Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:01

NATİQ "Xoşbəxt adamla bədbəxt adamın söhbəti" HEKAYƏ


... Tak-taraq, tak-taraq, tak-tarak...

Bu nə duzsuz adamdı, yekə kişidi dişləri ağara qalıb, barı boyundan utanmır.

Kişi xeylağı belə əzilib-büzüldüsə hey nə... O cibindəki nədi e, yol boyu başımı xarab eləyib elə ona baxıb hırıldayır.

Yəqin arvadının şəklidi, yüz faiz o da bunun kimi quşbeyinin biridi, boş yerdən deməyiblər ha taylı tayın tapmasa bağrı yarılar.

Bir də hırıldasa, dədəmin ölmüşünə, deyəcəyəm «ə bəri bax, kişi ağır olar e. Arvad nə olan şeydi şəklini üstündə gəzdirirsən, dəqiqə başı da çıxardıb martlıyırsan...»

Bu nə qaraqabaq adamdı, nə vaxtdandı yol gələrik bir kəlmə də kəsmir, mısmırığın sallayıb oturub, sanki dəryada gəmiləri batıb.

Qaşlarını da çatıb elə qəzəblə baxır ki, elə bil Afrikadakı aclığın, Asiyadakı «quş qripi»nin səbəbkarı mənəm.

Neçə dəfə ordan-burdan söz salıram bir balaca eynimizin açılsın, dərdləşək heç vecinə də almır.

Gör dünyada nə qədər cansıxıcı adamlar var, beləsi ilə yol getmək müsibət imiş.

Nə yaxşı Sima var, heç olmasa şəklinə baxıram. Onsuz da şəhərə bir şey qalmayıb, ax evə çatan kimi basacağam onu bağrıma.

Yəqin mənim gözəl Simam da darıxıb, qoy bir də baxım, doymaq olmur ki...

... Tak-taraq, tak-taraq, tak-tarak...

- Ə bəri bax, kişi ağır olar e. O nədi dəqiqə başı çıxardıb martlıyırsan?
- Mənim Simamın şəklidi baxmaq istəyirsən?

- Ə lazım deyil, sənin Simandan mənə nə! Ayıbdı qoy cibinə...
- A... ayıb niyə olur ki?..

Ə bu lap xoşqeyrət imiş ki, durub arvadının şəklini yad kişiyə göstərir. Özü də deyir ayıb deyil. Pah atonan!

Hardadı köhnə kişilər, atlarını minib hara getdilər? Gör meydan kimlərə qaldı, bundan törəyən nə olacaq?

Yad kişi başqasının külfətinə gözünün ucu ilə baxdı nədi, yortardılar onu. Adına bax - Sima lap mənim Simuzərimə oxşayır.

Ona da qız vaxtı elə deyirdilər axı, nə zamankı evə ayaq basdı, dedim qurtardı sənin Simalığın. Yoxsa bunun kimi əfəl oğlu əfəl. Bədbəxti də...

A... deyəsən bu kişinin başında nəsə o söz. Yox yüz faiz bunun psixi problemi var, bəlkə telefon verim tanış bir həkimin yanına göndərim, savab olar.

Əşi nəyinə lazım, görmürsən necə aqressvidi, elə bil hissiyyatı da ölüb, şəkil göstərirəm deyir ayıbdı. Bununla yol getmək belə müsibətdirsə, gör ailəsi nələr çəkir. Arvadının günün göy əsgiyə bükər ki...

Amma adamın üstündə Allah var sifətindəki zəhrimarı çıxsaq yazıq adama oxşayır, görünür o qədər əziyyət çəkir ki, normal adam görəndə stressə düşür. Görəsən ona necə kömək eləyə bilərəm?

Yaxşı olar ki, Simadan danışım, bir az eyni açılsın. Bədbəxti də...

- Bilirsən ay qardaş, bu Sima mənə çox əzizdir, heç üç il deyil almışam amma o qədər şirindi, o qədər doğmadır ki elə bil ömrü boyu bir yerdə olmuşuq.

Bax, yemək yeyirəm yanımdadı, televizora baxıram gəlib oturur qucağımda, yatanda da özümü ondan ayır təsəvvür eləmirəm, uzanır yorğanımın üstünə başlayır nazlanmağa...

Allahu Əkbər! Bu dəqiqə əlimdən xata çıxacaq.

Ə, bu, nə binamus adamdı, belə şeyləri də yad kişinin yanında danışarlar? Necə yəni «oturur qucağımda» bu məni nə hesab eləyir.

Yoxsa elə bilir ki mən də bunun tayıyam, bəlkə birdən soruşdu bəs sənin Siman neyləyir. Əstağfurullah lap beynim çöndü, bu dəqiqə səsini kəsməsə durub atacam pəncərədən bayıra...

Bəlkə buna bir xox gəlim. Gözünün odun almasam səsini kəsməyəcək.

