Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:54

Əkrəm Əylisli "MÖHTƏŞƏM TIXAC" (Romandan parça)


Güllükəndə (kəndin öz dililə desək) “vur-çatdasın” yaz gəlmişdi. Ancaq bu yaz Pülük Pirinin yuxuda xoruzla əlləşdiyi o qarlı yanvarın yazı deyildi, ondan çox-çox sonranın gözəl bahar fəsillərindən biriydi.

Dünyanın uca-uca yerlərindən axa-axa gəlib Kəlləkəndə yetişən və oradan, üzüaşağı, Güllükəndin sıldırım qayalarının və yaşıl yamaclarının arası ilə nərildəyə-nərildəyə baş alıb getdikcə gedən dağ çayı yenə öz işində-gücündəydi.

Çayın gur səsi yerdəki yamyaşıl ot-alafın ürəyinin sözünü göydəki Günəşə çatdırırdı.

Uşaqları, quşları, qulunları, quzuları, saz çalıb, qaval çalıb oynadırdı. Badamın, alçanın, albalının ağappaq çiçəyini səsləyib-sevindirirdi.

Ərlik vaxtı ötüb-keçmiş qızların ürəyinə qara qanlar axıdırdı, ərlik vaxtı təzəcə yetişən qızlar üçün – gah pəsdən, gah ucadan – “Uzundərə” havası çalırdı.

Dağ çayı uca dağlarda əriyən qarın, yaşıl yamaclarda bitən yarpızın, kəklikotunun, baldırğanın, bənövşənin bir də – Güllükənddən Kəlləkəndəcən – çay boyunca düzülən salxım söyüdlərin təzəcə açmaqda olan sütül yarpaqlarının ətrini dünyaya yayırdı.

Bu mənada – bəlkə lap Nuh əyyamından üzübəri – Güllükənddə heç bir əsaslı dəyişiklik baş verməmişdi.

Lakin “Güllükənd” və “Kəlləkənd” deyilən bu güllü, gözəl məkan yalnız çay-çeşmədən, dağ-dərədən, qarğa-quşdan, bir sözlə, faunadan və floradan ibarət deyildi. Burada insanlar da yaşayırdı.

Və belə şey heç mümkündürmü ki, bir yerdə insan yaşayaydı və orada heç bir hadisə baş verməyəydi.

Əslinə qalsa, bir vaxt Pülük Pirinin – o xoruz və beşguşəli ulduzla bağlı – gördüyü yuxunun özü də, öz zəmanəsinə görə, kiçik hadisə deyildi.

Pülüyün o əməlgir xoruzu yuxuda görməyinin Sadıqovun sonrakı aqibəti ilə hansı mistik tellərlə bağlı olduğunu, hələ ki, bilən yox idi.

Ancaq fakt bu idi ki, o qovurmalı qara noxud şorbasının dadlı-ləzzətli iyi Güllükənd Sovetliyinin həndəvərindən çoxdan çəkilib getmişdi.

İki kənddən vur-tut 11 nəfər “ziyanlı ünsür” tapmaqla sinfi düşmənə qarşı mübarizəni bitmiş hesab eləyən Kəfən Sadıqovu siyasi maymaqlıqda günahlandırıb, dəyirmançı Süleymanın çoxdan məskunlaşdığı qarlı Sibir torpağında kəfənsiz ölməyə göndərmişdilər.

Və hələ bununla da kifayətlənməyib, onun – hər kəsin öz əyin paltarında qəbrə qoyulması barədəki – məlum qərarına “volyuntarist qərar” və “utopik xəyal” adı qoyub, Sadıqovun “liçni delo”suna (özü Sibirdə ikən!) bir yağlı partiya töhməti də yazıb-yapışdırmışdılar.

Burası bir o qədər ağlabatan söhbət olmasa da, hər halda, bu da belə bir spesifik həqiqət idi ki, Kəlləkəndlə Güllükəndin ən maraqlı hadisələri, nədənsə, qəbiristanlıqda baş verirdi.

