Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:36

Yaşar "DƏFN" (Hekayə)


Qulam həyətə girəndə arvadı eyvanda oturub yun çırpırdı. Salam-kəlamsız qızını soruşdu. Arvadı başını qaldırmadı, çubuğa ilişən yunu silkələyə-silkələyə:

- Hələ gəlib çıxmayıb, - dedi.

Qulam astadan:

- Get hamamı qızdır, - dedi, - yorulmuşam.

Yarım saatdan çox idi ki, hamamdaydı. Amma bayaqdan bəri içəridən nə su şırıltısı, nə də ayrı bir səs-hənirti eşidilirdi.

Qulam oturub ayaqlarını ilıq suyla dolu verdəyə sallamışdı. Əynini soyunmamışdı, təkcə şalvarının balaqlarını çırmalamışdı: çəkmələri vedrənin bir yanındaydı, corabları də çəkmələrin içində.

Yuxarıda, hamamın tavanından bir parça suvaq qopub tökülmüşdü, yeri qaralırdı. Qulam bayaqdan başını qaldırıb dinməzcə o qaraltıya baxırdı.

Çöldən zərblə yuna çırpılan çubuğun vıyıltısı eşidilirdi. O çubuq hər dəfə elə bil ürəyinə dəyirdi, ürəyini ağrıdırdı.

Qəfil hamamın qapısı cırıldayıb açılanda Qulam ağır-ağır başını aşağı yendirdi. Arvadıydı.

- Nə istəyirsən?

- A kişi, bəsdi, çıx.

Deyəsən, arvadının səsi titrəyirdi. Çünki o arvad hələ indiyənəcən kişisini belə fikirli görməmişdi.

Sonra hamamın qapısı yenə örtüldü. Qulam bu dəfə başını qaldıranda tavandakı o qaraltını görmədi, bir sonsuz qaranlıq gördü. O qaranlıq Qulamı özünə çəkirdi, sümürürdü.

Nəsə qorxan kimi oldu. Ayağını sudan çıxarmaq istədi, bacarmadı…

***

Yusif teleqramı günorta aldı.

«Sabah dəfndi, özünü çatdır».

Evdə tək idi. Siqaret yandırıb eyvana çıxdı.

Dəfndi. Kimin dəfnidi? Tamam keyləşmişdi. Hava bürkülüydü, bəlkə də yağış yağsaydı, bir balaca beyni açılardı.

Amma yox, ölən anasıydı. Əgər Yusif bu teleqramı indi yox, düz on il əvvəl alıb oxusaydı yenə gözünün qabağına anası gələcəkdi. Anasını yorğan-döşəyə salan o naxoşluğun adını Yusif çoxdan unutsa da, haçansa belə bir teleqram alacağı günü bu neçə ildə həmişə gözləmişdi.

Görəsən, anasının ölümü niyə bu qədər ləngidi? Bunu Yusif indi heç cür ağlına sığışdıra bilmirdi. Çünki hələ o vaxt, düz on il əvvəl kənddən çıxıb şəhərə oxumağa gedəndə anası bugün-sabahlıq idi. Yusif getmək istəmirdi, xəlvətə çəkilib bütün günü ağlayırdı, hərdən-hərdən atası, ya bacısı axtara-axtara gəlib üstünə çıxanda, gözünün yaşını silə-silə:

- Qoy ölsün, dəfn eləyək, sonra gedərəm, - deyirdi.

Əgər bir axşam anasının xırıltılı səsi onu çağırmasaydı, yəqin ki, Yusif oxumağa tüpürüb qalacaqdı. İndiki kimi yadındaydı. Anası çarpayıda heysiz-hərəkətsiz uzanmışdı. Yusif stulu onun yanına çəkib oturdu. Gilə ağır-ağır başını qaldırıb:

- Deyəsən, ölməyimi gözləyirsiz? – dedi.

Yusif diksinib:

- Yox, - dedi, amma Gilənin üzünə baxa bilmədi. Sonra anasının bir azca toxtamış səsini eşitdi.

- Bəs onda niyə çıxıb getmirsən?

Elə həmin günün səhəri Yusif şəhərə yollandı.

