Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:24

Hikmət Carçılı "Bu gün səhər" (Hekayə)


Səhər tezdən durub evdən çıxdım. Hər günkü səhərdən fərqlənirdi bu günkü səhər.

Hiss etdim ki, nəsə qeyri-adi bir hadisə baş verəcək.

Ürəyimdə isti bir gizilti var idi. Yağan yağış damlalarının həzin nəğməsi adamın ağlını başından çıxarırdı. Uzun zamandı heç belə nəğməyə qulaq verməmişdim.

Yolla avtobus dayanacağına getdiyimdə ayaq izlərinə düşüb arxamca gələn sular necə də inadkar idi. Heç mənim arxamla getməkdən yorulub arınmırdı, mənimlə ta avtobus dayanacağına qədər getdi o yağış suları.

Dayanacağa çatanda mağazaçı Gülər xala dedi ki, bala, bir az tez niyə gəlmirdin, indicə keçdi.

Kəndimizin “ayaq” tərəfindən “daş yol” keçir, daha doğrusu İpək yolu, ora sarı addımladım. Yolun yarısında avtobus gəldi mindim.

Şəhərə çatanda qarnım quruldayırdı, elə bildim qarnım ağrıyır, ancaq tualetə gedəndə anlaşıldı ki, işim ayaqüstüdür.

Nəysə, işimi görüb tələsdiyim yerə sarı rayon icra hakimiyyəti binasının arxa tərəfindən qaçdım.

Axır ki, bir saatlıq yol sona çatdı. Qapını döyüb içəri girəndə müəllim dedi ki, Aslan, nə yaxşı gəlmisən? Dedim ki, bəs bu gün dərs yoxdur, ona görə gəlmişəm. Müəllim gülümsünüb “yox” dedi, gələn həftədir.

Əyləş bu həftəki uşaqlarla, dərsi dinlə desə də, razı olmadım, vacib işim olduğunu dedim. Sağollaşıb ayrıldım.

Avara itlər kimi dar küçə ilə veyillənə-veyillənə parka gəlib çatdım. Dar küçə dediyim adsız bir küçə idi. Burada daim avara itlər dolaşar. Bəlkə də mənim təbiətimdə də bir az avaralıq, necə deyərlər bir az əyyaşlıq olduğundan daim bu küçə ilə gəlib gedərdim.

Küçənin çox bərbad bir ab-havası vardı. Zibillikdən gələn iyrənc qoxu adamın ürəyini bulandırırdı, səfil itlər orada burada dincini çıxarar, axmaq insanların qarıxdıqlarından yolda qoyduqları nəcisləri yeməklə gün keçirərdi.

Bu küçədə çoxlu qaraçılar da olurdu. Hətta hərdən bu küçəyə Qaraçılar məhəlləsi də deyirdilər. Körpə qaraçı uşaqları onun bunun arxasınca düşüb pul dilənirdilər, kimi hərif olurdu, cibini sıfqarıb bu qaraçıların əlinə təhvil verirdi, kimi də heç vecinə də almırdı, lap daşürəkliləri hətta başlarına min cür oyun da açırdı. Mən elə də daşürəkli ola bilmirdim, ən doğrusunu desək, yuxarıda qeyd etdiyim o “həriflər”dən elə biri də mən özüməm.

Bir az yalvarıb ölümü dirimi gordan çıxarandan sonra ürəyim gəlmir, bir az kövrəlirəm də hətta, çıxarıb istədiyindən də çox verirəm ki, bircə yalvarmasın!
Mənim ən zəif yerim bu idi.

Mənə hərdən elə gəlir ki, bu qaraçılar mənim yumşaq ürəkli biri olmağımı bilirlər, ona görə də elə həmişə mənə yaxınlaşırlar. Bunların dolanışığını düşündüyümdən məcbur qalıb pul verirdim.

Ancaq and olsun piyəniskə Söyünün (Söyün də onlardan fərqlənmir) Müqəddəs saydığım başına ki, özüm elə anlar olur (tez-tez olur) ki, pul tapa bilmirəm şəhərə getməyə. Ancaq bir başqasından borc tapdığım puldan vermişəm onlara dəfələrlə...

Xülasə...

