Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:25

Aysellə pivə söhbəti


(Mənsur şeir)

Gözünün qarşısına xəyalım gəlsin, sənə uzansın, sən də ona bax və əlinə “Yeni Müsavat”ın son səhifəsini götür, unut hər şeyi, gözlərini dörd aç, bax səhər də açılır, pendir də yeyə bilərsən indi.

İstəyirsənsə səhəri tezləşdirək, çıxaq şəhərin küçərlərinə, polisdən, azğın maşınlardan, quduz itlərdən qorxa-qorxa da olsa, şansımızı sınayaq, onsuz da axırı pis olacaq və bizim heç birimiz Prezident olmayacaq.

Gözlərini tavana qaldır, orda nə görürsən, önəmi yoxdur, indi aşağı sal, beləcə gözlərin bir az dincəldi, bu da idmandır, özü də bu idman üçün adama medal vermirlər, türmələrdə bu idmanla hamı məşğul olur, amma onlar gözlərini bağlamırlar. çünki xatirələri köhnəlib, bir də türmələrdə tavan da azdır, hamısı bir-birinə oxşayır, ekiz fahişələr kimi.

Bir az da Araqon oxu, gecələrin dərmanıdır siqaretlə birlikdə.

Günlər-bir birindən bərbad, nə vecimizə, ən axırda hamımız öləcəyik və ucuz qəbristanlıqların birində yatacağıq. Bəs nəyə görə evdən çölə çıxmaq istəmirsən, bu tavan səni yormadımı, Aysel, gəl çıxaq çölə.

Polislərdən qoxma, onlar da indi yatırlar. İndi şəhər itlərindir, amma məncə bir metr yer tapıb otura bilərik, o bir metrdə pivə içə, siqaret çəkə, öpüşə həm də ölə bilərik itlərin ağızlarında.

Bəlkə də gecələrin gözəl olmadığına inanırsan, bəlkə də haqlısan, bəlkə də haqsız, bilmirəm, belə işlərlə məşğul olmuram, amma axmaq şairlər gecələr gözəldir deyirlər. Mən isə onları tülküdurmazdan duran görmüşəm, gəl onları döyək, Aysel bu gecə vaxtı.

Aysel, inan ki, həyat boşdur, mənasızdır, məna axtarmağa dəyməz, özün üçün mənanı yarat, bundan əvvəl isə gözəl başını pivə butulkalarının arasından çıxart mənə bax, qorxma sənə baxmayacağam, baxsam da görməyəcəm, çünki pendirləri pivə butulkalarının içinə atıram, çox məşğulam Aysel. Məni yordu bu pendirlər. Sənə dedim axı bu qədər pendir çox olacaq.

Nə Diyarbəkir anladı məni nə də sən. Yaxşı eləyib heç birinizi sevməmişdim.

Sevmək insanı axmaqlaşdırırdı Aysel. Bizim cinsi orqanlarımız olmasaydı sevgi də olmazdı, o zaman çox asan olardı yazıq adamlara.

Yaxşı ki, biz bunu anlamışıq, başqaları isə indi oyaqdır, sabah sevgililərinə hansı sözlər deyəcəklərini düşünürlər, oğlanlar da qızlar da sabah geyəcəkləri paltarları yoxlayırlar. Bütün otaq paltardır Aysel, telefonların yaddaşları doludur, sözlərin hamısı zanitdir və onlar üçün həyat necə də çətindir Aysel.

Gəl indi onların sağlığına içək, sağ olmasalar belə. Dostoyevskini oxumasalar, Nazimi dinlməsələr, mitinqlərdə döyülməsələr, dalbadal dövlət qulluğuna girmək üçün imtahan versələr belə Aysel.

Onlar da canlıdırlar, həşaratdırlar, həşaratlar da necəsə yaşamalıdır və biz onları öldürəndə nə qədər həzz alırıqsa onlar da yaşayanda yəqin ki həzz alırlar. Onların uşaqları da olur axı. Həşərat balaları...

Sevgi olmasaydı şairlər neyləyərdilər, kələm satardılar. Kələm turşusunu satsaydılar lap əla olardı, çünki kələm nə qədər turşusa belə araqla içməyə yarayır. O sevgi şairlərini Allah bir xərçəng də yaratmadı ki, pivəylə mədəmizə ötürək.

Onlar canavardılar, onların mədələrində neçə aşiq-həşarat oturub, onlara yazığın gəlməsin. Götür qabağındakı pivə butulkasını, at onlara Aysel.

O birisini də at. Pendirlər heyifdir, stolun üstünə dağıt onları, bax belə, indi boşqabı da at onlara. Onlara acıma Aysel. Mao da belə edərdi sənin yerində olsaydı.

Bu şəhəri sevmədiyimi bilirsən, bura şəhər deyil. Kənd də deyil. Çünki kənddə heç olmasa gözəl gözləri olan eşşəklər olur. Burdakı eşşəklərin gözləri gözəl deyil, buranın eşşəkləri ot yox adam yeyirlər, adamları yeyirlər.