Üç-dörd ay sonra atası dalınca gələndə:

- Anan sən gördüyün deyil, babatlaşıb, - dedi.

Doğrudan da Yusif yay vaxtı gəlib bir ay kənddə qalanda anası gözünə diri dəydi. Ayaqları yeri güclə tutsa da yorğan-döşəkdən qalxmışdı. Amma elə o vaxtdan Yusiflə Gilənin arasında pərdə yarandı.

Bir-birinin gözünə görünmək istəmirdilər, hərdən-hərdən danışanda da elə bil əlacsızlıqdan danışırdılar, söhbətləri də ana-bala söhbətinə yox, yad adamların ötəri danışığına oxşayırdı. Deyəsən, həm Gilə arvad elə bir vaxtda yatağa düşməyinə görə oğlunun qabağında xəcalət çəkirdi, həm də Yusif anasını ölüm ayağında qoyub getdiyini özünə bağışlaya bilmirdi.

Yusif:

- Axır ki, öldü, - dedi: - elə bil bu on ili gözlədiyi təkcə bu idi, anasının ölümüydü.

Kəndə gecənin yarısı çatdı. Qatardan düşüb yan-yörəsinə baxdı. Bir nəfər gözünə dəymədi.

Qatar bu balaca kənd stansiyasında bir azca nəfəsini dərib sonra ağır-ağır tərpəndi. Yusif ta ki, gözdən itənəcən qatarın dalınca baxdı.

Elə bil düşdüyü qatarla bura gətirdiyi o «şəhəri», o «şəhərli Yusifi» bu kəndin yanından ötürüb, indi, bu gecə haçansa bir vaxtlar ot biçən, mal-qara otaran həmin o «köhnə Yusifi» özüylə saxlamaq istəyirdi. Amma relsi adlayıb cığırla kəndə sarı üzüaşağı düşəndə hiss elədi ki, həmin o «şəhərli Yusifin» addımlarıyla yeriyir.

On il. Zarafat deyildi, düz on il. Yusif qəfil bu ötən vaxtdan diksinən kimi oldu. Görəsən, hələ bu kəndin, atasının, bacısının yadından çıxmamışdı ki? Bəlkə indi heç otağın ortasında uzanan o meyit də oğlunun yolunu gözləmirdi.

Yusif o vaxt evlənib şəhərdə özünə toy çaldıranda atasına xəbər eləmədi. Amma yəqin çağırsaydı da, atası gəlməyəcəkdi. Çünki atası axırıncı dəfə yanından gedəndə Yusif başa düşmüşdü ki, bu onların sonuncu görüşüdü. O vaxt atası Yusifin evlənməyinə razı olmadı.

- Oğlum, gəl əvvəlcə bacını köçürək, - dedi.

Qulam o gedən, birdəfəlik getmişdi: nə gəlininin, nə də o iki nəvəsinin üzünü görmüşdü. Bəlkə də bundan sonra bir də heç vaxt görməyəcəkdi.

Bu hardan ağlına girdi? Yusif kibrit yandırıb teleqramı işıqda bir də oxudu. Sonra cırıb tulladı. Belə də xəbər olar? «Sabah dəfndi, özünü çatdır». Kimin dəfnidi?

Yusif bu qaranlıqda ağappaq ağaran kağız qırıntılarını tapdalayıb torpaqla bir elədi. Elə bil onu bu kəndə gətirən bu bir parça kağız idi, anasının ölümü deyildi. Yenə anasının? Niyə axı, anasının? Axı, Yusif indi o kağız qırıntılarını birləşdirib o teleqramı təzədən oxusaydı yenə bir şey başa düşməyəcəkdi.

Görünür, Yusif anasının ölməyinə özü-özünü inandırmışdı. Çünki düz on il idi ki, anasını atasından alıb allaha tapşırmışdı. İndi də düz on il bundan qabaq ölən anasını dəfn eləməyə gəlmişdi.

Darvaza açıq idi. Bir xeyli dayanıb-durdu. Sonra astaca içəri keçdi.

Həyətdə çadır-zad qurulmamışdı, içəridən ağlaşma səsi də gəlmirdi, yazın ən gözəl çağıydı, ərik ağacları təzəcə çiçəkləmişdi, hər tərəf ağappaqdı, işıqlıydı, çəpərin qırağıyla axan arxın suyu da elə bil yazın bu gözəlliyinə sevinirdi, səssizcə axırdı, bu sakitliyi pozmaq istəmirdi.

