Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:43

Can üstə… və ya


Görəsən, Hacı son gündə, son saatda, son nəfəsdə nə fikirləşib, nələr keçirib ağlından?
Görəsən, Hacı son gündə, son saatda, son nəfəsdə nə fikirləşib, nələr keçirib ağlından?
1924-cü il sentyabrın 1-i. Mərdəkanda Bakı milyonçularından biri, yox-yox, birincisi sayılan Hacı Zeynalabdin Tağıyev can üstədir… Axşam 8-in yarısında dünyanın hər üzünü görmüş bu müdrik kişi həyatla vidalaşacaq...
Görəsən, Hacı son gündə, son saatda, son nəfəsdə nə fikirləşib, nələr keçirib ağlından? İndi - üstündən 85 il ötəndən sonra, XXI yüzilin 9-cu ilində oturub da bu sualın cavabını tapmaq sizə asan gəlir? Elə mənə də çətin gəlmir. Hacının həyat tarixçəsini vərəqləyən hər bir kəs onun son nəfəsdə nə düşündüyünün təxmini cavabını həmən tapa bilər…

Hacı ilk öncə uşaqlığını xatırlamalıydı

Çoxuşaqlı və yoxsul bir ailədə doğulmuşdu. 1823-cü ildə. Doğum tarixi mübahisəlidir - bəzi mənbələrdə 1838 yazılır.
Atası başmaqçı Tağı İçərişəhərli idi, anası Ümmi xanım Bilgəhli. Bədbəxtlikdən ana uşaqları böyütməyə macal tapmamış ölür. Zeynalabdinin 10 yaşı vardı. Başmaqçı Tağı ikinci dəfə evlənir. Təzə arvadın ayağı «düşərli» olur. Dalbadal 5 qız dünyaya gətirir. Tağı kişinin vəziyyəti lap pisləşir. Oğlunu yanında işlətmək qərarına gəlir. İşə bax, Zeynalabdin başmaqçı olmaq istəmir. Əvəzində atasından onu bənna yanında şagirdliyə qoymasını xahiş edir. Əvvəl başında çanaqla palçıq daşıyır, gündə 6 qəpiyə. Sonra daşyonan işləyir. 15 yaşında bənnalığa başlayır. Bir müddət sonra podratçılığa girişir. Bununla da hamını özünün oxumamış mühəndislik bacarığı ilə heyrətə salır. Deyilənə görə, o yeri düşəndə mühəndislərə məsləhət verməkdən də çəkinməzmiş. Hətta kiçik binaları öz layihəsi ilə tikdirirmiş. Təsadüfi deyil ki, lap sonralar - milyonçu olub imarətlər ucaldanda da, evlərinin daş, oyma işlərinə özü nəzarət edərmiş…

Bakıda neft bumu başlar-başlamaz Zeynalabdin bu işin öncüllərindən olur

Podratçılığı buraxıb yeni sahəyə girişir. 1870-ci illər idi. Bibiheybətdə icarəyə yer götürüb şərikli quyu qazdırır. Yaz-yay-qış - neft görünmür ki, görünmür. Şəriklər bezib paylarını satışa çıxarırlar. Mənim qəhrəmanım, bilirsiniz nə edir? Onların payını da alır! Və uzun əzablardan sonra quyudan, doğrudan da, neft fontan vurur. Həvəslənib yeni quyular qazdırır. Öz şirkətini—«H.Z,A,Tağıyev» şirkətini yaradır. Yazılanlara dayansaq, 1880-ci illərdə Hacı 30 hektardan çox torpaq sahəsinin, iki neft tankerinin, iki emal zavodunun, Rusiyanın bir neçə şəhərində yerləşən ofislərin sahibi imiş. Xam və ağ neftin ümumi hasilatı isə 1 milyon barelə çatıbmış…

1924-cü il sentyabrın 1-i. Mərdəkan. Bakını Bakı eləyən kişilərdən birincisi («Can Bakı»nın səsləntiləri yadıma düşdü) ölüm yatağındadır. 101 illik ömrünün ən azı 90 ilini işdə-gücdə, fəaliyyətdə keçirdi. Saysız-hesabsız sərvətə sahib oldu. Ancaq insanlığını itirmədi. Varlandıqca müdrikləşdi, sərvəti çoxaldıqca səxavəti artdı. Yolundan azmamaq üçün bənnalıq etdiyi baltanı evinin divarından qapı ilə üzbəüz asdırdı ki, hər açanda ona 6 quruşa palçıq daşıdığı günləri xatırlatsın. İndi o boyda var-dövlətdən Sovet hökumətinin ona qıydığı bağda son yolçuluğa hazırlaşan Hacı nə fikirləşə bilərdi ki?

