Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:55

Rafiq Tağı "GÜZGÜ" (Hekayə)


Güzgü maddi dünyanın ən problematik cisimlərindəndir. Düzəliş edək: cisim də yox, əşya. Yaxud şey. İlhamlıdır, ancaq həm də yaddaşsız-unutqan. Düzdü, göyü göy yerində göstərəcək, Yeri – Yer. Uzağı – uzaq, yaxını – yaxın. Uzağı bir santimetr də əskiltməz. Yaxını bir barmaq da uzatmaz. Dərini dərin açıqlayar, dayazı – dayaz. Dəqiqlikdə dünyanın bütün motor-texnikası onun yanında yalandır. Hər şey qəflətən onun kimi ola, ümumbəşəri xoşbəxtlik çataçat baş verər.

Xoşbəxtlik insanların bir-birinə hansı məsafədə durmasından, dəqiq ünsiyyət ölçülərindən asılıdır.
Bir dəfə güzgüdə artezian quyusunu seyr etmək istədim. Üzünü aşağı tutan kimi quyu düz xətt boyunca yuxarı getdi. Başdan-ayağa müəmma. Tükdən-dırnağacan sirri-xuda bir iş. Mən elə adamam - heç kosmik dombalaqaşmalara da təəccüblənmirəm. Desələr, bir adam Aydan kəllə-mayallaq Himalay dağlarının kəlləsinə düşüb, bununla belə sağ qalıb, deyərəm, hə, olar, olar. Bu inanmaqlığın müsbət-mənfi cəhətlərini qoyuram bir qırağa. Söhbət güzgüdən gedir.

Mən uşaqlıqdan üzü bəri güzgü aşiqiyəm və əl boyda güzgüyəcə mat qalanam. Onda Şeytan işartısı var. Bu qənaətdəyəm də ki, elm hələ güzgü adında qlobal tapmacanı ağıllı-başlı öyrənməyib. Ən işıqlı güzgü də hələ qaranlıqdır. Az-çox araşdırılıbsa da, bir nəticə hasil olmayıb. Dissertant fiziklərdən, rastıma düşən bilikli müəllimlərdən çox soruşmuşam. Onlar da, nədənsə, gülə-gülə, ən azı gülümsəyə-gülümsəyə güzgülərin əksetmə səbəblərini, bu asan mexanizmi guya mənə izah ediblər. Yox, izahlar ağlıma batmayıb. Yəqin daha batmaz da.

İlk heyranlıq predmetləri ilk məhəbbət kimi tədqiqata yatmır.

Məndə güzgülərə ilk heyranlıq ondan gözümə Günəş düşəndə başlayıb.
Gördüyünüz kimi, mən həyatda sadəliyə daha çox təəccüblənirəm, nəinki mürəkkəbliyə. Təəccübüm sadəliyə də tərs mütənasibdir, mürəkkəbliyə də. Bir yandan da öz-özümə deyirəm: yox, burada tərs yox, əslində düz mütənasiblik var. Sadəliyin dərinliyinə ensən, mürəkkəblik onun yanında yalan olar. Sadəlik heç də primitivlik demək deyil və bəlkə də mürəkkəbliyin kvadratı, hətta kubudur. Gəlin, bunu düstur şəklinə salaq: sadəlik = mürəkkəblik, üstü n. Sadəlik mürəkkəblikdən sonra gəlir, yəni ondan sonrakı mərhələdir. Mürəkkəblik sadəlikdən sadədir.

Axı, bu güzgülərdə maqnetizm niyə belə güclüdür? Orda-burda hərlənib-fırlanır, hansı cəhənnəmdəsə veyillənir, yenə gəlib gözünü ona zilləyirsən.

