Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:53

Rafiq Tağı "ÖLMƏYƏ HAZIR DURUB" (Hekayə)


Gəndalaşların acı qoxusu bəd xəbər vəd edir. Budaqlarda qurcuxan çəyirtkələrin qorxusu əvvəlki kimi div boyda sərçələrdəndi. Yolların "texnika"sız sükutu vahiməli idi.

***

Üstü uşaq boyu bərabərində cızıqlı "Şkoda" qatar kimi uzun bir maşındı. Təkərləri də naxışlı-labirintli - yağışlarda həndəsi fiqurlar şəklində göllənən dərin-dərin izlərilə yollara üfüqi bəzəklər vurar. Seyidağa bizi sivilizasiyaya onunla bağlayır. Arxa salonu qapalı stadion tipindədir: içində at min çap, hətta futbol vur. Onun qarajı-zadı da yox; dünyanın ən azad maşınıdır. Əlbəttə, "Şkoda" yaxın keçmişdəki elmi-texniki inqilablar balası idi. Düzü, hərdən öyünürəm də ki, onun gəlib-getdiyi bir yerdə doğulmuşam. Bə nə, "Şkoda" sayəsində kəndimiz beynəlxalq səciyyə daşıyırdı. Hələ uzaqdan səsi gələndə, başını balınca təzə atanlardan tutmuş fıs vurub çoxdan yatanlaracan - hamı yerindən ox kimi sıçrayır. Min ilin kəsafət basanları, burnunu yerə dikənləri də ruha gəlir.

Can üstə olanlar hələlik can vermək istəmir. Seyidağanın ucbatından Əzrayıl bir-iki dəfə xəstələrlə əlbəyaxaya çıxmışdı. Hə, bu maşın hər bir insan qarşısında təzə perspektivlər açırdı. "Ura! Seyid gəldi!" - eləcə mənim də uşaqlığım yadıma düşür, istəyirəm qışqıram. Öz aramızdı, "texnika" görmək az iş deyil. Həm də onun gözdə mənzərəsi - xeyirlidir.

Eni uzun bu maşın qabırğa naziklikdə yollara güclə sığır. Əlbəttə, buralar sənin üçün Çexoslovakiya deyil ki.

Çexoslovakiyada yolların qıraqlarını burdakı kimi gəmirtləmirlər. "Şkoda" uçurum bənzərli sağ-sol xəndəklər arası ilə elə gedər, deyərsən, qıl körpüdən keçir. Döngələr Seyidağa üçün riyazi bir problemdi; oralarda hər santimetrin öz hökmü var. Gedib ölümü görüb qayıtmaq, deyir, yolayrıcılarını keçməkdən asandır. Ağa hərdən gopologiyanın valını qoyur: guya çayı kəsən körpüdən, bir də onun aşağısındakı iki döngədən savayı dünyasında çətinlik görməyib. Cəddinə qurban olum, çətinlik barəsində gözünün içinəcən yalan deyir. Döngələri şişirdir.

Guya bilmirik ki, onun həyatının hər nöqtəsi zülümlə keçib. Həftənin yeddi gününü on yeddi kərə çaxırın küpünə girmək, araq gölündə üzməklə deyil ki. O özünü səhvən xoşbəxt sayır. Onun zahirdə xoşbəxtliyi batindəki bədbəxtliyinin təzahürü idi. Onun evini stansiya restoranı yıxdı. "Yaxşı oğlansan" deyə-deyə yanlayar, bir həftə-onca günə iliyini təmizcənə sorardılar. Adamyeyəndi bunlar. Kənddən, özü demiş, "sıfır" həddində çıxır. "Sıfır"ın da tərcüməsi "lüppüz"dü.

"Şkoda"sız hamı məyus gəzir. Deyirsən insanlar küsülüdür. Onsuz kəndin al-əlvan rəngləri itir, hətta qırmızı da qırmızı kimi görsənmir. Ancaq və ancaq boz qalır. Deyiləsi sözlər qurtarır. Sözlər uzaq başı Seyidağanın burdan çıxıb getməyi barəsində qalır. Elə bilərdin, o, Rusyət səfərinə yox, bir az ondan da o yana - ölüm-itimə gedir.

