Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:47

Azərbaycanda nədən fərqli Ramazan təqvimləri var?


«Əsas məsələ hansı olursa-olsun, bir təqvimi götürüb axıra qədər getməkdir»
«Əsas məsələ hansı olursa-olsun, bir təqvimi götürüb axıra qədər getməkdir»
- Bakı şəhərində bir mənbə bir vaxt, digər mənbə isə başqa vaxt göstərir. Bu da oruc tutan insanlarda çaşqınlıq yaradır. Xahiş edirik aidiyyatı orqanlar buna münasibətlərini bildirsinlər.

- Siz özünüz bu gün orucunuzu nə vaxt bağlamısınız?

- 05:30-da. Qonşuluqdakı məsciddən götürmüşəm bu təqvimi.

- Mən həmişə 10 dəqiqə fərq nəzərə alıram. Həm o tərəfdən, həm bu tərəfdən.

- Siz özünüz bu gün orucunuzu nə vaxt bağlamısınız?

- Dəqiq yadımda deyil.

- Mən təqvimi məsciddən götürmüşəm, qəzetlərin yazdığına inanmıram. Necə bilirsiz məscid də yalan deyər?

QMİ ŞAMAXI RƏSƏDXANASINA İSTİNAD EDİR

Bakıda oruc tutan dindar müsəlmanlar arasında ən müxtəlif təqvimlər var. Bu təqvimlərdə bəzən imsak və iftar saatları ilə bağlı 10-20 dəqiqə fərq olur. Çoxsaylı təqvimlərin mövcudluğu da bəzi insanlarda çaşqınlıq yaradır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məscidlərə yaydığı təqvimə görə, avqustun 24-də saat 5:20-də sübh, 20:40-da isə axşam namazı girir. Axşam namazının girməsi ilə iftar da başlayır.

Ancaq bu təqvimə görə, səhər namazına 20 dəqiqə qalmış orucu bağlamalısan. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyir ki, elə orucun sübh namazından 20 dəqiqə tez bağlanması bəzi dindarlarda çaşqınlıq yaradır. Üstəlik, o, etiraf edir ki, orucun bağlanması - yəni imsak vaxtı ilə də bağlı müxtəlif təqvimlər var:

- Biz bunu Şamaxı rəsədxanasından götürmüşük. Yəni, bu, elmi sübutlara söykənir. Biz il boyu rəsədxana ilə əməkdaşlıq edirik. Həm namazın vaxtı ilə bağlı, həm də orucluqla bağlı. Biz bu təqvimi əsas götürürük, başqa - mənbəyi məlum olmayan təqvimləri etibarlı saymırıq. Qazilər Şurasının mövqeyi belədir.

HƏR MƏZHƏBİN ÖZ TƏQVİMİ VAR

Azərbaycanda sələfi məzhəbinə mənsub dindarların orucluq təqvimi Qafqaz Müsəlmanları İdarəsinin təqvimindən bir qədər fərqlənir. Fəaliyyəti məhkəmə qərarı ilə dayandırılan «Əbu-Bəkr» məscidinin imamı Qamət Süleyman deyir ki, avqustun 24-ü saat 20:30-da axşam namazı girir. Bu, QMİ-nin təqvimindən 5 dəqiqə fərqlənir. Elə imsak mərasimi ilə də bağlı onlarla idarə arasında bir neçə dəqiqə fərq var. Qamət Süleyman deyir ki, axşam namazında məqsəd günün batmasıdır və onlar da məhz bu amili nəzərə alır.

«Əbu-Bəkr» məscidinin imamı etiraf edir ki, bütün bunlar məzhəblərarası fərqdən irəli gəlir:

- Çünki bəzi məzhəblərdə günəşin batması ilə, günəşin çıxmasının fərqli əlamətləri götürülür. Fərq bundandır.

Ancaq əksər müsəlman ölkələrində belə mübahisələrə rast gəlinmir. Türkiyədə Diyanət İşləri Bakanlığı vahid təqvim müəyyənləşdirərək bütün mübahisələrə son qoyub. İlahiyyətçi Elşad Miri deyir ki, Azərbaycanda dindar kəsimlərin böyük bir hissəsi Qafqaz Müsəlmanları İdarəsini qəbul etmədiyindən belə müxtəliflik və çaşqınlıq yaranır.

Elşad Miri deyir ki, əslində, bu təqvimlər arasında prinsipial fərq yoxdur. Əsas məsələ hansı olursa-olsun, bir təqvimi götürüb axıra qədər getməkdir:

- Ramazanın şərtlərinə olduğu kimi əməl edilməlidir. Bir də başqalarının qayğısına qalıb, ibadəti Allah üçün etməyi bacarmaq lazımdır.

Din ekspertləri düşünürlər ki, yalnız maarifçiliyin gücləndirilməsi və dövlətin vahid konsepsiyası nəticəsində bu məsələdə çaşqınlığı aradan qaldırmaq olar. Onların fikrincə, təəssüf ki, indilikdə dini sferada çaşqınlıqlara son qoymaq əvəzinə azadlıqların boğulması siyasəti aparılır.
XS
SM
MD
LG