Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:13

Ramiz Rövşən: “Kaş ki hər iki adamdan biri şair yox, adam olaydı”


"Mən sözü deməyəndə boğuluram"
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

"İşdən Sonra" verilişinin qonağı şair Ramiz Rövşəndir

Şair Ramiz Rövşənin Azadlıq Radiosunun "İşdən sonra" verilişinə müsahibəsi.

- (Dinləyixi sualı). Hörməli Ramiz bəy, ölkədəki haqsızlıqlara qarşı mitinq olsa, öncəki kimi iştirak edərdinizmi?

- Səmimi deyim. Yaş dövrləri fərqlidir: adamın at çapan yaşı olur və s. Mənim elə bir müqaviləm yoxdu ki, 80, 90, yaxud 100 il yaşayacam. Açığı bu dəqiqə yaradıcılığımla məşğulam.

Və əgər kimlərəsə elə gəlirsə ki, bir mitinqlə hər şey həll olunur... olunmur. Mən bir daha bunu deməyə məcburam: Azərbaycanda fərqli əxlaq, fərqli mənəviyyat ortaya qoymaq lazımdır.

Bu gün Azərbaycanda mənəviyyatda radioaktiv şüalanma gedib.

Mənim üçün şər, yalan deyən hansısa bir dövlət telekanalı ilə şər, yalan deyən hər hansı müxalifət qəzetinin heç bir fərqi yoxdur. Yalan deməyin, həqiqəti deyin. Nə qədər acı olsa da.

Mən insanlarla savaşmıram, ömrüm boyu yalanla, şərlə savaşmışam. Cəmiyyəti yalandan azad etmək üçün ortaya fərqli əxlaq qoymaq lazımdır.

İnsanlar niyə passivləşib? Çünki inamlarını itiriblər.

İnsan namuslu adama inanır. Kimsə iki dəfə yalan deyirsə, üçüncü dəfə heç kəs ona inanmır.

Amma o biri tərəfdən mitiqndən, insanların bir yerə toplaşmasından qorxmaq da bir fəlakətdir...

- (Dinləyici sualı) Ramiz müəllim, 70-ci illərdən bəri müasir qala bilməyinizin səbəbi nədir: bu sizin bir sənətkar kimi gücünüzü göstərir, yoxsa çağdaş Azərbaycan poeziyası yerində addımlayır, yəni indiki şeir bazarında kasadlıqdır deyə müasir olaraq qala bilirsiz?


- Yeni olmaq nədir? Mənim üçün oxumadığım bütün şairlər yenidir. İstər həmin şair klassik olsun, istəsə də bu günkü şair...

- Bəs oxuyursunuzmu müasirləri?

- Oxuyuram. Ümumiyyətlə, mənə elə gəlir ki, indi bütün dünyada poeziya böhran keçirir. Bu mənim şəxsi düşüncəmdir. Mən dünya poeziyası ilə kifayət qədər maraqlanan adamam. Xüsusən son onilliyə qədər çox maraqlanırdım.

Bilirsiz, dünya yaradıcılar dünyası olmaqdan yavaş-yavaş istifadəçilər dünyasına çevrilir. Bu çox ciddi bir prosesdir və ədəbiyyata da sirayət edir. Postmodern və bəzi başqa adlar altında istifadəçi ədəbiyyatlar yaranır.

Yəni artıq yaranmışların ətrafında gəzişmək, nəsə qurmaq... Poeziya ələgəlməz bir şeydir və buna görə də ilk böhranı poeziya keçirir.

Yadınızdadısa, yeni epidemiyalar yayılmağa başlayanda birinci quş qripi ortaya çıxdı.(gülür-X.İ.) Yəni donuz qripi ondan sonra gəldi. Quş yerlə göy arasında olan ən həssas bir məxluqdur.

Birinci zərbə quşa dəydi. Dünyada mənəvi böhran da ilk növbədə poeziyanı vurmalı idi. Və vurur da. Mən bu fikirdəyəm ki, bu, ötəri bir məqamdır. Bir dəfə demişəm, bir dəfə də deyirəm: gün işığını basdırmaq mümkün deyil. Nə qədər basdırsan, torpağın üstündə qalacaq.

- Gənc yazarlardan kimi xüsusi qeyd edərdiniz?