Sözsüz, ölüm-itimlər qəribliyin o tayındadır. Qardaş, Rusyət yolu qurd-quşla, onlardan da vəhşi bəni-insanla dolu: qaçaq-quldur bir-birinin belinə minib. İndinin keçmişdən fərqi cüzidir. Müharibələr indini keçmişə oxşadır. Bu, çox düz söhbətdi ki, seyidi cəddi saxlayar. Rus-çeçen müharibəsinin tən ortasından keçirsə də, ona gözün üstə qaşın var deyən yoxdu. Saathesabı, gedəndə 3-4, gələndə də bir elə müharibə görür. O, səfərlərdə gördüyü müharibələrlə təcrübələnib. Müharibənin başqa cürəsini görməyib. Hərdən gülə-gülə özü özünə "müharibə iştirakçısı" deyir. Quş dili bilən Süleyman kimi çeçenlərin dilindən xəbərdardır. Onların xasiyyətinə beş barmağı kimi bələddir. Çeçenlər nəinki ona çırtma vurmaz, hətta kişiylə dostdular da. Bir gün biri ona qonaq gələsi. Camaat qoşun-qoşun Ağagilə axışırdı: deyirdin əlbət kəndə imam yetişib. Yox, çeçen də, həqiqətən, qabiliyyətli insandı. Üzündən nur tökülürdü. Oturuşu-duruşu - hazır adam balası, müctəhid. Ha baxdım, onda barı ötərgi bir ayıblıq görəm, görmədim.

Ölmək Seyidağanın vecinə deyildi. Bəlkə öləcəyi başına girmirdi də. Dəli şeytan deyir, ona "küt" de. "Harda qırıldı, qırıldı", - sözü budur. Ölməyə hazır durmuşdu. Mən özüm turş alçaya bənzər bədənim üzərində yarpaq kimi əsərdim. Maşallah, bədən də nə bədən - yüngül mehdən nasazlayır. ...Oynaqlarımdakı şaqqaşaraqla səhər idmanından qalmaram. Hərçənd çalışaram da idmanı peşəkarlıq dərəcəsinə qaldırmayım. Hər şey vətər-damarların dartılıb-gərilə biləcəyi həcmdə qalsın. Məndə adətdi, payız girər-girməz
alt-üst qış paltarlarına keçirəm. Yun köynəklərin ikisini birdən taxıram. Payız nədir - qışın əmisi oğlu. Payızda soyuq adamı qışdan bərk qapar. Hə, qatbaqat paltarlarda yazacan hamı məni kökəlmiş sanır.

...Əlüzyuyandan isti suyum əskik olmaz - üşüyənciləm axı. Aftafam hələ soyuq su görməyib. Əlbəttə, mənimlə Seyidağanın fərqi yerlə göy qədərdi. Rusiyanın qarlı çölləri üzərinə sinəsini gərib gedər. Ancaq gözləri tuluqlanmaqda, böyrəkləri çürüməkdə - qarlar onu yenə bilərdi. Yerin-göyün küləyi-sazağı böyrəklərində yalqız cövlan edər. O, böyrəklərinin işini bilirsə də, buna fikir vermir. Böyrək elə şeydi, deyir, bir ömrə çürüyə-çürüyə də çatar. Əşi, ömür uzun da olar, gödək də. Ətağa cəddi, məna birdi. Qırmızımtıl üzü get-gedə qırışlaşır və artıq qırışları özü qırxa bilmir. Baş kəsirmiş kimi ülgücü qırışa perpendikulyar çəkir. Hərçənd qocalığı boynuna almır, hələlik onu saya salmır. Üstəlik, vur-tut bir-iki söz bilir: "harda qırıldı, qırıldı". Axı dünya üzündə dəllək varsa, ta nə qəm. Dəlləkliyi minillərin qocalıq təcrübəsindən doğan şanlı bir peşə bilirdi. Onlar həm də sünnəti bacarır. Özü də dəllək necə təraş edirsə, üzü mum kimi yumşaq və qaralan tük diblərilə nöqtə-nöqtə bəzəkli olur. Seyidağanın hər kənd-qəsəbədə "pomazok"lu-ülgüclü, "troynoy" odekolonlu xüsusi bir dəlləyi oturub.