Ancaq o Xeybərin xortlamağından bu yana, Allahabad mahalının heç bir qəbiristanlığında, hələ ki, belə bir hadisə olmamışdı. Bu qəbildən sonuncu hadisə, deyilənə görə, Kəlləkənddə baş vermişdi.

Guya kolxozun gecə qarovulçusu Quduz Qəzənfər bir dəfə qəbiristanlıqdan keçəndə rəhmətlik Pülük Pirinin (lül-atəş dəm vəziyyətdə!) öz qəbrinin üstündə oturub, için-için ağladığını görmüşdü.

Və guya Pülük Piri eləcə ağlaya-ağlaya Quduz Qəzənfərə bərk-bərk yalvarmışdı ki, getsin, belə bir vacib xəbəri mamaça Raziyəyə çatdırsın.

Desin: “Kəs o xoruzun başın, sal qazana, bir ovuc qara noxud at içinə, bişir, ver ərin Tosu Məhəmməd yesin.

Yoxsa o xoruz bu dünyanın başına hələ çox işlər gətirəcək...” Ancaq bu söhbət, məlum məsələdir ki, köhnə söhbət idi.

Çünki, hər şey bir yana dursun, əgər bu, təzə söhbət olsaydı, onda Pülük Pirinin mamaça Raziyəyə peşkeş elədiyi o xoruzun indi gərək ən azı 20 yaşı olaydı...
lll
Ən mühüm hadisələri qəbiristanlıqlarda baş verən Allahabad mahalında hər hansı kitabın da hadisə kimi qarşılanmasına inanmaq da, inanmamaq da eyni dərəcədə məqbul və məkruf sayıla bilər.

Ancaq, təsəvvür eləyin ki, o yaz Güllükənddə belə bir hadisə artıq baş vermişdi.

Adına “Qılınc və qələm” deyilən o kitabın, hələ qışın əvvəllərində, Güllükəndin kitabxanasına daxil olmağı ilə başlanan bu hadisənin bugünkü davamiyyətini Güllükənd camaatı xüsusi maraqla gözləyirdi.

Çünki iki kəndin “uçaskovusu” (yəni, sahə milis müvəkkili) vəzifəsinə təzəliklə təyin edilmiş, evləri Kəlləkənddə olan, hakimiyyət nümayəndəsi, Güllükənd kitabxanasının müdiri Farmazon (başıaçıq gəzən qadınlara bütün Allahabad mahalında “farmazon” deyirdilər) Firaqənin yuxarılara yazdığı şikayətə baxmaq üçün bu gün bura gələcəkdi.

Məsələ burasındaydı ki, əslən bu kənddən olan, indi rayon mərkəzində notarius vəzifəsinə düzəlib, elə orada da “Fərəhli Allahabad” qəzetinin redaktoru şair Hətəm Hafizə ərə gedən Siddiqə həmin o “Qılınc və qələm”i hələ iki ay bundan qabaq Güllükəndin kitabxanasından götürüb, 3 günlüyə, oxumağa aparmışdı və kitabı nəinki kitabxanaya qaytarmamışdı, hətta bu qiymətli ictimai əmlakın geri qaytarılmasını tələb etməklə öz qanuni vəzifə borcunu yerinə yetirən Firaqəni bəlkə Allahabaddakı Şah Abbas hamamında da bu çağacan heç kəsin eşitmədiyi ən ədəbsiz sözlərlə söyüb, abır-ismətdən salmışdı.

Vəzifəyə təzəliklə təyin edilsə də, söhbəti dil-ağızda çoxdan gəzən hökumət nümayəndəsinin Güllükəndə gəlmək planından dünən axşam xəbər tutan Firaqə, elə dünən axşamdan da işə girişib, kitabxanada ideal səliqə-sahman yaratmaq üçün əlindən gələni eləmişdi.

Kitabxananı sulayıb-süpürəndən sonra rəflərdəki bütün kitabların birbəbir tozunu almışdı.