- ... elə mehriban baxışları var, mən də onu sığallayıram, deyirəm Simacan, səninlə elə xoşbəxtəm ki...

- Ə, qurtar də bu söhbətləri. Bilirsən mən 4 il yatıb çıxmışam, başım belə şeyləri götürmür.
- Bağışlayın, dedim yol gedirik bir az eynimiz açılsın, ona görə Simadan...

- Yenə başladın...

... Tak-taraq, tak-taraq, tak-tarak...
- Üzr istəyirəm nə üstə tutulmuşdunuz?

- Davaya düşmüşdüm. Məhəllədə biri varıydı ilişirdi mənə, çəkdim tinə yortub uzatdım yerə. Bəxti gətirdi həkimlər yaşatdılar onu.
- Təəssüflənirəm.

- Mənsə heç təəssüflənmirəm, əcəb eləmişəm. Yerini biləydi. Mənə bax, sən heç bilirsən dava nədi?

Bircə demə ki, Simayla cırmaqlaşırsan.

- Simayla niyə, mən boks üzrə üç qat Avropa çempionuyam, zədə almışam indi müalicədəyəm. İnşallah ayın axırı təzədən məşqlərə başlayacağam. Ancaq hər halda mən sizin yerinizə təəssüflənirəm...

Bu nə danışır ə, üç qat Avropa çempionu! Dayan-dayan deyirəm axı sifəti mənə tanış gəlir. Pah atonan!

Əşi, bu rinqə çıxanda pələngə oxşayır, ancaq bir arvadın əlində əsir-yesir qalıb. Doğru deyiblər qadın böyük qüvvədir!

Amma xoruzlanmağım heç yaxşı olmadı, özü də kimin yanında çempionunun. Gedim bir siqaret çəkim, qayıdanda söhbəti dəyişərəm.

- Siqaret çəkmirsiniz?
- Yox, mən heç onun dadını bilmirəm.

- Onda mən birini tüstülədib gəlim.

Hə, bu yüz faiz bədbəxt adamdı. Çırtıma vursan nokauta düşər, mənə davadan danışır.

Bir də ki, belə adamlara heç əl bulamağa dəyməz, onları elə həyat özü nokauta salıb, sadəcə bunu başa düşmürlər.

Yəqin adi bir söhbətə görə məhəllə uşağını bıçaqlayıb türməyə girib. Görəsən mənə hər vurduğum yumruğa görə iş kəssələr neçə il edər?

Hər halda bir ömür yetməz. Eh, gör nələri fikirləşirəm, ah mənim Simam kaş indi yanımda olaydın...

... Tak-taraq, tak-taraq, tak-tarak...

- Simaya baxırsan? Allah saxlasın. Mənimkinin da adı Simadı.
- Nə?!

- Əsil adı Simuzərdi, qızlıq vaxtı Sima deyirdilər.
- Necə?!

- Amma tay mən sənin kimi dəli-divanə deyiləm dərdindən. Görürəm sən çox istəyirsən, ayrı dura bilmirsən.

Amma mən heç özümü sındırmıram yanında, nə gizlədim hirslənəndə bir-ikisinin çəkirəm də. Yaman deyingəndi, ağzının üstündən vurmasam səhərə qədər üyüdüb-tökər...

- Danışır! Necə?

- Pah danışır da sözdü. Arada bir görürsən içib gəlirəm evə səsini atır başına, yeddi arxa dönənimi yuyub tökür çölə.

Bilirsən qardaşım, mənim bu məhəbbətdən-zaddan başım çıxan deyil. Beynim çönəndə gözümə heç nə görsənmir kəmərimi çıxardıb cumuram üstünə ta səsini kəsə kimi palanına çırpıram.

Deyirəm ay it qızı, sus də susmur ki, elə bil mənim acığıma qışqırır. Hələ bir dəfə...

Aman tanrım, bu ki arvadından danışır?! Qadına əl qaldıran kişi dünyada şərəfsizin yekəsidir – bunun başqa adı ola bilməz.

Nahaq bu bədbəxtə yazığım gəldi çəkdim söhbətə, gərək eləcə mısmırığını sallayıb oturaydı yerində.

Amma heç dil qəfəsə qoyana oxşamır, danışdıqca vəcdə gəlir. Mənimsə lap əllərim gicişir, durub ağzının üstündən bir yumruq vursam canı çıxacaq.

Lənət şeytana... bircə şəhərə tez çatsaydım.

- ... gecə yarısına kimi çırpdım, qonşular zorla əlimdən aldılar. Elə bilirsən sakitləşdi, ayağa qalxan kimi atamın goruna söydü... Nə isə ailədə belə söz-söhbətlər olan şeydi, özün bilirsən də...

- Mən ailəli deyiləm.

- Bıy, bəs?..

- Sima mənim pişiyimdi, al bax...

... Tak-taraq, tak-taraq, tak-tarak...
XS
SM
MD
LG