Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:42

Fəxri Uğurlu "LEYLİNİN MƏCNUNLUĞU" (Hekayə)


Məcnun hər gün obaşdan durub əl-üzünü yuyandan, nahar eləyəndən sonra anasının boxçadan çıxartdığı təmizlik qoxuyan geyim-kecimlə əynini təzələyib heybəsi çiynində çölə işləməyə gedirdi. Obanın arvadları örüşə gedən naxıra mal qoşurmuş kimi onun yoluna çıxıb süfrələrinin axşamdan qalma artıq-urtuğuyla, sür-sümüklə dolu bağlamanı Məcnunun heybəsinə yükləyirdilər.

- Yenə işə gedirsən, ay Məcnun? – gülə-gülə deyirdilər.
- İşə gedirəm, - Məcnunun dodağı da qaçmırdı.
- Bunu bizdən aslanlarına pay apar, - bir arvad o birilərə göz basıb bağlamanı Məcnuna uzadırdı.
- Payın çox olsun, xalası, - Məcnun bağlamanı alıb heybəsinə dürtəndə qayğılı-qayğılı deyirdi.
- Tülkülərin, çaqqalların necədi, ay Məcnun, - bir ayrısı qıraqdan söz atırdı, - bizdən hamısına salam söylə.
- Salam göndərən sağ olsun.
- Sür-sümükdən nə çıxar, ay Məcnun, yenə bir inəkdən-öküzdən kəs dostlarına, doyunca yesinlər barı, - bunu da gedə-gedə boynunun ardıyla eşidirdi...

O, işə başlayandan səhraya qan düşməmişdi, heyvanlar, quşlar onun gətirdikləriylə keçinirdilər. Məcnun çöldə olanda aslanlar sür-sümüyə, ceyranlar ota, quşlar çörək qırıqlarına gözünün ucuyla da baxmırdı, yalnız iş günü bitəndən, Məcnun obasına dönəndən sonra ac olduqları yadlarına düşürdü. Qabaqlar aslan ceyranın, çaqqal dovşanın içində nə olduğunu bilməkdən ötrü onu parçalayıb bənd-bənd, damar-damar, toxuma-toxuma sökürdü, ancaq yenə ovunun içindəkini tapıb dişinə keçirəmmirdi. İndi daha quşlar da, heyvanlar da bir-birini bir baxışdan tanıyırdı; aslan ceyranı dibinəcən görürdü, çaqqal dovşanın gözündən içəridəki mənzərənin tamaşasına dururdu, qızılquş şikarının içini çölünə çevirmirdi.

Belə baxıb belə görməyi Məcnun onlara öyrətməmişdi – öyrətməklə bunu öyrətmək olmazdı. Heyvanlara, quşlara Məcnun necə baxırdısa, baxışından onların könlünə kölgə düşürdü, onlar da qayıdıb həm bir-birinə, həm də Məcnuna eləcə baxırdılar. Onların gözündən baxan da Məcnunun baxışıydı, Məcnun onların gözüylə özünə baxırdı. Heyvanlar, quşlar da Məcnundan alıb qaytardıqları o baxışla özlərinə – Məcnunda görükən əsil-köklərinə, çoxdan qoyub gəldikləri yuvalarına, vətənlərinə baxırdılar, qərib-qərib Məcnunun başına yığışıb qarşısında torpağa döşənirdilər, bir səs, bir nəfəs çıxarmadan aslan aslanların tanrısına, ceyran ceyranların allahına, quş quşların yaradanına tapınırdı.

Axşam özü obaya dönəndən sonra çöldə özbaşınalıq olmasın, gödən davası düşməsin deyə Məcnun hər sabah şələsində qurda-quşa yem daşıyırdı. Yeddi qat göylə yeddi qat yerin arasında nə varsa, hamısını iynə kimi incəlmiş gövdəsinin gözündən keçirib dünyaları ayağına gətirdiyi hər uğurlu gündən sonra üzündə gördüyü işin sevinci qıvraqca yerişiylə obasına dönəndə anasını saçı dağınıq, kirpiyi islaq, üzü qanlı görürdü. Neçə ildi teli daranmayan, yanağı, gözü qurumayan arvad oğlunu dəli eləyib çöllərə salan Leylini qarğımaqdan usanmırdı. İlanların, çəyirtkələrin, qarışqaların belə oğluna heyran olub sitayişə gəldiyi, ayın, günün, ulduzların Məcnunun başına hərlənmək üçün yerindən tərpəndiyi onun gözündə bir toza dəyməzdi. Ananın saya saldığı tək bircə gerçək vardı: Leyli onun oğlunu xəstə salıb özü ocaq yiyəsi, uşaq anası olmuşdu. Ona yalnız oğlunun bu tilsimdən ayılması, ayılmazsa, Leylinin də oğlu tək bədbəxt olması təskinlik verə bilərdi.