Perpendikulyar isti baxışlarım güzgü səthindən həmişə soyuqluq duyub.
Hə, sən güzgüyə yox, onda özünə baxırsan. Özündəsə - gözəlliyə. Surətindəki kifirliyin içində də gözəllik hüceyrələri axtarırsan. İnsan güzgülərdə həmişə gözəlliyə can atır. Yarımçığı bütöv, azı çox etmək istəyir. Güzgü də az aşın duzu deyil, bir növ, insanı gözəlliyə təhrik edir. Güzgülər bu mənada dünyanı gözəlləşdirir. Hər halda, məram xoşdur. Əlbəttə ki, güzgü evdə anturaj elementi deyil. Onun gözəl bir funksiyası var: qüsuru-çirkini görünməz etməklik. Bəşəriyyət güzgülərdə və güzgülərlə göyçəkləşir. Güzgülər Yer səthində estetikliyi artırır. Əslində ailələr də onun sayəsində çoxalır, insanlıq törəyib-artır.

Gözəlliklər bəşəriyyətin həyatında fermentativ rol oynayır.

Davam edirik. Baxırsan, əlləşdirirsən - canlı deyil, lakin insanla rəftarında özünü canlı kimi aparır. Deyəsən ki, insanpərvərdir, adamın dili ağzında quruyar. Əksinə, əksərən insanpərvər deyil. Yəni onun insanı gözəlliyə təhrik etməsi də humanistlikdən irəli gəlmir. Güzgü bəlkə də gözəllik xəttiylə insanı şərə sürükləyir. Gözəllikdən sonrakı etap şərdir. Gözəlliklər olmasa, insan şərin ağuşuna belə asanlıqla düşməz. Onda şər tez görükər, bəşər ondan çəkinər.

Açığı, gözəllik şəri görməyə qoymur. Bir sözlə, üzdə xoş məram göstərən güzgü altdan-altdan insana yamanlıq edir. Onun insana ən yüngül pisliyi – həyatda-məişətdə işlərin düz gətirməməyidir. İşə bax, güzgün sındısa, işin bitdi, qara gününü sal yada. Təcili tədbirlər görməsən, ya bir qəza baş verəcək, ya da getdiyin yerdə qol-qıçın sınacaq. Ola da bilər, başına daş düşsün. Bəd ağızların deməsinə görə, preventiv tədbirlərin çox da xeyri olmur. Olacaq - olur. Şəhərdə travmatizmlər sınmış güzgülərdən törəyir. Travmatologiya institutunda köklü araşdırmalar aparılsa, asanca görükər ki, hər sümüyü sınanın evində beş-üç gün əvvəl güzgü sınıb. Yəni sınan güzgülərin sayı sümük sınığı hadisələrinin sayına bərabərdir.

Bay, yadımdan çıxmışdı, qabaqlayıcı tədbir nə olmuş ola – güzgü qırıqlarını bir torbaya yığıb aparmaq, dörd yol ayrıcında qoymaq. Asanca bir iş. Deyim ki, bu inanc əsassız deyil, minillərin təcrübəsindən doğub. Düzdü, cəmiyyətin bəzi məkrli və hoqqabaz qrupları belə şeyləri rədd edir. Ancaq nahaq. Adama deyərlər: bəyəm danasan ki, obyektiv həqiqətləri danasan? Bu yasaqlarla insan təhqirə məruz qoyulur, onun düşüncələri etibarsız sayılır. Halbuki indi yasaq özü yasaqdır.

Güzgünü bu dünyaya İblis itələyib.

Gördünüz ki, bu hekayə “Güzgü” adlanır. Yazmağına mən onu çoxdan yazmışam, ancaq heç cür tamamlaya bilmirəm. Güzgünün öz iç səbəblərindəndi ki, prosesdə fasiləsiz surətdə fasilələr yaranır. Hekayənin bitməməsi də bir bədbəxtlik növüdür. 12. VIII. 1996 - düzəliş və əlavələri qurtarmasa, yazıldığı bu tarixdən etibarən də hekayənin adını qaralama olaraq saxlayacağam.

Tərs hekayənin cəzası onu qaralama adlandırmaqdır.
Kim də bu hekayəmi düzəlişsiz oxudusa, adım batdı.

