Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:02

Dəli Kürün üzə çıxartdıqları


Xankeçən kəndi isə iki hissəyə ayrılıb. Kəndin 60-dan çox evi su altında qalıb
Xankeçən kəndi isə iki hissəyə ayrılıb. Kəndin 60-dan çox evi su altında qalıb
Kür daşıb öz məcrasından çıxdıqca təkcə kəndləri, ev-eşikləri, əkin sahələrini, mal-qaranı və bir sözlə illərlə insan əməyinin bəhrəsi olan ən müxtəlif daşınan-daşınmaz əmlakı su altında qoymur. Kür elə bil daşdıqca özü ilə həm də o torpaqlarda hökm sürən hüquqsuzluğu, özbaşınalığı, sadə insanların min-bir dərd sərini üzə çıxarır.

Ancaq Kürün bütün bu dəlisovluğunun da hardasa həddi-hüdudu var. Kür Muğan torpağında imkanlı şəxslərə məxsus əkin sahələrinə, heyvandarlıq fermalarına, balıqçılıq vətəgələrinə, təmtəraqlı imarətlərə yetişə bilmir - elə insan əliylə onlardan yan keçir. Kür hələ ki, yoxsul, imkansız adamlara gücünü göstərir…

QOYUN İNSANDAN QİYMƏTLİ OLANDA…

- Qoyunu bizdən üstün tuturlar. Xahiş edirəm mənim fikrimi də verin. Adım Fərhaddır, soyadım İmanovdur. Özüm də bu kənddə yaşayıram. Kəndi su basır, harayımıza gələn yoxdur…

Bu, su altında qalmaq təhlükəsiylə üz-üzə olan Sabirabad rayonunun Sərxanbəyli kəndinin sakininin fikirləridir. Mayın 23-ü səhər həmin kəndin sakinləri Mölə istiqamətində Kürün bəndini uçurmaq istəyiblər ki, su altında qalmaqdan xilas olsunlar. Kənd sakinlərinin deməsinə görə, orada bəndin uçmasıyla su Salyan rayonunun yaşayış məntəqələrinin olmadığı ərazisinə axıb gedəcəkdi. Ancaq hadisə yerinə gələn bir qrup Salyan rayon sakini və həmin rayonun polis işçiləri bunun qarşısını alıblar. Sərxanbəyli kəndinin sakini Fərhad İmanov deyir ki, Salyan rayonunun polis işçiləri onların üstünə silah da çəkib:

- Salyan polisi bizim üstümüzə silah çəkdi, biz də silahı onlardan alıb Sabirabad polisinə verdik.

Salyan rayon polisi isə baş verən qarşıdurma ilə bağlı açıqlama verməyib.
Su altında qalan ev
Hər halda xoşbəxtlikdən bu qarşıdurma qan-qadasız da başa çatıb. Sərxanbəyli kəndinin sakinlərinə bəndi azacıq uçurmağa imkan veriblər. Onların deməsinə görə, Salyan rayonunun həmin ərazisində prezident aparatının, parlamentin bəzi məsul, rayonun isə ayrı-ayrı imkanlı şəxslərinə məxsus qoyun fermaları, balıq vətəgələri olduğundan bəndi tamamilə uçurmağa imkan verməyiblər. Ona görə də kənd hələ də su altında qalmaq təhlükəsindən qurtulmayıb:

- Salyan polisindən 25-30 adam olardı. Mülki adamlar isə təxminən 40 nəfər olardı. Əhali deyəndə ferması olan şəxslər. Bizə də son sözləri o oldu ki, bizim qoyunlar sizdən daha şərafətlidir…

SU ALTINDA…

Qeyri-rəsmi məlumatlara görə, Kürün daşması nəticəsində bu ayın əvvəlindən ölkənin təqribən 30-dan çox kəndi su altında qalıb. Həmin kəndlərin çoxu Sabirabad rayonunun payına düşür. Rayonun Xankeçən kəndi isə iki hissəyə ayrılıb. Kəndin 60-dan çox evi su altında qalıb. 200-dən çox ev isə hələ ki, salamatdır. Su altındakı evlərlə, quruda qalan evləri bir yol ayırır. Bu yolda torpaq bəndlərdən bir növ istehkam qurulub. Bu kəndin əksər sakinləri arasında dərin bir xof hökm sürür. Bu təkcə Kürün dəlisovluğundan qorxuya düşmək deyil. Bəziləri hansısa sözlərinin hökumət məmurlarını acıqlandıracağından ehtiyatlanır. Hərçənd kənddə artıq nə bir xilasedici, nə də hər hansı bir məmur gözə dəyir. Şahbaz adlı bələdçimiz kənddəki xofun səbəblərini belə izah edir:

- Qorxu içindədilər. Camaatı xəbərdar ediblər ki, kim artıq hərəkət etsə, Kürün daşması qurtardıqdan sonra gəlib onları həbs edəcəklər.
Sakinlər ev əşyalarını qayıqla daşıyır
Guya gizli kamera ilə çəkiliş aparırlar…