Gördüyü işlər bir lent kimi göz önündən keçməliydi…

1897-ci ildə, hamının onun uğuruna paxıllandığı bir vaxtda, Hacı öz şirkətini satmaq qərarını açıqladı. Qərar şok effekti yaratdı. Tağıyev şirkəti Britaniya sahibkarlarına satıldı. Əvəzində Hacı Britaniya şirkətinin Bakı nümayəndəsi oldu. Deyilənə görə, Hacı uzaqgörənliklə bir neçə ildən sonra neft bazarında böhran olacağını sezibmiş (Fuad Axundov). Elə də olur. Bakıda hasil olan böyük miqdarda nefti həzm edə bilməyən Rusiya bazarı XIX əsrin sonunda böhran burulğanına düşür. Qiymətlər kəskin enir, neft müəssisələri iflas həddinə çatır. Amma Hacı sudan duru çıxır…

Şirkətin satışı Hacıya nağd vəsait gətirdi

Hacı qeyri-neft sektoruna sərmayə qoydu (tanış mənzərədir, deyilmi, bizim hökumətin eləməyə çalışdığını Hacı 110 il əvvəl uğurla həyata keçiribmiş). 1897-ci ildə Yevlaxda böyük pambıq plantasiyası aldı, ilk toxuculuq şirkəti qurdu.
1900-cü ildə üç gəmi aldı («Leyla», «Abo» və «Bakı»), Bakı limanında iki gəmi təmir olunan yer (dok) və tərsanə sahibi oldu.
Enerji sektoruna sərmayə yatırdı. Vitse-prezidenti olduğu Elektrik Enerjisi Şirkəti (şərikli) 1900-cü ildə Bakının Ağşəhər və Bayıl ərazilərində iki enerji zavodu tikdirdi.
1906-cı ildə balıqçılıq sənayesinə girişdi. Bir neçə il sonra onun balıqçılıq vətəgələrinin sayı-hesabı bilinmədi.
Tağıyev 1914-cü ildə Bakı Ticarət Bankını yaratdı. Bu, Bakıda ilk müstəqil bank idi. Şəhərdəki banklar Rusiya filialı idilər.
Hacı bu sektorda güclənən kimi təzədən neft sektoruna qayıtdı. XX əsrin əvvəllərində müxtəlif neft şirkətlərinin ortaq sahibinə çevrildi.
1915-ci ildə yenidən öz şirkətini – «H.Z.A.Tağıyev&Co»şirkətlər birliyini yaratdı.
Ətrafında övladları, nəvələri. Elə bu gördüyünüz foto da Hacının son şəklidir. Görürsünüzmü, necə gümrah görünür? Heç 101 yaşlıya bənzəyirmi?


1924-cü ilin 1 sentyabrı. Mərdəkan bağı. Hələ ətraf kəndlər Hacının can üstə olduğunu bilmir. Hacı sətəlcəmə tutulub. Ətrafında övladları, nəvələri. Elə bu gördüyünüz foto da Hacının son şəklidir. Görürsünüzmü, necə gümrah görünür? Heç 101 yaşlıya bənzəyirmi? Yox! Ölümündən sonra övladlarının nələr çəkəcəyindən, sevimli qızı Saranın küçələrə düşəcəyindən xəbərsiz oturub poz verir… O qədər malı-dövləti əlindən çıxmış adama da heç bənzəmir Hacı. Onun böyüklüyünü, müdrikliyini görürsünüzmü? Dağın dumandan nə qorxusu?..

Bir dəfə Hacı Parisdəymiş. Küçədə faytonla gedirmiş. Faytonçu sağa burulmaq əvəzinə sola burulur. Hacı çətirin ucu ilə onun kürəyinə vurub deyir: Sağa dön! Faytonçu əl-qolunu yellədə-yellədə qışqırıb-bağırır. Tərcüməçidən soruşur ki, ona nə oldu? «Faytonçu deyir, siz hansı cəsarətlə onun kürəyinə vurursunuz. Bu, təhqirdir». Hacı təəccüb qalır. «Bizdə adamın lap boynuna da vursan, sənə səcdə edəcək. Nə vaxt bizdə də belə camaat olacaq, onda başqa həyat olacaq». Bu sözləri Hacı 1912-ci il martın 9-da «Baku» qəzetində çıxan müsahibəsində deyib. 2009-cu ildir. Hacının istədiyi hələ də istək olaraq qalır…

Hacı bu millətə nələr etdi?