Demək belə, hekayəmiz XX əsrdə yatıb, XXI-də oyanıb. Bəlkə elə adı “Güzgü” olduğundandı ki, avtomatik kilidlənib. Güzgü faş olunmağından qorxub. Elə yazının üstündəki ada görə mənim onu bitirməyimi istəməyib. O istəməyib, mən də istəməmişəm. Mənim istəməməyim onun istəməməyinin təzahürü şəklində ortaya çıxıb. Məndə hər hansı hekayə əsasən öz təşəbbüsüylə işıq üzü görür. Hekayələrim bir az şöhrətpərəst, ancaq insafən, həm də ictimaiyyətçidirlər. Onlarda sovetizm, kommunaçılıq cəhətləri də durur. Bir bu “Güzgü” istisnadır; yazılar-yazılmaz qapanıb. Özü də özü-özünü qapadı. Mənim sonrakı mərhələdə icraçı funksiyam heçə endi. Yaxşı, tutalım, hekayəm özü tamamlanmaq istəməyib. Bə onda bu söz çeynəmələri - tryuizmlər nəyə lazım.
Eh-vay, yazılı hər şey şifahiyə çevrilməkdə, efirlərdə paymal olub getməkdə...

Bax, güzgü olmasa da, artıq “Güzgü” mənzilimdə bir bəzək elementidir. Niyəsi də odur ki, güzgüdən fərqli olaraq, funksional deyil. Güzgü dinamikdir, “Güzgü” - statik. Onu bir qıdıqlamaq, tərpəşdirmək gərək. Bu saat mən hekayəmi sanki masaj etməklə məşğulam. Onu hərəkətsizlikdən-parezdən qurtarmalıyam.

Vəssalam, qardaşlar!

“Güzgü” təxəyyülümdəki güzgüdən doğulub. Təxəyyülümdəki də - mənzilimdəki döyərölməz dördküncdən. Bu dördkünc - ana güzgüdür. Deyim ki, göyçək də bir anadır. (Adam balasını qoyub, anasını almaq istəyir). Tez-tez əlimi onun üzünə çəkərəm; fantaziyam güclənsin deyə. Canlı-real güzgüdən aldığım fantaziya meyvələrini cansız-irreal “Güzgü” hekayəsi üzərinə qoyaram, bu olar iş. Real güzgü bir yazıçı kimi məni təsdiqləyib; özümü özümə inandırıb. “Sağ ol, sən mənim barəmdə hekayə yazıbsan”, tez-tez də deyir mənə.

“Güzgü” hekayəsi yazıçılıq qabiliyyətimi mənə təzədən sübut edən əsaslı sənəddir.

Masamın üstündəki güzgü hər ona baxanda məni həvəslə göstərir. Enli-açıq çöhrəsindəki təbəssümlə mənim tezitən-tezsilinən realistik portretimi yapır. Onun bu hərəkəti həm də məni tərifləməyə bənzəyir. “Bax, bu sənsən, alqış sənə!” Mən də dəfən-dəfən elə bilərəm ki, bəlkə də ölməzəm.

Sonradan bu bəy tərifləri mənə qorxunc görünməyə başladı. Canıma birdən-birə vicvicə düşdü. Güman ki, güzgü onun barəsində “Güzgü”dəki gəzişmələrim, ya gəvəzələmələrimdən xəbərdardı. Ay səni, key başım, boş qafam, onun məni öymələri əslində müdhiş bir şeymiş! Artıq ürəyimə səhihcə damıb: qarşıda məni fəlakətlər gözləyir. Uzağa getməyək, elə öz evimin içindəki güzgü “Güzgü” hekayəsinin intiqamını məndən alacaq. Qalıb bunun haçanlığı, necəliyi. Bu intiqamı mənim “Güzgü” hekayəsini heç vaxt bitirməməyim şəklində də gözləmək olardı. Mən buna beşəlli razılıq verərdim. Papağımı göyə atar, qol qaldırıb oynayardım. Olmasın bir hekayəm. Lap üçü olmasın. Beşi elə, yeddisi belə.

Həyatla müqayisədə əbədiyyətə gedəsi sənət əsərləri də mənasızdır.

