Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:11

Avropalılar ABŞ-ın Rusiya siyasətinə müxtəlif yanaşırlar


Barak Obama və Dmitri Medvedev Rusiya-ABŞ biznes forumunda, Moskva, 7 iyul 2009
Barak Obama və Dmitri Medvedev Rusiya-ABŞ biznes forumunda, Moskva, 7 iyul 2009
«Nyu York Taymz» qəzeti sentyabrın 9-da Avropa ölkələrində German Marshall Fund təşkilatının dəstəyi ilə keçirilən Transatlantik Meylləri sorğusunun nəticələrinə dair maraqlı yazı dərc edib. Sorğu Rusiyanın getdikcə fəallaşan siyasətinə qarşı ABŞ-ın apardığı siyasətə avropalıların münasibətini əks etdirir.

ABŞ-A MÜNASİBƏTDƏ CİDDİ FƏRQLƏR

Qəzet yazır ki, sorğu nəticələri Şərqi və Qərbi Avropa arasında ABŞ-a olan münasibətdə ciddi fərqlər aşkar edib. Şərqi Avropa ölkələrinin özləri arasında belə bu məsələdə ciddi fikir ayrılıqları ortaya çıxıb.

Qəzet yazır ki, Corc Buşun prezidentliyinin son dönəmində avropalılar arasında ABŞ-ın başçılıq etdiyi NATO hərbi alyansına inam kəskin şəkildə aşağı düşmüşdü. Barak Obamanın prezidentliyinin birinci yarımilliyində ABŞ avropalıların gözündə itirilmiş nüfuzun böyük bir hissəsini geri qaytara bilmişdir.

Avropa Birliyi ölkələri və Türkiyədə Obamanın xarici siyasəti 77 %-lik ictimai dəstək qazanmışdır ki, bu da əvvəlki rəqəmdən dörd dəfə çoxdur. Lakin Şərqi Avropa ölkələrində respondentlərin 60%-dən çoxu Obamanın xarici siyasətinə, xüsusilə də onun Rusiya, İran, Əfqanıstan və Yaxın Şərq siyasətinə skeptik yanaşırlar. Şərqi Avropada respondentlərin yarıdan bir qədər çoxu ABŞ-ın rolunu ümumən müsbət dəyərləndirmişdir. Qərbi Avropa ölkələrində müvafiq rəqəm 63 faiz təşkil etmişdir.

OBAMANIN VƏ BUŞUN REYTİNQİ

Fransada Barak Obamanın indiki reytinqi Corc Buşun reytinqindən 77 % çoxdur. Lakin Rumıniyada Obamanın Buş üzərindəki populyarlıq üstünlüyü 14 faiz, Polşada isə 11 % təşkil etmişdir. Bütövlükdə Şərqi Avropa respondentlərinin yalnız 25 %-i belə düşünür ki, Obama dönəmində ABŞ və Avropa arasındakı münasibətlər yaxşılaşmışdır. Qərbi Avropada həmin rəqəm 43 % təşkil etmişdir.

Qəzet yazır ki, «Şərqi və Qərbi Avropa arasındakı fərq onunla izah oluna bilər ki, Buş administrasiyası Şərqi Avropanı önə çəkirdi, 2004-cü ildə NATO-nun genişlənməsi təşəbbüsü ilə çıxış etmişdi və Rusiyaya qarşı daha aqressiv mövqe tuturdu».

Qəzet həmçinin yazır ki, Buş administrasiyası Pentaqonun anti-ballistik raket sipərinin Polşa və Çexiyada yerləşdirilməsini təklif edirdi ki, bu təşəbbüs də Rusiyanı və bəzi Qərbi Avropa ölkələrini qıcıqlandırırdı. Halbuki, həmin təşəbbüs “Şərqi Avropa ölkələrinin əksəriyyəti tərəfindən dəstəklənirdi, çünki onlar bu sipəri İran raketlərinə qarşı deyil, Rusiyaya qarşı görürdülər”.

Qəzet yazır ki, avropalılar hələ də Rusiyaya yönəlik iki məsələdə ciddi fikir ayrılıqları içindədirlər. Birinci məsələ NATO-nun Şərqə doğru genişlənməsi məsələsidir ki, Rusiya bunun əleyhinə çıxış edir, ikinci məsələ isə Avropa Birliyinin Rusiyadan getdikcə artan enerji asılılığıdır.

Bununla belə, qəzet yazır ki, sorğu nəticələri mürəkkəb meylləri ortaya qoyur və respondentlər arasında bölgü rusofob Şərqi Avropa və Rusiya ilə dostluq etmək istəyən Qərbi Avropa şəklində getmir.

AVROPALILARIN ƏKSƏRİYYƏTİ RUSİYANIN ENERJİ TƏMİNATÇISI ROLUNDAN NARAHATDIRLAR

Lakin respondentlərə sual veriləndə ki, «onlar müəyyən Qərb alyansı siyasətlərindən, məsələn, NATO-nun genişlənməsi məsələsindən vaz keçərlərmi ki, Rusiyadan enerji ala bilsinlər, Şərqi Avropalılarn yalnız 28 %-i bu məsələni nəzərdən keçirməyə hazırdır, Qərbi Avropalıların isə 41 % həmin rəyi ifadə edib».

Transatlantik meylləri sorğusu çərçivəsində ABŞ və 12 Avropa ölkəsində - Portuqaliya, İspaniya, Almaniya, Böyük Britaniya, Fransa, Türkiyə, Hollandiya, Rumıniya, İtaliya, Polşa, Bolqarıstan və Slovakiyada iyunun 9-dan iyulun 1-ə qədər hər ölkədən 1000 nəfər respondent dindirib. Sorğunun səsvetmə dərəcəsi +-3 % civarındadır.
XS
SM
MD
LG