Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:12

«Bu, həmin ekspertlərdir ki, Mirzə Sakiti də narkoman çıxarmışdılar»


Proses iyunun 2-də davam edəcək
Proses iyunun 2-də davam edəcək
- Doktor, siz qan nümunələri götürərkən Eynulla Fətullayev sizə bildirdi ki, o, narkotik istifadəçisi deyil?

- Xeyr. O barədə bizim Eynulla Fətullayevlə söhbətimiz olmayıb. Bizim vəzifəmiz qan nümunələrini götürüb istintaq orqanının bu barədə qoyduğu suallara əsaslandırılmış, dəqiq cavab verməkdən ibarətdir. Eynulla Fətullayevlə danışmaq bizim səlahiyyətlərimizə daxil deyil.

Məhbus jurnalist, hazırda narkotik əldə edib, saxlamaqda ittiham olunaraq məhkəmə qarşısına çıxarılan Eynulla Fətullayevin mayın 26-da keçirilən məhkəməsində vəkil İsaxan Aşurovun suallarını əvvəlcə Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbə rəisi, məhkəmə tibbi eksperti Qabil Həsənov cavablandırdı. Qabil Həsənov dekabrın 29-da 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevdən narkotik maddə tapıldığı bildiriləndən sonra müəssisəyə gələrək məhbus jurnalistdən qan nümunəsi götürən ekspertdir. Eynulla Fətullayev deyir ki, üstündə axtarış aparılarkən və ondan qan nümunəsi götürülərkən hüquqları pozulub. O, qan nümunəsinin vəkilinin iştirakı ilə götürülməsini tələb etsə də, buna məhəl qoyulmayıb. Lakin məhkəmədə sualları cavablandıran ekspert dedi ki, o, Eynulla Fətullayevdən qan nümunəsi götürərkən sonuncu buna etirazını bildirməyib.

Hakim İsmayıl Xəlilov üç ekspertizanın - kimyəvi, narkoloji və məhkəmə-tibbi ekspertizanın rəylərini açıqladı. İlk iki ekspertizanı Səhiyyə Nazirliyi, sonuncunu isə Ədliyyə Nazirliyinin nümayəndələri aparıb. Birinci rəyə (qan və sidik yoxlanılıb) görə, Eynulla Fətullayevin orqanizmində narkotik maddənin əlamətləri aşkarlanıb. İkinci ekspertizaya görə, Fətullayev narkoman deyil və müalicəyə ehtiyacı yoxdur. Üçüncü ekspertizaya əsasən isə, Fətullayevin əşyalarında aşkar olunmuş maddə heroindir.

Eynulla Fətullayev və İsaxan Aşurov
Prosesdə Eynulla Fətullayevin qan və sidik nümunələrini ekspertiza edərək rəyi imzalamış ekspertlər sualları cavablandırıblar.

Hakim həmişə olduğu kimi bu dəfə də prosesdə audio və video yazılışlara icazə verməyib. Jurnalistlərə video çəkiliş aparılması üçün cəmi 5 dəqiqə şərait yaradıb.

«MƏHKƏMƏ MÜSTƏQİL EKSPERTİZA TƏYİN ETSİN»

Jurnalistin vəkili İsaxan Aşurov vəsatət qaldırdı ki, iş üzrə müstəqil ekspertiza təyin edilsin. O, dövlət orqanlarından asılı olmayan ekspertlərin iştirakı ilə ekspertiza aparılmasını xahiş etdi. Eynulla Fətullayev də müstəqil ekspertizanın təyin olunmasını istədi. O, məhkəmənin nəzərinə çatdırdı ki, qan analizləri saxtalaşdırılıb. Səhiyyə Nazirliyinin və Ədliyyə Nazirliyinin ekspertlərinə inanmır:

«Bu, həmin ekspertlərdir ki, satirik şair Mirzə Sakiti də narkoman çıxarmışdılar. Mən 6 aydır ki, saçımı qırxdırmıram, məhz ona görə ki, mənim saçımdan və dırnağımdan nümunə götürülsün. Əgər narkomanamsa, saçımda və dırnağımda mütləq təsdiqini tapacaq. Əgər narkomanlığım təsdiqini tapsa, onda problem yoxdur. İttihamla razılaşacağam».