Parka çatanda oradakı göyərçinlər məni görüb uçdular. Bilmirəm niyə, nə səbəbə belə etdilər, bir onu bilirəm ki, onlar uçanda aramızda otuz metrdən çox məsafə var idi.

Mən göyərçinləri çox sevirəm. Deyirlər, bu göyərçinlər sülhün simvoludur, ancaq mənim üçün həm də onlar azadlığın rəmzidirlər. Səmalarda uçurlar, kimsə onlara mane olmur, ola bilmir.

Bəlkə kiminsə damında yuva quranda hansısa axmaq adam onlarla mübarizə aparır, min bir kələklərlə onların azadlıqlarını əllərindən alırlar. Ancaq yenə mənim üçün onlar azadlıq rəmzidirlər.

Bəlkə aranızda kimlərsə, başqa quşları göyərçinlərdən bir neçə cəhətinə görə daha azad sayırlar. Olsun. Mənim üçünsə, azadlığın rəngi ağdır. Bu səbəbdəndir ki, mən göyərçini azadlığın rəmzi sayıram.

Lap bu səbəbdən də savayı ümumilikdə götürək göyərçin azadlıq quşudur, rəmzidir...Elə indi ağlıma düşdü ki, axı, mən bir zamanlar bu cür fikirlərin, quşu-zadı ilahiləşdirməyin, kimisə böyütməyin əleyhinəydim.

Ona görə də bayaq dediyim sözlərin hamısını inkar edirəm. Rəhmətlik nənəm bir söz deyəndə həmişə deyirdi ki, bala demişəm, deməmiş kimi olum. Demişəm, deməmiş kimi olum.

Skamyalardan birində yenicə oturmuşdum ki, bir molla yaxılaşıb salam verdi. “Əleykum salam”, dedim. Bağışlayın tanımadım dedim. Bildirdi ki, biz hamımız beləyik tanıdıq tanımadıq “salam-kalam” dilimizdən əskik olmaz. Sonra çıxıb getdi.

Bu molla “biz” deyəndə özünü müsəlman sayan kim varsa, onları nəzərdə tuturdu. Gedəndə elə getdi ki, guya getdiyi yerə bir an geciksə, faciə olacak. Getdiyi yer məsciddir, bu mollanümaların.

Bu gendəndən sonra məni gülmək tutdu. Qarnım cırılana qədər güldüm. Yadıma fanatik din xadimlərinin mənimlə bir söhbəti düşdü. Özünü din adamı sayan biri həmin söhbətdən bir gün əvvəl mənim ona dediyim sözləri aparıb məsciddə yığışan fanatik gənclərə çatdırmışdı.

Səhər kəndin İcra Nümayəndəliyi deyilən binasının qarşısına çıxanda bu fanatiklər qabağımı kəsib “dayan, səninlə bir dəqiqəlik söhbətimiz var” dedilər. Dayandım, “buyurun” dedim.

Başladılar ki, “o gün nə demisən din haqqında. Eşitmişik dinləri bəyənmirsən, hətta “yer üzündə ən absurt düşüncə, ən absurt fikirlər allahın din kitablarında yazılanlardır” kimi fikirlər səsləndirmisən, dindarları isə “yazıqlar, allahın ən müti bəndələri” kimi tanıdığını demisən, bizi görəndə gülməyin tutduğunu demisən”.

Yenə də gülməyim tutdu, onların məni şit biri kimi tanımamaları üçün (təbii ki, onların nə düşündükləri mənim üçün maraqsızdır, ancaq yenə də olsun...) özümü saxladım.

Dedim ki, “demişəm, noolsun?! Siz də mənim kimi insanlar haqqında çox söz deyirsiniz.”

Dedilər ki, “sən dini təhqir etmisən, allah səni cəzalandıracaq, bizsə səni tənqid edirik.” “O cəzanı mən çəkəcəm, heç də təhqir etməmişəm, sadəcə nə düşündüyümü bildirmişəm, mən sizinlə bundan artıq söhbət edə bilmərəm tələsirəm” dedim.