Bəlkə nələr etmədi deyəydim? Qılman İlkin haqlı yazır ki, Bakının həyatında elə bir hadisə yoxdur ki, Tağıyevin adı ilə bağlı olmasın.
1883-cü ildə ilk teatr binasını tikdirdi.
1895-ci ildə Mərdəkanda bağçılıq məktəbi yaratdı. Bakının yaşıllaşması o vaxtdan başladı.
1893-cü ildə şəhərdə atlı nəqliyyat dəmiryolu yaratdı (konka).
1901-ci ildə mühəndis Lindleyi Londondan çağırıb 25 min pul ödəyərək şəhər üçün yeni su mənbəyi axtarmasını tapşırdı. Lindley Şahdağın ətəyində su tapır. Uzun qalmaqallardan sonra 1904-cü ildə çəkilişinə başlanan Şollar su kəməri 1916-cı ildə işə düşür. Bakıya su gəlir…
1901-ci ildə Bakıda ilk kübar qızlar məktəbi açır.
1905-ci ildə ilk müsəlman xeyriyyə cəmiyyəti yaradır.
1897-ci ildə «Kaspi» qəzetini satın alıb Əlimərdan bəy Topçubaşovu qəzetə redaktor dəvət edir. 1905-ci ildə «Həyat» qəzetini (Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev), 1906-cı ildən «Füyuzat» dərgisini açır. Əli bəy Hüseynzadəni redaktor təyin edir.
«Quran»ı ilk dəfə Azərbaycan dilinə çevirtdirir.
1894-cü ildə… Məncə yetər. Yoruldum. Siyahını siz də tamamlaya bilərsiniz. Hacı daha nələr etdi? Unutmayın, qarşıdan 1918-ci il gəlir və Hacının bu dövrdəki xidmətləri saymaqla bitməz…

1924-cü il payızın ilk günü. Mərdəkan kəndi. Hacı Zeynalabdın Tağıyev can üstdədir. Düz səkkizin yarısında onun böyük ürəyi əbədi duracaq. Bütün Bakı kəndlərinə hay düşəcək. Hacının böyük bağı dolub-daşacaq. Ərzaq gətirən kim, ehsan verən kim… Düz 3 gün onunla vida mərasimi keçiriləcək. Ayın 4-də onu son mənzilə yola salacaqlar. Mərdəkanda, Mirzə Axund Hacı Turabın ayağı altında dəfn edəcəklər. Özü belə istəyib. Bunun da maraqlı tarixçəsi var.

Bir dəfə Hacı faytonda gedərkən sınıq bir arabaya minən Axund Hacı Turabla üzəbüz gəlir. Tez faytonu saxlatdırıb, onu Hacı Turaba bağışlamaq istəyir. Hacı Turab faytonu almır və deyir: Təşəkkür edirəm, mən nəyim varsa onunla kifayətlənirəm. Verdiklərinə görə də ilahiyə minnətdaram. Hər şey - varlını da bir anda dilənçiyə çevirə bilən Allahın əlindədir.

Hacı Zeynalabdin o vaxt önəm verməsə də, hər şeyi əlindən alınandan sonra bu uzaqgörən kişinin sözlərini xatırlamamış deyildi. Ona görə də vəsiyyət edir - məni onun ayağı altında basdırın-deyir, - onun ayağı bildiyini mənim başım bilmir - söyləyir…
Hacı Turab Mərdəkanda Pirhəsən deyilən yerdə, Bakı milyonçusu Muxtarovun tikdirdiyi kümbəz altında dəfn olunubmuş (Q.İlkin). Hacının vəsiyyətinə əməl edirlər.

Bakıda çıxan iki qəzetdə nekroloq çıxır - «Kommunist» və «Bakraboçi» qəzetlərində. Deyilənə görə, bunun da səbəbkarı N.Nərimanov olub.

P.S. Sovet hökuməti ha çalışdısa, Hacının nüfuzuna, hörmətinə ləkə sala bilmədi.
Tikdirdiyi tetra D.Bünyadzadənin adını versə də, hamı onu «Tağıyev teatrı» çağırdı…
Halalca evini muzey etsə də, hər kəs oranı Tağıyevin evi kimi tanıdı…
Şəhərin ortasındakı bənzərsiz passajı univermaq etsə də, Tağıyev passajı-deyə əzizlədi… Tikdirdiyi həbsxananı Qənnadı fabrikinə çevirsə də, bir dadlı konfet istehsal edə bilmədi…
Onu bakılılar ürəyində, qızı Sara xanım əməlində yaşatdı. Atası barədə xatirələr topladı, arxivlərdə çalışdı. Onun kim olduğunu isbatlamağa çalışdı, əvəzində dəlixanaya basdılar. Hətta Hacının Bakıda heç nəyi qalmasa da, bircə Sara xanımın küləkli-qarlı Bakı küçələrində, qara paltarda, qar rəngli saçlarda «Atam, Atam» deməsi yetərdi ki, bakılılar o böyük Kişini yaddaşlarında saxlasınlar.
Saxladılar da…
XS
SM
MD
LG