Pəncərə şüşələrini iki dəfə tərtəmiz yumuşdu. Evdən iki dibçək ətirşah, iki dibçək də qəşəng sırğagülü gətirib, kitabxananın hər iki pəncərəsinin qabağını gözəlcə bəzəmişdi. İndi isə – səhərin gözü açılandan – keçmiş sinif yoldaşı, rəfiqəsi və yaxın qonşusu Cin Cəmilə ilə kitabxanada oturub, şirin söhbət eləyirdi.

İnişil Allahabadda halva bişirib satan, özündən çox-çox yaşlı Əbdül adlı bir kişiyə ərə gedən Cəmilə ər evində heç 10 gün də qərar tuta bilməmişdi. Dünyanın zil qaranlıq gecələrinin birində Allahabaddan pay-piyada yola düzələn Cəmilə, neçə-neçə qorxunc dərə-təpədən keçib, səhərə yaxın özünü Güllükəndə yetirmişdi.

Allahabadla Güllükəndin arasındakı o dərə-təpədə gecələr cinin sayı-hesabı olmur və bunu Güllükənddə bilməyən adam yoxdur. Ancaq Cəmilənin adının qabağında “cin” sözünü buna görə qoymamışdılar.

Ona görə qoymuşdular ki, əsas iş-peşəsi İran saqqızı satmaqdan ibarət olan Cəmilə vaxtaşırı kənddən ilim-ilim itirdi. Haralardasa, cinsayağı, gözə görünmədən gəzib-dolanıb, elə cin kimi də qəfildən, kənddə peyda olurdu.

Hətta Cəmilənin yalnız cinlərə məlum olan hansısa gözəgörünməz yollarla gecələr İrana gedib-gəldiyini deyənlər də vardı.

Farmazon Firaqənin sevimli rəfiqəsinin ikinci sənəti eşqə düşən oğlanların adından qızlara, qızların adından oğlanlara atəşin sevgi məktubları yazmaq idi. Güllükənd çayının qaval çalıb, zəngulə vuran, ot-alafı dilləndirən və həşəratı, quşu, heyvanı bir-birinin belinə dırmaşdıran vaxtlarında Cəmiləyə eşq məktubu yazdırmaq istəyənlərin sayı, təbii ki, həddən çox olurdu və o “Qılınc və qələm”i – Siddiqədən qabaq – aparıb, 1 ay evində saxlayan Cəmilə builki “eşqnamə” mövsümündə özünü çox da əziyyətə salmamışdı.

Bu işdə “Qılınc və qələm” Cəmilənin zəhmətini xeyli yüngülləşdirmişdi. Çünki bu kitabda olan mənalı, hikmətli, şəhvətli sözlər yer üzünün heç bir kitabında yox idi. Və Güllükənddə belə sözün qədrini bilənlərin sayı İran saqqızının ləzzətini qananların sayından bəlkə çox idi ki, az deyildi.

Sözə bax: “Mən ürəyimin qiymətli incilərini sənə olan sevgi duyğularımın nəhayətsiz dənizindən əldə edirəm”. “Sənin məhəbbətindən aldığım ilhamlar zəngin bir kitabxanadır”.

“Sən mənim həyatımın baharında bitən ilk çiçəksən”. “Məhəbbət bir ağacın tumurcuğu kimidir. Onun çiçəklənməsi və meyvə şəklinə düşüb, yetişməsi lazımdır”.

Hələ bu harasıdır ki!

Cəmilənin öz evində1 ay saxladığı o kitabdan köçürdüyü 5 dəftər, qızıldan qiymətli sözün, hələ əl dəyməmiş, ən bahalı inciləri bundan sonrakı çox-çox bəxtəvər illərdə də Güllükənddə eşqə düşənlərin neçə-neçə yeni nəsillərin dərdini ovudacaqdı, ruhunu oxşayacaqdı:

“Mənim qəlbimdən götürdüyün cəvahirləri başqalarının başına səpmə”, “Qəlbini sənə açan bir qız öz üzünü günəşə belə açmamışdır”, “Sevmirəm sözü dəlicəsinə sevən bir qıza zəhər içirmək qədər qorxulu deyilmi?!” və sair və ilaxır. (Allahabad mahalında yaşayan insanların təkcə qəbiristanlıq mistikasının aşiqi olmadığına indi siz də inandınızmı?)

lll

– Bilsəydim ki, bu işin axırı belə olacaq, heç səndən almazdım o kitabı.