Bir axmağı yaxamdan tutub məni divara sıxdı, “ay heyvan, bu fikirdən əl çək” deyə bağırdı. “Heyvan özünsən” dedim. O qudurmuş mənə bir şillə çəkdi. Hirsimdən dişimin dibindən çıxanı dedim, gücüm çatası adam deyildi. “sənin ananı...”, “var yoxunu...”

Məni bu sözlərdən sonra bir gözəlcə eşşək sudan gəlincəyə qədər məni çırpdılar. Daha ayrıldım onlardan. Hirsli-hirsli. Onların orada məni öldürə biləcəklərini–belə hadisələr az olmayıb–düşünəndə həm qorxuram, həm axmaqlığımı etiraf edirəm hərdən.

Nəysə...

Gülürdüm hələ arsız-arsız...

Bir azdan çoxdan tanıdığım biri uzaqdan məni görüb əlini yellədi, hətta bağırıb “salam” da dedi. Necə axmaqca bir hərəkət. Gəlirsən, bilirsən ki, mən də yüz faiz səni görürəm, daha uzaqdan bağırmaq niyə? Yanıma yaxınlaşdı.

O qədər yorğun idim ki, ayağa qalxmadım, qalxmağa həvəsimdə yox idi. Əlimi uzadıb əlini sıxdım.

Adını yadımdan çıxarmışdım. Tanışımın çöhrəsindən gülüş yağırdı. Bir az da gülümsünüb halımı soruşdu:

-- Necəsən? Kefin halın?

Bayaq mollanı görəndə gülsəm də, bilmirəm nədən indi kefim yox idi. Köhnə tanışım xətrinə bir az gülümsünüb:

-- Yaxşıyam–dedim–sən necəsən, hara gedisən belə?

-- Yaxşıyam, dərsə gedirəm. Hələ bir saata yaxın vaxtım var. Söhbət edə bilərik. Bu gün Bakıdan gəlmişəm. Səhər saat doqquzda rayona düşdüm avtobusdan.

-- Nə yaxşı getmişdin?

-- Bir balaca mağazamız var, onun üçün pal-paltar gətirirdik, çox yorulmuşam. Xoş bir söhbətə ehtiyacım var–sonra oturduğumuz skamyadan qalxdı–gedək çay alım içək.

Razılaşdım.

-Gedək.

Çayxanaya girəndə içəridə tüstüdən nəfəs almaq mümkün deyildi.

Adamın nəfəsi kəsilirdi. Biz buna baxmayaraq çayxananın bir küncündə əyləşdik. Halım elə də yaxşı olmasa da artıq razılıq vermişdim, geriyə yol yoxuydu.
Bir azdan çayçı yaxınlaşdı.

-- Buyurun, nə gətirim, çay kofe, yoxsa kola?..

K.T. buyurdu ki, bizə bir çay gətir. Çayçı çayı gətirənə kimi K.T. başladı ki, Bakıda nə qızlar var ay allah!–Deyəsən lap şorgözün yekəsiydi– Əəə, hara baxırsan, “masska”. Nə qədər qız tutmaq olar bilirsən!..

Soruşdum ki, heç girişdiyin qız oldumu, kiminləsə yaxınlıq etmisənmi? Yəni bilirsən də?..–mən özüm də ondan geri qalan deyiləm, harada bir gözəl can görəndə ölüb əldən gedirəm.

Bildirdi ki, yox, hələ elə bir şey olmayıb. Niyyəti olduğunu da gizlətmədi.

Çayçı çayı gətirdi. Stəkanı-zadı düzüb getdi.

K.T. yenə başladı.

-- Bakıdan gələndə avtobusda bir fahişəylə rastlaşdım. Ay allah nə can idi. Döşləri var idi, deyirdin qarpız. Şəklini “blutuz”la göndərdi. Öldüm özümdən getdim. Hayıf yanında kişi var idi. Yoxsa beş on dəqiqəlik işini görmək üçün keçərdim yanına. Puluyla deyil?

-- Yəni o qədər səni cəlb etdi?

-- Həə! Sənə “can” deyirəm eee..

-- Ay can, ay can kaş onu görəydim...

-- Görərsən vaxtı gələndə...

Çay içə-içə o canların arasında tanıdığımız kimsələrin olub olmadığını soruşdum.