"Seyidağanın dəlləyi" - onların hamısının ləqəbi birdi. Onun bir tək dəlləklərə tökdüyü xərci mən heç əynimə-qarnıma çəkmirəm. Ancaq o, dəlləyə gözəllik-zad üçün yox ki - gedəcəyi məclisə hörmət naminə gedirdi. Onsuz gözəlliklə arası yoxdu. İnsanın hər bir hərəkəti, deyir, ədəb-ərkan naminə olmalıdı, di vəssalam. "Bə ədəb-ərkan da gözəllik deyilmi?" - ona ünvanlanan bu qınaq qulağına girməz. Gözəlliyi haçansa pozğunluqla əlaqələndirib, birdəfəlik qurtarıb gedib. O, böyük-kiçiklik ustasıdır. Qoca görəndə, az qalır ayaqlarına döşənə; birbəbir barmaqlarından öpər. Ana birçəyi onun üçün müqəddəs şeydi. Birçək söyülərsə, ölüm onun üçün bir "heç"ə dönər, tum çırtlamaq kimi asan iş olar. Bəziləri ona "qorxunc" deyir; bəlkə bu sözlərində haqlıdılar da. Kim ki gözü qızdı, ölümdən qorxmadı, gərəkdi ondan qorxasan. Şalvarı öndən nə qədər ütülü görsənə, yanı həmişə parıltılı-hamardı. Əlbəttə, bu, şoferliyinin vacib əlamətidir. Onun sənətinə tək elə şalvarla dəqiqcənə diaqnoz qoymaq mümkündü.

Seyidağa Rusyətə Vəli Axundovun vaxtından daş qoyub. İndiyəcənki Azərbaycan padşahlarından bircə onu gözü tutub. Rəhmətlik həkimliyinə uyğun humanist padşahdı. Elə həmin humanistliyindəndi ki, respublikalararası alış-verişə "polnı" icazə vermişdi. Hələ üstəlik oralarda evlənib bura gətirirdilər, buralarda evlənib ora aparırdılar. Azərbaycanda metislərin sayı "en" qədərdi. Xristian gəlib müsəlman olurdu, hərdən də müsəlman gedib - xristian. Alimentlərin arası kəsilməzdi. Seyid onda cavandı, bədəni də - daş-dəmir. Daş-dəmir də yox - tunc. Di gəl, "tunc"un qədrini bilmədi; onu Rusyət-Moskva yolunda paymal etdi. Onun gül kimi səhhətini, şipşirin canını pomidor-sarımsaq çeynəyib yedi. O, poetik qarpızlarla Moskvadan da uzaqlara getmişdi. Kilsə başlı Vladimirəcən, gəmili-qayıqlı Arxangelskə qədər. Norilsk - necədi sənin üçün. Moskva artıq ona evin içi kimi bir yerdi. Həmişə də gedib aləmi gəzib gələr, dibi lehməli, suilanlı-qurbağalı xəndəklərdən yüksələn gəndalaşlara ilişərdi. Hər gəndalaşın da bir yarpağını dartsan, göyə çəyirtkə topası millənər. Hava çəyirtkədən buludlanar. Kənd Ağanın yaralı yeridir. Bəzi yolları necə tutublarsa, üstündən adicə kök bir qoyun güclə keçə bilir. Keçirsə də, çəpərlərə sürtünə-sürtünə. Hər tel ucunda bir çəngə yun qalır. Oğraşlar torpağı dallarına sarıyıb aparacaq, gorlarına döşəyəcəklər. Düzdü, Seyid özü şikayətlənməz, bir kəsi söyməz. Çünki səfərlərdən hamı üçün darıxıb gəlir. Burda ona hər adam qiymətlidir. "Şkoda" batanda camaat özü dinib-söylənir: utanmazlar, qızarmazlar! Məəttəlik, deyirdilər, niyə Əli yoluna göz dikənlərin gözləri çırtlayıb yerə tökülmür?!