Lap toy evinə oxşayırdı.

Bəlkə kimsə o teleqrammı yalandan vurmuşdu, onunla zarafat eləmək istəmişdi. Amma kim? Bu kənddə Yusif Cəlilovu dolamağa kim ürək eləyərdi? Qəfil elə bil özü də o addan diksindi.

Sonra eyvana qalxıb qapını döydü. Qapını Suğra açdı. Yusif onunla qabaq-qabağa dayanan bacısına baxdı. Üzü tamam qocalmışdı, elə bil saçları da üzünün dərdindən ağarmışdı. İndən belə bu qarımış qıza kim yiyə duracaqdı?

Yusif:

- Bağışla, - dedi, amma bacı deyə bilmədi, çünki o söz ağzından çıxsaydı hönkürəcəkdi.

… Haçansa Yusif uşaq idi, evin oğlan uşağı. O uşağın on yaşlı bir bacısı da vardı. Bu kənddə heç bir uşağın belə bacısı yoxudu. Allah saxlamış, bu yaşıyla elə bil gün kimi yanırdı. Elə o vaxtdan qohum-əqrəba, hər o qızı görən:

- Bu qız mənim oğlumundu, - deyərdi.

Qız uşağı evdə qonaqdı, deyiblər. Vaxtı çatan kimi halal süd əmmişin birinə qoşulub gedəcəkdi. Bu ev-eşiyə Yusif yiyə duracaqdı. Gərək onun başından bir tük də əskik olmayaydı. Bu evdə təkcə onun boyuna sevinərdilər. O qız da öz uşaqlığını o uşağa bağışlamışdı. Bütün günü işi-peşəsi onun dalınca gəzmək idi.

Qəfil yıxıla bilərdi. Qolu-qıçı əzilərdi. O uşağı gözdən qoymaq olmazdı. Ona görə də o uşağın öz bacısından zəhləsi gedərdi, hər dəfə hirslənib:

- Dalımca düşmə, rədd ol, – deyərdi.

Amma o qız ondan əl çəkməzdi. Sonra bacısını daşa basardı. Amma o qız yenə gələrdi.

Bir gün ikisi də arxın qırağında oturmuşdu. O uşaq qəfil bacısının gözündən yayınıb suya tullandı. O uşaq boğulurdu. O qız üzə bilməsə də o uşağı güclə çəkib sudan çıxardı. Sonra o qız arxın qırağında rahatca uzanmışdı. Amma o uşaq yenə hirsliydi, yenə bacısını daşlayırdı:

- Qoy çimim, qoy çimim, - deyirdi.

O daşlar hərdən-hərdən bacısının əl-ayağına dəyirdi. Amma o qız qımıldanmırdı, qalxmırdı. O qız ağlayırdı. Çünki indicə o uşaq, o qızın qardaşı az qala boğulacaqdı.

Sonra o qız yenə ağlayırdı. Amma gözündən yaş axmırdı, qan axırdı. O qızın torpağa səpilən uzun, qapqara saçlarının üstündə daş parçası diyirlənib qalmışdı.

Sonra o qız bir də bütün ömrü boyu ağlaya bilmədi. O uşaq da hər dəfə ağlayanda o saatca kiriyərdi. Çünki o qız hər dəfə şüşə gözünü çıxarıb o uşağın ovcuna qoyardı. O uşaq da şüşə gözü əlində oynada-oynada gülərdi.

İndi bacısı qabağında durmuşdu, hardasa gizlətdiyi şüşə gözünü bu qaranlıqda tapıb yerinə taxmağa fürsət eləməmişdi.

Ölən kim idi? Yusif kimin dəfninə gəlmişdi? Anasınınmı, atasınınmı? Haçansa o balaca uşağın əliylə atdığı daşla təkcə gözünü yox, baxtını kor qoyduğu bacısından, Suğradan bunu necə soruşacaqdı?

Qəfil hardansa qulağına səs gəldi.

- Get.

O səs də elə bil qocalmışdı.

Yusif bacısına baxdı.