Qoyardım lap bir ay da yenə səndə qalsın.

Vallah, heyfim gəlir o kitaba.

Ürəyim götürmür ki, elə qiymətli kitab o cür ifritəyə qismət olsun. – Firaqə “Qılınc və qələm” və “Notarius Siddiqə” mövzusunda çoxdan başladığı söhbəti bu sözlərlə, deyəsən, yekunlaşdırmaq istəyirdi.

Ancaq Cəmilənin bu mövzuda deyiləsi sözü hələ qurtarmamışdı.

– Əsərdəki o Səba xanım ki var ha, bax o Səba xanım Siddiqənin toçnu qopiyasıdı.

Görürsən də, o arvad orda nə oyunlardan çıxır. Onun-bunun adından ona-buna məktub yazıb, Əmirin sarayında hamını bir-biriynən vuruşdurur. Bu saat o Siddiqə də, deyirlər, Alahhabadda bir qarmaqarışıqlıq salıb ki, raykomda oturanlar da çaşıb qalıb.

Firaqə əsəri oxumamışdı. Buna görə də söhbətin istiqamətini tezcə dəyişməyi lazım bildi:

– Onun o şair ərin yayda kəndə gələndə gördün də? Pencəyini salıb çiyninə, bir əlin də soxub şalvarının cibinə, çayın qırağında elə qozu-qozu gəzirdi ki, elə bil bu da Səməd Vurğundu.

Görən deyərdi ki, ətin tökülsün, Siddiqə, bu da gedib ər tapıb özünə...

Və Farmazon Firaqə elə bu sözləricə demişdi ki, kitabxananın qabağında – bir qəşəng qumral atın belində – qamətli, qartal baxışlı bir igid göründü. Hələ heç vaxt heç yerdə görünməmiş bir cəldliklə yəhərdən yerə sıçradı və atın yüyənini qoca əbrişim ağacının qurumuş budağına bağlayıb, bir göz qırpımında kitabxanaya daxil oldu.

Salam verdi, ya vermədi – bunun mətləbə dəxli yoxdur. Ancaq bircə qartal baxışı ilə bir cüt “Qılınc və qələm” aşiqinin bağrının başına od sala bildi.
Firaqə evdə termos çayı hazırlayıb, kitabxanaya gətirmişdi.

Qonağa çay süzmək üçün indi ürəyi gedirdi. Ancaq qonaq onun nəcib ürəyinin bu xoş niyyətini heç vecinə də almadı. Əlini termosun ağzına qoyub:

– Mən bura çay içməyə gəlməmişəm, – dedi. – Firaqə hansınızdı?

– Mənəm. – Firaqə qonağın çay içməməyinin pərtliyindən az qala ağlaya-ağlaya cavab verdi.

– Bəs bu kimdi? – Hökumət nümayəndəsi yuxarıdan aşağı tərs-tərs Cəmiləyə baxdı.

– Rəfiqəmdi, Rəis. Kitabxanamızın fəal oxucularındandı.

Uçastkovunun bu “rəis” sözündən, aşkar xoşu gəldi. Hətta bir azca yumşaldı da, deyəsən.

– Qoy olsun fəal oxucu. Fəal oxucu yaxşı şeydi. – “Rəis” sözündən xoşu gələn uçastkovu kitab rəflərinin arasında gəzinməyə başladı. – Bəs sən niyə belə yaramaz əməllərlə məşğul olursan?

Bu nə yazhayazdı belə? Məktub yazmadığın yer qalmayıb. Hələ bilinmir ki, o qılınc kimin qılıncıdı, o qələm nə qələmdi. Sən burda qələminə qaz verib, aləmi qarışdırmısan.