Elə san, yazmamışam onu. Qaralamasını da tullayaram gedər. 1996-yacan “Güzgü” yoxdu, yaşamırdım? Xoruz yoxdu, səhər açılmırdı? Axtarsan,“Güzgü”dən əvvəl mən daha yaxşı-rahat yaşamışam. Xoş və firavan. Əksinə, indi narahatam - pərişan və nigaran. Obrazlı desək, nigaranlıq dənizində gəmi kimi üzməkdəyəm.

Güzgü kimi kəsici xarakterli bu “Güzgü”yə ürcah olandan işim ləng gedir dəə. Hər şeyi alayarımçıq yazıram. Ortada kəsirəm. Bir hekayə - beş-üç cümlə, odey, vızıldatdım zibil qutusuna. Xəstə kimi dad bilmirəm.

“Güzgü”nün özünüsə nə ata bilirəm, nə də əlavələrini edib - bitirə. Axırına nöqtə tapılmır qoyam. Qorxum əbədiyyətə qüsurlarla getməyimdəndir. Ya da bir hekayənin natamamlığıyla əbədiyyət əlimdən tamam çıxa bilər. Gör gəlib harda axşamladım. Yəqin “Güzgü” hərdən mənə qah-qah gülür də. Əlbəttə, onun istehzası anlaşılandı. Yəqin əmin-arxayındı ki, onsuz əbədiyyət mənim yox, qəşəngcə onun öz əlindədir. Əbədiyyət haqqında düşünən kəs yaratdığının əlindən heç cür qurtula bilməz. Yazıçı öz yaratdığının girovuna çevrilir. Amma əbədiyyəti düşünməsən, yaşamağa nə varmış. Əbədiyyətə inanmamaq inanmaqdan daha üstün və sərfəlidir. Rahatlıq baxımından. Gərək qulağında sırğa edəsən: əbədiyyət yoxdur. Varsa da, müvəqqətidir. Yəni yarımçıq. Sənətkarın əbədiyyəti imperativ ideologiyaların təzyiqinə tab gətirmir.

Hə, güzgü dolabın üstündə gah eləsinə durur, gah beləsinə. Sanki mənimlə siçan-pişik oyunu oynayır. Pişik mənəm, siçan o. Pişik də siçanı tutdusa, neyləyəcək – happ edəcək. Mən güzgünü yerə çaxıb sındırsam, dabanlarımla xıncımlasam belə, xeyri yoxdur. Güzgü qaş-göz oynada-oynada sanki hey mənə deyir: özün bilərsən, başqasını alacaqsan. Başqası da kimdir - yenə elə mən, deyir. Mahiyytcə bir olan şeylər asanlıqla əvəzlənə bilər. Forma məğzi dəyişməz. Forma bir aldanışdır.

Sınıq güzgü lupa kimi fəlakətləri böyüdür, onları gücləndirir, artırır.

Güzgülər mənim dazlaşmağımın müşahidəçiləridir.

...Amma mən də yaman tərsəm ha. Köhnəlmiş vərəqləri artıq çoxdan yumurta sarısına çalan və qar ağlığında təzə vərəqlər arasında keçmişlərin kollajını xatırladan hekayəmin ora-burasına əl gəzdirməkdən, üst-başını düzəldib irəli itələmək niyyətindən əl çəkmirəm. İnsafən, proteje lazımdır. Vallah, heç qorxudan da yox. Ev bir qədər yüngülləşsin deyə. Ağır kilid açılar, ailə ocağının tilsimi sınmış olar. Bununla da “Güzgü”yə qalib gələrəm. İndilikdə bu mənim vəzifəm, müqəddəs borcumdur.

Yaxşı, onda gəlin hekayəni açaq, içinə baxaq. Bu giriş-başlanğıc yaman uzun çəkdi. Dəli ağlıma da ağıllı bir fikir gəlib. Hekayəni təqdim etməkdənsə, gəlsənə, onun məzmununu danışım, bununla da qurtarsın getsin. Onsuz məzmun elə hekayənin özü demək olacaq. Nəinki hekayə, lap eşşək boyda roman ola – hər bir əsər məzmundan ibarətdir. Məzmundan yana bütün sözlər əfsanədir. Boşboğazlıqdır. Həm də bir daş altda, bir daş üstdə - elə san, hekayə yazılmayıb da.