- Gənc yazarlardan - rastıma çıxanları oxuyuram. Fərqlidir: istedadı olanlar da, istedadsızlar da var. Amma deyim ki, ən çox qışqıranlar istedadsızlardır.

- Bəs kimlərin adını çəkərdiniz? Bəlkə biz də sizin zövqünüzə uyğun seçim edib oxuyardıq...

- Əgər ad istəyirsizsə, mən sizə məsləhər görərdim ki, bilmirəm ona nə dərəcədə gənc yazar demək olar, Fəxri Uğurlunun hekayələrini oxuyasınız. Onun bir qəribə hekayələr silsiləsi olub...

Mahiyyət etibarilə postmodern hekayələrdir: Leyli və Məcnun, Xosrov və Şirin mövzularında. Bu mövzuda əsərlərə yeni, müasir baxış var onun hekayələrində.

Yəni sizə elementar bir detalı deyə bilərəm və siz müasir yanaşmanı qiymətləndirə bilərsiz: Fərhad nəhayət ki dağı çapır. O dağı ki, həyat suyu gətirəcək və Fərhad Şirinə qovuşacaq.

O dağı çapır və sel gəlib Fərhadı da aparır, Şirini də, Xosrovu da. Həmin həyat suyu hamısını aparır. Belə baxanda çox sarkastik yanaşmadır. Amma o qədər istedadlı, o qədər dərindən və o qədər sevgiylə yazılıb ki, sən həm klassikaya, həm də qəhrəmanlara sevgini hiss edirsən.

- Hansı daha vacibdir: Əsərin dili, yoxsa onun ifadə etdiyi ideya?

- Mənə elə gəlir ki, onlar bir-birindən ayrı deyil. Bəzi məqamlarda necə yazmaq nə yazmaqdan daha vacib olur. Çünki eyni mövzunu, eyni bədii və ictimai informasiyanı iki şair yaza bilər.

Birinə medal verə, o birisini isə asa bilərlər. Baxır necə yazır. Bilirsiz, intonasiya, yanaşma, ton əsasdır.

Sovet dövründə deyirdilər ki, ədəbiyyat formaca milli, məzmunca sosialist olmalıdır. Amma millilik məzmuna da aiddir, təkcə forma ilə bağlı deyil. Bu mənada mənə elə gəlir ki, nə yazmaq və necə yazmaq – bunlar bir-birindən ayrılmazdır. Biri qabığı, o biri içi deyil, onlar ayrılmazdır.

- Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin “axır illərdə Azərbaycanda dünya səviyyəsinə çıxarılacaq sanballı əsərlər yaradılmayıb” fikrinə münasibətiniz necədir?

- Mən o fikirdəyəm ki, Azərbaycan ədəbiyyatında dünya səviyyəsinə çıxası kifayət qədər əsər var.

Və Azərbaycan ədəbiyyatı daim hərəkətdədir.

Və ədəbiyyat həmişə, bütün dövrlərdə ortaya şedevr, parlaq əsərlər ortaya çıxarmır ki. Amma mən bir şeyi deməyə məcburam ki, Azərbaycan yazıçısı, şairinin dünyaya çıxması üçün onun çox güclü iqtisadi əsaslarının olması vacibdir. Buna iqtisadi güc lazımdır. Mən qeyri-təvazökar görünmək istəmirəm.

Amma 90-cı illərdən başlayaraq mənim şeirlərimə İngiltərədən də, Fransadan da, Latın Amerikasından da... məni üç dəfə Latın Amerikasının ən məşhur poeziya festivalına dəvət ediblər. İngiltərədə çox gözəl bir tərcüməçi var - Riçard Makkeyn.

O mənim şeirlərimi tərcümə edib. Ümumiyyətlə o slavyanşünasdır, Axmatovanı, Pasternakı tərcümə edib.

O bir dəfə mənə demişdi ki, İngiltərə sizin ikinci vətəniniz olacaq.

Mən bir fikri bu yaxınlarda bir televiziya ekranında demişdim, amma təəssüf ki, o cümlə getməmişdi, İngiltərənin, Amerikanın, Fransanın, yaxud dünyanın başqa bir ölkəsinin şəxsən mən Ramiz Rövşənin ikinci vətəni olması üçün ilk növbədə Azərbaycanda mənim qəribçiliyim qurtarmalıdır.