Gah orda, gah burda gəndalaş budaqları sınıb sallanır: qurusu da var, yaşı-yaşılı da.
Boynuma alıram, "Şkoda"nın kəndə qayıdışı mənim üçün əlamətdar hadisə idi. Hətta onun mıxlanıb yolda qalmaqlığı da. Maşının həndəvərində oğlan uşaqları boylarından uca təkərlərin mübahisəsini qılar. Onların fikrincə, heç bir mismar bu təkərləri deşməz. Güllə - hə, deşər. Qızlar "Şkoda"nın rəngini kəlağayılarının qırmızısıyla tutuşdurar.

İl boyu Seyidağanın paltarlarından benzin qoxusu gələr. Qəttəzə kostyumlarına benzin iyi bədənindən hopur. Biri bir dəfə deyəsi ki, Seyidağanın damarlarından qan yox, benzin axır. "Ola bilsin düzdür", - bunu Seyidin özü dedi. Orasını neynirsən, həyatda nə cür sıxıntı-çətinlik ola, Ağa ondan çıxmağın üsulunu bilir. Məncə, dünya üzündə elə fövqəladə hadisə ola bilməz ki, Seyidağa onun qarşısında aciz qalsın.

Seyid olmayanda, bizdəki canlanma ancaq ölümlərdəndi. Hər ölənlə kənddə hərəkət çoxalır. Hətta ora-bura qaçanlar gözə dəyir. Yollara kütləvi səhnələr çıxır. Ölü götürənlərdə sanki tətil-nümayiş qabiliyyəti var. Yaslara hamı təzə və təmiz kostyumlarda gedər. Yas təzə kostyumlarla rövnəqlənər. Elə bil sərgidir. Hərçənd döngəyə pərçimlənən "Şkoda"nın yanına da təzə geyimlərdə gəlirdilər. Paltar barəsində buraların toyu da, yası da birdi.
Hə, "Şkoda" kəndə bayram kimi girər. Bu bayram xoş bir zəlzələ bənzərlidir. Ay budu ha, bir də gördün, yer beşik kimi yırğalandı, qapı-pəncərələr, taxçada çinilər cingildəşdi. Armudu stəkanlar pürrəngi çayı üzünə şadyanalıq rəmzi kimi yaxır. Ancaq mən onda elə bilirəm kənd bu saatcana tabaq kimi çevriləcək.

Seyidağa məndən beş-üç il uşaqdısa da, tez ovraq olmuşdu. Sanki mənzilə yüyürək çatmaq, həyatı tezbazar yekunlaşdırmaq niyyətindəydi. Onunku zülümdü, maşının hər cəfasını özü çəkir: altına girir, üstünə çıxır. Hıqqanır, gücənir - yaxşıdı qasığı partlamır.

Mən yuxumu azacıq gecikdirəndə, gic kimi oluram. Sabahı dərsdə dimdiyimi sallayıb mürgü döyürəm. Sinifdəki hər çıqqıltı beynimə düşür. Yağış pəncərəni döyəcləyəndə də, elə bilirəm kimsə məni dolayır. Şuluq uşaqların peysərinə yapışdırdığım şillələrin də sonra hökmən səsi çıxır - valideynlər üstümə yürüş edir. ...Müəlliminki - rejimdi. Ömür saatlara bölünüb. İstəsən də, şaltay-baltaylığa imkan yoxdu. Həm də müəllim qaçaq-quldur deyil ki - gecəni gündüzə qata, sübhəcən oyaq qala. Üstəlik, yuxusuzluq nervlərə balta çalan şeydi - insan hətta sonra keçəlləşir də. Müəllim də keçəl oldu - at getsin. Heç uşağını eləsinə oxutdurmaq da istəməzsən. Keçəl müəllim - antiestetikdir.

