Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:24

Eynulla Fətullayev dünyanın ən məşhur dissidentləri siyahısına salındı


Amerikanın nüfuzlu mətbu orqanlarından olan “Foreign Policy” dərgisi həbsdə olan azərbaycanlı jurnalist Eynulla Fətullayevi dünyanın ən tanınmış dissidentləri siyahısına salıb. Bu barədə məlumat mayın 7-də açıqlanıb.

Dərgi yazır ki, "Monitor" jurnalının əməkdaşı olan Fətullayev hökumətin diqqətini 2007-ci ildə cəlb edib - həmkarı Elmar Hüseynovun qətlində hakimiyyətdə təmsil olunan bəzi şəxslərin əli olması haqda məqalə yazandan sonra.

Dərgi jurnalistin terrora çağırış, milli ədavəti qızışdırmaq və daha sonra narkotik saxlamaqda günahlandırıldığını, həbsə salındığını qeyd edir.

"Fətullayev heroinin onun paltarına həbsxana nəzarətçiləri tərəfindən qoyulduğunu iddia edir. Jurnalistləri Müdafiə Mərkəzi bu taktikanın Azərbaycan hakimiyyəti tərəfindən tez-tez istifadə edildiyini deyir".

“Foreign Policy” qeyd edir ki, Əfqanıstandan Zimbabveyəcən, Çindən Peruyacan dissidentlər insan haqları uğrunda yorulmadan mübarizə aparırlar. Amma onların işi asan deyil – bunun müqabilində izlənir, oğurlanır, döyülür, öldürülür, həbs edilir, işgəncəyə məruz qalırlar.

Dünyanın ən məşhur dissidentləri sırasına başqa söz adamları da düşüb. İranda bu, jurnalist və yazıçı Əkbər Gəncidir. Onu vaxtilə İranın Vaslav Haveli adlandırırdılar. O, İran hakimiyyət orqanlarının həbsdəki dissidentlərin öldürülməsində əli olmasını ifşa etdiyi üçün həbs edilib və 2006-cı ildə həbsdən çıxandan sonra İranı tərk edib.

Diktator Qəddafinin idarə etdiyi Liviyada ən cəsur dissident Abdelnasser al-Rabbasidir. Onu Liviyada rüşvəxorluğa qarşı yönələn roman yazdığına görə 7 il qabaq həbs ediblər və 15 il müddətinə həbs cəzasına məhkum ediblər.

Dünyanın ən tanınmış dissidentləri siyahısına Özbəkistandan şair Yusif Cumayev də salınıb. O 2007-ci ilin prezident seçkiləri öncəsi dövlət başçısı İslam Kərimovu istefaya çağırıb. Bundan sonra “böhtan” və “polisə müqavimət” maddələri ilə 5 il müddətinə həbsə atılıb. Həbsdə ona işgəncə verilib.

Hong Konqda Liu Xiaoboya dəstək aksiyasının plakatı 25 dekabr 2009
Çinin ən tanınmış dissidentləri arasında da yazarlar az deyil. Məsələn, ədəbi tənqidçi, Çin PEN Mərkəzinin rəhbəri və hüquq müdafiəçisi Liu Xiaobo hökuməti islahatlara çağırdığı üçün həbs edilib. Onu “dövlət çevrilişinə cəhdi qızışdırmaqda” ittiham edib 11 il müddətinə həbsə atıblar.

Gilermo Zuloaqa Venesuelada yeganə müstəqil televizyanın – Globovisión TV-nin sahibidir.

Onun televiziyası Venesuelanın avtoritar prezidenti Hüqo Çavesi kəskin təqid edir, ölkədə korrupsiyanı ifşa edir. “Foreign Policy”nin Belorusdan ən tanınmış dissidentlər siyahısına daxil etdiyi şəxs isə - 34 Multimedia jurnalının rəhbəri İrina Vidanavadır.

Kubanın ən tanınmış dissidenti isə bloqçu Yoani Sánçezdir.

O, Kubanın kommunist rejiminin yarıtmaz əməlləri haqda hər gün yazılar yazır, onları Kubada senzura olması səbəbindən e-maillə xaricə - dostlarına göndərir və həmin yazılar İnternetə yerləşdirilir. Dediyinə görə, 2009-cu ildə hökumətin göndərdiyi adamlar onu oğurlayıb döyüblər. Amma buna baxmayaraq o öz işini davam etdirir.
XS
SM
MD
LG