Əgər mənim birinci vətənimdə qəribçiliyim qurtarmırsa, əgər birinci vətəndə sənə ögey baxırlarsa, bəlkə də gecə sənin şeirlərini oxuyub ağlayan adam səhər sənə sarı baxmağa qorxursa, dünyaya nə cür çıxmaq olar?

Dünyaya çıxmağın binası Azərbaycandan başlayır. Bilirsizmi, dünyada tanınmaq, xarici dillərə tərcümə olunmaq üçün nə boyda iş görülməlidir?

Bizdə faciə ondadır ki, o yazarların, şairlərin ki dünyaya çıxmaq üçün kifayət qədər maddi imkanları var, onlara bu məsələdə dəstək verilə bilər, onların dünyaya çıxası şeiri yoxdur, o yazarların, şairlərin ki dünyaya çıxası şeirləri var, onların da dünyaya çıxmaq üçün maddi imkanları yoxdur.

- (Dinləyici sualı) Ramiz Rövşənin axır vaxtlar səsi çox eşidilmir, bu mediadan təklif gözləməklə bağlıdır, yoxsa özü belə istəyir. Və bir də o, Azərbaycan tarixində Sartrın Fransa tarixində oynadığı rolu oynaya bilərmi?

- Mən o zaman sözümü deyirəm ki, o söz mütləq deyilməlidir.

Gözləyirəm, o söz deyilmir və onda mən sözümü deyirəm. Bu gün çox sözlər deyilir. Mənim qəbul etmədiyim şeylər – yalan, şər və böhtandır. Mənim üçün fərqi yoxdur ki o yalanı kim deyir, hansı mövqedədir.

Yalanla milləti xoşbəxt eləmək olmaz. Mən həmişə məqamı çatanda öz sözümü demişəm və deyirəm də.

O ki qaldı Sartrla bağlı məsələyə, yəqin sual verən dinləyici o zaman gənclərlə bağlı hərəkartda onun rolunu nəzərdə tutur, Sartr kifayət qədər solçu idi. Mən etiraf edirəm ki, solçu deyiləm. SSRİ təcrübəsindən sonra solçu olmaq çox çətindir.

Mən Ramiz Rövşən ömrü yaşayıram, nə Saxarov, nə Saljenitsin, nə Sartr olmaq fikrim var. Məsələn, mən Saljenitsını sevirdim, amma xaricdən qayıdandan sonra yazdığı yazılar onun haqqında kifayət qədər militarist şəxs təsəvvürü yaratdı.

Məlum oldu ki, antisovet olmaq insanı militarist olmaqdan azad etmir. Mən bunu gördüm. Baxmayaraq ki o, çox böyük sənətkar idi və SSRİ-nin dağılmağında çox böyük mənəvi rolu olub. Mən sual verən dinləyiciyə onu deyə bilərəm ki, gənclər ömrümün son dəqiqəsinə qədər məndən arxayın ola bilərlər.

- (Dinləyici sualı) Min illərdir ölə-ölə, ölüm nədi bilə-bilə, doğulursa insan hələ, insan Allahdan böyükdür... Ramiz bəy Allahın varlığına inanırmı?


- Mən Allahın varlığına inanıram... Mən hətta İnternet saytlarında da görürəm, o bəndlə bağlı, o fikirlə bağlı çox savaşırlar. (gülür – X.İ.) Yəni mahiyyət etibarilə mən Allaha inanıram. Və ona da inanıram ki Allahın bizim içimizdəki nümayəndəsi, elçisi bizim vicdanımızdır.

Düzdür, mən dini ayinlərdə iştirak etməmişəm, Məkkəyə də getməmişəm.

Amma ən kədərli hal odur ki, Azərbaycanda məscidlərin sayı artsa da, allahlıların sayı artmır. Hətta Həccə gedənlərin sayı artdıqca yenə artmır. Və dediyim qeyri-səmimilik burda da özünü göstərir. Ən kədərlisi budur ki, Allahı da aldatmaq istəyən insanlar var.

- Qarşıdan Yazıçılar İttifaqının qurultayı gəlir. Bu ittifaq Azərbaycana lazımdırmı? Elçin deyir ki, Yazıçılar İttifaqının 1500 üzvünün olması çoxdur, yazılan əsərlərin bir çoxunun keyfiyyəti aşağıdır. Bu fikirlərlə razısınızmı?

- Bəli, mən o düşüncədəyəm ki, Azərbaycanda 1500 yazan çətin tapılar. Bu çox böyük xeyirxahlıqdır ki, (gülür - X.İ.) o qədər adam ittifaqa üzv olub.