Çapa hazır “Güzgü” adında hekayənin düşər-düşməzi olar. Amma məzmunu danışmaqla bir gülləylə iki dovşan vuracağıq. Həm oxucu biləcək ki, guya belə bir hekayə var və əhvalat nədən ibarətdir, üstəlik də, biz onda güzgüləri aldatmış, azdırmış olarıq. Qoy onların xata-balası bizdən uzaq olsun. Axı, hər halda, hekayə güzgü barəsindədir. Mən gördüyünüz-oxuduğunuz bu abzasın başından üzü aşağı artıq bu gənaətdəyəm ki, elə güzgüdən də yan qaçmalısan, “Güzgü”dən də. İlanın ağına da lənət, qarasına da.

Hə, qoy bu yazdığım, sadəcə, bir ədəbiyyatşünaslıq əsəri olsun. Güzgüdən tamam kənar bir şey. Noolsun ki, ortada yazılmış, ya hələ tam yazılmamış, lakin konturları cızılmış, güzgü haqqında olan “Güzgü” hekayəsidir.

Bu hekayə güzgü haqqında olmaya, heç ”Güzgü” adlanmaya da bilərdi. Güzgü-müzgü ədəbiyyatşünaslığın predmeti deyil; belə şeylər ədəbiyyatşünaslığın qulağına girməz. Bu əsər xoruz haqqında olar, “Xoruz” adlanardı, camış haqqında olardı - “Camış”.

Bax, bu saat mənə ilişmək üçün heç bir əsas yoxdur. İnşallah, güzgü də, “Güzgü” də mənə sədəmə yetirməzlər. Haqqüçünə, mənim güzgülük bir işim də yox. Əl atmışam otaqlarda tığ vuran qaralamalarıma, neynim ki bu çıxıb. Bambaşqa bir mövzu, tamam özgə bir hekayə də ələ keçə bilərdi. Kim istər başına bəlalar açılsın.
Görən, bəla həvəskarları da olurmu?

Hələ mən güzgülərdən başıma gələn əvvəlki vaqiələri danışsam, tükləriniz biz-biz olar. Yoxsa bir-ikisini danışım? Danışdıım...

Bir gün məni Şeytan aldatdı: “Güzgü” hekayəsini əlyazma variantından kompüterə köçürmək istədim. Asta-asta işləyir, hər köhnə əlyazma cümləsindən sonra beş-on təzəsini fırıldadırdım gedirdi. On-on beş abzası keçmiş olardım. Durub gedib bir-iki qurtum su içib gələnəcən, ay dəcəl qızım, backspace düyməsini basasan - tapdığım təp-təzə sözlər uçub getdi havaya. Hayıf onlara. Bu indikilərsə tamam başqa sözlərdir. Adam fantaziyalarında ən müxtəlif səmtlərə gedib çıxır. Gedib ağlına gəlməyən cəngəlliklərə də girirsən.

Məndə bir hekayəni istənilən sayda təzə variantlarda yazmaq qabiliyyəti var. Söhbətdən belə çıxdı.
Bir dəfə də “Güzgü” üzərində işləyərkən şərlənib həbsə atıldım. Onsuz olan olub, torba dolub. Allah haqqı, cinayət etməmişdim. Eləsəydim, mərd-mərdanə deyərdim eləmişəm. Bu saat hekayəmin içindəcə, bu xəlvət yerdə məni asıb-kəsən yoxdu ki. Biləsiniz, ədəbi əsərlərin içərisi dünyanın ən təhlükəsiz yerlərindəndir. Elan edirəm: haqsız təqib olunan insanlar üçün şer və hekayələrimin qapıları taybatay açıqdır. Bura əli tapançalı qoçu da girə bilməz. Oğru-quldur yalnız kənardan boylanar, axır rədd olub gedər.