Amma Seyidağa qar təpələri arasında sübhü diri açar. İş bilmişəm, sən yuxuna haram qat ki, çörək qazanıram. Öz aramızdı, yatıb yaşamaq yatmayıb yaşamaqdan min pay yaxşıdır. Mənim gecələri yatmamağım yadıma gəlmir. Bircə kərə yoxlama dəftərlərini gecikdirmişdim: onda arvad gəldi-getdi, getdi-gəldi, "dur yat", dedi. Üstəlik, anası öyrətmişdi - qızım da. Amma gör ailəsində cürət edib bu cür şeyi Seyidağaya deyən olardımı? Basıb iki gözünü bir bəbəkdən çıxarardı.

Bizdə hamı mənim ölümümdən qorxur, üstümdə zağ-zağ əsir. Əlbəttə, hələ iqtisadi cəhətcə faydalıyam: qoy əssinlər.

Seyid Rusyətdən gəldimi - ev dəmbədəm dolub-boşalar. Qapı hər açılanda da içəridən bayıra təmiz buxar çıxar.

Mən kandardaca buxardan yağış sallandığını öz gözlərimlə görmüşəm. Ağa ona dəyməyə gələnlərlə gecə yarısınacan oturar. "Yorulmuşam - cəhənnəmə ki", deyər. Qanacaqsızlıq edib əsnəməz. Əsnəməyi özünə yasaq buyurub. Bu barədə dəmir hərb intizamı var. Arvad-uşaq da qonşu gözdə səksəkədədi. Səsdən-cingiltidən göydə tuturlar ki, kimin qənşərində stəkan boşdur. Burda siqaret siqaretə calanır, samovar - samovara. Onun hər səfəri, necə deyərlər, təzə nağıllar çələngidir. Hər nağıl da buruq-buruq tüstülərlə halələnir. Üzüm ayağınızın altına, vaxtında evlənsəydim, indiyə nəvəm olardı, ancaq mən də heyrətdən onun söhbətlərinə uşaq kimi ağzıaçıla qulaq kəsilirəm. Onunkuna bənzər çətin-romantik həyat görən mənə də niyə qismət olmadı? İndən belə yəqin olmaz da.
Mən bircə dəfə səfərə çıxsam, evə sink tabutda dönərəm. Bayaq dedim, meh əsdimi, burnum axır. Sərin dağ havasında sətəlcəmim hazırdı. Bunun dərdindən dağ mənə haramdır. Məclislərdə ən şirin söhbətim də əlifbadan uzağa getməz. "A" böyük, "a" balaca - əşi, ömür bitib-tükəndi, ta nə qədər olar! Hərfləri yuxuda da görürəm. Bir dəfə yuxuda qıçıəyri hərflərdən üstümə ləşkər yerimişdi. Tərif olmasın, dəryaca ağlım var, ancaq hərlənib-fırlanıb hər dəfə yenidən ibtidai şeylərə dirənirəm. Alnıma yazılıb: çörəyim ibtidailikdən çıxır.

Seyidağa Rusyəti fırlananacan, görürdün, qohum-əqrəbadan başını quzu kimi sakitcənə yerə qoyanı olurdu. Onda gəlib əvvəl öz süfrəsi başında kimin necə getdiyini ətraflı öyrənər, ağzına bir şey atıb, sırayla yas yerlərini gəzərdi. Onun başsağlıqları qəribə cürdü. Üzünü ehmalca hüzür sahibinin üzünə söykəyər, əlini iki-üç kərə yüngülcə kürəyinə vurar, di vəssalam. Dilindən "rəhmət" kəlməsi eşitməzsən. "Rəhmət"i saxtakarlıq sayır. Di gəl necə işdisə, camaat onu görəndə göz qabağındaca dirçəlir. Gözlər gülür. Elə bilirsən doğmaca qardaşları gəlib.