- Siz də üzvüsünüz, elə deyilmi?

- Mən çoxdan üzvüyəm. Yazıçılar İttifaqının İdarə heyətinin də üzvüyəm. Yazıçılar İttifaqı sovet dövründə yaranmış bir birlikdir. Vaxtilə kifayət qədər ideoloji təşkilat olub.

Amma sizə bir şeyi səmimi deyim ki, mən o düşüncədə deyiləm ki, Yazıçılar İttifaqı olmayanda hər şey yaxşı olacaq. Yeri gəlmişkən, Anar mənim çox əziz və etibarlı köhnə dostlarımdan biridir.

Səmimi deyim ki, hələ Anar Yazıçılar Birliyinin sədri olmamışdan qabaqdan başlamış ta indiyəcən – təxminən 30 ildə mən Yazıçılar Birliyinin heç bir orqanında çap olunmamışam. Ona görə yox ki məni çap eləmirlər, mən heç çap olunmağa ehtiyac da hiss eləmirəm.

- Onlar da ehtiyac hiss eləmirlər?

- Onlar çox istəyərlər. İstənilən qəzet-jurnal mənim yazılarımı verməyi istəyər.

Ən azı tiraj üçün. Yəni burda təvazökarlığın yeri yoxdur.

Anar Azərbaycanın böyük yazıçısıdır, bu reallıqdır, ondan razı olmaq da olar, narazı da. Amma baxın, axır illərdə mətbuatda onun haqqında nələr yazmırlar. Onun haqqında yazılan tənqid, təhqir hansısa oliqarxın, quldurun haqqında yazılıbmı? Deyirik ki, Azərbaycanı taladılar, apardılar...

O talançıların hansı haqqında bu qədər tənqid, təhqir yazılıb?

Heç birisi haqqında. Bunun özü də absurddur, ölçüyə gəlməyən bir şeydir. Amma mənə elə gəlir ki – burada Elçinin sözündə də həqiqət var, attestasiya keçirilməlidir – doğrudan da 1500 nəfər çoxdur.

Çünki bu qədər şair, yazıçı olmaz.

Amma sizə bir qəribə şey də deyim. Qabaqlar şairlik, yazıçılıq insana maddi nəsə gətirirdi. İndi gətirmir, insanlar öz kitablarını öz pulları ilə çap edirlər. Amma bu şairlərin-yazıçıların sayı uenə azalmır (gülür – X.İ.) Görünür bu qrafomaniya xəstəliyi çox dərin qatlara işləyib.

- Ümumiyyətlə məndə belə bir təəssürat var, hər üç azərbaycanlıdan biri şeir yazır, özü də üçündən ikisi sevgi şeirləri yazır. Bəlkə də 99 faizi sevgidən yazır. Niyə belədir?

- Bir dəfə bir məclisdə idim. Böyük bir tədbir idi. Orda vəzifəli adamlar, alimlər də vardı. Çox adam durub danışdı. Hər danışan da öz çıxışını şeirlə bitirdi. Özü də əksəriyyəti öz şeiri ilə.

Mənim də yanımda Türkiyə səfirliyindən bir dost oturmuşdu. Qulağıma dedi ki, maşallah, sizdə hər iki adamdan biri şairdir. Mən də dedim, düz deyirsən, amma kaş ki hər iki adamdan biri adam olaydı.

Yəni bütün faciə burdadı. Amma sizinlə tam razıyam. Siz əgər sevgi şeirlərinə baxsaz... Mən Azərbaycanda yazılan şeirlərin adını qoymuşam sevgi, yanında da mötərizədə nifrət şeirləri.

Bu şeirlərin əksəriyyəti nədir: sən məni sevmədin, amma gör indi mən kim olmuşam, sən hardasan, mən getdim, sən qaldın, cəhənnəmə qal... Burda sevgi yoxdur.

Bizim poeziyamızda sevgi şeirləri o qədər eqoist şeirlərdi ki. Dünyanın heç bir poeziyasında bu qədər eqoist sevgi şeiri tapa bilməzsiz. Füzulinin sözü olmasın, kim ki canı üçün sevər...

Bunlar hamısı canı üçün sevənlərdi...

(Musahibəyə tam şəkildə burada qulaq asmaq olar).
XS
SM
MD
LG