Evləri su altında qalan kənd sakinləri deyirllər ki, hələ dövlətdən bir manat olsun belə yardım almayıblar. Heç onların ehtiyacları ilə maraqlanan da yoxdur. Evi su altında qalan Qarabağ əlili Camal Məmmədov 4 gün əvvəl Kürün bu kəndi basmasını belə yada salır:

- Kür basdı kəndi. Dedilər çıx, çıxdıq. Ermənilər Azərbaycanı işğal edəndə birdən 3-4 kənddən necə çıxırdıqsa elə oldu. Özüm Qarabağda bir qıçımı itirmişəm. Evdən heç nə götürə bilmədim. Bir özüm qalmışam, bir yoldaşım, bir də iki azyaşlı körpəm…

SU ALTINDA QALMIŞ EVLƏRƏ QAYIQLA SƏYAHƏT…

İndi Xankeçən kəndində bir balıqçı qayığı var. Bəzi kənd sakinləri həmin qayıqla suya girib evlərindən yorğan-döşəklərini, toyuq-cücələrini çıxarmağa çalışırlar. Şahbaz adlı kənd sakininin bələdçiliyi ilə həmin qayığa minib su basmış məhəllələrlə üzürük. Bəzi evlər suyun basdığı bu 3-4 gün ərzində uçub dağılıb. Onların yalnız damları gözə dəyir. Bəzi evlər isə hələ də salamatdır. Bir neçə su basmış kimsəsiz evin həyətindəki qamış topalarının üstündə isə sahibsiz itlər gözə dəyir. Qayığın yaxınlaşması ilə bu arıq, çəlimsiz itlərdə bir canlanma hiss edilsə də sonradan yenə tərk edildiklərini görüb parıltılı nəzərlərlə bizi müşahidə edirlər. Bələdçi Şahbaz isə avar çəkməyindən qalmır, bəzi evlərin sahibləri ilə bağlı məlumatlar verir:

Sarısu ətrafında bənd tikilir
- O, Vahidin evidir, o isə başsız bir qadının. Tamamilə uçub. Ordakı isə Xeybərin evidir, Xudaverdi kişinin oğlunun. Onun da evi suda batıb. Bu isə Tamara müəllimənin evidir. Bizim ibtidai sinif müəlliməmizin. O da su içində qalıb…

KİÇİK BİR ADADA KİMSƏSİZ ÇOBAN VƏ ONUN QOYUN-QUZULARI…

Xankeçən kəndinin örüş-otlaq sahələrinin böyük bir qismi də su altında qalıb. Orada danışırdılar ki, bu kəndin mal-qarasını, qoyun-quzusunu otaran bir çobandan isə artıq mayın 20-dən heç bir xəbər ala bilmirlər. Həmin çobanın örüşdə suyun basmadığı bir ada kimi yerdə 50-60 qaramal, 100-dən çox qoyunla xilas olmalarını gözlədiyi güman edilir. Hökumət orqanlarına vertolyot üçün bir neçə dəfə müraciət etsələr də hələ ki, həmin çobanın imdadına çatan yoxdur.

İKİ SU ARASINDA…

Muğanda artıq sudan oddan qorxan kimi qorxurlar. İmişli rayonunun Əlyetməzli kəndi isə onların öz ifadəsi ilə desək «iki od arasında qalıb». Bir tərəfdən el dili ilə desək, dəliliyi tutmuş Kürün, o biri tərəfdən də Kürün suyunun artımı ilə daşan Sarısu gölünün.

Sarısı gölü Sabirabad və İmişli rayonunun artıq bir neçə kəndini bassa da, Əlyetməzli kəndi hələ ki, sudan qorunur. Ancaq bu kənddən də köçhaköç başlayıb.
Abid Şərifov
Əsasən də çıxanlar qadın və uşaqlardır. İndi bu kənddə kişilər özləri xəmir yoğurub çörək bişirməyə məhkumdurlar. Kənd hər iki tərəfdən su ilə əhatə olunsa da, özü içməli sudan qıtlıq çəkir. Əlyetməzlinin 105 hektardan çox sahəsi indi su altındadır. Camaat artıq əkin sahələrindən gözünü çəkib, canının hayına qalıb:

- Mənim 7 hektar pay torpağım var idi. Orada həm buğda əkmişdim, həm də arpa. Qaldı su altında….

KOMPENSASİYALAR NƏ VAXT VERİLƏCƏK?

Kompensasiyaların nə vaxt veriləcəyi isə dəqiq bilinmir. Hər halda baş nazirin müavini Abid Şərifov dövlət komissiyasının Bəhrəmtəpədəki qərargahında jurnalistlərin bununla bağlı sualına dəqiq bir cavab vermədi. Abid Şərifov yalnız onu dedi ki, prezident özü bütün zərərin ödəniləcəyini bildirib:

- Zərər ödəniləsidir. Bundan sonra məndən nəsə soruşmağa ehtiyac varmı?

Kür isə hələ ki, sakitləşmək bilmir. İndi hər hansı bir vədlə nə onu durdurmaq, nə də su içində qalan insanları ovutmaq mümkündür…
XS
SM
MD
LG