Başa düşürsənmi, Aysel. Yuxun gəlir deyəsən. Üzünü yu, tez qayıt Aysel. Sənin üçün danışmıram, özüm üçün danışıram, amma gözəl gözlərin qarşımda durmasaydı danışa da bilmərəm. Mənə yazığın gəlsin, tez qayıt, tək qala bilmirəm Aysel. Özümlə danışa bilmirəm.

Özümün dilimi unutmuşam, nə qədər bir-birimizə baxacağıq. Aysel. Düz 16 ildir biz belə yaşayırıq, pivə içib yerə yıxılandan sonra öz dilimi unutmuşam. Bəlkə mən lalam, Aysel. Tərcüməçi ol, suyu çox işlətmə, dəsmalı da axtarma. Əynindəki bircə köynəklə üzünü qurula, orda yox, yanımda. Mənə lazımsan.

Onsuz da heç nə ola bilməyəcəksən. Onsuz da yaşaya bilməyəcəksən bu murdarlıqda. Onsuz da səni də qocalıq gözləyir. Bəs onda niyə dirənirsən, nəyin üçün vuruşursan? Nəyə görə ispanca öyrənməyə başladın, nəyə görə? Çe Geveraya görəmi?

O son sözlərini ingiliscə demişdi: Mən təslim oluram. Təslim ol Aysel həyata. İnan mənə. Həyat ona təslim olanları ağır işlərdə işlətmir, kömür şaxtalarına göndərmir, Mustafa Sübhi də belə deyirdi, inanmırsansa Sahil metrosunun qabağına get və ordan dənizə bax. Nə qədər tullansan həyat sənə amansız olacaq, səni ərə verəcək, beş uşaq da üstündə.

Hər gün ərinə yemək hazırlayacaqsan. O da maaşını 50 manat az deyəcək, o əlli manatı isə qabağına çıxan fahişələrə xərcləyəcək. İnan mənə, həyata təslim ol. Bir-iki yüngül şillə vuracaq həyat sənə, o da çox ağrıtmır. 8 pivə içmək sənə çətinmi gəlir? Bəs qusmaq nə üçündür? Həyatın şillələri yüngül olur Aysel. İtlərin hürüşünə qulaq asma. Yetər artıq başını qaldır, gözlərini görmürəm.

Yatma...Aysel rasional olmaqdan bezdim. İş elanlarına baxmaqdan bezdim. Ağıllı yaşamaqdan, metroda qadınlara yer verməkdən bezdim. Çünki onlar mənə heç nə vermirdilər. Praqmatik deyiləm, onlara nifrət etmək üçün ən sonuncu səbəbim də budur zatən. Metrolardan, telefonların blutuzlarından, ucuz araqlarından bezdim, yaxın gəl mənə. Saçlarını sinəmə dağıt, sənə pivə verəcəyəm.

Gecə sona yetmək üzrədir, sənin də yuxun qaçıb. Səhər belədir. İndi o ağıllı adamlar namaza qalxıblar, ayaqlarını yuyurlar dünən vannaya doldurduqları suyla. Bir azdan namaz qılıb yerlərinə girəcəklər, onları görməmək, onlarla eyni havanı udmamaq üçün pivəni tez bitir. Pendirmi istəyirsən? Butulkanı sındırıb verərəm sənə içindəki pendirləri. Təki tez iç. Yarısını da mənə ver.

Cek Londonu da unutma, Aysel. Mən heç zaman unutmadım o narkomanı.

Sən də danış. Başını yırğalama. Susma. Susduqca gözəl olduğunu sənə kim deyib? Gözlərinlə danışmağı sənə kim öyrədib? Opportunistləşmə, cəsarətli ol, pivəni butulkadan iç.

Gəl, yataq Aysel. Dodaqlarını yaxına gətir, gözlərini də unutma. Mən yuxuya gedirəm. Yuxuda da danışacağam, gözlərini söndürmə. Gözlərin olmadan danışa bilmədiyimi bilirsən.

Məni tərk etmə Aysel. Azarsan bu həyatın yollarında mənim kimi. Deyəsən səni sevməyə başlayıram. Gözlərini açmaq üçün ən yaxşı sözdü bu. Hələ də öyrənməmisən bu sirrimi. Eybi yox. Yataq artıq. Yuxu gözümdən axıb butulkaya tökülür.

Bu son qurtumları da Yucin Vitlanın şərəfinə içib başımı divana qoyuram. Yucin Vitla olmağı isə heç Qobzekə də arzulamıram. Sən bu kitabları heç vaxt anlamayacaqsan Aysel. Bəs elə bilirsən boşboğazlıqdan xoşum gəlir? Bunun üçün danışıram uzun-uzadı.

Öpmə məni.... Dişlə məni... Daha heyvani və daha təbii olursan onda... Dişləyəndə aksiz markasını da unutma... Qaçaq dişləkləri sevmirəm.... Qanuni eşqlərə nifrət edirəm... Sənə isə... Mən bunu bilmirəm...

Təkid etmə, bilmirəm dedim axı... Sənin yanında darıxmıram... Bu, azdırmı sənə. Bəsdir Aysel, yatmaq istəyirəm... Dişlərini qopar sinəmdən...
XS
SM
MD
LG