Gecənin bu vaxtı hara gedəcəkdi? Həm də qohum-əqrəba nə deyər? Gəldi, heç dəfni də gözləmədi, elə qapıdan çıxıb getdi.

Yusif:

- Ölən kimdi? – dedi.

Amma sözünün cavabını gözləyən Yusifin üzündə azca da olsun dərd yox idi, şəhərdən çıxandan bəri ondan əl çəkməyən o maraq idi ki, deyəsən indi dərdini üstələyib ötmüşdü. Görəsən ölən kim idi?

Suğra susurdu, dişiylə dodaqlarını gəmirirdi, açıqda qalan o bircə gözü tez-tez qırpılırdı. Deyəsən, qabağında duran bu kişinin haçansa onun qardaşı olduğunu yadına salmaq istəyirdi. Amma bu yad kişini tanıya bilmirdi.

Suğra:

- Qulam kişini keçən ay basdırdıq, - deyib elə tez gözdən itdi ki, elə bil bayaqdan bu yad kişinin qabağında gecə köynəyində durduğunu ancaq indi başa düşüb utandı.

Ölən atasıydı.

Havadan yağış qoxusu gəlirdi. Kaş ki, indi yağış yağaydı. Onda Yusif iliyi islananacan o yağışın altda duracaqdı.

… Sonra pəncərədən anasıyla bacısı görünəcəkdi. Onlar bu yağışın altda atılıb-düşən uşağa baxacaqdılar. Sonra o uşağı səsləyəcəkdilər:

- Yusif, gəl evə, xəstələnərsən!

O uşaq qaçıb anasının qucağına girəcəkdi. Anası dəsmalla o uşağın saçını qurulayacaqdı. Bacısı:

- Mən də, mən də – deyəcəkdi, amma o uşaq bacısını yaxın buraxmayacaqdı, anasının qucağına sığınacaqdı.

Sonra lap yaxından qulağına səs gələcəkdi:

- Oğlum alim olacaq.

O uşaq başını qaldırıb gülə-gülə ona baxan atasını görəcəkdi…

Amma yox, elə bil bu kəndin buludları da ondan üz döndərmişdi, Allahın bir quruca yağışını da ona qıymırdılar.

Niyə çıxıb getmirdi? Nə lazımdısa hamısını öyrəndi. O kişinin dəfninə də özünü çatdıra bilməmişdi. Hələ ki, hamı yuxudaydı, çıxıb getmək lazımıdı. Əgər səhərə qalsa, eşidib- bilən tökülüb gələcədi. Yəqin onunla diz-dizə oturub dərdləşmək çoxunun ürəyindən keçirdi. Hətta ağlayan da tapılacaqdı. Zarafat deyil, Yusif Cəlilova qoşulub kiməsə ağlamağın ayrı ləzzəti var.

Yusif ancaq indi hiss elədi ki, şəhərdən çıxandan bəri ağlamaq istəyir: bəlkə də lap tez, o teleqrammı oxuyandan sonra. Amma ağlaya bilmirdi.

Niyə axı, ölən atasıydı? Niyə axı, bu neçə ili Yusifə öz ölümünü gözlədən o xəstə anası dura-dura Qulam özünü qabağa salmışdı? Əgər oğlundan ötrü darıxmışdısa Yusif işini-gücünü atıb gələrdi. Onsuz da çoxdandı ki, evdən ötrü burnunun ucu göynəyirdi. Ən çox atası üçün darıxmışdı. Çünki, anası yuxusuna tez-tez girirdi.

Yusif ürəyinin nəsə yumşaldığını hiss elədi. Amma yenə ağlaya bilmədi.

Bayaq qatarda mürgüləyəndə gördüyü o yuxu yadına düşdü. Dabanlarına sıxılıb addımlarını ağırlaşdıran qumlu səhralığın lap qurtaracağında gün batdıqca hava qaralırdı. Lap qabaqda o batan günə tərəf üz alıb gedən bir qadın görünürdü. Yusif anasının üzünü görə bilmirdi, ancaq kəlağayısını tanıyırdı. Güc-bəlayla ayaqlarını qumun cəngindən qurtarıb anasının ardınca qaçırdı. Amma nə illah eləyirdisə onu haqlaya bilmirdi.

