Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:38

Çinin Afrikaya yardımı Qərbi narahat edir


Çinin Baş naziri Ven Tsyabao
Çinin Baş naziri Ven Tsyabao
Noyabrın 9-da «Vaşinqton Post» qəzeti Çinin Afrika siyasətində mühüm bir dəyişiklik barədə yazı dərc edib.

Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Çin-Afrika sammitində Çinin Baş naziri Ven Tsyabao növbəti üç ildə Afrikaya 10 milyard dollar aşağı faizli kredit ayıracaqlarını vəd edib.

Qəzet yazır ki, Çin bunu «qitənin neft və mineral sərvətlərini talan etmək» ittihamlarına son qoymaq üçün edir.

V.Tsyabao Şarm əl-Şeyxdəki çıxışında ABŞ-a da səslənərək onu öz büdcə kəsirini «normal həddə» saxlamağa çağırıb ki, «dolların elementar stabilliyi təmin olunsun».

Çin ABŞ iqtisadiyyatının ən iri xarici kreditorudur. Çin narahatdır ki, Vaşinqtonun artan büdcə kəsiri Çinin ABŞ dollarları ilə ölçülən mülkiyyətini (Amerikaya verdiyi borcları) ucuzlaşdıra bilər.

Çinin indi Afrikaya vəd etdiyi məbləğ 2006-cı ildə vəd etdiyindən iki dəfə böyükdür.

Sammit zamanı həm Afrika, həm də Çin tərəfi belə bir inam ifadə ediblər ki, Çinin bu qitədəki maraqları xammal almaq niyyəti ilə məhdudlaşmır.

«Belə iddialar var ki, Çin Afrikaya neokolonist kimi onun təbii sərvətlərini talan etməyə gəlib. Bu iddialar, fikrimcə, kökündən yanlışdır», - deyə Tsyabao mətbuat konfransında bildirib.

«Vaşinqton Post» yazır ki, Çinin Afrika ilə ticarət dövriyyəsi 2000-ci ildən bəri 10 dəfə artaraq 2008-ci ildə 107 milyard dollara çatıb. Çinin bu qitəyə ayırdığı yeni kreditlər həmin dövriyyəni bir qədər də artırmağa yönəlib.

Qəzet yazır ki, Çinin son addımı Qərbi narahat edir. Belə ki, Afrika ölkələrinə siyasi şərt olmadan ayrılan bu kredit Zimbabve və Sudan kimi qatı rejimləri gücləndirir, regionda korrupsiyaya geniş meydan açır.

Beynəlxalq Valyuta Fondu da Afrika ölkələrinin Çindən irimiqyaslı kredit almalarını narahatlıqla qarşılayıb. Lakin Tsyabao deyib ki, Çin ən kasıb Afrika ölkələrinin ondan aldığı kreditlərin bir qismini bağışlamaq haqda düşünür.

Afrika liderləri, o cümlədən Zimbabve prezidenti Robert Muqabe və Sudan lideri Ömər Həsən əl-Bəşir sammitdə çıxış edərək Çinin siyasətini alqışlayıblar.
XS
SM
MD
LG