Ondan ötrü ölənlər vardı. Yasdan silkinər, ölüyə yanmağı yerə qoyardılar. Həm də Seyidağa heç vaxt bizim kimi eləməz; məzənnə-zad gözləmədən yas sahibinin cibinə bir qom pul basar. Bəlkə qədərini özü də bilməz. Mən - göydə bilmərəm. Hə, bircə sonradan həmin adam özü bilmiş olar. Biz ölü misallıyıq - yaslara məzənnədən artıq bir qəpik salmarıq. Biz ölünün dalına el qaydasınca dəyənlərik.

Seyidağa ölüm barəsində Allahın işlərinə qarışmağı düdüklük sayar. Özü oğul kimi ölməyə hazır durub. Ya zəlzələdən, deyir, ya vəlvələdən: harda qırıldı, qırıldı. Harda başına daş düşdü, düşdü. Qətiyyən fikirləşməz də ki, birdən qarlı-qaranlıq yollarda qurd-quşa yem oldu. Dünya qulağına deyil. Dərd-qəm onun yan-yörəsindən vıyıltıyla ötür. Demir insanın motoru getdiyi yerdəcə sönə bilər. İnişil Moskvada - "motel"dəcə ürəyi tutubmuş. "İnfarktdı", deyiblər. Bu da "nə olsun?" - qayıdıb, "infarkt da insan üçündü, donuz üçün deyil ki. Əksinə, infarkt insanın bəzəyidi". "Xəstə görməmisiniz?" - başına toplaşanları bərk acılayıb. Seyid orda da ölməyə hazır imiş.

Ölüm ayağında da əvvəlki fikrindən dönməyib. Müalicəsinə kəndə gəlib çıxmaq xatirinə razılıq verib. Mitilini ordan bura sürümək el-obaya baha oturardı. Ölümündən özü də yox, həkimlər qorxub. O, həkimlərin qorxmaqlığında da saxtalıq tutmuşdu. Vallah, bu həkimlər səmimi deyil; yalandan qorxurdular. Onların "insanlığ"ı bürokratikdi. O, ölümdən qurtuluş yolunu heç vaxt aramayıb. Ölümdən qaçmaq əbləhlikdi, deyər. Haq şeydən qaçmazlar. Türmədən, bax, hə, qaçarlar. Türmə alçaq yerdi. İnşallah, hələ türməyəcən alçalmayıb, alçalmaz da. Hər şey bir yana, öz seyidliyinə hörmət qoyub cinayətə getməz. Cəddi ona nəzarətçidir.

Mən utanmazcasına cavan qalırdımsa da, gələcəkdə ölməmək üçün əlimin altında heç bir tədbir yoxdu. Məndə həyata qayıtmaq mexanizmi yox dərəcəsindəydi. Seyidağa istəsə, heç ölməz də. Lakin ölməməyi kefi çəkmir. Hə, ölməmək üçün... yüzlərcə dostu var. Dünyanın bütün yaxşı həkimlərini yığıb üstünə tökərdilər. Onun təkcə yarımhəkim dəlləkləri bir ordu qədərdi. Ancaq dediyim kimi ölməməyə çalışmır. Əksinə, bir yanını boş buraxıb. Həkimə-zada yalnız bir yeri "neştərlə deşiləndə" gedər. Əsasən də dişə görə. Ağrısı olmaya, Ətağa cəddi, ölümdən yaxşısı, ölməkdən asanı yoxdu. Ən çətin şey döngələri burulmaqdı.

Mən özüm can üstündə yarpaq kimi əsənlərdənəm. Yox, yağış-qar, payız-qış mənlik deyil. Məktəb şkafında hazırcana quru ayaqqabılarım durar. Köhnə dəbli iç-içə qaloşlar mənim əsl malımdı. Su verməyən çəkmələr mənim üçün "Volqa"dan-"Mersedes"dən üstündü. Şofer olam, vur öldür, Seyidağa kimi maşın altına yatmaram. Günümə bir ovuc onluq qızıl verələr, maşına altdan baxmaram. Seyid nə həyatı, nə ölümü vecinə alırdı. Elə bil xəstəliyi özü gəzir, ancaq tapmır. Əksər vaxt Moskvaya tək gedər. Yolu uzaq düşərsə də, gedən baş Qroznıdan keçər. Elə gələn baş da. Kişi çeçenlərin bərk dostudur. Hazırcana quş dili bilən Süleymandı. Onların müharibəsindən də xoşu gəlir. Bunun onlara, onların da buna sözü qanundur. Arada söhbət gəzir də ki, onu ora bağlayan tamam başqa şeydir - arvad. Dost-zad bəhanədi. Hərçənd bir tək arvad - ömründə ola bilməz: yollarda hamı onun başına and içir. O, kasıblar anasıdır. Get-gedə qocalmağına da baxmırlar; indinin özünəcən yol boyundakı kənd-qəsəbələrdə ona evlənmək təklif edirlər. Yerli polislər ona "çes" verir.