Dedi:

-- Elə adımızı batıran onlar deyilmi?!

-- Həə?!

-- Həə, burada topuğundan don geyinən abırlı rayon qızları orada elə don geyinir ki, yambızları görünür. Əksəriyyətinin də bakirəliyi çoxdan pozulub. Buna səbəb nədir? Daxili istək, onların tanımadığı yerdə tək olması, heç kimdən çəkinməməsi – məni kim tanıyacaq deməsi – yiyəsizlik.

-- Bəlkə belə yaxşıdır? Bəlkə onların daxili istəyinə qarışmayaq?

-- Bilirsən, mən səni başa düşürəm. Ancaq bizdə hələ elə bir cəmiyyət yaranmayıb. Bizdə elə şeylər avropadan fərqli olaraq qeyrət, namus məsələsidir.

-- Anladım...

Dostum danışırdı yenə.
..
Bu an fikrimdən kəndimizdə baş verən bir hadisə yadıma düşdü. Daha doğrusu bir kəndçi qızının Bakıya gedib necə fahişə olmaqlığı.

Ləman mənim qonşum idi. Ailələrində vəziyyət, maliyyə vəziyyəti elə də yaxşı deyildi. Ancaq mən öz gözlərimlə şahid olmuşdum, atası Rahib əminin, anası Sahibə xalanın onu nə əzab əziyyətlə oxutduğunun.

O bir bacısı Hicran, qardaşı Rəşad oxumamışdı. Ləmansa atasının təkidiylə, özünün həvəsiylə oxumuşdu. Məktəbi bitirib Bakıya oxumağa gedəndən iki il sonra kənddə bir qalmaqal, bir söz-söhbət oldu gəl görəsən.

Hamı ondan danışırdı. Deyirdilər ki, Rahib əminin qızı pis yola düşüb. Düzünü deyim o qızda mənim də gözüm var idi. Yaşım az olduğundan heç ürəyimi açamağa şansım olmamışdı. Xülasə.. hamı ondan danışırdı.

O söz söhbətdən sonra bir müddət kəndə gəlmədi Ləman. Lakin, o söz söhbətdən sonra olan bir hadisəni heç yadımdan çıxara bilmirəm.

Biz məhəllə oğlanları hər axşam yığılıb Sərxan deyilən bir müharibə şahidinin çənəsinin altını kəsdirib ona qulaq asardıq. Bu axşam da həmin söhbətlər gedirdi aramızda. Aramızda Ləmanın qardaşı Rəşad da varıydı.

Söhbət müharibə adamlarından, torpağa dayaq durmaqdan düşmüşdü. Rəşad arada belə bir söz dedi:

-- Sərxan əmi, heç narahat olma, mən əsgər gedirəm. İndən belə rahat yata bilərsən, səni mən qoruyacam.

Hamı diqqətlə Sərxana baxırdı ki, görək o nə deyir. Sərxan gülümsünüb qayıtdı ki:

-- Əəə, sənmi?

Rəşad əminliklə dedi:

-- Həə, həə, mən!

Sərxan ayağa qalxdı. Bir az o yana, bu yana gedib gəldi. Sonra qayıdıb yenə yerində oturdu.

-- Sən eləmi? Əəə, sən bir bacını qoruya bilmədin, bir bacının qeyrətini çəkə bilmədin, məni necə qoruyacaqsan?

Rəşad yaman pis oldu. Az qaldı ağlasın. Tez qaçıb getdi.

Bu bizim Sərxandan gözlədiyimiz cavab idi. Lakin, çox sonralar anladıq ki, çox səhv bir iş oldu. Bu səhvi Sərxan özü də anlamışdı. Noolsun, artıq çox gec idi.

Bu hadisəni dostuma da danışdım.

Çox təəssüf etdik ki, bizdə avropa mühiti yaranmayıb hələ. Əgər yaransaydı, ən azından o gün Ləmanın cəzasını Rəşad çəkməzdi, hər kəs özünə görə cavab verərdi, təəssüf...

Çayxanadan çıxanda artıq saat birin yarısı olardı. Hekayəmiz tamamlanmalıdır bu cümlədə...

2 may 2010
XS
SM
MD
LG