– Elə söz deməyin, Rəis. Mən burda nə pis iş görmüşəm ki? Kitab da dövlət əmlakıdır, xalqın mədəni sərvətidir.

Mən bəyəm mədəniyyətsizlik eləmişəm?

– Düz deyir də, Rəis, yalan demir ki! Mədəniyyətsiz o adamdı ki, hökumətin kitabın aparıb qoyur evinə, elə bilir, dədəsinin malıdı. Day demir ki, o kitabı ondan savayı da oxumaq istəyən yüz adam var. – Cəmilə can-başla rəfiqəsinin hüquqlarının müdafiəsinə qalxmışdı.

– Gündə 10 adam gəlib o kitabı soruşur. Qiymətli əsərdi, hamı istəyir ki, oxusun. Yanvar ayından bu yana o kitabın növbəsinə düz 75 adam yazılıb. Kitab da cəmi bir dənədi. İki də deyil ki, oxucunu birtəhər ötüşdürəsən.

Bəs mən nə cavab verim oxucuya? Deyim ki, Siddiqə xanımın kefi belə istəyir? – Firaqə danışdıqca qızışırdı.

Qumral atın belindən düşən qartal baxışlı hakimiyyət nümayəndəsi, kitab rəflərinin arasında gəzə-gəzə, rəflərdən kitab götürüb, kinayəli, soyuq təbəssümlə, tələsmədən vərəqləyirdi və götürdüyü hər kitabın arxadakı qiymətinə baxıb, qaytarıb əvvəlki yerinə qoyurdu.

– Yəni sən demək istəyirsən ki, burda bu qədər kitab ola-ola, oxucular oxumağa kitab tapmır? – Uçastkovu, bir qədər heyrətqarışıq, səmimi maraqla soruşdu.

– Nə deyim, Rəis. Özüm də mat-məəttəl qalmışam. Bu kitab çıxandan sonra day camaat ayrı kitab oxumaq istəmir. – Kitabxanaçı haqsız incidilən küsülü uşaq kimi qəhərlənib, başını aşağı saldı.

Hökumət nümayəndəsinin üzündə bayaqdan donub qalmış soyuq kinayə birdən-birə şaqraq qəhqəhəyə çevrildi və az sonra bu qəhqəhə qəddar qəzəblə əvəz olundu:

– Çünki sənin ağlın çatmır buna: kitabı təbliğ etməyi bacarmırsan.

Ora-bura məktub yazıb, vaxtını faydasız işlərə sərf eləyirsən. Kitabı təbliğ etmək əvəzinə, yaramaz hərəkətlərə yol verib, rayon rəhbərliyinin gərgin iş qrafikinə lüzumsuz əngəl törədirsən. – Rəis sözündən xoşu gələn sahə müvəkkili gözünün biri ilə əlindəki kitaba, o biri ilə (sözlərinin yeni tipli dövlət əmlakı təəssübkeşlərinə nə kimi təsir göstərdiyini bilmək üçün) bir cüt “Qılınc və qələm” aşiqinə baxırdı.

Bu saat kitabxanada əgər milçək uçsaydı, ən azı vertolyot səsi verərdi. Bundan razı qalmış hakimiyyət nümayəndəsinin zəhmli vücudunda bu dəfə rəhmlə mərhəmət eyni vaxtda öz təcəssümünü tapdı.

Uçastkovu əlindəki kitabı yerinə qoyub, başqa bir kitab götürdü və olduqca mülayim bir səslə sözünə davam etdi: – Mən burdakı kitabların 90 faizini oxumuşam. O “Qılınc və qələm”i hələ oxumamışam.

Vaxt olmayıb. Boynuma alıram. Ancaq “Dumanlı Təbriz”i oxumuşam, “Gizli Bakı”nı oxumuşam, “Bədbəxt milyonçu”nu oxumuşam. Bu əsərlərin hamısı eyni sənətkarın qələmindən çıxıb – bunu siz də bilirsiniz. Ancaq gərək xalq da bilsin ki, bu xırdaca otaqda nə boyda xəzinə yatır.