Mənim dirilər barəsində hiss-həyəcanım yeganə ondandı. Ölülərlə aram yoxdu. Qırmızı "Şkoda"nın gəlişi mənim üçün hər şeydi. Nə gizlədim, həyatım onun gəliş-gedişlərilə mənalanırdı. Gəlişi sevinc, gedişi məyusluqdu. Mən bir çox hikmətləri də ondan əxz eləmişdim. Darıxmağım ancaq onun uzaq səfərləri vaxtı olur. Gəldi - ordakı, getdi - burdakı işlərindən danışaram. Ondan danışanda, dedi-qodudan uzaq olursan. Onun barəsindəki heç bir söhbətə qeybət deyə bilməzdin.

Mən ölməyin dərdindən rayonun "cız"ından qırağa çıxmıram. Hayıf deyil, öz xarabanda ayaqlarını uzadasan. Çataçat molla başının üstünü kəsdirə. Üstündə ağlayıb-üz cıralar. El də səni kaşan-kaşanla basdıra. Uzaq yerdə ölən üçün nə orda ağlayırlar, nə də hələlik burda. Nə şapda olur, nə şupda - ölü aradaca itir. Ya qismət, bəlkə burda 1-2 ay sonra sızıldaşıb-ağlayalar. Gərək bacardıqca hələ ölməyəsən. Bu müəllimliyin də "təkmilləşmə"si olmaya - Bakıda ölməkdən it kimi qorxurdum. Bura gətirməyin tənbəlliyindən, çaşıb orda - Abşeron daş-kəsəyinə quylayardılar. Basdırıldın da - batdın, heç hara tərpənə bilməzsən.

Amma Seyidağa ölməyə hazır durmuşdu. Ölüm barəsində fikir çəkməz, belə "boş şey"lərə vaxt itirməz. Mən bir müəllim kimi onun tərbiyəsinə mat qalmışdım. Pedaqogikada onunkuna bənzər tərbiyə barəsində yek kəlmə tapmazsan.

***

"Şkoda" çoxdan gözə dəymirdi. Gəlməyi gecikirdi. Kənd Seyidağasız darıxmışdı. Ondan ötrü burnumuzun ucu göynəyirdi. Ürəyimizə də min cür fikir gəlir. Ancaq ölməyə hazır durubsa da, təsəllimiz ölümdən xilas yollarını bilməsi idi. O, kəndə gəlməmiş qəti ölməz. Öz razılığı olmaya, ölüm onu heç cür apara bilməz. Yeri gəlsə, Əzrayılla çarpışar da. Üstəlik, çeçenlər onun dostudur - hara ölür? Ancaq yox, ümumi xof kənddən əskilmirdi. Qəribə işdi, onun öldüsündən xəbər yoxdusa da, qaldısından da - yoxdu. İndi nə biləsən, dünyanın harasındadı. Namxuda, Rusyət planetin yarısını tutub. Hərçənd gəlməyəcəyi təhlükəsi artırdısa da, hələ gələcəyinə güman da çoxdu.

Gəndalaşların sınıq budaqları təzə yaşıl budaqlardan görünməz olmuşdu. Hərdən yolların üstü çəyirtkə qanadlarıyla örtülür. İraq olsun, onda yol yas mağarına oxşayır.

27.X. - 13.XII.1999
XS
SM
MD
LG