Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:50

«Son dörd ildə Azərbaycanda işgəncələr artıb»


Leyla Yunus
Leyla Yunus
«Azərbaycanda hər il işgəncə faktlarının sayı artır, amma buna görə cavab verən yoxdur».

Bunu Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus deyir.

Müxtəlif sektoru əhatə edən 30-a yaxın qeyri-hökumət təşkilatı Azərbaycanda işgəncələrdən bəhs edən məktub imzalayıb, ATƏT, Avropa Şurası, Avropa Birliyi və bir çox nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinə göndərib. Leyla Yunus deyir ki, işgəncə faktlarının ildən-ilə artması ictimai düşərgəni hərəkətə gətirməyə vadar edib.

«SON DÖRD İLDƏ İŞGƏNCƏLƏR ARTIB»

Leyla Yunusun sözlərinə görə, onlar 2006-cı ildən bəri hüquq müdafiəçilərinə işgəncələrlə bağlı edilən şikayətlərin statistikasını aparıblar:

- Bu, bizə müraciətlər əsasında toplanan rəqəmlərdi. Amma reallığı əks etdirmir. Reallıqda işgəncə faktları daha çoxdur.

«ÖLÜ» MADDƏ

Bir qrup vətəndaş cəmiyyəti təmsilçisinin beynəlxalq qurumlara göndərdiyi məktubda göstərilir ki, 2006-cı ildə işgəncələrə 40 nəfər məruz qalırdısa, 2009-cu ildə işgəncəylə 136 adam üzləşib. Son dörd ildə 30-dan çox adam işgəncədən ölüb.

Mehman Əliyev
Leyla Yunus deyir ki, işgəncələrin məkanı Azərbaycandakı güc strukturları və silahlı qüvvələrdir:

- Cinayət Məcəlləsində işgəncələrlə bağlı maddə var. İşgəncə faktlarına baxmayaraq, hələ ki, bu maddəylə ittiham edilən yoxdur. Bu maddə ölüdür.

«VƏTƏNDAŞ MÜQAVİMƏTİ AZALIB»

Məktuba imza atanlardan biri, «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə işgəncələrlə bağlı məlumatlara ictimai reaksiyaların azlığından narahatdır:

- Dörd ilin rəqəmləri göstərir ki, işgəncə faktları 3 dəfə artıb. Bu, ciddi göstəricidir. Bu onu göstərir ki, hüquq mühafizə sistemində özbaşınalıq hökm sürür. Bu onu göstərir ki, vətəndaş cəmiyyətində müqavimət azalıb.

«BƏS HƏRBİ HİSSƏLƏRDƏKİ İŞGƏNCƏLƏR?»

Silahlı Qüvvələrə Demokratik Yardım Mərkəzinin rəhbəri Ələkbər Məmmədovun sözlərinə görə, işgəncədən danışanda yalnız güc strukturları xatırlanıb, onun fikrincə, hərbi hissələrdə təkcə əsgərlər yox, hətta kiçik rütbəli zabitlər də işgəncəyə məruz qalır:

Ələkbər Məmmədov
- Daşkəsəndə iki əsgərin zabitləri güllələməsi işgəncələrin nəticəsidir. Bir neçə ay əvvəl «dedovşina»yla bağlı video-çarx yayılmışdı, hamı gördü ki, əsgərləri necə alçadırlar.

«BÖHTAN ATIRLAR, HƏRBİ HİSSƏLƏRDƏ İŞGƏNCƏ YOXDUR»


Amma Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev hərbi hissələrin ünvanına deyilənləri böhtan sayır:

- Daşkəsəndəki hadisənin səbəbini heç biz özümüz bilmirik, onlar hardan bilirlər ki, bu işgəncələrin nəticəsidir? O hadisələrlə bağlı istintaq hələ yekunlaşmayıb.

«BİZDƏN RAZIDIRLAR»

Beynəlxalq qurumlara göndərilən məktubda işgəncə ünvanı kimi göstərilməsinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsinin mətbuat üzrə rəhbəri Mehman Sadıqov da etiraz edir. O, bir çox beynəlxalq və yerli qurumların həbsxanalarda və təcridxanalarda monitorinq apardığını və onların dustaqlarla söhbət etmək imkanı olduqlarını diqqətə çatdırdı:

- Onlar işgəncəylə bağlı hesabatlarında bir dəfə də olsun Ədliyyə Nazirliyinin adını çəkmirlər.

TƏKLİFLƏR VƏ TƏLƏBLƏR


Beynəlxalq qurumlara məktub göndərənlər isə təkcə faktları sadalamaqla kifayətlənməyiblər. Onlar təklif edirlər ki, Azərbaycan hökumətindən vətəndaş cəmiyyətinin və media təmsilçilərinin işgəncə yerlərinə sərbəst girişinə şərait yaratmaq tələb olunsun. O cümlədən, müstəqil məhkəmə ekspertizası yaradılsın ki, işgəncə qurbanları öz dəlillərini burda yoxlada bilsinlər.

Məktubda o da istənilir ki, Azərbaycanın hüquq müdafiəçilərinin hesabatlarında işgəncəylə bağlı adları çəkilən vəzifəli şəxslərin adları beynəlxalq qurumların da hesabatına salınsın.

Leyla Yunus ümid edir ki, Avropa Şurasının Parlament Assambleyasının yay sessiyasında Azərbaycanla bağlı dinləmələrdə onların məktubu da xatırlanacaq.
XS
SM
MD
LG