Günün o çağında tayfa kişilərinin çoxu kimi Məcnunun tay-tuşu da yaxın şəhərdən iş-gücdən qayıdırdı. Atlar, dəvələr səhranın toz-dumanı içindən görüncək uşaqlar çığırışa-çığırışa gələnlərin qabağına yüyürüb, ağır iş günündən sonra yorğun-yorğun evinə-ocağına dönən kişilərdən sovqat istəyirdilər. Salam oğlunun başı hamıdan çox tünlük olurdu, əlaçıq tacir uşaqlara kişmiş, nabat, xurma, halva, meyvə qurusu paylayırdı, uzanan əli boş qaytarmadığından uşaq-böyük onu çox istəyirdi. Onu tək vilayətdə yox, bütün Ərəbistanda ən qoçaq, qanacaqlı tacirlərdən biri kimi tanıyırdılar, çox düzlüksevər, çox da varlıydı.

Salamın oğlu Leylinin həm əmisi oğlu, həm də bir cüt uşağının atasıydı. Leyli onun həm əmisi qızı, həm də altı uşağından ikisinin anasıydı. Salamın oğlu Leylini istədiyindən yox, əmisini qınaqdan, əmisi qızını rüsvayçılıqdan qurtarmaq üçün almışdı. Düzünə qalanda o, əmisi qızının Məcnuna getməsini hamıdan çox istəyirdi; Salamın oğlu Məcnunla bir sinifdə oxumuşdu, and içib qardaş olmuşdular, illər boyu dostuna çaparlıq eləyib onun məktublarını altdan-altdan əmisi qızına ötürmüşdü. İndinin özündə də Məcnun dinə-imana qayıdıb Leylini almaq istədiyini dilə gətirsəydi, Salamın oğlu düşünmədən əmisi qızını boşayardı. Dünyada bircə dostunun yanında özünü gözükölgəli bilirdi.

Atası da Leylini Məcnuna vermək istəyirdi. Tayfa başçısının qapısına elçi düşdüyünü eşidəndə kişi nə təhər sevinmişdisə, tələsdiyindən elçilərə elə ilk gəlişdəcə razılıq vermişdi, bununla da el içində özünü gülünc yerə qoymuşdu. Ardınca görülməli olan işlərin heç biri görülməyəndə, oğlan evindən səs çıxmayanda el pıçapıç, dedi-qodu salıb bunu qız atasının özünü ucuz tutmasıyla bağlamışdı. Gerçəkdə işi yubadan, nişan taxılmasını, toyun danışılmasını, kəsəmət kəsilməsini bir bəhanəylə həftədən-həftəyə, aydan-aya adladan ayrı kimsə yox, Məcnun özüydü. Handan-hana obada Məcnunun havalanıb çöllərə düşdüyü danışılanda Leylinin atası həm elin dilindən, həm də tayfa başçısının basqısından qurtulmağa yol açıldığını görüb qohumları içində qızına ər axtarmağa başlamışdı. Evli olsa da, qohum-qardaş arasında Leyliyə Salamın oğlundan uyar bir adaxlı tapmamışdı, qardaşoğlunu çağırıb «ölmüşəm, məni yerdən götür» demişdi.

Salamın oğlu biliyi, düzlüyü, qanacağıyla tayfa başçısının da sayğısını qazanmışdı, öz oğlundan əlini üzdükcə ağsaqqal gələcəkdə nəsilə çobanlıq eləməyi oğlunun dostuna da tapşıra biləcəyini düşünürdü, ona görə də Leylinin atasının bicliklə düzüb-qoşduğu izdivacı pozmağa Məcnunun atasının qələmi qalxmamışdı. Obada alan da, satan da, evlənən də, boşanan da tayfa başçısına genəşməmiş son sözünü deməzdi, hər həftənin sonu nəslin adlı-sanlı kişiləri başçının çadırına toplaşıb, gördükləri işin hesabını çəkərdilər, yaxşıya görə öyülər, pisə görə döyülüb-söyülərdilər. Danlanmayan bircə Salamın tacir oğlu olardı, onun hər işi yaxşı gedər, el-obaya xeyir-bərəkət, ağsaqqala başucalığı gətirərdi. Ağsaqqal nə deyib ona xeyir-dua verməyəydi?