Qəflətən Yusifə elə gəldi ki, bir az da ləngisə anasını da gözdən itirəcək, qaranlıq səhrada tamam tək qalacaq.

Və qəflətən qarşısında qapının ağzını kəsdirib-dayanan anasını gördü.

Düz on il əvvəl qoyub getdiyi həmin qadın idi: nə dəyişmişdi, nə də qocalmışdı.

Anası:

- Nə durmusan, gəl evə, - dedi, sonra oğlunu gözləməyib özü içəri keçdi. Elə bil bu qadın arada ötən o on il vaxtla dünəni dəyişik salmışdı. Amma anasının bu soyuqluğu Yusifi çaşdırmadı. Çünki anasıyla nədən söhbət edəcəyi indi onun özündən ötrü də sirliydi.

Yusif anasının ardınca kirimişcə içəri keçdi.

Anasıyla bacısı yan-yana oturmuşdu. Yusif bu işıqlı otaqda hər ikisinin üzünü apaydın görürdü.

- Gəl otur.

Yusif dinməzcə keçib oturdu. Bir xeyli araya sakitlik çökdü. Yusif tamam özünü itirmişdi, hər şey yadından çıxmışdı. Deyəsən, gecənin bu vaxtı hara gəlib düşdüyündən də xəbəri yoxudu. İndi elə bil Suğrayla Gilənin qabağında stula pərçimlənib qalan ürəksiz, beyinsiz bomboş bədən idi, adam deyildi.

Bəlkə də indi o bədənə bir balaca toxunub-eləyən olsaydı, Yusif yıxılıb qalacaqdı.

- O kişinin dəfnində təkcə sən yoxdun.

Anasının səsiydi. Amma Yusif səs gələn tərəfə baxa bilmədi. Başı özündən xəbərsiz qabağındakı bomboş stolun üstünə düşdü. Deyəsən, bir balaca rahatlandı.

Yəqin ondan olsaydı, düz səhərəcən elə beləcə oturub qalardı.

- Suğra, get çayı qızdır.

Sonra çaydanın cızıltısı eşidildi. Yusif bildi ki, otaqda anasıyla tək qalıb. Başını qaldırdı. Anasının gözləri qupquruydu.

Çaydanın cızıltısı kəsilmişdi.

- Niyə elə baxırsan? Vallah, xəbərim yoxdu. Teleqramı bu gün almışam...

- O nə teleqramdı elə?

Suğra bir stəkan çay gətirib Yusifin qabağına qoydu, dönüb getmək istəyəndə anasının tərs-tərs ona baxdığını görüb dayandı.

- Bu nə deyir, qanmıram. Sənin işindi?

Suğra maddım-maddım Gilə anasına baxdı.

- Niyə quruyub qaldın, get qənd gətir.

Otaqda yenə ikisiydi. Yusifin gözləri anasının stolun üstə qalan bir cüt heysiz-hərəkətsiz əlinə zillənmişdi.

- Elə teleqramı alan kimi getdim bilet dalınca.

Anası dinmədi.

Yusif bayaqdan bəri anasının onu söyəcəyini, qapıdan qovacağını gözləyirdi, amma Gilənin üzü elə sakit idi ki, elə bil qabağında oturan bu kişi doğmaca oğlu deyildi, kimiydisə yad adamıdı, bir ay bundan qabaq ölən kişisindən ötrü ona başsağlığı verməyə gəlmişdi.

Gilə:

- Çayını soyutma, - dedi.

Qənddan stolun üstündəydi. Suğra yenə keçib anasının yanında oturmuşdu.

Yusif əlini qəndə sarı uzadıb tez də çəkdi, başını qaldırıb anasına baxdı. Yusifin öz sifəti bu dəqiqə qəribəydi, elə bil gülməyini zorla saxlayırdı. Səsi boğula-boğula:

- Bilirsən niyə gəlmişəm? - dedi. - Gəlmişəm səni dəfn eləyəm. Gəlinin sənə bu gün o qədər ağlayıb ki… Heç üzünü görməyib, amma gözündən yaş leysan kimi axırdı.