Nəyə desəniz and içərəm ki, gələcəkdə cinayət eləmiş olsam, dərhal boynuma alacağam. Cinayətə uyğun cəzanın çəkilməsində bir özgə ləzzət var. Cinayət müəyyən mənada şərəfli işdir; bu şərtlə ki, motivində əxlaq dura. Qətllə qətldə, qatillə qatildə fərq böyükdür. Oğrudan oğruya, ekspropriatordan ekspropriatora halaldır. Sənin bir gözünü deşib yerindən çıxaranın sən də yalnız bir gözünü deşib çıxarsan, bu, cinayət sayılmayacaq. Sadəcə, ehtiyatlı ol ki, qaş düzəltdiyin yerdə vurub ikinci gözü çıxarmayasan. İkinciyə keçsən, demək, artıq cinayət keçdi sən tərəfə. Onda gərək gözləyəsən ki, ədalətin bərpası naminə gəlib sənin də ikinci gözünü çıxarsınlar.

Güzgüylə bağlı işimdə ədalət qismən bərpa oldu. Amma ta ölüm-zülüm ha. Anadan əmdiyim süd burnumdan gəldi. Mən, hüquq sahəsində qeyri-peşəkar, yəni naşı bir insan, peşəkar, yəni nanaşı, həm də bir az nakişi hakimlərə haqqı güc-bəla sübut etdim. Məhkəmənin ortasındaca durub haqdan haqsız danışan hakimin qulağına mil kimi uzun bir söyüş soxasan, qala orda. Bax, bu özü olar haqq. Söyüşlər obyektiv zərurətdir, haqsızlığa tam adekvatdır. Bə xalqlar söyüşü nə üçün yaradır? Deyilməməyəmi?

Mətləbdən uzaqlaşmayaq. Sözü güzgüyə gətirirdim. Güzgü başıma bu cür oyunlar açıb. Ona görə də bu adda hekayəni acıqca başa çatdırmayacağam! Qoy elə alayarımçıq qalsın. Mağıl onda mənə vuracağı zərbə də güclü olmaz. Yəni məni qapsayası bədbəxtlik barı qoy alayarımçıq üzə çıxsın.

Yenə başdan başlayaq. Bu hekayə ilə məşğulluğumun Sizif əməyinə bənzəri var: tamamilə bihudəlik. Söhbət ondan gedir ki, əsərimin baş personajı olan Fərhad adında bığlı-saqqallı bir kişi uşaqlıqda anasını güzgülərdən qorxan görüb. Onda özü də bərk qorxub. Qorxu indiyəcən canından çıxmır. Güzgü artıq onun üçün qorxunc dünyanın rəmzinə çevrilmişdir. Tülküdənqorxanlıq əksərən ictimai xəstəlikdir; bircə onda güzgülər səbəbindən törənib. Rədd olsun insan surətini özündə əks etdirən əşyalar! Onların sırasında - tüfəng də, hətta AK da.

Qundaqları güzgüdən geri qalmaz. Əlində avtomat tutacaq deyə, müharibəyə-zada da getmədi. Xəstəlik sənədi düzəltdi. Vətənə biganəliyinin kökündə yenə güzgülər durur. Amma döyüşlərə getmiş olsaydı, “kalaşnikov”unun üstünə qara palçıq yaxacağını düşünmüşdü: qoy onda heç bir şey güzgüyə bənzəməsin.
Rəhmətlik anasının gəlinlik güzgüsü hələ də evin bəzəkli gözündə, miz üstə durur. Onu gəlin göstərməsi xatirinə, anası bədniyyətliyini güzgüyə bağışlamış, axıracan hörmətini tutmuş, onu əzizləmişdi. Başqa güzgülərə yenə etibarı yoxdu. Hamısı quru şərdi. İnsan güzgüyə baxmağa məcburdu, yoxsa ona vız atmaz da. Başqa nəyin gərəyidi ki.

Harda qaldıq?

Bu gəlinlik güzgüsündə otaq donuq tərzdə əks edir. Onun sayəsində bir bəzəkli göz iki bəzəkli gözə çevrilib. Əcəb addımlayıb bu ikinci gözə də keçmək ola. Qoy yeri gəlmişkən hamını müjdələyim ki, enli və uzun güzgülər vasitəsilə işğal torpaqlarını bir andaca vətənin içərilərinə çəkmək mümkündür. Sadəcə, onda işğal torpaqlarımız işğal olunmamış ərazilərə yüklənmiş olacaq. Torpaqlar hekayələrim kimi üst-üstə qalaqlanar. Başqa əlac yoxdusa, bunu da edək. Oturmuşuq: boş çanaqdı, vururuq dolu çanağa.