İki könül dostunun yolu beləcə ayrılmışdı: Məcnun sevmişdi, dostu almışdı; dostu böyük-böyük şəhərlərə, Məcnun çölə üz qoymuşdu; Məcnun tülkülər, aslanlar, ceyranlar arasında, dostu tacirlər, bəzirganlar, sultanlar arasında ad çıxarıb san qazanmışdı…

Məcnunun atası oğluna dərman sorağıyla gəzmədiyi yer, döymədiyi qapı qoymamışdı: harda bir oxumuş molla, ya baxıcı vardısa, qapısına yeriyib, ətəyindən yapışıb kömək istəmişdi; hansı vilayətdə bir ad çıxarmış həkim, təbib vardısa, Məcnunun üstünə gətirdib gözünün ağı-qarası bircə balasına nicat diləmişdi. Ancaq Məcnunun səhraya gedən yolunu nə molla, nə münəccim, nə də həkim bağlamışdı. Bir gün bir gəzərgi dərviş Məcnunun dərdindən soraq alıb atasına belə demişdi:
- O dərdi, o sevgini onun canından olsa-olsa müqəddəslərin eşqi çıxarar. Oğlunu Kəbəyə apar.

Əbu-Qeys doqquz dəvə yükü nəzir-niyaz tutmuşdu, tayfanın say-seçmə igidləri yaraqlanıb-yasaqlanıb ağsaqqalın dörd yanına ətdən çəpər çəkmişdilər, atası ağ atında, Məcnun da kəcavədə Kəbə deyib yol yormuşdular. Ağ kəfənə bürünmüş min-min zəvvarın qara daşın başına səyyarə kimi dolanıb ölümdən, əzabdan, xəstəlikdən qurtuluş dilənməsi öz çölündən-səhrasından, heyvanından-quşundan ayrı düşmüş Məcnunun qanını bir az da qaraltmışdı:
- Ata, belə getsə, mən bu yerdə zavala gələcəm, bir sağalmaz mərəz tapacam, - demişdi.
- Elə danışma, oğlum, bura Allah evidi. Allahın evinə xəstə gələn sağ qayıdar. Bu torpağa Allahın nəzərindən kölgə düşər, burda heç bir canlıya zaval dəyməz.

Məcnun saqqalından qəm yağan atasının xətrinə bir az da dözüb sonda duruş gətirməmişdi, fəzada cızığından çıxan avara qaya parçası kimi ağ kütlədən ayrılıb bir dikə qalxmışdı, fəryad salıb zəvvarları qara daşın cazibəsindən qoparmışdı:
- Ey müsəlmanlar, oyanın bu qəflətdən, - demişdi, - başına dolandığınız bu qara daş bir zaman fəzada canlı-canlı dolaşıb macəralar yaşamış bir səyyarənin ölüsüdü, - demişdi, - sonra o daş fəzada alışıb-yanıb göydən yerə düşmüşdü, indi siz o daşın özünə yox, cəsədinə sitayiş eləyirsiz, ey müsəlmanlar, - demişdi, - kafir, bütpərəst kimi ölüyə tapınmaq sizə yaraşarmı? Gedək bizim ellərə, mənim çölümə, nə qədər istəsəniz diri daş göstərim sizə! Gedək mənim ağaclarıma, kollarıma tapının, aslanlarımı, ceyranlarımı ziyarət eləyin, - demişdi, - göydən soraq gətirən quşlarımı, yer altından xəbər verən qarışqalarımı sitayişə gəlin!.. – demişdi.

Yolundan saxlanan kütlə adam donuna girmiş bu iblisi vurub müqəddəs torpağın sahilinə atmaq üçün köpüklənib-dalğalanıb Məcnunun üstünə yerimişdi. Yalnız ağsaqqal atanın diz çöküb yalvara-yalvara oğlunun dəli olduğunu deməsi, bir də tayfa igidlərinin çevikliyi, qoçaqlığı Məcnunu din bahadırlarının, Allah yolçularının əlində parça-parça bölünməkdən qurtarmışdı. Ziyarəti yarımçıq qoyub geri dönmüşdülər. Bundan sonra atası Məcnunun dərdinə dərman axtarmamışdı.

Daha eldə-obada Məcnunu öz dünyasından kimsənin ayıra bilməyəcəyini anlamayan qalmamışdı, hamı ondan əlini üzmüşdü. Təkcə uşaqlıq dostu Zeyd onu yaddaşının xaraba küçələrində azdırıb-itirməyə tələsməmişdi, Məcnunun gördüyü işi faydalı işə çevirməyin qayğısına qalmışdı. Zeyd də Məcnunla Salam oğlunun oxuduğu sinifə getmişdi, ikisiylə də qardaş olub əhd bağlamışdı. Sonralar nə Məcnun kimi çöllərə, nə də Salamın oğlu kimi böyük şəhərlərə mehir salmışdı; obada bir baqqal dükanı açıb Salam oğlunun uzaq ellərdən alıb gətirdiklərini satırdı. Özgə obalarda, ən çox da bədəvilər içində bolluca müştərisi vardı.

