müxtəlif idman növlərinin haramçılığı yoxdur».

1 STƏKAN ÇAY ÜÇÜN OYNANILAN NƏRD HARAM OLA BİLMƏZ

Kəbleyi Sübhinin sözlərinə görə, istənilən idman növünü qumar halına salmaqla onu haram etmək olar. Amma gərək pul oyun daha geniş kütləni əhatə etsin:

«Əgər məhəllədə oturub bir stəkan çaya nərd, ya domino oynayırsansa, bu, haram sayılmaz. Kimsə çempionatda iştirak edib mükafat qazanırsa, bu da haram deyil».


RƏŞAD SADIQOV: «İSLAM MƏNƏ HƏR ŞEYİ ÖYRƏTDİ»

«Qarabağ» futbol komandasının kapitanı, milli komandanın üzvü Rəşad Sadıqov neçə illərdir ibadətlə məşğuldur. Deyir ki, İslam onun peşəkar fəaliyyətinə çox yardımçı olub:

«Quranda da ayə var ki, cinləri və insanları yaratdım ki, mənə ibadət etsinlər. Mən də onun əmrini yerinə yetirirəm. Tək peşəkar fəaliyyətimdə yox, bütün həyatımda mənə dəstək olub Düzgün yaşamağı, ata-anaya hörməti, qonşuya, dosta, dövlətə-millətə hörməti öyrədib. Bunların hamısı İslamdan keçir və hamısını bizə öyrədir və daha da möhkəmləndirir».

HACI MƏHƏMMƏD: «ALLAH MƏNİM QAPIMI AÇDI»
Kəbleyi Sübhi
Tanınmış idman ustası Hacı Məhəmməd isə İslama üz tutandan sonra nailiyyətləri daha da çoxalıb. Milliyyətcə rus olan və əvvəllər Vitali Apuşkin adını daşıyan bu idmançı 50 yaşında ikən gördüyü yuxudan sonra müsəlman olmağa qərar verib. İslamı qəbul edəndən sonra müxtəlif beynəlxalq yarışlarda veteranlar arasında dünya və Avropa çempionu adını qazanıb.

«Mən müsəlman olan kimi namaza gəldim. Allah mənim üçün qapını açdım. 61 yaşında cüdo üzrə Avropanı udmuşam. Qəbul edən kimi allah mənə güc verdi, şəfa verdi. İslama gəldim. La-ilahə illəllah deyib müsəlman olmadım, necə lazımdır eləmişəm. Mən əvvəl içki içirdim siqaret çəkirdim söyüş söyürdüm».

«BƏZƏN FUTBOLÇU ORUC TUTDUĞUNA GÖRƏ ZƏİF OYNAYIR»

İdman yazarı Coşğun Eldaroğlu isə idmançıların dinə meylli olmasının onların karyerasına mane olduğunu düşünür. Onun sözlərinə görə, bəzi idmançılar önəmli oyunlardan öncə məşq toplantıları zamanı öhdəliyi yerinə yetirmirlər. Çünki diqqətlərini ibadətə yönəldirlər:

«4-5 il bundan əvvəl Azərbaycan yığması Bakıda Bolqarıstanla oynayırdı. O vaxt milli komandanın kapitanı Rəşad Sadıqov oruc tutduğuna görə zəif çıxış etmişdi. Hətta deyirdilər ki, komanda rəhbərliyi ona oruc tutmamağı məsləhət görsə də, o dinləməyib. İndi milli yığmanın məşqçisi Berti Foqs almandır, ona belə şeylər anlayan deyil».

C. Eldaroğlu deyir ki, artıq idmançılar arasında da məzhəblə bağlı problemlər var. Bir sıra tanınmış futbolçuları sələfilərə yaxın olmaqda ittiham edirlər:

«Mən özüm bəzi futbolçuların toyunda iştirak etmişəm. Orada qadınların iştirakına icazə verilmirdi, süfrədə içki yox idi. Deyilənlərə görə, bu idmançılar sələfi məzhəbinə qulluq etdiklərinə görə belə etmişdilər».

YARIŞA GÖRƏ ORUCU TƏXİRƏ SALMAQ OLMAZ
Qadınlar istənilən növ oyunda iştirak edə bilər. Amma bir şərtlə ki, dinin tələbinə uyğun geyinmiş olsunlar
Kəbleyi Sübhi isə deyir ki, İslamda kiminsə idmançı olduğuna görə ona güzəşt nəzərdə tutulmayıb:

«Oruc tutmaq İslamın əmridir. Amma İslam demir ki, sən oruc tut zəiflə. Zəifləyirsə, həkimə müraciət etməlidir. Amma orucu başqa bir vaxta keçirmək olmaz».

KOMANDANIN UDMASI ÜÇÜN DUA EDİB, NAMAZ QILAN DA VAR

İlahiyyatçı hesab edir ki, azarkeşlər sevdikləri komandanın qalib gəlməsi üçün Allaha dua etməli deyillər.

«Mən özüm də futbol həvəskarıyam. Komandam məğlub olanda dua etməmişəm ki, İlahi ona qələbə qazandır. Allah o qədər gözəl və ədalətlidir ki güc hansındadırsa qalibiyyət də onun olacaq. Elələri var ki, komandasının qalib gəlməsi üçün iki rükət namaz da qılı. Bu, düzgün deyil. Bəzi adamlar deyir ki, mən namazı qoyub futbola baxmaram. Bu, düz deyil. Namaz vaxtı fikri futbolun yanında qalacasa, onu qılmasa yaxşıdır».

QADIN BAŞI VƏ BƏDƏNİ BAĞLI HALDA OYNAYA BİLƏR

Qadın idmançılara gəlincə, qonaq deyir ki, İslamda bununla bağlı istisna ola bilməz. Qadınlar istənilən növ oyunda iştirak edə bilər. Amma bir şərtlə ki, dinin tələbinə uyğun geyinmiş olsunlar.

«İslam dinində qadının bütün üzvləri örtülməlidir. Başıbağlı və bədəni örtülmüş şəkildə bütün idman növlərindən istifadə edə bilər. Hətta bu qadınların oynadığı futbola kişilər baxsa belə, onun haramçılığı yoxdur».
XS
SM
MD
LG