Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:59

«İzahatım və şahid ifadələri uydurmadır»


Hüseyn Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə, 19 mart 2007
Hüseyn Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə, 19 mart 2007
Hüseyn Arabul məhkəmə ifadəsində deyib ki, onun Azərbaycandan çıxmaq fikri olmayıb, bunu Türkiyə vətəndaşı İrfan Altıbarmaq adlı şəxs planlaşdırıbmış. Onun sözlərinə görə, Altıbarmaqla Ağstafadan Bakıya qayıtmağa hazırlaşsalar da, ona su əvəzinə başqa şey içiriblər və bundan sonra nə baş verdiyini xatırlamır.

Yalnız ayılanda sürücü ölkədən çıxdıqlarını söyləyib və İrfan Altıbarmaq «Səni ölkədən çıxarıram» deyib. Hüseyn Arabul etiraz edib və yola davam etməkdən imtina edib. Yaxınları ilə də məsləhətləşəndən sonra Azərbaycana qayıtmağa qərar verib.

«Mən istəsəm Azərbaycanda qalardım, amma bu zaman Azərbaycanla Türkiyə arasında çibana dönərdim».

Arabul hazırda Türkiyədə olan İrfan Altıbarmağın həbsi üçün vəkillərinin məhkəməyə müraciət etdiklərini deyib.

Məhkəmə avqustun 27-də davam edəcək.

***

Günün birinci yarısında məhkəmədə ifadə verməkdən imtina edən «Barmek Azərbaycan» şirkətinin keçmiş rəhbəri Hüseyn Arabul hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ifadə verir. Arabulun sözlərinə görə, istintaqın onun adından təqdim etdiyi izahat və şahid ifadələri uydurmadır. O həmçinin türkcə verdiyi izahatın yanlış anlaşıldığını vurğulayıb, bu üzdən də məhkəmədə ifadəsini tərcüməçi vasitəsilə verir.

Özünü təqsirli saymayan Hüseyn Arabul sərhədi necə keçdiyini xatırlamadığını da bildirib.

Hüseyn Arabul məhkəmədə deyib ki, Dövlət Sərhəd Xidməti əməkdaşlarına özü təslim olduğu halda nədənsə şübhəli şəxs qismində saxlanılıb. O, eyni zamanda, istintaqın iddia etdiyi kimi, Dövlət Sərhəd Xidməti əməkdaşlarına rüşvət vermədiyini də söyləyib.

Arabul deyib ki, həmin pulu vəkilinə verə bilərdi. O, həmçinin Şəmkirə səfərini peşə marağı ilə izah edib, saçlarını boyamasına gəlincə, bunu ona olan marağın və yaxınlaşıb kömək istəyənlərin çoxluğu ilə bağlayıb.

Arabulun ifadəsi davam edir.

***


«Barmek-Azərbaycan» enerjipaylayıcı şirkətinin keçmiş rəhbəri, sərhədi qanunsuz keçməyə cəhddə ittiham olunan Hüseyn Arabul ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilmir. Bu haqda o avqustun 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bildirib.

O həmçinin deyib ki, sərhədi keçərkən özündə olmayıb, şəkərli diabet xəstəsi olduğu üçün özünü pis hiss edirmiş.

Qısaca danışan Arabul günün birinci yarısında məhkəmədə ifadə verməkdən imtina edib. Deyib ki, onun istədiyi beş şahid məhkəməyə gəlməyənədək ifadə verməyəcək.

Bu haqda AzadlıqRadiosuna Arabulun vəkili Abbas Atakişi məlumat verib. Vəkilin məlumatına görə, günün ikinci yarısında Arabul məhkəmədə ifadə verməlidir.

Günün ikinci yarısı Arabul tərcüməçinin iştirakı ilə ifadə verib.

Arabul və onunla bərabər daha beş nəfər rüşvət verməkdə, sərhədi qanunsuz keçməyə cəhddə ittiham olunurlar.

Türkiyə vətəndaşı Hüseyn Arabul bu il iyunun 2-də Azərbaycan-Gürcüstan sərhədini keçmək istəyərkən saxlanılıb. İstintaq məlumatına görə, bu zaman o Dövlət Sərhəd Xidməti əməkdaşlarına 30 min dollar məbləğində pul təklif edib.

Hüseyn Arabul iki il əvvəl 5 il şərti cəzaya məhkum edilmişdi. Bu müddət ərzində o, Azərbaycan ərazisini tərk edə bilməzdi.
XS
SM
MD
LG