İşıqlaşandan gün batanacan Zeydin başından alan-satan əskik olmazdı. Onun ömrü gəlirlə çıxarın arasında keçərdi, gün uzunu gəliri çıxardan ayırıb aradakı fərqi hesablayardı; aradakı fərq onun yaşayışının tək göstəricisiydi. O zaman o, köhnə dostunun səhrada vəhşilərlə oturub-durduğunu eşitmişdisə də, deyilənləri gözüylə görməmişdi. Bir gün dükanı ertədən bağlayıb qızıldan dəyərli vaxtını dost yolunda qurban vermişdi, ömründən bir neçə dirhəm kəsib, Məcnuna baş çəkmək üçün çöl yolunu tutmuşdu. Xurma kölgəsində oturub kürəyini ağacın gövdəsinə söykəyən dostunun şəkli göy üzünə düşən uzaq dağlara baxa-baxa dünyanı susmaq həddinə çatdırıb qiyamətin astanasına gətirdiyini, aslanların, bəbirlərin çoban iti kimi Məcnunun ayağına döşəndiyini, quşların uçuşda, ceyranların qaçışda quruyub qaldığını görəndə Zeyd səhranı bürüyən səssizlikdən diksinib duruxmuşdu.
- Qorxma, gəl, - Məcnun dostunun xoflandığını duyub Zeydi aralıdan çağırmışdı, - bunlar səni tanıyırlar, mən tanıdığım kimi tanıyırlar, - demişdi.

Zeyd ona vəhşilərlə pul qazanmağın yolunu öyrətməyə çalışmışdı: yaxın-uzaq obalarda, bədəvilər içində, irili-xırdalı şəhərlərdə, ad-san qazanandan sonra lap Bağdadın özündə, xəlifənin sarayında aslanlardan, bəbirlərdən, ceyranlardan, ilanlardan, ətyeyən, otyeyən quşlardan görünməmiş bir tamaşa qurmaqla nələr, nələr qazana bilərdilər! Salam oğlunun bir ilə qazandığı bircə gündə onların kisəsinə axacaqdı. Zeyd də iş-gücünü, ev-eşiyini buraxıb Məcnunun – çöllər padşahının, səhralar sultanının naibi olacaqdı. Uzaq vilayətlərin sultanları bu tamaşanı görmək üçün dağlar aşıb, dənizlər adlayıb onların ayağına gələcəkdilər…
- Dostum, başa düş, mən bu vəhşiləri əhilləşdirməmişəm, - Məcnun onu inandırmağa çalışmışdı, - sən ovçunun şahinə verdiyi dərsdən danışırsansa, mən o dərsi bilmirəm. İstəsəm də, bu vəhşiləri kiminsə qabağında təlxək kimi oynatmağa gücüm çatmaz. Lap onların boynuna zəncir salıb qapı-qapı gəzdirsən də, indi gördüyün tamaşanı sənə göstərə bilməyəcəklər. Mən onları ayrı cür idarə eləyirəm.

Zeydin onu anlamadığını, yaxasından asılıb yenə onu yola gətirməyə çalışdığını gördükcə Məcnun dostundan nə qədər uzaq düşdüyünü acı-acı düşünmüşdü, düşündükcə halı dəyişmişdi, halı dəyişdikcə aslanlar, bəbirlər yerindən dikəlmişdi, quşlar göydən daş kimi yerə tökülmüşdü, ceyranlar havadan yıxılmışdı.
- Sən bunu da bilməlisən, Zeyd, biz heyvanın heyvanlığını sınaqdan keçirmək istəyiriksə, hamıdan, hər şeydən qabaq o gücü öz başımızda yoxlamalıyıq!
Bunu deyə-deyə qanı nə təhər qaralmışdısa, kölgəsi heyvanların, quşların könlündən çəkilmişdi. Bir xallı bəbir bu dəm qursağından gələn qanlı çağırışı eşidib Zeydin üstünə atılmışdı. Özünü bir göz qırpımında toplayan Məcnunun könlündən qopan dalğa bəbiri elə göydəcə haxlayıb xallı gövdəsinin ağırlığından qurtarmışdı. Zeyd burnunun ucunda havadan asılı qalan bəbirin ölüm tələsi kimi açılmış ağzına baxa-baxa özündən getmişdi…

XXX

Leyli günortalar bir cüt balasını yedirdib-yatırdandan sonra Məcnuna çörək aparmaq adıyla çadırından çıxıb obanın içiylə çöllərə sarı sürünurdü. Arvadlar onun da yoluna daş atırdılar:
- Tez get, ay qız, ərin işləməkdən üzüldü…
- Kişini yaxşı yemlə, yazığın işi ağırdı…
- Dinməyin, ay ləçərlər, neyləsin bəxtiqara, iki kişiyə qulluq eləyir, iki ər saxlayır!..