Bayaqdan burdakı kitablara baxıram. Ürəyim qürurla dolur. – Qürur dolu qartal baxışları ilə bir müddət əlindəki kitabın üz qabığına baxandan sonra bu dəfə birbaşa Cin Cəmiləyə müraciət elədi. – Sən oxumusan bu kitabı?

Hökumət adamının əlindəki kitabın “Bir gəncin manifesti” olduğunu görəndə sanki Cəmilə, Allahabaddakı, çoxdan görmədiyi halva bişirən ərinin sevimli surətini gördü.

– Oxumuşam! Oxumuşam! – dedi və möhkəm həyəcan keçirdiyindən, deməyə ayrı söz tapa bilmədi.

– Belə kitabları da oxucular arasında təbliğ edib, yaymaq lazımdır. Çünki belə kitablar təkcə bu günün yox, bütün zamanların kitablarıdır. Bu günün gəncliyi şanlı Lenin komsomolunun hansı çətin yollardan keçdiyini həmişə yadda saxlamalıdır.

– İngilis imperialistlərinin hiyləgər simasını da! – Cəmilə hökumət nümayəndəsinin sözlərinə fəal oxucu mövqeyindən qüvvət verdi.

Firaqəninsə fikri-zikri termosunun yanındaydı. Qumral atdan düşən gənc hökumət adamının ağlına, savadına heyran qalmış biçarə kitabxanaçının qonağa çay süzmək üçün yenə ürəyi əsirdi. Və Firaqənin bu nəcib istəyi bu dəfə də hakimiyyət elçisinin nəzərindən yayınmadı:

– Kitabxanada oturub, çay içib laqqırtı vurmaq, hətta İran saqqızını çeynəyə-çeynəyə, eşqi dombalanların adından namə yazıb, gəncliyin sağlam mənəviyyatını ziyanlı mikroblarla zibillətmək də olar. Ancaq o kitabın adı “Qılınc və qələm” yox, lap “Hərb və sülh” olsaydı belə, buna görə götürüb
Rəhbərin mavzoleyinə məktub yazmağı heç bir şüurlu insan özünə rəva bilməzdi. – Sahə müvəkkili “Bir gəncin manifesti”ni əlində hirsli-hirsli oynadıb, qaytarıb yerinə qoydu. – Raykoma yazmısan, tutaq ki, qanmamısan. “Fərəhli Allahaabad”a yazmısan, lap əlinin içindən gəlib. Bəs o məktubu Mavzoleyə göndərəndə, de görüm, ağlın hardaydı sənin? Bəlkə rayon rəhbərliyini hörmətdən salmaq istəyirdin?

Firaqə:

– Rə... – deyib, başını aşağı saldı. Dili tutulduğuna görə, sözünün dalını gətirə bilmədi.

“İran saqqızı” söhbətindən sonra cinlərin həqiqətən böyük qüvvə olduğuna inanıb, reallıq hissi ilə birgə, olan-qalan ağlını da itirmiş Cəmilə birdən sayıqlamağa başladığını, deyəsən, heç fikrinə də gətirmədi:

– Elədi. Siz deyəndi. Sizin fikrinizlə mən də şərikəm. Mavzoleyə məktub yazmağın nə mənası var. Ölünün...- Ya “ölü” sözündən bərk qorxduğundan, ya da bu sözü yerində işlətməməyin məsuliyyətini yaxşı anladığından Cəmilənin rəngi ağappaq ağardı. Və bir xeyli fasilədən sonra biçarə saqqızsatan, nəhayət, özünə gələ bildi. – Yəqin eşitmiş olarsız, sizə qurban olum, Rəis.

Bizim kənddə bir yaxşı çoban varmış. Ucaboy, bığıburma cavan oğlanmış. Bir gecə ağlına nə yerləşirsə, səhər durub Kremlin Beşguşəli Ulduzuna məktub yazıb göndərir ki, bəs mən bu il hər qoyundan 7 bala almağı öhdəmə götürürəm. Yazığı ora-bura çağırıb o qədər danışdırdılar ki, axırda artist oldu.