Deyirəm ağlama, kirimir. Ona baxıram, paxıllığım tutur. O vaxt sənə o qədər ağlamışam ki, indi gözümdə yaş da qalmayıb.

Gilə üzünü yana çevirdi. Elə bil bu günəcən diri qalmağıma görə oğlundan utanırdı.

Birdən Yusifin içindən qəribə bir səs çıxdı. Bilmək olmurdu, şaqqanaq çəkir, yoxsa hönkürür. Bir xeyli sonra başını stolun üstünə qoyub sakitləşdi.

Yusif ayılıb özünə gələndə hava yavaş-yavaş işıqlanırdı. Otaqda təkcə bacısıydı. Deyəsən, Suğra bayaq necə oturmuşdusa eləcə də qalmışdı. Çünki qardaşının dikəldiyini görəndə də sifəti dəyişmədi.

Yusif:

Deyəsən yuxuya getmişdim? – dedi.

Suğra:

- Yox, ağlayırdın, - dedi.

Doğrudan da, Yusif hələ də içini çəkirdi.

Yusif başıyla boş stulu göstərib:

- Hara getdi? – dedi:

- Sənə yer salıb yatdı.

- Bəs sən niyə oyaqsan?

Suğradan səs gəlmədi.

Suğra nəsə elə bil qardaşına baxmırdı, öz balasına baxırdı.

- Yusif neçə uşağın var?

- İki.

- İkisi də oğlandı?

- Yox, biri qızdı.

- Böyüyü hansıdı?

- Qızdı.

Qəşəngdi?

Yusif istədi desin, sənə oxşayır. Çünki o qız doğrudan da eynən Suğranın uşaqlığıydı.

Amma Yusifin öz qızını bu qarımış, kor qıza oxşatmağa ürəyi gəlmədi.

- İstəsən səni də özümlə apararam. Evim böyükdü, otağın birini sənə verərik.

Suğra qardaşının sözünə sevinmək istədi. Amma canında hey qalmamışdı.

Əvvəllər Suğranın eynini açan təkcə atası Qulam idi. O kişi də axırıncı kərə Yusifin yanından qayıdandan sonra elə dəyişdi ki, heç tanımaq olmurdu. Görürdün, gecənin bir vaxtı durub həyəti gəzir. Sonra da hər dəfə gəlib Yusifin boş qalmış otağına girərdi:

- Mənim bu ev-eşiyim başsız, yiyəsiz qalacaq, a bala, - deyərdi.

Bütün günü özünə qarğış eləyərdi. Guya özü uşaqlıqdan oğlunun beyninə salmasaydı, Yusifin haçansa bir vaxt oxuyub şəhərdə qalmaq ağlına da gəlməyəcəkdi. Özünü söyəndən sonra bütün hirsini arvadının üstünə tökərdi. Yazıq Giləyə ağından çıxana deyərdi. Amma sözünün əvvəli-axırı olmazdı, nə demək istədiyini özü də əməlli-başlı qana bilməzdi. Yəqin o sözü birbaşa, bütöv deməyə həm dili dolaşardı, həm də çəkinərdi. Bilmək istəyirdi ki, niyə axı, o vaxt arvadı hamını aldatdı, ölmədi.

Deyəsən, Qulam kişi axır vaxtlar ümidini təkcə o arvadın ölməyinə bağlamışdı. Bəlkə də onda Yusif qayıdıb-gələcəkdi.

Amma Qulam kişi ölümü arvadından qabaq hiss elədi. Gecə yerinə girib yatanda bir yanı da ağrımırdı, maşallah, top kimiydi. Səhər gec oyandı, heç bu vaxtacan yatıb qalmazdı. Qəfil burnuna nəsə qəribə qoxu dəydi, elə bil bu dünyanın havasından gəlmirdi. Arvadını çağırıb, dedi:

- Arvad, bu gecə yuxuda tozlu-torpaqlı yolla gedən bir dəstə adam gördüm. Çiyinlərində tabut aparırdılar. Camaatı yara-yara gedib o tabutun örtüyünü qaldırdım ki, baxam, oyandım. Özüm idim. O toz-torpağın qoxusu hələ də burnumdan getməyib. Eşit, gör, nə deyirəm. İşdi ölüb-eləsəm, Yusifə xəbər eləməyin. Qoy bir-iki ay keçsin, çağırarsız ki, Suğranı götürüb özüylə şəhərə aparsın. Neynək, qızımızın da baxtı belə gətirdi. Heç olmasa, gedib qardaşının uşaqlarıyla başını qatar.