Leyli hər gün bu daşlardan çadrasının altında daldalana-daldalana arvadların, uşaqların, itlərin arasından qara kəfənə bürünmüş yeriyən cənazə kimi keçib obadan çıxırdı.

O, Məcnunun görüşünə gizli getmirdi, Leylinin günorta səfərlərindən Salam oğlunun əzəl gündən xəbəri vardı. Hələ toy gecəsi əmisi oğlu ona belə demişdi:
- Bu nikaha nəslimizi qınaqdan qurtarmaq üçün qol qoyduğumu bilirsən. Mən dostumu başa düşdüyüm kimi o da məni anlayar. Nə qədər sağam, onun başından bir tük əskilməyəcək. Mən Məcnunun yolunu ölüncə saxlayacam, onun müqəddəsliyinə heç vaxt şəkk gətirməyəcəm. İstəməzsən, sənə barmağım da dəyməz, əmim qızı olsan da, səni Məcnunun əmanəti kimi saxlayaram.
- Mərdliyinə görə bədənimi sənə halal eləyirəm, əmoğlu, - Leyli o gündən ruhunu gövdəsindən ayıran sərhədi aydın xətlə cızmışdı, - ancaq könlüm Məcnundadı, bilirsən. Onu görməsəm, dura bilmərəm.
Salamın oğlu bu görüşə darılmayacağına söz vermişdi. Onu qınayan dost-aşnanın, qohum-qardaşın ağzını biryolluq yummaq üçün günün birində qart səslə topasına bircə kəlmə:
- Məcnun övliyadı, ondan bizim kimi pozğunlara ortaq olmaz, - demişdi. - Mənim arvadım da onun yanına oynaşlığa yox, ziyarətə gedir!..

Bundan sonra Leylinin yolunu kəsməyə ərki çatan hər kəs qılıncını qına qoymuşdu. Gerçəkdə Leyli əmisi oğluna rüsvayçılıqdan qorxduğuna görə yox, elə o qılınclardan Məcnunu qorumaq üçün ərə getmişdi; yoxsa Leylini aldadılıb atılmış sayan dəliqanlı qohumlardan hansısa haçansa Məcnuna xətər yetirəcəkdi…
Düzünə qalanda Leyli səhraya nə ziyarətə, nə də Məcnunu görməyə gedirdi; Leyli səhrada özüylə görüşürdü, özünə baş çəkib özünü ziyarət eləyirdi. Neçə il bundan irəli tay-tuşları kimi o da özünü tapmaq üçün ağır səfərə çıxmışdı, çoxları yorulub yolda qalsa da, Leyli usanmamışdı, öz izinə düşüb gedib özünü Məcnunda tapmışdı. Onda Məcnunun da axtaran çağıydı, o da çöllərə düşmüşdü, özünü güdə-güdə özgə yerə yox, gəlib özünə, öz dərgahına çıxmışdı; ancaq tək gedib çox qayıtmışdı, özündə bütün dünyanı, o dünyanın başında tac kimi parıldayan Leylini də tapmışdı. O vaxtdan Leyli özünü görmək üçün Məcnuna baxmalıydı; Məcnun da özündəki Leylini oyatmaq üçün Leylini görməliydi.

Onun gəlişi səhrada bayram olurdu: aslanlar böyür-başında pişik kimi atılıb-düşürdü, ceyranlar qabağında oynayırdı, ilanlar quyruq üstə qalxıb boylanır, quşlar havada mayallaq aşırdı. Məcnunun duyğuları aslan, ceyran cildində, quş, ya ilan donunda Leylini qarşılamağa çıxıb, Məcnunun könlündəki mənzərəni Leyliyə canlı-canlı göstərirdi. O yeriyən, sürünən, uçan şəkillər Leylini aralığa alıb onu sonsuz mənzərənin ana surətinə, rəsmin baş qəhrəmanına çevirirdi. Məcnun üstünə qayıdan mənzərəyə uzaqdan baxa-baxa gülümsəyib Leyliyə:
- Onlar mənim balalarım, sən də onların anasısan, - deyirdi. – Görürsənmi anası çöldən qayıdan uşaq kimi necə sevincək olublar!..