Gənc milsəner təcrübəli saqqızsatanın ağlından şübhələnsə də, özünü o yerə qoymadı.

– Yaxşı, yekunlaşdıraq məsələni. – Gələcək rəis buyurdu. Cibindən bir uzunsov kağız çıxarıb, stolun üstünə qoydu. – Buna qol çək.

– Nədi ki, Rəis. Mən nəyə qol çəkirəm?

– Qol çəkirsən ki, belə yaramaz əməllərlə bir də heç vaxt məşğul olmayacaqsan.

Firaqə:

– Baş üstə, gözüm üstə! – dedi və kağıza elə sevinə-sevinə qol çəkdi ki, elə bil çoxdan arzusunda olduğu kəbin kağızına qol çəkirdi.

Elə bu vaxt – uzun qış aylarından sonra – bu gün, sübh-tezdən, Allahabada birinci dəfə kino gətirməyə gedən “Bezbilet” ləqəbli kinoçu Şırşırəli, hər əlində bir ağır kitab bağlaması, kitabxananın qapısından hıqqına-hıqqına içəri girdi.

– “Qılınc və qələm”di! – deyə kinoçu fəxrlə bəyan elədi. – Pramoy raykomdan göndəriblər.

Kitabın biri zakonnu mənə düşür, bax indidən deyirəm! – Barmaq boyda, xırdaca bükülü bıçağını cibindən çıxarıb, bircə saniyənin içində, hər iki bağlamanın ipini kəsdi. Hərəsində 10 dənə “Qılınc və qələm” olan bağlamaların birindən, öz “zakonnu” kitabını götürüb, sevinə-sevinə qoltuğuna dürtdü və daha heç kəsin üzünə baxmadan və heç kəsə heç nə demədən, kirimişcə aradan çıxdı.

O 20 kitabdan birini də fərəhli Allahabad mahalının gələcək Baş Polisi götürdü.

– Oxuyub, uzağı 9 günə mütləq qaytaracağam! – dedi. – Ancaq siz də bekar durmayın. Elə bu gündən hazırlaşın. Bu şənbə maşın yolunun kənarında möhtəşəm iməclik keçirəcəyik. Böyük abadlıq işləri aparacağıq. Çayın qırağındakı söyüdləri köklü-yarpaqlı yerindən çıxarıb, avtomobil yollarının kənarında əkəcəyik. Vacib işdi. Çox ciddi məsələdi.

Qoy bizim yollarımız jurnalistlərin, yaxın-uzaq, hər yerdən gəlib-gedən hörmətli insanların həmişə gözünü oxşasın. Mehriban qonşularımız – erməni və gürcü qardaşlarımız da o asfalt yoldan keçəndə o salxım söyüdləri görüb, bizim qədim mədəniyyətimizin canlı şahidi olsunlar.

Və o qamətli, qartal baxışlı igid o qəşəng, qumral atın belinə sıçrayıb, yoluna düzələndə kitabxananın pəncərəsi önündə donub qalmış bir cüt “Qılınc və qələm” aşiqinə gülə-gülə əl elədi.

lll

Hakimiyyət nümayəndəsi Güllükəndin torpaq yollarında toz qoparıb, gözdən itəndən sonra Farmazon Firaqə ilə Cin Cəmilə bir müddət dinib-danışmadan, mənalı-mənalı baxışdılar.

Bizim mülahizəmizə görə, bu baxışmanın 3 mühüm mənası ola bilərdi. Əvvəla, Gülləkəndin – qış uzunu – tənbəl-tənbəl yatıb qalmış qoca dağlarının arasında, baharın ilkin çağında, şimşək kimi çaxıb keçən bu, yeni tipli hökumət adamının boyuna-buxununa, ağlına-zəkasına rəfiqələrin hər ikisi valeh olmuşdu (bunu artıq demişik).