Fərhad öz surətiylə güzgüdə o qədər üz-üzə gəlib ki, artıq onunla dostlaşıb. Üz-üzə gələndə, bir-birinə gülümsəyirlər. Fərhad bir gün də görüşmək üçün ona əl uzatdı. Görüşdülər. Lakin bu görüşməklik barmaqucu alındı. Açığı, mehrini ancaq öz surətinə salıb. Həyatda dost tapmaq olur ki.

İnsan ekstremal vəziyyətlərdə bir tək vacib özünüqoruma instinktinə sadiq qalırsa, yoxdu dost.

Gəlinlik güzgüsü indiyədək sınmayıbsa, deməli, hələ də xoşbəxtdir. Ən azından bədbəxt deyil. Zindana-zada qatılırsan, ya səni qəbrə soxurlarsa da, bu hələ bədbəxtlik sayılmaz. Soruşula bilər: axı, qəbirdən də, həbsdən də o yanası var? Yox fikirləşənlərə var demək olar. Bax, sən hələ həbsdəykən, elə həbsin səbəbindən də, şöhrət zirvəsinə tullana bilərsən. “Bayıl” - şöhrət tramplinidir. Götürək qəbri. Bay, sən qəbirdə, heykəlin Bakıda – necədi səninçün? Burada xoşa gəlməyən yeganə cəhət nədir: səni uca Allah yaratmışdı, heykəlinisə dılğır bir heykəltaraş yapıb. Lakin guya sən qəbirdə daimi qalansan? Oradan cənnətə yollar uzanır. Cənnətə düşmək ehtimalısa hamıda hər zaman güclüdür. Hər kəs özünü cənnətə layiq bilir. Çünki ya bir vaxt qışda kiməsə qar verib, ya da yaralı barmağa siyiyib.

Güzgü hələ bütövdüsə, Fərhad indiyəcənki çətinliklərini bədbəxtlik saymağa əsas görmür. Deyən, əksinə, güzgü onun xoşbəxtliyinin təminatçısıdır. Kaş zəlzələ vaxtı alt küncünə o mənhus ellipsoid cızıq da düşməyəydi. Bir bu cızıq qanqaraldandı.

Artıq güzgü statistikasında gələcək bədbəxtliyinə dair qısa məlumat vardı.
Tək özündən ibarət ailədə güzgü stixiyası mövcuddu.
Qəzavü-qədər güzgülərdə sirr olaraq qalır. İnsan başını aşağı sallayıb boş işlər görməkdə. Bu dünya – fani.
İnsan boş iş yaradıcılığına məhkumdur.

Fərhadda fanilik duyğusu getdikcə güclənir, gücləndikcə də canı üzülür, başı qaçırdı. Bir gün yayın cırramasında iş-gücünü buraxıb Özbəkistana gedəsi. Arx qırağında uzanmış ətli-canlı bir əkə - “bu dünya fanidir, ondakı turist səfərləri də”, ona deyəsi. “Sən turistsən?” – üstündən də gülə-gülə soruşdu. Fərhad dinmədi. Əslində o, turist olduğunu bilmirdi. “Turist” – bu söz bir az təntənəli səslənir. Fanilik duyğusu onun bu kasıb-ucuz ada layiqliyini də şübhə altına alırdı. O, turist deyildi, avara-sərgərdandı. Güzgülər onu səyahətin də sarsaq bir iş olduğu qənaətinə gətirmişdi.