Sonra onlar üz-üzə oturub göz-gözə baxırdılar, baxdıqca baxırdılar. Yenə dünya susub içinə çəkilirdi, bulud göydə, yağış havada, qan damarda dayanırdı. Beləcə, Leyli Məcnunun könlündə öz yerini isidib balalarının arasına qayıdırdı. Qayıtsa da, o səhraya hər gedişində qayıtmamaq ümidiylə gedirdi, hər günorta çadırından körpələrinin üzünə doyunca baxıb çıxırdı.

Tez-tez məktəb illərini, məktublaşan günlərini yada salırdılar. Leyli Məcnundan onu niyə almadığını bir yol da soruşmamışdı – deməsə də, bilirdi. Məcnun Leylidən onu qoyub ərə niyə getdiyini öyrənmək istəməmişdi – Leylidən almaq istədiyini Məcnun onsuz da almışdı, qalanı şirəsi çəkilmiş meyvənin cecəyi kimiydi. Onların arasında soruşulası, danışılası, sözlə deyiləsi tək-tək söz qalmışdı.

O tək-tək sözdən biri də Nofəl bu yerlərə gəlib-gedəndən Leylinin ürəyinə ilişib qalmışdı. O zaman Nofəli sınağa çəkməyin Məcnuna nə gərək olduğunu Leyli hələ də anlamamışdı.
- Mən Nofəli yox, özümü sınağa çəkirdim, Leyli. Nofəlin qüdrəti könlümü bir anlıq dumana bürümüşdü, özümə şəkk eləməyə başlamışdım. Bilmək istəyirdim görüm, dünyada mənim gücümdən özgə də bir güc varmı? Ona görə Nofəldən məni murada çatdırmağı istəmişdim…

Nofəl yeli qasırğaya, buludu ildırıma, yağışı tufana, çayı selə döndərən gücün şah əsəri, çöllər padşahı, dağlar sultanı, sultanların qənimi, məzlumların sığınacaq yeriydi. Uzaq Turan dağlarından savaş tanrısı tək yenib çaylar adlaya-adlaya, dənizlər yara-yara, sərhədlər aşa-aşa ölkələri, şəhərləri el-el, oba-oba, küçə-küçə gəzərdi. Nə evi, nə eşiyi; nə varı, nə yatırı; nə yurdu, nə ölkəsi, nə də qanunu vardı. Bircə qanun tanıyardı: gücsüzə güc gələn güclü qarşısında öz gücündən artıq güc görməlidi – zalımın qarşısını yalnız belə almaq olar. Yalnız yenilməz ordusu, bir də ədaləti vardı. Şahların, sultanların zülmündən qaçaq düşən Nofələ əsgər gedərdi. Yaxın-uzaq ellərdən Nofələ məktub, ərizə daşıyan çaparların atının təri soyumazdı. Dəli külək, dolu bulud tək keçdiyi torpaqda izi qalardı. Ordusunu çapıb-talamaqla yox, zalım ağalardan, qansız şahlardan bac almaqla saxlayardı.
Nofəlin kimin çağırışıyla hardan gəlib hara getdiyini, nədən ötrü getdiyini kimsə bilməzdi. Hər ölkədə, hər şəhərdə dərviş qiyafəsində çuğulları işləyərdi, hankı yana getməyi də Nofəl özü çuğullardan gələn soraqları seçib-seçmələyib arıtlayandan sonra deyərdi. Məcnunun dərdi qoşunu yoldan saxlamasaydı, Nofəl bu yerlərdə durası deyildi. Yerlə göyün qovuşduğu uzaqdan qara qasırğa kimi qopan ordu səhrada nə qədər sürünən, yeriyən, uçan varsa, hamısını qabağına qatıb çölü süpürə-süpürə gələndə, Nofəlin qorxusundan aslan bala, quş yumurta, ağac xurma, dağlar daş-qaya salanda, ağzından qanlı köpük daşan atların tarpından yer yarılıb nəfəsindən göy isinəndə Məcnunun yadına dərvişlərin oxuduğu qiyamət surələri düşmüşdü. Bircə onun başına toplaşan quşlar, heyvanlar çöldə qəfil qopan o qiyamətdən ürküb dağılışmamışdı, hamısı qabaqkı kimi donduğu yerdə donmuşdu. Nofəl Məcnunun dəstəsini ürküdə bilməmişdisə də, Məcnun Nofəlin ayağı yer görməyən ordusunu göydən sala bilmişdi.
- Sənin nə qəmli aslanların, ceyranların var, oğlan! – Nofəl xurma ağacına söykənib duran Məcnuna demişdi. – De görüm, quşların niyə belə dərdlidi?
- Dərdli deyilik, fikir çəkirik, - demişdi Məcnun.
- Nəyin fikrini çəkirsiz bu ölümlü dünyada? Yoxsa siz də yoxluqdan var umursuz?
- Biz yoxluqla əlləşmirik, çöllər sultanı. Bizim varımız elə bir vardı, istəsək də, onu yox eləyə bilmərik.
- Mən dünyada var adına nəsə tanımıram. Sən tanıyırsansa, demək, xoşbəxt adamsan. Onda gərək fikir də çəkməyəsən.
- Deyirik görən, fələyin baltası boynumuza yenməmiş murada çatarıqmı, yoxsa yenə bu ayrılıq tələsinə düşməyimiz var?
Bundan sonra Nofəl atdan yenib Məcnuna sarı yerimişdi.
- Məndən ədalət umanın ədaləti ayağına gətirmişəm, murad istəyəni muradına yetirmişəm. Sənin nə muradın var, oğlan? Dərdini mənə danış!