Kişisinin söhbəti Gilə arvadı azca da narahat eləmədi. Qulam kişi danışdıqca o da astaca başını tərpədirdi. Elə bil söhbət kişisinin ölümündən yox, havanın isti ya soyuq olmasından gedirdi. Çünki o sözlərdə Gilə arvaddan ötrü təzə bir şey yoxudu, çünki o sözlər düz on il idi ki, özünün fikrində dolaşırdı.

Həmişəki kimi kişisini darvazayacan ötürüb işinin-gücünün dalınca yola salandan sonra eyvana qalxdı.

Kişisi evdə olmayanda Gilə də işsiz dayana bilmirdi. Nədənsə, bekar qalmağı hər gün səhərdən axşamacan dabanından tər axa-axa evə çörək qazanan kişisinin qabağında günah sayırdı.

Həyət-bacanı süpürmüşdü, hini, tövləni dünən təmizləmişdi. Yadına düşəndə ki, keçən həftə Qulam qırxdığı qoyunların yunu hələ də didilməyib, rahatladı.

Axşamçağı Qulam həyətə girəndə Gilə yunu didib təmizləmişdi, qabağına sərib çubuqla çırpırdı ki, yumşalsın. Qulam qızını soruşdu. Deyəsən, ona deməyə nəsə sözü vardı. Sonra hamama girdi. Qonşular Gilənin çığırtısına həyətə tökülüşəndə artıq gec idi. Qulam kişi keçinmişdi...

Suğranın sifəti birdən-birə dəyişdi. İndi yenə Yusifin qabağında dayanan bayaq qapıda rastlaşdığı həmin o bacısıydı.

- Yox, Yusif, əgər bir az əvvəl gəlsəydin, bəlkə də gedərdim. İndən belə anamı bu dörd divar arasında tək qoya bilmərəm, - dedi, - sonra Yusifə çarpayısını göstərib yatmağa getdi.

Yusif bir müddət çarpayının yanında dayanıb qaldı. Yaman yorulmuşdu, soyunub yatmaq istəyirdi. Amma bir azdan anasıyla bacısı yuxudan oyananda nədən söhbət eləyəcəkdi? Yəqin ki, onların da Yusifə deməyə sözü qurtarmışdı.

Yusif cibindən bir qat pul çıxarıb çarpayının üstünə atdı. Sonra səssizcə qapını açıb çıxdı. Amma o pulu nədən ötrü gətirdiyini, nəyə görə belə xəlvəti qoyub getdiyini özü də bilmədi.

***

Yusif bayaq düşdüyü cığırla ağır-ağır qalxırdı. Hələ ki, səssizlik idi. Bir azdan mal-qaranın böyürtüsü bu kəndi başına götürəcəkdi. Sonra darvazalardan əli çomaqlı uşaqlar çıxacaqdı, o mal-qaranı qabaqlarına qatıb hoyluya-hoyluya otarmağa aparacaqdılar. Kəndin o səs-küyü Yusifi bir də şəhərdə haqlayacaqdı. Qatardan düşüb hay-küylü küçələrdən keçəcəkdi.

Qapı açılanda, arvadı tez çarpayıdan qalxıb tələsik donunu geyinəcəkdi. Nədənsə o arvad bu neçə ili Yusiflə bir yastığa baş qoysa da, elə bil hələ də ondan utanır. Eləcə pallı-paltarlı Yusifin üstünə qaçıb:

- Yazıq ana, - deyəcəkdi, - dəfni babat keçdimi?

Yusif istəyəcəkdi desin, ölən atam idi, amma deməyəcəkdi.

Görəsən, doğrudanmı ölən atasıydı?

Qəflətən qatarın səsi eşidildi. Yusif dayanıb o səs gələn tərəfə baxdı. Lap uzaqdan işara-işara ona sarı bir qatar şütüyürdü. Deyəsən, dünən gecə Yusifi bu kəndə gətirən qatar idi.

XS
SM
MD
LG