Elə Daşkəndə çatan gündəcə geri qayıtdı. Onun gediş-gəlişi bir məkan informasiyası idi. Hamı öyrəndi-bildi ki, bəli, o, məkan yerdəyişməsi edib. Bu məkan yerdəyişməsində zaman faktoru vardısa da, zaman burada kiçicik və minimaldı, qabarıq deyildi. İnsanlar onun itirdiyi zamanı yox, məkandakı yerdəyişməsini görmüşdü. Amma nədənsə, o, bir tək zamanı qabartmaq istəyirdi. (Ölüm də zamanla gəlir). Onun üçün zaman əsasən keçmiş və gələcəkdən ibarətdi. İndi onun gözünə görünmür; çünki faniliklə qarışıqdır. Əfsus, keçmiş də ona tarixlər şəklində - təhrif olunmaqla çatır. Gələcəksə - naməlum və qaranlıq. O artıq gələcəyi fərz edə bilmirdi. Gələcəyi idarəolunmaz durumdaydı; üstəlik də, ona əli çatmır. Düzdü, inersiya üzrə gələcək qabaqdan gəlir. Ancaq gəlib çatacaqsa, onu necə yaşamalı? Əcəb gələcəyi ixtisara salasan.

Gələcəkdə onun həyatı ilə bağlı maraqlı informasiya nəzərə çarpmırdı.

Fərhad güzgülərdən qaçdığı qədər də get-gedə onlar səmtə qaçır. Həmişə qorxduğu-çəkindiyi bu əşyanın indi hey təzələrini almaqdaydı. Demək olar - hər gün. Demir də onların sayı çoxaldıqca, hansınınsa sınma ehtimalı artır. Evdə fəlakət kabusu dolanırdı. Fərhad ona mane olmur da. Neynək. Fəlakətdi - qoy gəlsin, lazım olar. Barı qoy gələcəyin içindəsə bir şey olsun; gələcək boşa getməsin.

Ağlına batıb: evdə güzgülərin çoxalması gələcəyi məzmunlu edəcək.

Fəlakət məzmun gətirən şeydir.

Günlərin bir günü aldığı beş-altı güzgüdən girdə birisi sferik çıxdı. Bahalısı yerinə ucuzunu-qüsurlusunu soxuşdurmuşdular. Bu sferik güzgüyə baxar-baxmaz gözlər həm yaşarır, həm də ağrıyırdı. Hələ göz cəhənnəm - baş. Sferikdə üz necə dartılırsa, insan Şeytana bənzəyir. Özün özündən qorxub-hürkürsən. Sferik güzgü insandakı bütün yaxşı keyfiyyətləri silir, yalnız şeytaniləri saxlayır. Yaxud bu güzgü insandakı şeytaniliyi faş edir. Şeytanlıq insanda daim var.

Əslində insan daha çox şeytanidir, Şeytan daha çox insani.

Heç bir güzgüyə toxunmamaq. Xoşbəxtliyin açarı tapılmışdı. Həyat prinsiplərini düzənləyib. Artıq mənzildə baleronlar kimi barmaqucu gəzişir. O, xoşbəxtlik səmtə yalnız baleron kimi gedə bilərdi.
Otaqlar və mətbəx, hətta tualet də, güzgülərdə bərq vurur. Çöldəki bütün işıqlar içəridəydi. Təkdisə də, mənzili adamla doluydu. Addımbaşı onlarla burun-buruna gəlir. Fərhad evin tən ortasındaca dayanıb qabağa-dala, gah sağa, gah sola devikir. Axır elə məqam yetişdi ki, o, yerindən tərpənməyə belə cürət eləmədi. Ac-susuz qalmağa razıydı, gələcəyinin çiliklənməyinə yox. Yox, ürəyinə damıb: gələcəyi qısalır.
Ehtimalları düz çıxdı.

...Düz üç həftədən sonra onun meyidini qonaq otağında tapdılar. (Orada üçü də çıxıb, yeddisi də). Hər güzgüdə də bir meyit radial istiqamətdə uzanmışdı. Döşəmədə - qurumuş sidik gölməçəsi mənzərəsi. Mənzərənin dəqiq təsvirinə çalışaq: bu gölməçədə konkrement adacıqları varmış.
Burnunuzu tutun ki, insan mənasız görünməsin.

12. VIII. 1996 – 13. II. 2008
XS
SM
MD
LG