Məcnun da danışmışdı, nə bilirdisə, hamısını danışmışdı. Yer yerə döşənməmişdən, göy göyə çəkilməmişdən, günəş qalanmamışdan, ay gecənin çardağından asılmamışdan necə dolu bir ömür yaşadığını, sevdiklərinin bir gün necə əldən getdiyini, itiklərinin iziylə bu dünyaya necə gəlib çıxdığını, Leylini məktəbdə gördüyü gündən necə tanıdığını, könlündən gedənləri könlünə qaytarmaq üçün nələr, nələr çəkdiyini – hamısını, hamısını Nofələ danışmışdı.
- İndi sən, çöllər sultanı, söylə görüm, məni necə muradıma yetirərsən?
Nofəlin gözlərindən qabaqca yaş, sonra da od tökülmüşdü. İki əsgər çağırıb:
- Gedin o qızı bura gətirin! – buyurmuşdu.

O günlər Leyli Salamın oğluna yenicə nişanlanmışdı. Nofəlin səhrada ədalət divanı qurub Leylini Məcnuna qovuşduracağını biləndə Salamın oğlu da, Leylinin atası da, tayfa başçısı da – hamı, hamı sevinmişdi. O divanın tərəzisində kimsənin suçu bir qum dənəsindən ağır gəlməyəcəkdi, əvəzində hamı ağır günahın qaramatından qurtarıb evinə ədalətin dostu kimi dönəcəkdi. Ancaq şahidlərdən qabaq Nofəl Leylini görüb dindirmək istəmişdi.
- Qız, sən bu oğlanın olmaq istəyirsənmi?
- İstəmişəm də, olmuşam da, - Leylinin səsi nə yavaş, nə bərk çıxmışdı.
- Bəs eləysə, kimdi aranıza girən, nədi kəsən qarşınızı?
- Sənsən aramıza girən, çöllər sultanı, - Leylinin yerinə Məcnun dinmişdi, - sənin yaxşılığın kəsir qarşımızı. Mənim gövdəmə calamaq istədiyin bu əti-sümüyü məndən kimsə əsirgəmirdi. Sənin ədalətinə burda kimsə kəm baxmayıb. Ancaq təkcə ədalət azdı, çöllər sultanı. Sənin ədalətin ceyranı aslanın pəncəsindən qurtarar, di gəl, aslanı acından öldürər. Bilmək istəyirdim görüm, doğrudanmı Leylini mənə qaytara bilərsən? Yox, çöllər sultanı, dünyada ədalət yaratmaq üçün təkcə ədalətli olmaq azdı.
Nofəl atlanıb atının başını buraxana kimi:
- Mən yer üzündə nizam yaratmağın, ayrı düşənləri qovuşdurmağın özgə yolunu tanımıram! – deməyə macal tapmışdı.

Məcnun gəldiyi kimi də gedən ordunun dırnağından qopan oda, başından qalxan dumana baxa-baxa düşünmüşdü: yox, qiyamət belə səsli-küylü, belə odlu-alovlu olmayacaq. Qiyamətə nə səs, nə söz, nə tərpəniş qalacaq. Dünya köynəyindən, yer qabığından səssiz-küysüz, bir otu belə tərpətmədən, bir yarpağı əsdirmədən, bir qarışqanı küsdürmədən çıxacaq…

XXX

Bir gün obaya hardansa bir çildağçı gəlib çıxdı. El ortalığa yığışıb səksəkəli uşaqları, bətninə qorxu düşən gəlinləri çildağçının dəzgahından keçirtdi, sevgisi başına vuran cavanları göydən yendirib dağladıb torpağa hörüklətdi. Çildağçını Məcnunun üstünə aparmaq kimsənin yadına duşmədi – onun adı nə yaşlılar, nə cavanlar, nə xəstələr, nə də sağlar çərgəsində qalmışdı. Bircə Zeydin ağlına gəldi Məcnun – qəmliydi, o gün çıxarı gəlirini basmışdı, dərdi onu səhraya, Məcnuna sarı çəkirdi. Bu iş də əldə bir tutalğa oldu.