Hakim İsmayıl Xəlilov isə milli qanunvericilikdə müstəqil ekspertiza keçirilməsi ilə bağlı müddəa olmadığını bildirdi. İsaxan Aşurov dedi ki, bu iş Avropa Məhkəməsinədək gedib çıxacaq. Avropa Məhkəməsini isə milli qanunvericiliyimizdə nəzərdə tutulanlar yox, beynəlxalq konvensiyada nəzərdə tutulanlar maraqlandırır. Beynəlxalq konvensiyada isə müstəqil ekspertiza keçirilməsinə dair
Elçin Sadıqov
müddəalar var.

«MÜSTƏQİL EKSPERTİZANIN OLMAMASI VƏKİLLƏRİ PİS VƏZİYYƏTDƏ QOYUR»

Vəkil Elçin Sadıqov milli qanunvericilikdə alternativ ekspertiza keçirilməsi ilə bağlı müddəanın olmasını bildirsə də, hakim həmin ekspertizanın keçirilməsi mexanizminin olmadığını söylədi. Elçin Sadıqov deyir ki, qanunvericilikdə müstəqil ekspertizanın olmaması vəkilləri belə məqamlarda pis vəziyyətdə qoyur:

«Əslində müstəqil məhkəmə ekspertizası məsələsi digər ölkələrin qanunvericiliyində nəzərdə tutulub və praktikada da mövcuddur. Ancaq bizdə nəinki siyasi işlərdə, heç adi işlərdə də müstəqil ekspertiza keçirmək hüququmuz qanunvericilikdə müəyyənləşdirilməyib. Heç müstəqil ekspertlər də mövcud deyil. Bu da demək olar ki, proseslərdə müdafiə tərəfinin tamamilə əlverişsiz vəziyyətinə düşməsinə gətirib çıxarır, müdafiə tərəfin hüquqları pozulur».

«İNANMIRAM Kİ, NƏ VAXTSA BELƏ BİR EKSPERTİZA YARADILA»


Hüquqşünas Namizəd Səfərov isə deyir ki, Azərbaycanda müstəqil ekspertiza yaradılmasına maraq göstərilmir və nə vaxt isə belə bir ekspertizanın yaradılacağına ümid də yoxdur:

«Azərbaycanda ekspertizanın nəticələrinin saxtalaşdırılması bilavasitə istintaq və məhkəmə tərəfindən həyata keçirilir. Heç vaxt müstəntiq müstəqil ekspertiza keçirilməsini istəməz. Prokurorluq, Daxili İşlər Nazirliyi dövlətə işləyən orqanlardır, onların öz ekspertiza institutları var, bütün ekspertizaları da orda keçirirlər. Mən hələ təcrübəmdə rast gəlməmişəm ki, vəkilin vəsatəti ilə müstəqil ekspertiza keçirilsin. Hesab edirəm ki, bu, Azərbaycanda mümkün deyil».

Namizəd Səfərov
Eynulla Fətullayev məhkəmədə vəsatət qaldırdı ki, iş üzrə müstəntiq Arif Zahidov da məhkəməyə dəvət edilsin:

«Müstəntiq əşyayi-dəlil olan gödəkcəmə müdaxilə edib, narkotika gödəkcənin qolunun astarından çıxarılıb, müstəntiq sonradan narkotikin çıxarıldığı yeri tikib. Xahiş edirəm, müstəntiq məhkəməyə dəvət olunsun və əşyayi-dəlilə müdaxiləsini izah etsin».

Proses iyunun 2-də davam edəcək.

Eynulla Fətullayev 2007-ci ilin aprelində çıxarılan birinci həbs qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında çıxarılan ikinci həbs qərarı nəticəsində onun cəzası 8 il 6 ay müddətinədək artıb.

2009-cu ilin dekabrında saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində məhbus jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Cinayət Məcəlləsinin narkotik vasitələr saxlama ittihamı ilə E.Fətullayevə yeni cinayət işi açılıb. Bu iş üzrə hazırda məhkəmə araşdırması gedir.

Avropa İnsan Haqları Məhkəməsi aprelin 22-də Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və Azərbaycan hökumətinin ona 25 min avro təzminat ödəməsi qərarı çıxarıb. Beynəlxalq hüquq müdafiə təşkilatları da Azərbaycan hökumətindən jurnalisti dərhal azad etməyi tələb edirlər.
XS
SM
MD
LG