İkincisi, bu yeni hakimiyyət təmsilçisinin iməclik barədəki təşəbbüsü Güllükənddə yenilik yaratmaq həvəsi ilə həmişə ürəyi şam kimi alışıb yanan bu bir cüt “Qılınc və qələm” aşiqinin qəlbində yeni ümidlər doğurmuşdu, arzular oyatmışdı.

Üçüncüsü, o vaxtkı Güllükənddə “iməclik” sözünün adicə mənası da, Firaqədən və Cəmilədən savayı, olsa-olsa 4-5 savadlı müəllimə məlum idi.

Bu sözün ikinci adının “Lenin şənbəsi” olduğunu isə bəlkə heç o savadlı müəllimlər də bilmirdilər. Rəfiqələr bunu bilirdilər və onların bu təhər mənalı-mənalı baxışmağında elə bu məsələnin bəlkə az-çox rolu vardı.

Baxışlarının sehrli fəlsəfəsi yalnız özlərinə məlum olan rəfiqələr kitabxanadan birbaşa məktəbə cumdular.

Məlum oldu ki, “iməclik” sözündən xəbərsiz olanların “ən yekəsi” elə məktəbin qocaman direktoru Dürdanə müəllimənin şəxsən özüdür. Rəfiqələr “Lenin şənbəsi” sözlərilə direktoru birtəhər başa sala bildilər. Ancaq dərs hissə müdirinə heç bir təzyiq vasitəsi təsir eləmədi.

“Kəndin uçaskovusunun Lenin olmağına hələ çox qalır, – dedi, – gedin iş tapın özünüzə”.

O gün rəfiqələr kəndin ayağından vurub, başından çıxdılar. Qapıları döydülər. Həyətlərə dürtüldülər. Evlərə soxuldular. Divarların dalından, hasarların yanından adamları hayladılar, harayladılar.

Di gəl ki, heç yerdən, heç kəsdən səs çıxmadı. Elə bil kənd ölmüşdü, camaat qırılıb qurtarmışdı. Amma əslində belə deyildi.

Güllükənddə, hələ ki, ölüm-itim yox idi.

Adamlar – hərə bir tərəfdə – kimisi zirzəmidə, kimisi tövlədə, kimisi ayaqyolunda gizlənmişdi. Çünki camaat bu iki arvadın dilindən hələ bir dəfə də xoş xəbər eşitməmişdi və onlar hər dəfə bu təhər fəallaşanda Güllükəndin başına, gec-tez, bir iş gəlirdi.

Kəndin camaatı artıq yaxşı bilirdi ki, hökumətdən gələn hər hansı göstəriş də Şeytan kələyi kimi bir şeydir və bu kələkdən baş çıxarmaq, hələ əyyami-qədimdən, bəni-insanın qüvvəsi xaricindədir.

Camaat belə göstərişləri çarəsiz bəla kimi qəbul eləyirdi və ona qarşı hər hansı müqavimət göstərməyin faydasız və mənasız bir iş olduğunu bilirdi.

Hökumətin göstərişinə könüllü qoşulanların adı Şeytanın, bilavasitə, qohum-əqrəbası siyahısında gedirdi. Belələrinin bütün nəsil-nəcabəti də həmin siyahıda, avtomatik olaraq, özünə əbədi yer alırdı və kənddə hamı bilirdi ki, belə adamlarla mütləq ehtiyatlı davranmaq lazımdır.

Bu ehtiyatı əldən verənlər, camaatın yekdil rəyinə görə, ağıldan səy adamlar idi. Çünki (elə həmin yekdil rəyə görə) Şeytan ki, bir yerdə peyda oldu, orda öz işini hökmən görəcəkdi.

Ağılsa məhz ondan ötrü idi ki, belə yerdə adam öz başını salamat saxlaya bilsin.

Bu qədim “başsaxlama” fəlsəfəsinin son nəticədə məhz öz ziyanına olacağını fikirləşməyə xalqın nə vaxtı, nə də həvəsi vardı. Ancaq Şeytan, gözünə döndüyüm, elə ona görə Şeytan idi ki, öz xeyrini fikirləşməyə həmişə vaxt da, həvəs də tapırdı...
XS
SM
MD
LG