Çildağçı çaxmağını, pambığını yığışdırıb Zeydin qabağına düşdü, gəlhagəl gəlib səhraya yetişdilər. Təbib xurma kölgəsində dünyaya dalmış Məcnunun başına yığışan vəhşiləri aralıdan görəndə qorxub qayıtmaq istədi, onda Zeyd qabağa düşüb çildağçını yedəyində sürütlədi.

Məcnun dostunun qəsdini anlayanda o ki var gülüb soruşdu:
- Sən mənim ağıllı, sağlam ömrümü necə, kimin timsalında görürsən? Bədənimi xəmir kimi yumşaldıb, gövdəmi barsız ağac tək oyadıb məndən nə düzəltmək istəyirsən?
Zeyd söz tapammayıb başını yerə dikdi.
- Ancaq məni xəstə bilib anmısansa, üstümə təbib gətirmisənsə, səni əliboş qaytarmaram.

Bunu deyə-deyə Məcnun əynində nə var soyunub ağac dibinə atdı. Çildağçı torbasını açıb, dəzgahını qurub işə başladı.
Dərisi dağlandıqca Məcnunun sinirləri, damarları, qartları bir-bir diksinib oyandı, oyandıqca iştahını, tamahını oyatdı, qorxusu üstünə qayıtdı.

Məcnun ayılıb özünü vəhşilərin arasında görəndə qorxudan gözü böyüdü, üzü səyridi, dizi titrədi. Bir dəstə ac goreşənin bərəsinə düşən bala ceyran kimi mələdi. Qaçmaq istədi, qaçmağa yer tapmadı.
Aslanlar, bəbirlər, yırtıcı quşlar o qorxunun iyini göydə aldılar. Hərəsinin qursağından bir qanlı fərman gəldi. Məcnunun üstünə atılıb onu bir göz qırpımında yedilər.

Sonra aslanlar aradan çıxmaq istəyən Zeydi də, təbibi də yedilər. Bəbirlər qorxa-qorxa aslanlara boğaz ortağı oldular. Tülkü-çaqqal hərəsi dişinə bir pay keçirib aradan çıxdı. Qarğa-quzğun tökülüşüb əti sümükdən ayırdı. Qabırğalar, kəllələr, əl-ayaq qırıqları hərəsi bir yırtıcının dişində-dimdiyində ora-bura daşındı.
Yenə çölün-düzün səsi batdı. Bu dəfə toxluqdan…
Leyli günorta gələndə Məcnunu yerində tapmadı. Özü bir yana, başının dəstəsi də səhraya səpələnmişdi. Aslanlar kölgədə ləhləyirdi, ceyranlar uzaqda otlayırdı, alıcı quşlar göydən yeri pusurdu. Aslanların ağzından, quzğunların dimdiyindən, bəbirlərin gözündən qan damırdı.

Vəhşilər Leylini görcək üstünə axışdılar, başına dolandılar, ayağına döşəndilər. Məcnunu istəyirdilər. Nə yediklərindən xəbərləri yoxudu.
Məcnunun əynindən çıxanı ağac dibində tapan Leyli mat qaldı: bu nə qətlə, nə də qəsdə, nə çapqına, nə soyğuna bənzəyirdi. Ola bilsin, Məcnun çöldən baş götürüb üzü dağlara getmişdi, geydiyini də gedişindən nişanə kimi soyunub burda qoymuşdu.

Leyli çox-çox uzaqda şəkli göy üzünə düşən dağlara baxdı. Dağlar onu çağırırdı. Leyli dağlara hay verdi, bir də geri dönməməyə and içirmiş kimi:
- Gəlirəm! – dedi.
Məcnunun dəstəsi Leylinin başına toplandı. Düşmənçilik yenə aradan qalxdı. Yol yoldaşı oldular. Məcnunun könlündəki mənzərə tamamlandı.

Leyli vəhşilərə, quşlara qoşulub Məcnunu gəzməyə getdi. Ancaq daha Məcnunsuz da keçinərdilər. İndi onlar bir yolla bir yönə gedə-gedə birləşib özlərindən Məcnun yaratmışdılar.

Gəncə, 14 mart 2006
XS
SM
MD
LG